ƏN YENİ TARİXİN O BAŞINDAN GƏLƏN SƏS !!!

Rəhim QAZIYEV:

“GÖRÜNƏN KƏNDƏ BƏLƏDÇİ GƏRƏK DEYİL”

“Azərbaycan xalqınn formaca demokratik, mahiyyət etibarı ilə gizlədilməsi qeyri-mümkün olan psevdodemokratik -avtoritar ailə-klan hakimiyyətinə ehtiyacı yoxdur.”

AŞPA-YA AÇIQ MƏKTUB

Hörmətli cənablar və xanımlar!

Sizə Azərbaycan Respublikasının çoxsaylı siyasi(daha doğrusu siyasi sifarişlə qeyri-müstəqil məhkəmələrin robot hakimləri tərəfindən çıxarılmış saxta, ədalətsiz hökmlərlə uzun müddətə azadlıqdan məhrum edilmiş) məhbusların adından salamlayıram. Avropa, ABŞ demokratiyasına keçmiş SSRİ-nin dəmir pərdələri arxasından həsrətlə baxan milyonlarla sadəlövh sovet vətəndaşları sanır ki, zahirən cazibədar, mahiyyətcə çox riyakar Qərb demokratiyasına qovuşdular. SSRİ-nin süqutundan, Qərb, ABŞ demokratiyasının ölkəmizə gəlişindən keçən 12-13 il ərzində şəhər və kəndlərimizin viran qalması, milyonlarla insanların doğma yurdlarından didərgin salınması, minlərlə günahsız vətəndaşlarımızın qanı, canı, göz yaşları, yeraltı-yerüstü təbii sərvətlərimizin, mənəvi nemətlərimizin amansızlıqla və son dərəcə qəddarlıqla talan edilməsi bahasına “Qərb, ABŞ demokratiyasının” məzmun və mahiyyətini dərk etməyə başladıq. Anladıq ki, zahiri möhtəşəmliyi ilə insanları valeh edən BMT-nin bir-birinin ardınca qəbul etdiyi qətnamələrin, ATƏT-in, AŞ PA-nin, ABŞ Dövlət Departamentinin, planetimizin görkəmli “siyasi xadimlərinin” çox humanist görsənən deklorativ bəyanatlarının arxasında totalitar sovet rejiminin caynağından yenicə qurtulmuş post-sovet respublikalarının hiyləgərliklə və amansızcasına qarət edilməsi, maddi-mənəvi sərvətlərinin talanaraq Qərbə və ABŞ-a daşınması, vətəndaşlarının isə fahişəyə, qula, köləyə çevrilməsi dayanır!

İllərlə KQB-nin ağlasığmaz qəddarlıqlarından, qeyri-insani əməllərindən, represiyalarından qalaq-qalaq kitablar, tükürpədici analitik məqalələr yazan Qərb və ABŞ ideoloqları həmin insan qəssabxanasında yetişib formalaşan, təpəsindən dırnağına kimi, günahsız insanların qanına boyanmış keçmiş SSRİ-nin kommunist liderlərinə, KQB generallarına ildrım sürətilə demokrat libası geydirərək, onları postsovet respublikalarında hakimiyyət başına gətirib yenicə gözlərini açmış təcrübəsiz demokratık qüvvələrin amansızlıqla məhv edilməsində onlara müstəsna xidmətlər göstərdilər. Əlbəttə, mahiyyəti, mənəviyyətı, əqidəsi və nəhayət Allahı pul-kapital olan Qərb və ABŞ-ın maliyyə maqnatları həmin müstəsna xidmətləri bu insan qəssablarına heç də əvəzsiz, onları “çox sevdikləri”üçün etmədilər. Necə deyərlər, “əl əli yuyar, əllər də üzü” – müdrük Şərq kəlamında deyildiyi kimi!? Həm də Qərbin və ABŞ-ın “atalıq qayğısı” nəticəsində kommunist bossları, KQB generalları hakimiyyət kürsülərini uzun müddətdə əllərində saxlamaq imkanı qazandılar. Qərbin müdrük kəlamında deyildiyi kimi “siyasətdə daimi dostlar və daimi düşmənlər yoxdur, daimi maraqlar var”. Qərbdən, ABŞ-dan demokratik hüquqi dövlət qurulmasında maddi-mənəvi-hüquqi kömək uman, avtoritarizmin, diktaturanın törətdiyi bəlalardan, gətirdiyi dəhşətli fəlakətlərdən tezliklə yaxa qurtarıb firavanlığa qovuşmaq ümüdilə yaşayan milyonlarla insan, gözlədiklərinin əksinə olaraq, maddi-mənəvi sərvətlərinin talan edilməsini, fahişəliyi, dilənçiliyi, təhqirləri, təqibləri hədiyyə olaraq aldılar. Hələ bütün bunlar azmış kimi Qərbdən, ABŞ-dan ölkələmizə təşrif buyuran ali vəzifə sahibləri, “görkəmli demokratlar” dünyasını dəyişmiş tiranların, əliqanlı diktatorların qəbrlərini ziyarət etməyi, önünə əklil qoymağı, baş əyib təzim etməyi özlərinin “müqəddəs” borcları hesab etdilər.                                                    

