AĞLAR QOYULAN ANALARIN MƏMLƏKƏTİ – 2 !!!

BU MƏNİM VƏ TALE ORTAQLARIMIN QƏMLİ HƏYAT HEKAYƏSİDİR !!!

İki gün öncənin səhər saatlarında mobilimə gələn telefon zəngindən hələ özümə gələ bilməmişəm. Bu məmləkətdə elə şeylər yaşanır, elə şeylər baş verir ki, eşidib-duyanda adamın nitqi tutulur, ayaqları altından yer qaçır. Telefonda hıçqırııqlara boğulan qadın səsinin hönkürtüsündən, ürəkləri para-para edəcək yalvarışlarından, bir müddət doğru-dürüst bir şey anlaya bilmədim, hətta bir anda ona qoşulub, hönkürmək, səsim gəldikcə bağırmaq keçdi içimdən. Nəhayətində, 27 yaşında, gəlinlik  qız balasını Türkiyə xəstəxanalarından birində Allahın və türkiyəli həkimlərin ümidinə buraxıb vətənə kömək edəcək insan, tutacaq əl axtarışına dönmüş bir ananın dərdini anladım, hıçqırıqlarının səbəbini duydum, hönkürərək ağlamasnın nədənlərinə vaqif oldum. Bəlli oldu ki, Səhiyyə Nazirliyindən telefon açır və bildirdi ki, orda onun qızına hər hansı formada yardım etməkdən imtina etdilər. Hələ ona nazirlikdə bir məktub da veriblər ki, nazirliyin büdcəsində bu cür xərclər nəzərdə tutulmayıb. Qadına nə deyəcəyimi, necə deyəcəyimi şaşırdım və xahiş etdim ki, ölkənin rəhbərliyinə, yəni prezidentə və Mehriban xanıma müraciət yazsın, surətini də mənə ünvanlasın. Bu durumda, əlimdən gələcək tək şeyin, məsələni ictimailəşdirmək olduğunu söylədim. Amma hələ də, Səhiyyə Nazirliyində bu qadına verilmiş iki cümləlik, bir az biganəlik, bir az da vəhamət saçan məktubun qupquru sözləri ağlımdan çıxmır. Necə yəni, “bu cür məsələlər üçün xərclər nəzərdə tutulmayıb”. Nə danışır bunlar və necə bu cür rahatca danışa bilirlər. Lap elə tutaq ki, xərc gerçəkdən də nəzərdə tutulmayıb, bəs adamların insanlığına nə gəlib, yəni, heç deyilsə, ümid və ya təsəlli verməyə nə deyəsən?
 Bu yaxınlarda nazir Oktay Şirəliyevin Almaniyada müalicədə olduğu haqda mətbuatda xeyli müzakirələr aparılmş, çeşidli yazılar verilmişdi. Bəs necə ola bilir, nazirin xaricdə müalicəsi üçün xərclər tapıla bilir, ancaq iş bir tənha ananın, tək qadnın min bir əziyyətlə böyüdüb-başa çatdırdığı balasına gələndə, rahatca deyə bilirlər ki, nəzərdə tutulmayıb. Tək o nazirin yox ki, bütün dövlət ərkanının, hökumət yetkililərinin, daha kimlərin-kimlərin ya özləri, ya da əziz-xələf balaları adi qripə yoluxanda belə, dünyanın ən bahalı klinikaları əlçatan, ünyetən ola bilir. Nədir, yoxsa bütün bunlar, xadimələrinin dodaq boyasına və dırnaq lakına belə yetməyəsi maaşları hesabına başa gəlir?.
Hə, cənab İlham Əliyev və çox hörmətli Mehriban xanım, nə deyirsiniz, gerçəkdənmi, bir ananın, tək-tənha bir qadının göz yaşlarını qurudacaq qədər Səhiyyə Nazirliyinin büdcəsində pul yoxdur. Yoxdursa, niyə yoxdur və bunun səbəbini kim izah etməli, cavabını kim verməlidir?  Amma xaraba Vatikanın katakombalarının, viran qalmış Fransanın muzeylərinin, karvansaraya dönmüş çeşidli Avropa ölkələrinin min illik tikililərinin təmirinə və bərpasına, parkların, küçələrin abadlaşdırlmasına, Meksikadan belə, harda mümkündü heykəllərin düzülməsinə  bizim pulumuz var, Rusiyanın az qala bütün şəhərlərində xəstəxanalar, məktəblər, uşaq evləri tikməyə,  rus knyazlarına abidələr ucaltmağa, Kislovodskun,  Jeleznovodskun sanatoriyalarını yenidən qurmağa xəsislik eləmir, paraları milyonlarla xərcləyirik. Belorusa milyonları gözüyumulu vermək də bizim üçün problem deyil. Necə ola bilir ki, Eyyub Yaqubovun dişləri üçün yüz minlər dədəsindən qalma miras kimi ötürülür, ancaq, burda bir ananın övladının can üstə olduğunu bilə-bilə, onun  qabağına iki cümləlik “otpiska” qoyub, qapıları üzünə bağlayırlar?!!

