“ÇATIŞMAYAN NƏDİR, VİCDAN, YA POTENSİAL?!”!!!

“Vətəndaşlar siyasi partiyanı və ya lideri hakimiyyətə münasibətinə görə yox, onlara təklif etdiyi idarəetmə formasına və bacarıqlarına görə dəstəkləməlidir.”!!!

Azərbaycanın bir nömrəli problemi azad və şərt formalaşdıra bilən medianın olmamasıdır.“!!!

Fb-NİN GÜNDƏMİNDƏN

Sevinc Osmanqızının tv-sində İlqar Məmmədovun müsahibəsinə baxdım. Belə başa düşdüm ki, Sevinc xanım İlqar bəyi Əli Kərimli və ya başqa müxalif partiya lideri ilə debata çağırır və REAL sədri buna ehtiyac duymur. Səbəb kimi göstərir ki, bizim hədəfimiz İlham Əliyev rejimidir və biz yalnız onunla debata çıxa bilərik. Eyni mövqeyi Əli Kərimli və digər müxalifət liderləri də səsləndirib. 

Çox anlaşılmaz və zərərli yanaşmadır. Siz debatda fərqi göstərin ki, hakimiyyətə gəldiyiniz təqdirdə ölkəni necə idarə edəcəksiz. Qarabağ problemini necə həll edəcəksiz? İqtisadi islahatları necə və kimlərlə həyata keçirəcəksiz? Hüquqi islahatları necə görürsüz, məhkəmə islahatlarını necə edəcəksiz? Beynəlxalq siyasətiniz necə olacaq, ölkənin prioritet inkişaf istiqamətini necə görürsüz? Komandanızda kimlər var? İslahatlarda kimlərə xüsusi olaraq imkanlar tanıyacaqsız? Hansı islahat paketlərini hazırlamısız? Partiyada və müttəfiqləriniz arasında kimlərə etibar edirsiz?

Medianın debat üçün şərtlər formalaşdıra bilməməsi, partiya liderlərini hesabatlı olmağa, ictimai rəylə hesablaşmağa məcbur edə bilməməsi ciddi problemdir. Həm də siyasi səviyyəmizin göstəricisidir. REAL-ın debatdan yayınması anlaşılan deyil. Məncə ölkədəki siyasi partiyaların arasında belə müzakirəyə və debatlara ən hazırlıqlı komanda onlardadır.

Müstəqil media səmimidirsə şərtləri formalaşdıra bilər. Məsələn, əvvəlcədən müzakirə mövzusunu elan edərək ölkədəki siyasi partiyaları seçdiyi mövzular üzrə debata çağırar. Onları ictimai rəylə hesablaşmağa məcbur edə bilər. Müstəqil media qurumları bu məsələdə həmrəy olmalı, birgə layihələrə başlamalıdır. Belə proses başlasa partiya sədrlərinin manipulyasiya imkanları qalmayacaq, qurumlarda dinamik fəaliyyətlər olacaq. Medinın işi ictimai və siyasi qurumları həm də faydalı fəaliyyətlərə təşviq etməkdir. Eyni adamları boş və mənasız debatlarda danışdırmaqdansa, daha kreativ fəaliyyətə təşviq etmək lazımdır.

Vətəndaşlar siyasi partiyanı və ya lideri hakimiyyətə münasibətinə görə yox, onlara təklif etdiyi idarəetmə formasına və bacarıqlarına görə dəstəkləməlidir. Vətəndaşı belə yanaşmaya təşviq etmək də medianın funksiyasıdır.

Hesab edirəm ki, Azərbaycanın bir nömrəli problemi azad və şərt formalaşdıra bilən medianın olmamasıdır. Belə media olsa, onunla hər kəs sonunda hesablaşmalı olacaq. Problemlərin həlli bununla başlayacaq. İnternet belə medianın yaranmasına imkanlar tanıyır. Çatışmayan nədir? Vicdan ya potensial?

1 şərh

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*