Hörmətli cənablar və xanımlar!

Yuxarıda qeyd etdiyim danılması qeyri-mümkün olan acı təəssüf doğuran həqiqətlərə vətəndaşı olduğum Azərbaycan Respublikasında son 11 ildə baş verən qeyri-demokratik, qeyri-qanuni, qeyri-insani və çoxsaylı əcaib hadisələrdən bir neçə konkret misallar gətirməklə, diqqətinizi cəlb etməyi zəruri hesab edirəm.

1.  04 iyun 1993-cü il –KQB generalı Heydər Əliyevin bilavasitə təşkilatçılığı ilə Azərbaycan Respublikasında qardaş qanı tökülməklə silahlı dövlət çevrilişi baş verdi (təkzib edilməz dəlillərlə bu faktı istənilən nüfuzlu beynəlxalq təşkilat qarşısında sübut etməyə hazıram). Heydər Əliyev hakimiyyəti ələ keçirdikdən dərhal sonra bərpa etmək istədiyi avtoritar klan rejiminə qarşı çıxa biləcək real siyası qüvvələri, BMT-nin, ABŞ-ın, Qərbi Avropanın nüfuzlu dövlətlərinin həmin dövrdə Bakıda rəsmi fəaliyyət göstərən diplomatik korpuslarının, səlahiyyətli diplomatlarının gözləri qarşısında amansızlıqla məhv etməyə başladı. 04 1994, 17 mart 1995-ci il tarixlərində, bilavasitə özünün hiyləgərliklə təşkil etdiyi “psevdo-dövlət çevrilişinə cəhd”adlı təxribatlarla silahlı çevrilişlə hakimiyyətə gəlişində ona real köməklik etmiş siyasi, hərbi-siyasi qüvvələrin bir qismini məhv etdi, böyük qismini isə uydurulmuş yalan, böhtanlarla həbsxanalara doldurdu.
2.  Heydər Əliyev XXI əsrin astanasında, beynəlxalq ictimaiyyət qarşısında 1937-1938-ci illərdə İ.Stalinin apardığı repressiyalar ssenarisinə uyğun törətdiyi qəddar, qanlı cinayətləri ustalıqla və Qərbin, ABŞ-ın qüdrətli maliyyə maqnatlarının himayəsilə ört-basdır etdi. Belə ki, Heydər Əliyev başladığı amansız represiyaların ən qaynar məqamında milli sərvətimiz olan karbohidrogen resurslsrını ortaya atmaqla həmin qüdrətli maliyyə maqnatlarının dəstəyini ala bildi. Həmin qanlı represiyaları başlamazdan az öncə yəni, 20 sentyabr 1994-cü il tarixdə, Azərbaycan dövləti və xalqı üçün son dərəcə əlverişsiz şərtlərlə Bakıda Qərbin və ABŞ-ın nüfuzlu neft maqnatlarının iştirakı ilə gurultulu alqışlar altında “Əsrin müqaviləsi”adı ilə məşhurlaşan alçaldıcı neft müqaviləsi imzaladı. Daha doğrusu, çox qiymətli olan milli sərvətimizin amansızcasına talan edilib xaricə daşınmasına stsrt verildi. Xarici ölkələri nuruna qərq edən Azərbaycan, milli satqınların misilsiz xəyanəti nəticəsində zülmətə qərq oldu. Saxta demokratiyanın “uğurları” bir-birini əvəz etməyə başladı. Əlbəttə ki, Avropanın, ABŞ-ın KQB generalına göstərdiyi misilsiz köməyi müqabilində, KQB generalı da borclu qalmırdı.Talanıb dilənçi həddinə düşən xalqdan yığılan milyardların böyük hissəsi bu havadarların bank hesablarını günü-gündən şişirdirdi.
