“İP HƏMƏN O İPDİR, HALQA O HALQA …

…KÖHNƏ YOLUNUZLA GETDİNİZ YENƏ” !!!

bəxtiyar vahabzadə

Bəxtiyar VAHABZADƏ 

 

VAYDIR ƏKDİYİNİZ

%c9%99ziz-nesin

Ey cibi dolular, ürəyi boşlar,
Ey sərvət dəlisi, köhnə naxoşlar,
Ey qeyrət damarı kəsik gədalar,
Peysəri qatbaqat iddialılar,
Görən, olacaqmı sümürdüyünüz
Bu millət qanından doyan gününüz?
 
İp həmən o ipdir, halqa o halqa
Köhnə yolunuzla getdiniz yenə.
Qismətə şükr edən bu yazıq xalqa,
Ümid yedirtdiniz çörək yerinə.
 
Sizin bir haqqınız, xalqın min haqqı,
Yoncanı gözlədik, bitmədi yazda.
Sizin yediyiniz millətin haqqı,
İlişib qalmadı boğazınızda.
Yeyin tısqırınca, yeyin ölüncə,
Bu millət əriyib çöpə dönüncə.
 
Ümid yeyə-yeyə hələ gözləyir,
Bu millət götürür hər cür zilləti.
Hələ ki, dinməzcə o, ümid yeyir,
Siz də bala-bala yeyin milləti.
 
Millətin qanıdır sərvətin, varın,
Siz öz kefinizdə, məmləkət darda.
Gecələr çadırda ac yatanların
Payını uduzun kazinolarda.
 
Millətin başına çatı salanlar
Nə insaf tanıyır, nə mürvət anlar.
Gözünüz doymadı dünya malından,
Siz ey susadıqca duz yalayanlar.
 
Bu qədər nəfs olar? Borc istədiniz
Çomağı çobandan, çəliyi kordan.
Yeyib doymadınız, doyub yediniz
Vallah, həm torbadan, həm də axurdan.
Vaydır əkdiyiniz, sizsə, gül dərin.
 
Gizli saydığınız dolların səsi
Yetim evlərində kimsəsizlərin
Ahu-naləsidir, ahu-naləsi.
Vallah, gec-tezi var, billah, gec-tezi,
Bu ahlar, nalələr tutacaq sizi.
 
Tamahın dibi yox… Dağıdın, sökün,
Hələ yerinizdə cağbacağsınız.
Göydən Allah baxır, gələcək bir gün,
Yediyiniz qədər qusacaqsınız.

azadliq

 

Sən də paylaş...Tweet about this on TwitterShare on Facebook

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir