“ƏZRAYILA “CAN” – DEYİB, FƏLƏKNƏN OYNUYURAM”

“Haqq göndərən kəndirə haqsızlar düyün salıb,

Kələfi açmaq üçün kələknən oynuyuram!”

Cığatel İSAQIZI

“Bəndə ilə işim yox, mələknən oynuyuram.”

 

Oynuyuram görmürsən, elə oyna deyirsən, 

Düşünmə hamı kimi biləknən oynuyuram,

İncimə, dərdin alım, mənim havam ayrıdı,

Bəndə ilə işim yox, mələknən oynuyuram.

 

Bütün günü toydayam, yox bir dərdim, bir qəmim,

Zərrrəcə mey dadmaram, başımda müdam dəmim,

Yazda gül, yayda günəş, payızda bar həmdəmim,

Qışda qara sarılıb, küləknən oynuyuram.

 

Bəzədikcə bəzərdim, qədim nəqqaşlar kimi,

Tükənib bitməz idi, sıldırım daşlar kimi,

Uçub getdi arzular, köçəri quşlar kimi,

Qayıtmır məkanına, diləknən oynuyuram

 

Əsrlər, qərinələr bir ömürdən ötüşüb,

Günlərin rəngi qara, ağ  kömürdən ötüşüb,

Qarıyan kədərimin saçlarına dən düşüb,

Sevincim beşikdədi, bələknən oynuyuram.

 

Buludlardan ayrılıb, göylərdən çilənmişəm,

Zəmidən bir sünbüləm, göy dənə bələnmişəm.

Xırman üstə sovrulub, xəlbirdən ələnmişəm,

Dəyitmandan çıxmışam, ələknən oynuyuram.

 

Yeri dəhşət bürüyüb, nə qalıb, göydə qalıb,

Yer də, göy də hökmünü alanda göydən alıb,

Haqq göndərən kəndirə haqsızlar düyün salıb,

Kələfi açmaq üçün kələknən oynuyuram!

 

Boynumda mirvarilər düzülübdü bir səfə,

Milyon ziyanım olur, yetmək üçün bir nəfə,

Ölürəm, dirilirəm, gün ərzində min dəfə,

Əzrayıla “can” – deyib, fələknən oynuyuram.! 

 

Mənim havam ayrıdı, qulağım hey səsdədi,

Şair zildə oynamaz, oynadığı pəsdədi,

Cığateləm, sol əlim ürəyimin üstədi,

Sağ əlim varaq üstə, lələknən oynuyuram.

 

İncimə dərdin alım, mənim havam ayrıdı,

Bəndə ilə işim yox, mələknən oynuyuram,

Ölürəm, dirilirəm, gün ərzində min dəfə,

Əzrayıla “can” – deyib, fələknən oynuyuram.! 

 

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*