“APARSIN SELLƏR SARANI” !!!

MƏN SƏNİ QORUYA BİLMƏDİM, VƏTƏN … !!!

Ramiz QUSARÇAYLI 

Getdi Xan Çoban da,
Arpa çayı da,
Daha sel Saranı aparan deyil.

Pozdum miqyasını,

masştabını,
Qoruya bilmədim baş kitabını,
Səni sərhəd-sərhəd uduzdum, Vətən,
Xəritə-xəritə uduzdum səni.
Uduzdum rəngini, boyalarını,
Qədim laylarını uduzdum, Vətən.
Uduzdum dağını, qayalarını,
Sənin çaylarını uduzdum, Vətən.
Xəyanət göyərdi hər bucağında,
Sənin həndəsəni uduzdum,Vətən.
Yadlara yazdırıb tarix dərsini,
Sənin tədrisini uduzdum,Vətən.
Sənə “Mədrəsəli” çaxır oxutdum,
Sənin mədrəsəni uduzdum,Vətən.
Getdi Xan Çoban da,
Arpa çayı da,
Daha sel Saranı aparan deyil.
Bir dərə dibində susur Həkəri,
Bu dağı yerindən qoparan deyil…
Mehridə mehr yox,
Sübhanda sübhan,
Ağrının bağrına dağ çəkdim, Vətən.
Daş-daş sızıldayır Alagöz dağı,
Ala gözlərinə ağ çəkdim, Vətən.
Daha Toxluca yox,
Dərələyəz yox,
O güllü yuvanı uduzdum, Vətən.
İçi ağ balıqlı,
qızıl balıqlı
Göyçəni Sevana uduzdum, Vətən…
Səni Alı-Alı uduzdum, Vətən,
Ələsgər-Ələsgər uduzdum səni.
Daha o yerlərdə söz düzənim yox,
Daha İrəvanda xal gəzənim yox,
Sazını uduzdum Sayat Novaya,-
O sazda bizlərdən bir kimsə yoxdu,
O sazda Ağdaban, Ağkilsə yoxdu,
Şəmşirin nəfəsi itib o sazda,
Simlərin min dərdi bitib o sazda…
Harayla Nəbini, səslə Həcəri,
Havalı könlümə yazmışam,Vətən…
Sinəmə sıxmışam Basarkeçəri
Boynumdan saz kimi asmışam, Vətən…

“APARSIN SELLƏR SARANI”

SƏRDAR ƏLİBƏYLİ

Gecələri xısın-xısın ağlamaqla keçirib, xəlvətcə intihar yolunda yürüyən Sara(lar)a yazıq

Axşam-səhər, Xançoban(ları)nı “Qarabağ” adlı Vətən savaşında itirmiş,   Hadı Rəcəblinin kinyəli sözlərinə qatlaşmaq zorunda qalıb, Əli Həsənovun üzünə baxaraq, “barı kar-kor olsaydım” xəyalları ilə yaşamaqdan usanan, həyatdan doyan , Ziyafət Əsgərovun yalaq-yaltaq çıxışlarına qulaq asıb, bu məmləkətin kişilərinə nifrət hissi ilə yatıb-duran və gecələri xısın-xısın ağlamaqla keçirib, xəlvətcə intihar yolunda yürüyən Sara(ları)nı sellər aparsın, Azərbaycan !!!!!!!!!!!!!!!!

 

1 şərh

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*