BÖYÜKLƏRİ ÇIXAN AĞACI, BALACALARI BUDAQ-BUDAQ GƏZƏLLƏR – YAXUD, ORASI DA BİR ATA-OĞUL MƏMLƏKƏTİ.

ƏSLİNDƏ ƏRAZİDƏ FÖVQƏLADƏ VƏZİYYƏT ELAN OLUNMALIDIR!!!

Xaqani İSMAYIL

…ƏGƏR KİMİN FİL QULAĞINA YOLU DÜŞSƏ…

Əziz dostlar! Sizlərin xeyir-duası ilə aprel ayının 25-də tarixçı alimlərin iştirak etdiyi beynəlxalq konfransa məruzəçi qismində qatıldım və mayın 9-da İsveç Parlamentinin Konfans zalında “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” kitabımın təqdimatı və bu konuda çıxışım oldu. Bu haqda mətbuat üzərindən Sizlərə geniş bilgilər çatdırılacaqdır, Tanrı izniylə…

Ancaq çox heyf ki, indi özüm də istəmədən Sizlərə tamam başqa bir məsələdən söz açmalı olacam…. Bizim son illər yaşadığımız Nubar yaşayış massivi 20 Yanvar metrostansiyasının 10-11 km-liyində səfalı bir ekoloji mövqedə yerləşir. Ancaq aidiyyatı üzrə bu əraziyə baxan Hökməli Bələdiyyəsinin fil qulağında xorhaxor yatması ucbatından qəsəbədə yaranmış antisanitariya şəraitundə epidemiya risqi hər gün artmaqdadır. Nübar yaşayış massivinin İpək Yolu dayanacağı adlanan mərkəzi hissəsindəki dözülməz durumu əks etdirən 2 ədəd foto (1-cisi təxminən 40 gün öncə, ikincisi isə bu yaxınlarda çəkilib) burada sözün əsl mənasında yiyəsizliyin at oynatdığına şəhadət verir.

Bu əraziyə baxan Hökməli Bələdiyyəsinin öncəki sədri (Hacı) Miradıyev Mirnemət Mirəziz oğlu idi, indiki sədri isə onun layiqli varisi (yenə də: Hacı) Miradıyev Mirəziz Mirnemət oğludur. Bu Bələdiyyə sədrlərini (əvvəlkini və ya indikini) yerində tutmaq hər kəsin işi deyil – bununla işimiz yox… Təkcə onu demək kifayətdir ki, istər bu ata-bala Bələdiyyəsinə, istərsə də Hökməli İcra nümayəndəsi Müseyib İbrahimova müraciət etmək QARA DAŞA FAKS ÇƏKMƏK kimi bir şeydir… Müseyib İbrahimovun mövqeyinə görə ərazidə zibil atılmasını həll etməkdən öncə sakinlərin sənədlərini yoxlamaq lazımdır!!! Yəni vətəndaşın ev sənədi və ya qeydiyyatı yoxdursa – o zaman problemi konservləşdirib ərazidə unikal bir ZİBİL MUZEYİ açmaq olar. Özü də hansı ərəfədə? – Hökumətin QURTULUŞ bayramı və dindarlarımızın RAMAZANı dönəmində. Məcburən şikayətimizi ünvanladığımız Abşeron r-n İH də bu məsələdə özünü bədgüman aparır. Şöbə müdiri Fariz müəllim (soyadı, deyəsən Əliyevdir) məsələni rəhbərlik qarşısında qaldırsa da, hələ də “əraziyə baxış keçirilicək” vədi yerinə yetməyibdir: deyilənə görə Bələdiyyənin əli aşağıdır… Söhbət isə epidemiya təhlükəsindən gedir!!! – Artıq iki nəfəri (Melisa adlı kiçik qız və Rəşad adlı azyaşlı oğlan uşağı) zibilliklərdə sülənən sahibsiz itlər dişləyib və onlar quduzluğa yoluxma risqi ilə bağlı qeydiyyata alınıb müalicə olunurlar. Telefonla həyəcan təbili çaldığımız Abşeron Gigiyena və Epidemiologiya Mərkəzi rəhbərliyi və onun həmişə “ərazidədir” deyə 012-342 48 31 nömrəli telefonunda tuta bilmədiyimiz Əhməd adlı sanitar həkimi rahatsız olmağa tələsmirlər. 1 aya yaxın bir müddətdə daşınmayan zibillik inkişaf edərək qəsəbənin ərazidəki qaz paylayıcı borusunu da artıq mühasirəyə alıb. Ötən dəfələrdə olduğu kimi hansısa səbəbdən kimsə zibilliyi yandırsa qaz kollektorundan ən pis terrordan daha pis fəsad verə biləcək güclü partlayış təhlükəsi yarana bilər. Təəssüf ki, həm epidemiya, həm də partlayış risqi ilə bağlı “Qaynar xətt”lərə edilən zənglər də kimlərisə narahat etmir…

Xatırladaq ki, bu ATA-BALA BƏLƏDİYYƏSİnin banisi 2012-ci ildə dövlətimizin “Tərəqqi” medalına (bizim hökumət tərəqqini yəqin belə başa düşür) layiq gördüyü (Hacı) Mirnemətdir. O, 2014-cü ildə isə “Sevil massivi” məsələsi ilə bağlı tutulub… ancaq o zamankı icra başçısı Zakir Fərəcovun dəstəyi ilə azadlığa çıxıb və estafeti ən layiqli davamçısına, oğlu (o da Hacı) Mirəzizə ötürüb. Və Abşeron r-n İH şöbə müdiri Fariz müəllimin qərarlaşmış fikrincə sakinlər lap Prezident Aparatına da getsə, problemi mediaya da ötürsə, istənilən halda məsələni Hacı Mirəziz müəllim həll etməlidir. [Əgər kimin fil qulağına yolu düşsə çox xahiş eliyirəm ki, bu nömrələrə zəng etməklə bizə kömək etsin (012) 342-28-64 və (050) 477-77-87 — Hökməli Bələdiyyəsinin Sədri: Miradıyev Mirəziz Mirnemət oğlu və ya 012-346 81 60, 012-346 86 61 — Hökməli İcra Nümayəndəsi: Müseyib İbrahimov;012-342 48 31–Abşeron Gigiyena və Epidemiologiya Mərkəzi; (+994 12) 342-11-02, 342-11-15, 342-40-00 — Abşeron Rayon İcra Hakimiyyəti]…

Vaxtımız getsə də məcburuq hələlik bu vəzifə məqamlarından başlayaq…Əlbəttə hər sahədə olduğu kimi, xalqımıza utanc gətirən bu sahədə də axıradək gedib bu məmurları milləti heçə saymaqlarına peşiman etmək gərəkdir…

Əziz media nümayəndələri! Bu tragikomik sorunun çözülməsinə yardım etmək üçün imkan daxilində bu məlumatı yayınız…

Abşeron rayonunnun icra başçısı fərqlənən dövlət qulluqçuları Orucov Fəxrəddin Zülfəli oğluna, Rəhimov Fəxri Rəşid oğluna, Paşayev Qılıncxan Əli oğluna və Miradıyev Mirəziz Mirnemət oğluna Fəxri Fərman təqdim edib. “AZƏRBAYCAN RESPUBLİKASI ABŞERON RAYON İCRA HAKİMİYYƏTİNİN RƏSMİ SAYTI”

 

 

 

 

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*