Vallah heç bilmirəm ki, bunları söyləməmin, bu xatırlatmalarımın o qadına, o ananın qızına xeyri çox olacaq, yoxsa ziyanı, amma dediyim kimi, o səhər telefondan duyduğum haray-hıçqırıq və hönkürtülər hələ də qulağımdan getməyib. Amma bunula belə, əfvinizə sığınıb, o qadına, o qıza yardımçı olmanızı rica edir, bunu Sizdən xahiş edirəm. Hesab edirəm ki, bur daha, Sizin də balalarınız, nəvələriniz  olduğunu xatırlatmamın bir anlamı yoxdu, çünki bunu etdiyim ilk dəfə deyil və hər dəfəsində də, daşdan-divardan səs gəlib, amma Sizdən cavab gəlməyib ki, gəlməyib. Vaxtınızı çox almaq istəməzdim, amma, bir məsələni Sizə xatırlatmağı özümə borc bilirəm. Ötən il, özümün xəstə övladımla bağlı yazdığım məktuba Sizdən cabab gəlmədi və o zaman bir nəfər Fb-də mənə bu sözləri yazmşdı: “Sərdar bəy, siz bu müraciətinizi evinizin divarlarına yazın və o divarlar utandğından üstünüzə yıxılıb, canınızı qurtaracaq”. Əslində bu müraciətimin də eyni taleyi yaşayacağını bilirəm.  Bu,  həm də mənim və alnına bir ömür xəstə uşaqlarla yaşamaq yazılmış tale ortaqlarımın qəmli həyat hekayəsidi. Bu nədənlə də bir ananı o dərddən qurtara, onun əzablarına son verə, bir övladı normal həyata qaytara  bilmək üçün, döyə bilməyəcəyim qapı, ata bilməyəcəyim addım yoxdur. Bu mənada, səsimin tonunu da mazur görün, bu dərdi görməyənlər anlamazlar ki.  Amma, həm də  o qadına elə gəlir ki, onun qızınn taleyi mənim bu müraciətimə bağlıdır. Və mən bunu etmək zorundayam, burdan o yanası Sizin işinizdi, necə deyərlər, istəyənin bir üzü, verməyənin iki üzü qaradır. Ancaq bir ananın durmadan axan göz yaşlarını durdurmaq, bir gəlinlik qızın həyatını xilas etmək əlinizdə olduğu üçün, üzünüzün ağ olması da öz əlinizdədir.
Bir daha Sizdən kömək əlinizi geri çəkməməyi xahiş, balalarınızın, nəvələrinizin sabahına xatir, o qıza yardım etmənizi rica edirəm.
Şəxsinizə sayğı və səmimiyyətlə:

Sərdar ƏLİBƏYLİ  

 


“Ümidim Səhiyyə Nazirliyinə idi, o da imtina etdi. “

“Qalmışam çarəsiz, gözün görə-görə balam əldən gedir. “


 

Azərbaycan Respublikasının prezidenti

cənab İlham Əliyevə

Azərbaycan Respublikasının birinci vitse-prezidenti

xanım Mehriban Əliyevaya

 

Azərbaycan Respublikasının Səhiyyə naziri
Oğtay Şirəliyevə
Surəti:
“ps-nota.com”   saytının baş redaktoru
Sərdar Əlibəyliyə

 

            M Ü R A C İ Ə T

Mən Müzəffərova Hicran Nəbi qızı 2 qız övladı anasıyam, biri 1990, digəri 1992-ci ildə anadan olublar. 1992ci ildə həyat yoldaşım avtomobil qəzasında rəhmətə gedib. O gündən çox çətinliklə heç kimin köməyi olmadan övladlarımı böyütdüm. Hər ikisi universiteti bitirib. 2014-cü ilin mayında böyük qızım Müzəffərova Ülviyyə Fariz qızı leykoz xəstəliyinə tutuldu. B.Eyvazov adına Azərbaycan Elmi Tədqiqat Hemotologiya Transfiziologiya institutunda müalicə almağa başladı. 6 aydan sonra həkimlər dedilər ki, bu xəstəlik geri qayıtmayacaq, 2 il müalicəsi davam etməlidir. 2016-cı ilin iyununda müalicəni qurtardıq. Lakin 2016-cı ilin oktyabrında xəstəlik geri qayıtdı. Yenə xəstəxanaya qayıtdıq. 2 ilin müalicəsi məni müflis etmişdir. Ailənin yeganə gəlir mənbəyi mənəm. Bəzi tanınmış qurumlara müraciət etsəm də heç bir kömək olmadı. Səhiyyə nazirliyi dedi ki, xəstəxanada dərmanlardan pulsuz yararlanın, orada isə heç bir dərman, heç nə yox idi. Xalqımız məni bu çətinlikdən qurtardı. Bu ilin iyulunda müalicə qurtardı. Lakin sentyabr ayında təzədən baş qaldırdı. Həkimlər dedi ki, 3 həftədən sonra gəlin yenə analiz verin bəlkə heç nə yoxdur. Qızım turizmdə işlədiyi üçün Türkiyədə rəfiqəsi var idi. O dedi ki, bir həftə qal, bir az gəzərsən hər şey yaxşı olar. Biletimizi aldılar getdik Türkiyəyə. Orada halı pisləşdi. Analiz verdik blastik faizi  artıq 80 %. Güclü baş ağrıları var idi. Bütün günü qışqırırdı. Burdakı həkimə zəng etdik ki, bizə xəstəxanada yer hazırlayın gələk. Lakin gecə yenə ağrılar şiddətləndi. Xəstəxanaya apardıq, aparata saldılar, dedilər ki, xəstəlikdən beyin damarı şişib ağrı verir, təcili kimyaterapiya verilməlidir yoxsa damar partlaya bilər. Azərbaycana pul üçün qayıtdım, hara müraciət edirəm mənə kömək edən yoxdur. Ümidim Səhiyyə Nazirliyinə idi, o da imtina etdi. Qalmışam çarəsiz, gözün görə-görə balam əldən gedir. Xahiş edirəm mənə bir yol göstərin, kömək eləyin. Müalicədən sonra ilik köçürməsi lazımdır.

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*