“ELÇİBƏYƏ “BU ARAYIŞ MƏCLİSDƏ OXUNMASIN” – DEDİM” !!!

” TELEFONDA HEYDƏR ƏLİYEVİN YUXUSUZLUQDAN KALLAŞMIŞ SƏSİNİ TANIDIM”!!!

“Gəncədə məni də həbslə hədələmələrinə əhəmiyyət vermədən xalqı hakimiyyətə qarşı itaətsizliyə çağıran müraciətə qol çəkmədim.”

Fb-NİN GÜNDƏMİNDƏN 

CAVAB ƏVƏZİNƏ AĞRILI XATIRLATMALAR 
(İkinci bölüm)

əvvəli bu linkdə:

“http://www.ps-nota.com/indi-azadlqdasan-sukur-lakin-azadsanmi/”

İllər ötdü, zaman dəyişildi, çox pərdələr qaldırıldı, çox maskalar yırtıldı, cox yalançı qəhrəmanlar səhnədən getdi, ya iqtidar, ya müxalifət cəbhəsində dayanıb öz böyüklərinin sifarişi ilə ölkənin müstəqil düşünən adamlarını, ziyalılarını çürüdən çox zəhər dağarcığı partlayıb çirkə çıxdı, bizi yumşaq danışmaqda ittiham edən çox “radikallar“ çörəyə çatan kimi əl quzusuna döndü, iqtidardan müxalifətə, müxalifətdən iqtidara axınlar dayanmadı, arxivlərin üstündən yasaqlar qaldırıldı, kimin KQB agenti olduğu, kimin meydanlara tapşırıqla gəldiyi, Qarabağın uduzulmasında kimin nə qədər günahkar olduğu ortaya çıxdı. Bizə bir şey yapışmadı. Bu illər ərzində mən öz mövqeyimi dəyişmədim. Çünki vicdanımdan, millətimə sevgimdən başqa böyüyüm və idealım yoxdur; zəhmətimdən başqa heç kimə borclu deyiləm. Onda bu böhtanların arası niyə kəsilmir? Bəlkə sovet rejiminə və sonrakı hakimiyyətlərə mədhiyyələr yazmışam; bəlkə ermənilərin torpaq iddialarına qarşı yüksələn xalq hərəkatı zamanı evimdə gizlənmiş və ya Azərbaycanı tərk edib getmişəm, bəlkə hakimiyyət ehtirasıyla millətimizin qırılmasında, torpaqlarımızın verilməsində iştirak etmişəm, bəlkə vəzifədən beşəlli yapışaraq başqaları kimi milyonlar yığmışam, bəlkə xarici kəşfiyyatın sifarişi ilə oturub dururam… Bunu yazmaq ağırdır. Lakin hansı xalq kitabları əl-əl gəzən bir ziyalısına, ilk kütləvi mitinqlərin başında dayanan, bütün ömrü boyu var gücünü sözun və mətbuatın azadlığı uğrunda mübarizəyə həsr etmiş, ölkədə birinci demoratik, azad qəzeti buraxmış jurnalistinə, Müstəqillik aktını qəbul etdirmiş deputat fraksiyasının həmsədrinə, daim milli birlik, vətəndaş həmrəyliyi deyib çalışan siyasətçisinə, dünyaya səpələnmiş soydaşlarımızın təşkilatlanması üçün ölkədən-ölkəyə yortan “səyyahına”, xaricdə qırxdan artıq kitabı nəşr olunmuş yazarına bu qədər böhtan ata bilər? Görəsən bütün bunlar nəzərə alınmırsa onda insalıq, ziyalılıq başqa hansı meyarlarla ölçülür. Görəsən bizim kişiliyimiz, mərdliyimiz harda qaldı?

Güclənən-səngiyən belə kompaniyalarla məni sındıra bilmədilər! Lakin kitablarımla qazandığım halal şöhrətimin zədələnmədiyini demək də çətindir.

Bir dəfə həbsdə olan yoldaşlarımızı buraxdırmaq xahişi ilə prezident Heydər Əliyevin yanına getmişdim. Sakiitcə məni dinlədi. Sonra gözləmədiyim bir cavab verdi. Dedi:

“Səni gəncliyindən tanıyıram. Təmiz və cəsarətli adamcan. Ancaq ətrfındakı adamları yaxşı tanımırsan. Sən narahat olma! Məndən elə adamların xahişini edirsən ki, özləri bir yana, dədələri də mənə xidmət ediblər.”

İçimdə nə isə qırıldı. Deməyə sözüm qalmamışdı. “Daha sözüm yoxdur…” deyib çıxdım.

