“BURCUTMAĞIN YERİ YOXDU”!!!

MƏŞUM BİR MÜSAHİBƏNİN ƏKS-SƏDASI 

 

Fb-NİN GÜNDƏMİNDƏN

Kəramət Böyükçölün qələminə münasibətim müsbətdi. Zaman-zaman maraqlı yazılara imza atır. Müsahibə götürmək qabiliyyəti də pis deyil… Razılaşmışdıq ki, görüşək, növbəti müsahibəni məndən alsın. Alınmadı gorünür… Onun Nemət Pənahlıyla müsahibəsindən ciddi narahatlıq keçirdim. Hətta, Nemət bəyə incikliyimi bildirən şərh də yazdım. Tələsmişəm bu dəfə… Ertəsi gün obyektivliyinə qətiyyən şübhə etmədiyim dostum Sərdar Əlibəyli ilə söhbətdən məlum oldu ki, Nemət bəy nəinki Əbülfəz Elçibəyi təhqir edib, əksinə, bu mövzuda söhbət belə olmayıb. Kəramət təkidlə həmin mövzunu ortaya gətirmək istəsə də belə… Təəssüf və yenə də təəssüf Kəramət! Hələ çox cavansan, ömrün hələ qarşıda… Qələmi yalanlara alət etməyi sənə heç yaraşdırmadım! Düşünürəm ki, bizim müsahibəmiz alınmadı. Mən, ömrünü həqiqətlərə həsr etdim. Nə qədər əzablı olsa belə.

Комментарий

Kəramət BÖYÜKÇÖL 

Ramiz müəllim, Mübariz Məsimoğlundan soruşun. Onunla bir yerdə almışıq müsahibəni. Lazımdırsa diktafonu gətirim qulaq asın. Müsahibə 1-ci gün gedəcək.

————————————————————————————————————-

P.S.

“QOY DEYİM, İNDİ Kİ, SÖZ AÇILIBDIR” !!!

Bir halda ki, işlər buralara vardı və Ramiz bəy də məni şahid kimi işin içinə qatdı, Tağı Əhmədov demiş, “burcutmağın yeri yoxdu”. Populyar mahnılardan birində deyildiyi kimi, “Qoy deyim, indi ki, söz açılıbdır”. Sözün elə bir açılmaqlığı da yoxdu əslində, mən naxoş bir təsadüf gərəyi, sözügedən müsahibənin sadəcə qulaq şahidi oldum. Və elə müsahibənin gedişində işlərin doğru yönə varmadığını hiss elədim. Hətta qapıdan çıxanda Nemət Pənahlıya, olacaq skandalın  anonsunu da verdim. Əsla müsahibənin əvvəlcədən hazırlandığını da iddia etmirəm, əminəm ki, hər şey bədahətən oldu. Bu mənada, kimsəni də qınamaq fikrim yoxdur. Amma, qətiyyətlə demək istədiyim və şəhadət gətirdiyim başqa bir məsələ var. Kəramətin dəfələrlə, üstünə basa-basa Nemət Pənahlıdan sormağa cəhd etdiyi bəzi naxoş soruları sağlıklı bulmadım. Amma, hətta adəti xilafına olsa belə, Nemət bəy həmin suallardan ciddi-cəhdlə yayınmağa çalışdı və əsasən də buna müyəssər oldu. Zira, müsahibənin gedişində Nemət Pənahlı tərəfindən bəzi suallar ya cavabsız buraxıldı, ya da başqa səmtlərə yönələn cavablar gəldi. Söhbət təkcə “alkaş” ifadəsindən getmir, suallar sırasında başqa məsələlər  və daha betər ayrı ifadələr də səsləndirildi. Hər halda mənim, görüb duyduqlarım bu qədərdi. Amma müsahibə hələ ki, dərc olunmayıb deyə, əlavə nəsə demək istəmirəm.

Lakin, bütün bu olub-bitənlərin sırasında, şəxsən mənim anlamaqda zorluq çəkdiyim bəzi məsələlərə deyinmək istəyirəm. Beləliklə, birincisi,  Nemət Pənahlının Elçibəyə münasibəti hər kəsə bəllidir və ötən 30 ili aşqın sürədə,  azı 30 min dəfə də mətbuatda dərc edilib, müzakirələrdən və mübahisələrdən keçib. Kəramətin barəsində danışdığı məsələlər də nə yenilikdi, nə də zamanla, dövrün tələblərinə uyğundu. Anlamadığım isə odur ki, ilin-günün bu vaxtında, ölkənin gündəmində o qədər ciddi məsələlər varkən, məmləkətin seçki havasına büründüyü bir zamanda, Elçibəy haqqında Nemət Pənahlının illərlə təkrar olunaraq tirajlanmş  sözlərini sensasiya kimi cəmiyyətə təzədən təqdim etmək kimə, nəyə və niyə lazım idi?!! Hər halda, bu cür skandal doğuracaq müsahibənin  özü dərc olunmadan, kontekstdən çıxarılmış təhqiramiz  ifadələrin anons kimi statusa yatılılmasını da, mən doğru bulmadım. Bəlkə Kəramətə elə gəlir ki, belə də olar, orasını kəndi bilir artıq, mən qarışmam…

İkincisi, ümumi söhbət zamanı dostcasına deyilən sözləri və bir az da naxoş olan ifadələri müsahibənin mövzusuna çevirərək, bundan da guya sensasiya düzəltmək, nə etik normalara , nə də jurnalist peşəkarlığına sığan məsələdir. Hələ-hələ, bu səpkidə aparılan söhbətin tamamı, artıq həyatda olmayan bir insanın ruhunu təhqir edirsə, onun barəsində cəmiyyətdə yanlış fikirlər formalaşdırmağa xidmər edirsə, bu, özlüyündə bir vandalizm aktı kimi də dəyərləndirilə bilər. Barəsində söhbət gedən şəxsin , həm də ölkənin  eks-prezidenti olduğunu nəzərə alsaq, bu kimi məsələlərin ciddi hüquqi sorunlar yarada biləcəyini də xatırlatmağı özümə borc bildim. Kəramətin indiki ictimai nüfuzu və mətbu durumu, ola bilsin ki, onu zaman-zaman sensasiya ilə gündəmə gəlməyə sövq edir. Amma, bu qədəri də bir az fazla olur məncə. Məndən söyləməsi ki, bu məsələ heç də, hələ də cəmiyyətin yaddaşında yaşayan “Xəlil Rza Ulutük” məsələsindən az səs-küyə səbəb ola biləcək məsələ deyil. Bu kimi məsələləri zarafat səviyyəsinə endirmək, gənc bir yazar üçün yaxşı heç nə vəd eləmir. Belə “dəliyəm, zorluyam” misalı nə ədəbiyyat yaratmaq olur, nə də bu cür dəliqanlılığın jurnalistika ilə bir əlaqəsi var…  

Sərdar ƏLİBƏYLİ  

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*