ETİRAZÇLARIN SAYI MİLYONLARLADIRSA…

Sərdar ƏLİBƏYLİ

MİTİNQÇİLƏRİN SAYI NƏ QƏDƏR OLMALIDIR Kİ, …???

İllərdən bəridir ki, məmləkət boyunca, məxsusən də Bakıda keçirilən mitinqlərin qatılım şkalası və kütləvilik məsələsi müzakirə olunur. Hər dəfəsində də, iqtidar tərəfi sevinə-sevinə bu şkalanın əqrəbini aşağı endirməyə, kütləvilik göstəricilərini mümkün olduğu qədər qısıdlı şəkildə təqdim etməyə çalışır. Nəticədə də, elə gülməli rəqəmlər səsləndirilir ki, dövlət adına çeşidli  məqamlarda təmsil olunan kişilərin rəsmi statistikaya bu qədər qeyri-ciddi yanaşmalarından heyrətə gəlirsən. Hətta bu saxta rəqəmlər prezidentin leksikonuna belə yansıyır ki, işin ən anlaşılmaz və yolverilməz tərəfi də budur…

Bu arada, eyni proseslər müxalif cinahda da gedir və burda da işin mahiyyətinə gerçək rəqəmlərin şişirdilməsi qatılır ki, nəticədə yenə də saxtakarca münasibət ortalığa çıxır. Oysa, məsələyə məntiqlə yanaşdıqda, olduqca maraqlı bir sual yaranır, “burdan güdülən məqsədlər və xalqa verilən mesajlar nə anlam daşıyır?” – deyə. Cavab birdir, təbii ki, iqtidardaklar da, müxalifətdəkilər də sosial-siyasi baza sarıdan yaşadıqları qısırlığı saxta rəqəmlərlə ört-basdır etmək istəyirlər. Hakimiyyət üçün də, müxalifət üçün də bu sahə, illərdən bəridir ki, sürəkli şəkildə manipulyasiya subyekti kimi istismar olunmaqdadır….

Məncə, bütün bu saxtakarlıqlara və manipulyasiyalara son verə bilmək üçün, ümumiyyətlə  mitinq və yürüşlərin kütləviliyi məsələsini gündəmdən çıxarmaq gərəkir. Düşünürəm ki, hakimiyyətin indiki basqıçı siyasətinin, müxalifətin də pərakəndəliyinin və qədərindən artıq yıpranmasının fonunda, keçirilən mitinq və yürüşlərin qatılım dərəcəsi və kütləvilik əmsalı, heç düşünülməyəcək qədər yüksəkdir və   əslində,  qədərincə də aktivlik mövcuddur (Sosial şəbəkkələrdən də bunu aydınca sezmək mümkündür – S.Ə). Bəlkə də burda “basqıçı siyasət” deyimi o qədər də vahim və təlaşverici görünməyə bilər. Ancaq məsələnin mahiyyətinə baxılıb, mənasına varılırsa, ortaya çıxan mənzərə təxminən belə görsənir… 

… Bu məmləkətdə kimi dindirirsən, hamı hər şeyi bilir, hamı hər şeydən xəbərdardı, hamı hər şeydən bezib. Bununla belə, hamı hər şeyə dözür. Çünki dözmək zorundadı. Çünki dözməyə zorlayan amillər var. Birinin oğlu əsgərdi, birinin övladı tələbədi, birinin qardaşı polisdi, birinin əri müəllimdi, birinin qızı“medsestra”dı, birinin evinin sənədi yoxdu, birinin çəkməçi budkası var, biri çörəkpulunu güclə haqlayan obyekt işlədir və sairə və ilaxır. Beləcə, yüzlər, minlər, onminlər, yüzminlər, milyonlar və bir də onlara güdükçülük edən bir ovuc oliqarxlar, oliqarxlara «krışa»lıq edən qudurğan məmurlаr, hаrın çinovniklər. Özündə cəsarət tapıb mən də Insanam, mənim də etiraz haqqım, insan kimi yaşamaq hüququm var – deyərsən, əsgərinin meyidi gələr, tələbən institutdan qovular, polisin ilişdirilər, müəllimin bihörmət edilər,«medsestra»nın başına oyun gətirərlər, evin buldo(k)zerlərə yem olar budkan yandırılar, obyektinin yerində «Bravo» tikilər və sair, və ilaxır. Yuxarılara şikayət yazarsan, şikayətini göndərərlər düppədüz şikayət etdiyin məmurun üstünə, o da etdiyindən bir az da artıq edib, gününü göy əskiyə bükər. Məhkəməyə üz tutarsan, burada başını pambıqla kəsib, lap anadan doğulduğuna da peşman edərlər.