Başqa bir radikal liderin mühafizəçisi yanıma gəlmişdi. Ürəyi açıldı. Az qala ağlamsına-ağlamsına:

“Bəy, mənə bir iş tap! Daha gündüz müxalifətin, gecə iqtidarın yanında olmaqdan yorulmuşam”

Bunu deyəndə qoruduğu adamı nəzərdə tuturdu…

Ancaq bunlar kürsülərdən iqtidarın ən qatı düşməni kimi danışırdılar. Mən belə saxtakarlıqlardan uzaq olmuşam. Hakimiyyəti tənqid edəndə boş hay-küylə yox, dəlil-sübutla danışmışam. Çünki Vətənimiz, Xalqımız ağır dönəmlərdən keçir və bizə düşmənçilik yox, ağılla, əl-ələ verib itirdiklərimizi geri qaytarmaq lazımdır.

Son günlərdə Gəncə qiyamı və onun nəticələri barədə çox danışılır. Gərginliyi götürmək üçün Gəncəyə göndərilən dəstənin tərkibində mən də var idim… Ordakı vəziyyətin gərginliyini, yanlış bir addım atıldığını zəng vurub Elçibəyə dedim. Gəncədə məni də həbslə hədələmələrinə əhəmiyyət vermədən xalqı hakimiyyətə qarşı itaətsizliyə çağıran müraciətə qol çəkmədim. Aranı sakitləşdirmək üçün rəhmətlik İmam Mustafayevin yazdığı arayışı redaktə edib yumşaltsam da Bakıya döndükdən sonra

Elçibəyə “Bu arayış Məclisdə oxunmasın!” – dedim.

Bundan sonra elə Prezident Aparatında xalqa ayrı bir müraciət yazıb, bunu radio ilə oxuyandan sonra məclisə getdim. İki saat keçmiş Elçibəy İmam Mustafayevlə MM-ə gəldi. Düşündüm ki, yəqin Elçibəy mənim təklifimi nəzərə alıb və məclisə başqa bir sənəd gətiriblər. İmam Mustafayev pis gördüyünə görə kürsüdən yarımçıq düşüb arayışın ardını oxumağa məndən xahiş etdi və yalnız kürsüyə qalxandan sonra arayışda hər şeyin əvvəlki kimi qaldığını gördüm. Axşam bəzi cəbhəçilər (indi iqtidarın yanındadırlar – S.R.) mənim maşınımın qabağını kəsdilər. Xeyir olsun, niyə bunlar Elçibəyin, İmam Mustafayevin, və ya bu hadisələrin törədilməsində iştirakı olanların yox, mənim qarşımı kəsirdilər? Gecə bir tanış zəng vurub mənə telefon nömrəsi verərək xahiş etdi ki, ertəsi gün tezdən həmin nömrəyə zəng vurum. Tezdən zəng vurdum. Heydər Əliyevin yuxusuzluqdan kallaşmış səsini tanıdım:

“ Sabir, mən dünən sənin dostlarının dəvəti ilə gəlmişəm. Dalımca üç dəfə təyyarə göndərdilər. Bir yandan dəvət edirlər, bir yandan sabaha kimi məclisin qabağında məni söydürürlər. Bunlar necə adamlardır?”

Ona ürə-dirək verib:

“Vəziyyət gərgindir, hamımız söyülürük”, – dedim.

“Hə, eşitdim, sənin də maşınının qabağını kəsiblər. Bu işi görənlərdə vicdan var? Sənin zəhmətlərini nə tez unutdular? Sənin kimi adama da kobudluq eləmək olar?”

Doğrudan da, hərəkatda olanların bir hissəsi sona qədər haqqı-nahaqdan ayıra bilmədilər. Sonralar da bəziləri özünü elə aparırdı ki, sanki hakimiyyət Gəncə olaylarına görə yox, mənim arayış oxuduğuma görə itirilib… Həyatımız belə paradokslarla doludur..
Mən illər uzunu gənc fəalların, jurnalistlərin, xaricdə oxuyub qayıdan və demokratiya uğrunda mübarizə aparan istedadlı siyasilərin hüquqlarını müdafiə etmiş, sözünə, fikrinə, siyasi mövqeyinə görə insanların həbsinə qarşı olmuşam. Bu barədə çıxışlarım, yazılarım, müraciətlərim ortadadır. Bəzən bunları da görməzdən gəlirlər..

Belə münasibətlərə görə mübarizədən əl çəkmədim, ancaq ürəyimdə çapıqlar qalır…

(ardı var)

1 şərh

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*