BU ŞƏHİDİN QANI SƏFƏR ƏBİYEVLƏ ELDAR SABİROĞLUNUN ÇİYİNLƏRİNDƏDİ !!!

İLQAR VERDİYEV BU İKİ ŞƏXSİN KÜRSÜ HƏRİSLİYİNƏ VƏ XƏBİS NİYYƏTLƏRİNƏ QURBAN GEDİB !!!

Fb-NİN GÜNDƏMİNDƏN

Bu gün İlqarın Şəhid olmasından 6 il keçdi. İllər nə tez keçdi. Artıq Kamran 10-cu, Orxan 7-çi sinifə keçdi. Arzuların yarımçıq qaldı. 6 ildə həmişə sənin xatirələrinlə yaşamışam. Bu gün balaca İlqarla məzarını ziyarət etdik. İlqar, məkanın cənnət, ruhun şad olsun. Bütün ŞƏHİDLƏRİMİZƏ Allah rəhmət etsin.
——————————————————————

P.S.

Məsələnin məğzi çox sadədi. O illərdə mən bir təsadüf nəticəsində Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri vəzifəsini tutan Eldar Sabiroğlunun keçirdiyi mətbuat konfransında iştirak etdim. Konfransın yekununda isə xidmət rəisinə 3 sual verdim. İndi təfərrüatlara varmağın bir anlamı yoxdu. Zatən elə həmin gün bütün təfərrüatları da, bu məşum olay barəsindəki düşüncələrimi də yazmışdım. Elə həmin gün mətbuat konfransının keçirilməsinə məsul olan MN Mətbuat Xidmətinin əməkdaşı mayor İlqar Verdiyevin əmri verildi və onu döyüş bölgəsinə, səhv etmirəmsə, ya tağım, ya da bölük komandiri  göndərdilər. Bir neçə aydan sonra isə, mayor İlqar Verdiyev döyüş tapşırığını rerinə yetirərkən mina partlaması nəticəsində həlak oldu. Məsələ burasındadır ki, onun barəsində verilmiş əmrin qeyri-rəsmi və gerçək gərəkcəsi, Sərdar Əlibəylinin mətbuat konfransında iştirakı olub…

Çox sonralar İlqarın anası Rəna Verdiyeva ilə onun istəyi üzərinə görüşdük və o, məndən tək bircə suala cavab istədi ki, o günə qədər İlqarı tanımışammı və mənim o konfransa qatılmamı İlqarmı təşkil etmişdi. Təbii ki, yox dedim, nə mən İlqar Verdiyevi tanıyırdım, nə də o konfransa qatılmama dair onun hər hansı formada bilgisi vardı. Dediyim kimi bu sırf bir təsadüfün nəticəsiydi. O gün Rəna ana mənə dedi ki, İlqara nazirin otağında “Gedib döyüş bölgəsində cəzanı çəkərsən və bilərsən ki Sərdar Əlibəylini konfransa dəvət etmək necə olur” – deyiblər. Rəna xanım bir də onu dedi ki, İlqar o gündən etibarən, əsasən iki şeydən üzülürdü:

1. Bunlar niyə döyüş bölgəsinə cəza yeri kimi baxırlar, orda millətin balaları hər gün ölümlə üz-üzə dayanır.

2. Axı, Sərdar Əlibəylini mən nə tanıyırdm, nə də onu mən dəvət etmişdim, niyə bunu mənim boynuma qoyurlar?

Qısaca məzmun budur və mənim o konfranda iştirakıma görə günahsız bir zabiti beləcə cəzalandırmışdılar, nəticəsi də nə olub, artıq hər kəsə bəllidi.

İstəməyərəkdən və bilməyərəkdən səbəbkarına çevrildiyim bu olayın xəcalətini hələ də, hər gün, hər saat yaşamaqdayam. Gerisini və günahsız bir zabiti  özlərinin xəbiz niyyətlərini həyata keçirmək və kreslolarını qoruya bilmək üçün, faktiki olaraq ölümə  göndərənləri isə, hələlik Allaha həvalə etməkdən savayı əlimdən bir şey gəlmir, özləri də buna görə xəcalət çəkillərmi, bilmirəm.

Şəhidimizin ruhu qarşısında baş əyirəm, məkanı cənnət, ruhu şad olsun!

Rəna anaya da, İlqarın ovladlarına da Allahdan səbr diləyirəm!!! 

sayğılarla:

Sərdar ƏLİBƏYLİ 

 

 

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*