GÜNAHI GÜNAHKARLARIN, BABALI DA ATASININ BOUNUNA !!!

PREZİDENTİN OĞLU HƏRBİ AND İÇDİ !!!

MƏNİM 26 YAŞLI OĞLUMUN İSƏ HƏLƏ DƏ HƏRBİ BİLETİ YOXDU!!!

————————-

Sərdar ƏLİBƏYLİ

“Reket” redaktor

————————-

Bu gün İlham Əliyev və Mehriban xanım Əliyeva DTX-nın N saylı hərbi hissəsində andiçmə mərasimində iştirak ediblər – prezident oğlu Heydər Əliyev də bu gün orda hərbi and içib, ona görə. Bütün ölkə bundan danışır, media, saytlar, xəbər portalları bu haqda yazır, boy-boy şəkillər paylaşırlar. Heç şübhəsizdir ki, yerli telekanallar da bir müddət bu olaydan özlərinə gündəm düzəldəcəklər. Təbiidir ki, aidiyyatı olan da, olmayan da hökumət üzvləri, deputatlar, dövlət ərkanının xeyli hissəsi, o cümlədən də müdafiə naziri Zakir Həsənovla, Səfərbərlik İdarəsinin rəisi Arzu Rəhimov da bu gün prezidenti və I vitse-prezidenti kutlamaq üçün orda olmalıydılar. Olsun, isəməyənin də iki gözü ayaqlarının altına düşsün, “Balaca” Heydərin də ömrü uzun, yolları aydınlıq olsun. Necə deyərlər, adını babası verib, taleyini də Tanrı versin!!!

Amma bütün bu təmtəraqlı kutlamaların, bərli-bəzəkli ziyarət və ziyafətlərin sırasında, medianın canfəşanlığı fonunda, hey düşündüyüm bircə məsələ varıydı vu bu düşüncələr məni gah kədərə, gah da qəhərə boğdu. Dünyanın yaranışından üzübəri, bütün valideynlər oğul övladlarının əsgər olacağı günü həsrətlə gözləyib, o günü bayram edib, bundan xüsusi və məxsusi qürur hissi keçiriblər. Atalarımızdan bizlərə miras qalan “Oğul düşmən çəpəridir” deyimi də boş yerdə yaranmayıb və sadəcə gəlişi gözəl bir ifadə də deyil. Bu baxımdan, kimin necə düşünməsindən, siyasi-ideoloji baxşların, bəzən daban-dabana ziddiyyət təşkil etməsindən asılı olmayaraq, bu gün “Balaca” Heydərin valideynlərinin də, xüsusi və məxsusi qürur hissi keçirmək, kənardan, əsgər paltarı geymiş oğullarına baxıb fəxarət duymaq, fəxr etmək haqları var. Allah utandırmasın…

Lakin Tanrının istəyi və taleyin hökmü ilə, bu fağır bəndənizin bu yöndəki arzuları bir ömür arzu olaraq qaldı və əvəzində, artıq 26 yaşına gəlmiş pəhləvan cüssəli, gözünün ağı-qarası olan yeganə oğul övladının varlığının ağrıları ilə yaşamağa, yaşamının ağırlığını daşımağa məhkum edildi. Təbiidir ki, 26 il öncədən Allahın bala ilə bərəbər verdiyi bəlaları yaşamaq və yaşatmaq mənim boyun borcumdur. Allaha deyəcək bir sözüm də yoxdu, verdiyinə şükür…

Amma, bütün bunların fonunda dövlətin adına görəvləndirilmiş dövlət və hökumət təmsilçilərinə söz demək haqqım olduğunun da fərqindəyəm. Onların indi özlərini Allahdan da ucada gördüklərinin, əsabələri tərəfindən “Peyğəmbər” deyə çağrıldıqlarının da fərqindəyəm, allahsızlğın onlar üçün adi həyat tərzinə çevyildiyini də bilirəm və bu, başqa bir söhbətin mövzusudur.

Buradan üzərinə diyinmək istədiyim məsələ isə odur ki, 26 yaşını keçmiş oğlumun hələ də hərbi bileti yoxdu və nə bu haqda müraciətlərimi dinləyən, nə də harayımı eşidən var. Bu gün bütün məmləkəti prezidentin oğlunun hərbi and içməsinin sevincinə boğan dövlət ərkanına, hökumət üzvlərinə, mediaya və məxsusən də, İlham Əliyevə, Mehriban xanıma, Zakir Həsənova və Arzu Rəhimovadı sözüm. Dediyim kimi, bizim oğlumuzun əsgər olması münasibətilə sevinməyimizi Tanrı istəmədi, ancaq onun, heç deyilsə “Hərbi Bilet” adlanan kağız parçasına sahiblənməsinin sevincini yaşamaq haqqımız varmı, sizcə?! …

Bir kərə söyləmişdim axı Sizə. Ki;

SİZİN DƏ BALALARINIZ VAR, ALLAHDAN QORXUN !!!

———————————————————————————-

P.S.

Mən bilgisayarda o şəkillərə baxarkən Qaqaş da yanımdaydı.

Bir də baxdım ki, arxada telefonla özünün şəklini çəkib və baxın necə?!

Hərbi salam duruşunda !!!

Günahı günahkarların, babalı da atasının boynuna !!!

 

 

 

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*