Bax budur çağdaş  Azərbaycanın və azərbaycanlıların yaşam fəlsəfəsi. Adidən-adi, sadədən-sadə haqlarına qovuşmanın bədəli, dibinə zəhər dadan acı bibər qoyulmuş şirin xəyal-plov yemək, ayları, illəri xərcləmək olan bu məmləkətdə, əlini-qolunu sallayıb da, kefinin istədiyi yerlərdə bulunmaq, mitinqlərdə, yürüşlərdə uca səslə hakimiyyətə etiraz edə bilmək kolaymı sizcə? Məncə deyil, amma başqa cür düşünənlər də ola bilir. Ancaq, mövcud reallırlar və Azərbaycan gerçəkləri öz-özünə hər şeyi deyir. Zira, narazıların sayı bu ölkədə yüz minlərin deyil, milyonların üzərindədir. Amma hakimiyyətlərlə mübarizələr, bəzi parametrləri ilə, gerçək müharibələrin boyutları ilə örtüşür. Tutaq ki, hər iki prosesə yüz minlərlə, bəzən də mlyonlarla insan cəlb olunur. Amma, bu prosesin içərisində qəhrəman olanların da sayı, on mində, yüz mində bir nisbəti ilə ölçülür. Diktatorial rejimlərlə və totalitar sistemlərlə mübarizədə də bu nisbətlər  təxminən üst-üstə düşür. Bu hesabla məsələyə yanaşıldığında, mitinqə çıxanları o qəhrəmanların prototipləri kimi nəzərdən keçirmək gərək. Zira,  diktaturanın totalitar basqıları altında  meydana çıxa bilmək cəsarətində bulunanların sayı, heç bir halda etirazçıların sayına adekvat olmur və dediyim kimi, əslində gerçəkləri əks etdirmir. Nümunəmi istəyirsiniz, buyurun, deyim. Totalitar kommunist rejiminin hələ də ayaqda olduğu zamanlarda mərhum Heydər Əliyevin adına Bakıda meydana çıxa bilmək cəsarətində buluna bilən cəmi 70-cə nəfər vardı. Ona görə belə dəqiq və iddialı şəkildə danışıram ki, o 70 kişidən biri də mənim özüm idim, ki onda sayımız heç 71 də olmadı. Amma vəziyyət dəyişəndə bəlli oldu ki, Heydər Əliyevin tərəfdarlarının, onu sevənlərin sayı milyonlarla ölçülürmüş.  Ya da, “Sovetski”də,  Əbülfəz bəy də başda olmaqla, cəbhəçilərin hakimiyyətin qoçuları tərəfindən necə qanlarına qəltan edildiyini xatırlayın, amma proseslərin gedişi onları da qalib elədi. Demək istədiyim odur ki, indi saxta rəqəmlərə, uydurulmuş göstəricilərə uyaraq nə iqtidarın qürrələnməsinə, nə də müxalifətin, milləti qınaq obyektinə çevirərək, ruhdan düşməsinə hacət var. Enində-sonunda hər şey proseslərin necə getməsindən və işlərin hara varmasından asılı olacaq ki, hər iki tərəf də bu yöndəki fəaliyyətlərini sərf-nəzər edərək, gedişata düzgün yanaşa bilməyi bacarmalıdırlar. Etirazçı kütlələrin tamamını  qazanan tərəf isə, bir az tez, bir az gec,  prosesin qalibiyyət çələngini xalqın əlindən almağa məhkumdur.

… Və son olaraq, Böyük Ata Türkün  zamannda söylədiyi bir kəlamı  tərəflərin hər birənə xatırlatmaq istədim. O deyirdi:

“Bir millətin əfəndisi olmaq istəyirsənsə, o milləti özünə əfəndi qıl və zamanı gəlincə, millət səni layiq olduğun yerə götirəcəkdir”. 

Azərbaycanın gələcəyinin hakimi də, bu xalqı özünə əfəndi qıla bilənlər olacaq. Ya harınlayıb xalqa qarşı saymamazlıq edənlərin, ya da xalqa minnət vuraraq öz bacarıqsızlıqlarını gizlətməyi düşünənlərin o gələcəkdə hakim olmaq şansları yoxdur, ən yaxşı halda məhkum ola bilərlər, ona da ömür vəfa etsə...

     

1 şərh

  1. quranda bele bir kelam var qelem dumen elindedir meni mehfuzdan ooxu yeni tebietden indi bey ne iqtidardan komek gozle ne onun evezedicisi olan muxalifetden iqtidar onlari taxta oturdan agalariina sadiq nokerdiler muxalifetde bir birilerini hezm ede bilmir menem menem merezine tutulublar ona goorede bawli bawini saxlasin uca tanri bu quldurlara ellaci oolmaayan xestelik verecek ve biz qutulacayiq narahat olmayin inwallah boyuk semed vurgun deyib zalimda zulumde var ola bilmez bura qiblagahdir qibledir Nedendir qiblemiz qiblagahimiz azdiriilmiwdir kebede oz meqamindan Nedendir Qaf boyda ulu Qibleni vadeyi vehdetin yolu Qibleni vadiilerle dolu sulu Qibleni gorub tannimaayir muqqedes insan ona gore narahat olmayin qiblegah sahibi bunlari ozuu mehv edecek her weeyin zamana ehtiyaci var baggban teleser bar vaxtinda yetiwer

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*