3.  Noyabr 1995-ci ildə ölkədə tüğyan edən repressiya dalğasında Parlament seçkiləri saxtalaşdırıldı. Daha doğrusu Heydər Əliyevin şəxsən tərtib etdiyi siyahı ilə ailə-klan parlamenti formalaşdırıldı. Azərbaycan Respublikasının Parlamenti faktiki olaraq Prezident Aparatının şöbəsi kimi fəaliyyət göstərməyə vadar edildi.
4.  Oktyabr 1998-ci il Prezident seçkiləri ərəfəsində, 12 sentyabrda mitinq etmək istəyən müxalifətlə qanlı divan tutuldu. Qərbin, ABŞ-ın maliyyə maqnatlarının dəstəyini alan Heydər Əliyev 1998-ci ilin Prezident, 1999-cu ilin Bələdiyyə, 2000-ci ilin Parlament seçkilərini həyasızcasına saxtalaşdıraraq avtoritar ailə-klan hakimiyyətini kifayət qədər gücləndirməyə nail oldu.
5.  Azərbaycan Respublikasında yuxarıda qeyd etdiyim və qeyd etmək imkanımın olmadığı çoxsaylı, gizlədilməsi mümkün olmayan korrupsiya, rüşvətxorluq, qəddarlıq hallarının baş verdiyi bir dövrdə ölkənin mütləq hakimi Heydə Əliyev beynəlxalq aləmdə demokratik, beynəlxalq insan hüquqlqrının müdafiəçisi imicini qazanmış AŞ PA kimi bir qurumun üzvü olmaq eşqinə düşdü və nə qədər təəcüblü olsa da, bu nüfuzlu qurumun onun qarşısında qoyduğu çox zəruri və haqlı tələblərin böyük əksəriyyətini yerinə yetirmədən məqsədinə nail oldu. Daha doğrusu Azərbaycan Respublikası götürdüyü öhdəliklərlə birlikdə 2001-ci ilin yanvar ayında AŞ PA-nın tam hüquqlu üzvlüyünə qəbul edildi. Mahir kombinator olan Heydər Əliyev çox yaxşı bilirdi ki, AŞ PA qarşısında götürdüyü öhdəliklərin böyük əksəriyyətini heç vaxt yerinə yetirməyəcək. Ən azı ona görə ki, o, həmin öhdəlikləri yerinə yetirmiş olsaydı, yaratdığı ailə-klan hakimiyyətindən əl çəkməli idi. Heydər Əliyev nəinki AŞ PA-nın tələblərinin böyük əksəriyyətini yerinə yetirmədi, hətta o, AŞ PA-ya qəbul edildikdən sonra həmin nüfuzlu təşkilatın gözü qarşısında daha kobud və açıq şəkildə saxtakarlıq etməklə yanaşı, ona öz şərtlərini diktə etməyə başladı və buna da nail oldu. Qeyd etdiklərimin konkret sübutu kimi bir neçə faktı diqqətinizə çatdırmağı zəruri hesab edirəm.
6.  Qocaldığını, ömrünün sonu yaxınlaşdığını çox ağır təəsüf hissi ilə dərk edən diktator Heydər Əliyev Qərbdəki və ABŞ-dakı havadarlarının və ortaqlarının yaxından dəstəyi ilə varis planını reallaşdırmağa başladı. Bu məqsədlə ali qanunları, demokratiyanı adəti üzrə ayaqları altında əzəcək, Azərbaycan Respublikasının Konstitusiyasının iyirmi dörd maddəsini dəyişdirmək üçün 24 avqust 2002-ci ildə referendum keçirdi və növbəti saxtakarlıq etməklə öz məqsədinə nail oldu.Yəni varis planının birinci mərhələsi uğurla başa çatdı. Lakin “insaf naminə” qeyd etmək lazımdır ki, Heydər Əliyevin gizlədilməsi mümkün olmayan hər növbəti saxtakarlığına yaşıl işıq yandıran Qərb və ABŞ-ın dövlət məmurları, ATƏT, AŞ PA, ABŞ Dövlət Departamenti sadəlövh Azərbaycan xalqının könlünü oxşamağı da unutmur, deklorativ bəyanatlar verərək, KQB generalının növbəti saxtakarlığını pisləyir, “narahatlıq” hissi keçirdiklərini vurğulayırlar, nə qədər qəribə olsa da hər növbəti saxtakarlığı da demokratiya istiqamətində atılmış yeni bir addım hesab edirlər! Afərin bu məntiqə. Azərbaycanda hakim olan rejimin AŞA PA qarşısında götürdüyü öhdəliklərin necə yerinə yetirilməsinə qarşı bu nüfuzlu beynəlxalq təşkilatın göstərdiyi “prinsipal” münasibətin təzahürü olan bir neçə faktı da diqqətinizə çatdırmağı zəruri hesab edirəm.
7.  1993-95-ci illərdə rejim sahibinin şəxsi sifarişi ilə minlərlə respublika vətəndaşlarını qeyri-qanuni, ədalətsiz saxta hökmlərlə məhkum etdirmiş; 1995-ci il Parlament, 1998-ci il Prezident, 1999-cu il Bələdiyyə, -ci il Parlament seçkilərinin və 2002-ci il ümumxalq referendumunun nəticələrinin saxtalaşdırılmasına hüquqi don geyindirməsində müstəsna canfəşanlıq etmiş Azərbaycan Reapublikası Ali Məhkəməsinin, Konstitusiya Məhkəməsinin sabiq sədri Xanlar Hacıyevin Heydər Əliyevin təzyiqi ilə AŞ PA tərəfindən Avropa İnsan Haqları Məhkəməsinə hakim təyin edilməsi; 2003-cü ilin oktyabrında gizlədilməsi qeyri-mümkün olan saxtakarlıqla Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevə AŞ PA-nin medalının təqdim olunması;(dağılmış, bəyənmədiyimiz SSRİ-də belə biabırçılığa imkan verilməzdi) “bir nəfər siyasi məhbus varsa o da çoxdur”deyən hörmətli cənab V.Şvimmerin yüzlərlə siyasi məhbusun zindanlarda əzab çəkdiyi Azərbaycana səfəri zamanı, bir barmağının işarəsi ilə bu günahsız insanlara əzablı məhkum ömrü yaşadan diktatator, KQB generalı Heydər Əliyevin məzarını ziyarətə gedib, ona təzim etməsi, yenə də cənab V.Şvimmerin Azərbaycanda yüzlərlə siyasi dustağın həbsxanalarda olduğu bir zamanda, bu ölkədə “siyasi məhbus”probleminin uğurla həll olunduğu barədə rəsmi bəyanat verməsi, müdrük, tükü-tükdən seçməyi bacaran möhtərəm Azərbaycan xalqına AŞ PA-nın prinsipiallığının, demokratik ənənələrə sadiqliyinin, Qərb, ABŞ demokratiyasının əsl mahiyyətinin bütün anatomoyasını tam çılpaqlığı ilə anlatdı və aşkar etdi.

