“ALLAHIN DÖZÜMÜNDƏN, SƏBRİNDƏN ÖZGƏ GÜVƏNCƏMİZ QALMAYIB”!!!

“HƏLƏLİK DƏRDLƏRİMİN ÜZƏRİNƏ AZ DA OLSA SU SƏPƏN SABİRDİR” !!!

Fb-NİN GÜNDƏMİNDƏN

Oğlum, Allahın dözümündən, səbrindən özgə güvəncəmiz qalmayıb. Sənin zindan həyatınından sonra çox sınaqlardan keçməli olduq. Dünyanı elə bil təzədən gördük, təzədən yaşadıq olub keçənləri. Ürəyim bilirsən necə dolub, mənim əzablı, Rüfətim, şirin balam? Danışmağa, dərdləşməyə o qədər şeylər var ki, içimdə yığılıb közə dönür. Onları yalnız səninlə bölüşəcəm. Bəlkə bundan sonra rahatlıq tapa bildim. Ömrüm sənin azadlığına bağlıdır. Hələlik dərdlərimin üzərinə az da olsa su səpən Sabirdir. Dərdlərimin alışıb yanmasının önünü kəsən onun şirin gülüşləridir. Rüfət hanı deyəndə dönüb sənin şəklinə baxır və ah çəkir. Daş bu ahdakı səsi eşitsə dözə bilməz, parça-parça olar. Bəs zalim necə dözür buna? Oğlum, baş kəsməklə sonadək qalib kürsüsündə oturmağı Allah buyurmayıb. Zalimə qan içmək çətin gəlməz. Alışqandılar bu həyata. Allah həm də ona görə böyükdür ki, zalimin zülmünü heç vaxt yerdə qoymur. Gec- tez əvəzin alır. 

Oxudum yazdıqlarını. Sənə indi Sabirsiz yaşamağın necə sıxıntılı olduğunu gözəl dərk edirəm. Neynəməli ki, indi bizi sərt küləklər qabağına alıb dağlara-daşlara çırpmaqdadır. Küləklərin də dayanan vaxtı olacaq. İnan buna. Böyük Yaradana inandığın kimi inan! O zaman övladın Sabiri doyunca qucağına alıb sevə-sevə atıb tutacaqsan. Bağrına basıb doyunca öpəcəksən. 

Rüfətim, sanma ki, təkcə sənin duyğularına qandal bağlayıblar. Burda bizim də duyğularımız qandal altındadır. Açılar o qandallar bir zaman. Açılar! Darıxma! Axı südümü sənə halal etmişəm…

Anan TAHİRƏ

 

2 şərh

  1. “Rüfətim, sanma ki, təkcə sənin duyğularına qandal bağlayıblar. Burda bizim də duyğularımız qandal altındadır. Açılar o qandallar bir zaman. Açılar! Darıxma! Axı südümü sənə halal etmişəm…” Ananın ürək parçalayan naləsidir bu! İndi ölkəmizin məhkəmələrində insan müqəddaratını qazanc mənbəyi üçün qanunları ayaq altına atan, harun hakimlər həll edir! Övladlarına ailəsinə bu haramlarlan don tikirlər, Allah “mükafatını” əsirgəməyəcək, ana! Rüfətləri,əliləri, məmmədləri və çoxsaylı oğulların zorla boynuna “cinayət” qoyaraq, uzun illər, törətmədikləri cinayətə görə cəza çəkənlərin analarının fəryadı, ata həsrətli balaların göz yaşlarının “mükafatını” Allah verəcək, gec-tezi var,əziz bacım! Səbr elə!

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*