HAMI GÜLÜR, BƏXT ÜZÜNƏ GÜLƏNDƏ, HƏYAT MƏNİ AĞLADANDA GÜLMÜŞƏM!!!

Nemət PƏNAHLI

SATQINLAR, NADANLAR DAŞA BASANDA, 

AL QAN ÜZDƏ BUĞLANANDA GÜLMÜŞƏM !!!

Hamı gülür bəxt üzünə güləndə,
Fələk məni ağladanda gülmüşəm!
Dərd-qəm tüğyan edib, sel tək gələndə,
Dəryaları çağladanda gülmüşəm!

Yusif kimi quyulara düşəndə,
Kərəm olub eşq odunda bişəndə,
Can çarmıxda Cananla görüşəndə,
Cəllad qolu bağladanda gülmüşəm!

Dost ip kəsib, qələmimi qıranda,
Keçəl Həmzə Qır atı aparanda,
Nigar küsüb, Eyvaz üzə duranda,
Yaraları dağladanda gülmüşəm!

Düşmən alçaq, dostlar namərd olanda,
Millət dönük, yar ilan tək çalanda,
Yalquzaq tək meydanda tək qalanda,
Dərd-qəm ürək dığladanda gülmüşəm!

İblisə aldanıb xalqlqım çaşanda,
Zahid fitva verib, şahlar asanda,
Satqınlar, nadanlar daşa basanda,
Qan gölündə buğlananda gülmüşəm!

Bəylər qəflət yuxusuna dalanda,
Nökər ağa, gədələr bəy olanda,
Aslan yaralanıb, qurd qocalanda,
Çaqqal Bozqurd saxladanda gülmüşəm!

Qara yellər, fırtınalar qopanda,
Ana övladını doğub atanda,
Hökümdar şərləyib ərlər tutanda,
Yel qayalar laxladanda gülmüşəm!

Əcəl bizi kəməndinə salanda,
Düşmənə, satqına xalq əl çalanda,
Qəlbi qüssə, kədər, dərd-qəm alanda,
Qəzəbimdən boğulanda gülmüşəm!

Sancı çəkib, anam məni doğanda,
Fəryad etdim, gülə-gülə cahanda,
Qəza, qədər tutub, qəhər boğanda,
Aşiq Nemət, mən o anda gülmüşəm!

17. 08. 2018

1 şərh

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*