Hörmətli cənablar və xanımlar!

Bu məktubu Sizə heç vaxt cinayət törətməyən, Heydər Əliyevin “üzünə ağ” olduğu üçün onun şəxsi sifarişi ilə hal-hazırda Avropa İnsan Haqları Məhkəməsində hakim qismində fəaliyyət göstərən Xanlar Hacıyev kimi robot hakimlərin çıxardığı saxta ədalətsiz hökmlə, öncə “qiyabi ölüm” (12.05.1995-ci il); sonra “ömürlük həbs”(22.02.1998); daha sonra isə “15 il azadlıqdan məhrum etmə”(26.12.2003)cəzalarına məhkum olunmuş, ömrünün 11 ilini zindanlarda yaşayan, nəsli, ailəsi, yaxın qohumları günahsız məhkumluğa, təqiblərə, repressiyalara məruz qalmış, əqidəsindən, demokratik prinsiplərindən dönməmiş, əyilməmiş, sınmamış, AŞPA-nın siyasi məhbus kimi tanıdığı mən – Rəhim Qazıyev acı təəsüf hissi ilə yazıram. Unutmayın ki, bu qısa məktubumda vətəndaşı olduğum, sonsuz məhəbbətlə sevdiyim Azərbaycan Respublikasında son 11 ildə mövcud hakim rejimin törətdiyi çoxsaylı və ağılasığmaz qəddar qanunsuzluqların, amansız represiyaların çox az qismini qərəzsiz olaraq diqqətinizə çatdırdım. Azərbaycan xalqına formaca demokratik, mahiyyət etibarı ilə gizlədilməsi qeyri-mümkün olan psevdodemokratik -avtoritar ailə-klan hakimiyyəti gərək deyil. Hər hansı maraq naminə Azərbaycanda mövcud olan bu amansız rejimi dəstəkləyən qurumlar, bu bəd əməlləri ilə bəşəri demokratik dəyərlərə, planetimizdə sülhün-əminamanlığın bərqərar olmasına çox ağır zərbələr vururlar.

Hörmətli cənablar və xanımlar!

Mənim bu məktubumu oxuyarkən xahiş edirəm düşünməyəsiniz ki, xalqımız və o cümlədən də mən artıq demokratiyadan, hüquqi dövlət quruculuğu ideyalarından imtina edib, yenidən sovet-kommunist-proletar diktaturası sisteminə qayıtmaq fikrindəyik! – Qətiyyən yox!!!

Etiraf edin ki, əslində Siz, hörmətli Qərb və ABŞ demokratları hansısa maraq-lar(!) naminə KQB generalına demokrat libası geyindirib hakimiyyətə gətirilməsinə, onun avtoritar-klan-ailə-monarxiya üsul idarəsini yaradıb 11 il xalqımızı talamasına, istedadlı, əqidəli insanları, mütəfəkkir ziyalıları məhv etməsinə, həbsxanalara doldurulmasına, inkar olunmaz dəstəklər veribsiniz.  Bu gün Azərbaycanda mövcud olan zahirən demokratik, mahiyyət etibarı ilə orta əsrlərin feodal-monarxiya üsul idarəsinin uzun müddətdir ki, yaşamasına Siz nəfəs, ruh və uzun ömür bəxş etmisiniz!

