“AZƏRBAYCAN, SƏNSƏN MƏNİM ÜLVİYYƏTİM, ŞAN-ŞÖHRƏTİM”!!!

“ULU BORÇALI”DA “TƏBRİZ GECƏSİ” !!!

Fb-NİN GÜNDƏMİNDƏN

İyulun 7-də Bakının “Ulu Borçalı” Sarayında “Borçalı” Cəmiyyətinin təşkilatçılığı ilə 5-ci Təbriz Gecəsi keçirilib. “Gecə” son günlər Təbrizdə dünyasını dəyişən tanınmış el ağsaqqalı, bütün varlığını Ana dilimiz və mədəniyyətimizin yaşamasına həsr etmiş Həsən Dəmirçinin xatirəsinə həsr olunub. Gecenin aparıcısı Rüfət Muradlının qısa açılış nitqindən sonra sağlığında “Həsən Azərbaycan” titulunu qazanmış Ustad Həsən Dəmirçi haqqında videomateriallar göstərilib. Giriş nitqi ilə Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Təbrizin millətimiz üçün mənəvi yeri, Həsən Dəmirçi şəxsiyyəti, Borçalı Cəmiyyətinin Güney Azərbaycandakı soydaşlarımızın milli mədəni mübarizəsinə dəstəyi haqda danışaraq ölkədəki son olaylar haqda da münasibətini bildirib. Təbriz Gecəsində Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhməroğlu, görkəmli şair diplomat Abbas Abdulla, Güney Azərbaycan Konqresinin sədri Abdulla Əmir Haşimi Cavanşir, professor Hacıbaba Əzimov, filologiya elmləri doktoru, professor Esmira Fuad Şükürova, Milli mədəniyyətin Təbliği İB-nin sədri Jalə Cəfərova, əməkdar memar aömər Qoçulu, AMEA Cənubi Azərbaycan şöbəsinin müdiri Səməd Bayramzadə Həsən Dəmirçinin həyat və fəaliyyəti, Təbrizin Türk Dünyası və Azərbaycan üçün önəmi haqda düşüncələrini paylaşıblar. Təbriz Gecəsinə Güneyli aşıq Böyükağa Piroğlu, Şuşa Elat Muğam Üçlüyü, Aşıq Cahangir, Aşıq Əşrəf, Əzizə Ağahüseynqızı, Aşıq Aişə və başqaları öz ifaları ilə rəng qatıblar. Gecənin sonunda Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli çıxış edərək Həsən Dəmirçiyə bir daha rəhmət diləyərək iştirakçılara təşəkkürünü bildirib və elan edib ki, Borçalı Cəmiyyətinin hər il təsis etdiyi “Doktor Cavad Heyət medalı” vəfatından sonra Ustad Həsən Dəmirçiyə veriləcək və ailəsinə təqdim ediləcək. Cəmiyyət sədri çıxışının davamında həmçinin Gürcüstan hakimiyyətinin 2014-cü ildən ona qarşı tətbiq etdiyi yasaq qərarını ədalətsizlik adlandıraraq El obanı 26 iyulda Gürcüstanın Dmanisi rayonundakı Armudlu yaylasında Elat yurdunu və Elat şəhidini ziyarətə səsləyib. Təbriz Gecəsi iştirakçılar tərəfindən hamılıqla Həsən Azərbaycanın xatirəsinə “Azərbaycan səsdən mənim, ülviyyətim, şan şöhrətim” sədaları ilə sona çatıb.

 

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*