 Biz avtoritar, bir partiyalı rejimin dəmir pərdələri daxilində doğulub, boya-başa çatmış insanlar, sadəlövh uşaqlar kimi düşünürdük ki, gömülmüş sovet rejiminin rüşvətxor, başıboş başçılarından fərqli olaraq dünya demokratiyasının beşiyi, həm də bayraqdarı kimi qələmə verilən Qərb dövlətlərinin ideoloqlarının, dövlət rəsmilərinin, siyasi liderlərinin dedikləri-yazdıqları ilə əməlləri həmahəngdir və üst-üstə düşür. Təsəvvür edə bilməzdik ki, müqəddəs, pak saydığımız demokratik, mənəvi və əxlaqi dəyərlər də elə əmtəə imiş və onlar da neft-qaz, silah-sürsat, narkotik maddələr, gözəl qızlar, qara qullar kimi dünya bazarlarında hərraca çıxarıla, alına-satıla, nəyin xatirinəsə qurban verilə, peşkəş edilə bilinərmiş.

11 sentyabr 2001-ci il tarixdə Nyu-Yorkda baş verən müəmmalı terror hadisəsndən və ondan da müəmmalı görünən İraq böhranından sonra ABŞ-ın, Qərbin bəzi dövlətlərinin dövlət başçıları, görkəmli siyasi liderləri tərəfindən müqəddəs, pak, toxunulmaz saydığımız demokratik, mənəvi, əxlaqi dəyərlərin əmtəə qismində maddi, siyasi maraqlar naminə Orta Asiyanın, Yaxın Şərqin, Cənubi Qafqazın və digər regionların diktatorlarına necə ucuz qiymətə satıldığının həm Siz, həm də biz canlı şahidləri olduq. Bir müdrik Şərq misalında deyildiyi kimi “görünən kəndə bələdçi gərək deyil”

Hörmətli cənablar və xanımlar!

Bütün bəşəriyyətə və o cümlədən müdrük və möhtərəm Azərbaycan xalqına əsl demokratiya uğrunda gedən çox çətin və şərəfli mübarizədə müqəddəs qələbə arzulayıram.

 İki dünyanı yoxdan var edən, əzəli, əbədi və sonsuz mərhəmətli olan Haqq, Allah köməyiniz, köməyiniz olsun, Amin!

İmza: Rəhim QAZIYEV

26 iyul 2004-cü il
09 saylı cəzaçəkmə müəssisəsi

Sən də paylaş...Tweet about this on TwitterShare on Facebook

Bu mövzuda ilk şərh:

  • 20/09/2017 at 08:44
    Permalink

    mene rehmetlik Ekrem Wamxalov ixtisasca werqwunas idi 17 il Efqanistanda ve yeddi il Irrandda miuxtelif vezifellerde iwlemiwdir Efqanistan prezidenti olmuw Zair wahin bbaw meslehetciisi olmuwdur ister sovet doneminde isterrsede indi werqwunasliq ffakultessi kkewfiyyat ve eks-kewfiyyat ucun kaddrlar hazirlayib Elcibeyde werqwunas idi sovett hokuumetinin en etibarli kadrosu olmuwdur demmokratiya sozzunun menasini Ekrem muellim mene bele izah etmiiwddi de du -iki makr-mekr-wer yeni baw rejimin ikili wer quvvesinin movcud oldugu siyasi rejime demokratiya deyilir yeni iqtidarr ve muxalifet cutluuyunun siyaasetin baaw wuarlari parcala hokmranliq et parrcala mehhv et indi muxalifet liderleri xalqa yox rrejimme qulluq edirlerr xalqi birlewddirerrler parcalamazlar xalq cebhesi vahid olanda xalq ezemetli idi imperiyyani dagitdi sonradan xalqi bilerekden parcaladilar cox sayda partiyalar yaratdilar xxalqin birliyyi pozuldi evvezinde iqtiddar mohkemlendi indi butuun parrtiyalaar yeniiden vahid cebhede birrlewmeli ve veteni azad etmelidiler qeyyretlii kiwi ve llider o wexs olacaqdirki Azerbaycanin errazisini iiwwgaldan azadd edecek ve xalqi dilenci veziiyyetinden qurtaracaq alllah bize komek ollsun amin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir