İRANDA YENİ “TÜRK AÇILIMI” – III hissə

Yasəmən QARAQOYUNLU

AMEA Fəlsəfə İnistitutu

TÜRK FRAKSİYASI İRANIN QARABAĞ SİYASƏTİNƏ TƏSİR EDƏ BİLƏRMİ?..

III hissə

 

Yeni “Türk açılımı” siyasəti. İran parlamentində Türk Fraksiyası.

Beləliklə aydın olur ki,   Güney Azərbaycan Milli Hərəkatının de sentrelizasiya hərəkatını önləmək  məqsədilə İran rəhbərləri   türklərə qarşı 90 ildir həyata keçirilən etnik diskriminasiya və assimilyasiya siyasətini dəyişməklə, yeni siyasi proje olan konsolidsiya  platformunu qəbul etmişdir və bu məqsədlə “Türk açılımı” siyasəti izlənməkdədir və    İran prlamentində  “Türk fraksiyası”nın yaradılması bu siyasətin tərkib hissəsidir.   İran islam Şurası məclisində Türk Fraksiyaının yaradılması nəticəsində 1925-ci ildən etibarən yeridilən Fars kimliyinə əsaslanan “Tək millət tək dövlət” ideyası iflasa  uğramışdır.  Dolayısıyla rəsmi şəkildə İranın çox millətli dövlət olduğu etiraf edilmişdir.  Eyni zamanda 90 ildir İran-Fars stratejistlərinin Türk Milli kimliyində kimlik bunalımı yaratmaq məqsədilə ortalığa atdığı saxta Azəri kimliyi də  artıq fiaskoya uğramışdır.

 

Orta doğuda çatışan Türk-Fars maraqları. Türkiyə-İran qarşıdurması.

  “Azəri kimliyi” və “Tək millət, tək dövlət “siyasətində uğursuzluğa düçar olan İran-Fars dövləti Türkiyə,Türküstan, Güney Azərbaycan,Quzey Azərbaycan türkləri arasında bölücülük aparmaq məqsədilə yeni siyasi  problemlər yaradırlar ki, bunlardan biri də  Sünni türklər -Şiyə türklər  məsələsini gündəmə gətirmək, orta Doğuda Türkiyəyə qarşı mübarizədə məzhəb savaşından istifadə etməkdir. İnqilab mühafizəçisi komandiri Cavad Cəfərinin öndərliyində Suriyanın Hələb şəhərində İranınTürkmanlara qarşı apardığı  soyqırımda  “Sünnüləri qırın” əmri verməsi bu siyasətin bəlirtiləridir  Mənbələrə görə,  Hələbdə sivil vətəndaşların azad edilməsini sabotaj edən Cəfəri, İranın yaratdığı Şiə terror təşkilatına müraciət edərək “Şərqi Hələbdə tutduğunuz hər kəsi öldürün” deyərək qətliam əmri verdi. (İranlı Generaldan Katliam Əmri: “Bütün Sünniləri Öldürün”. http://transqafqaz.com/iranli-generaldan-katliam-%C9%99mri-butun-sunnil%C9%99ri-oldurun/ ) və bu gələcəyə hesablanmış siyasətdir, məqsəd  İran türkləri ilə Türkiyə-Azərbaycan türkləri arasında məzhəb savaşı açmaq və beləliklə Milli Hərəkatımıza zərbə vurmaqdır. İran İslam İnqilabının Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin  də Sünni qırğınları həyata keçirdiyi barədə mətbuatda informasiyalar yayılmışdır.( Əfsanəvi General Qasim Süleymani Hələbdə belə görüntüləndi http://sizinyol.com/2016/12/%C9%99fsan%C9%99vi-general-qasim-suleymani-h%C9%99l%C9%99bd%C9%99-bel%C9%99-goruntul%C9%99ndi-video-izl%C9%99/.)  Bir çox hərəkat fəallarına görə   Türkiyə- İran arasında gedən məzhəb qarşıdurmaları Suriya və İraqda  özünü göstərməkdədir. bu iki ölkə Suriyada və İraqda qarşıdurma vəziyyətindədir. İran Iraq və Suriya vasitəsilə Aralıq dənizinə qədər uzanan dəhliz yaratmaq siyasəti yeridir., İran bu “dəhliz”ə daxil olan Sincar bölgəsində öz təsirini gücləndirməyə çalışır. İranın Aralıq dənizinə doğru yaratmağa səy göstərdiyi zonanın digər istiqaməti isə Sincardan Suriya sərhədindəki Rabiə keçidinə qədər uzanaraq, Suriyanın şimalında PKKPYD-nin nəzarətində olan Kamışlı, Kobani və Afrin xəttinə birləşir. İran bu məqsədinin reallaşması üçün və Sincara nəzarəti əlinə keçirtmək üçün terrorçu PKK ilə əməkdaşlıq etməkdədir. PKK-nın İran tərəfindən dəstəklənən Cəlal Tələbaninin Kürdüstan Vətənpərvərlər Partiyası (PUK) ilə Celevlə bölgəsində əməkdaşlığı genişləndirməkdədir. PKK Hamrin dağı və İran sərhədindəki Hanekin bölgəsi arasında yerləşən Celevləyə nəzarəti ələ keçirtmək üçün PUK-la birlikdə hərəkət edir. Tərəflər Hanekin-Celevlə yolu ilə şimal-qərbdəki Mahmura, oradan da Sincar bölgəsinə çıxış əldə edərək, İraq Kürdüstanı sərhədlərinə paralel zonada PKK-PUK dəhlizi yaratmaq niyyətindədirlər. İranın bu dəhliz vasitəsilə Suriyanın şimalındakı PKK/PYD nəzarətində olan Rojovaya uzanan xətt üzrə PKK-nın İrandan Suriyaya maneəsiz hərəkətini təmin edəcəyi bildirilir.(https://yenicag.az/iranla-pkk-nin-sincar-emekdasligi-bolgede-yeni-kirli-ittifaq/ İranla PKK-nın “Sincar əməkdaşlığı” – Bölgədə yeni kirli ittifaq ).

Hazırda İran Bəşər Əsəd rejimini dəstəkləyir, Türkiyə isə müxalifləri. Türkiyənin bağladığı atəşkəs məhz İranın dəstəyi ilə Əsəd tərəfindən pozuldu. Hələbdən təxliyə prosesində .  Təxliyəni həyata keçirən maşın karvanlarına hücum da məhz İranın Suriyadakı qüvvələri və Əsəd ordusu tərəfindən edildi. Türkiyə və İranın digər qarşıdurma məkanı İraqdır. Bu, Mosul əməliyyatında açıq şəkildə ortaya çıxdı. İran Haşdi-Şabi şiə qruplarını dəstəkləyir, Türkiyə isə Haşdi Vətən sünni qrupunu. İki ölkə faktiki olaraq məzhəb qarşıdurmasına sürüklənməkdədir.Məhz buna görə də  Orta Doğuda Türkiyə ilə qarşıdurma vəziyyətində olan İran höküməti İran Türklərinin Türkiyəyə dəstəklərini önləmək  və təcrid etmək məqsədilə “Türk açılımı” etdiyini ehtimal edirlər.

 

Milli Fəalların türk Fraksiyası ilə bağlı düşüncələri.

Bütün bu proseslərin təhlili nəticəsində Milli hərəkatımızda Türk fraksiyası ilə bağlı bir mənalı olmayan  mövqe formalaşmışdır. Bir çox fəallar Türk fraksiyasının Milli Hərəkata qarşı alternativ siyasət formalaşdırmaq məqsədilə yaradıldığı mülahizəsini irəli sürürlər. Hollandiyadan Ataxan. A. adlı milli fəalımız  yazır ki, bu fraksiyada olan nümayəndələr illlərdir rejimdə ayrı-ayrı postlarda qulluq edən, İran və irançılıq ideyasını candan qəbul edənlər, İran cinayətçi və işğalçı rejimin legitimliyini tanıyanlar və hətta bəziləri o cinayətlərdə iştirak edənlərdir. Üstəgəl bunlar rejimə bağlı olmaqları ilə yanaşı Məclisə girmək üçün təkrar-təkrar rejimin öz filtirindən (Şura-ye negəhban) geçib və buna səlahiyyət alanlardır. Azərbaycan milli hərkatına uzaqdan yaxından heç ilgiləri olmayan şəxslərdir. Bu fraksiyada olan nümayəndələr İran işğalçılıq rejiminin legitimliyinə və İran ərazi bütövlüyünə və İranın dövlətçilik əsaslarına inanmış insanlardır.  Halbuki Azərbaycan Milli hərəkatlının, hətta ibtidai siyasi-milli istəkləri belə, İran dövlətçilik əsaslarını laxladacaq , İran qondarma kimliyini siləcək, irançılıq idiyası və tarixini və yapısını etibarsızlaşdıracaq və hətta İranı kökündən yox edəcək gücə və etkiyə sahibdir. İranın Var oluşu , Azərbaycan türklərinin (və digər qeyri-fars millətlərinin) inkarı və Yox oluşu üzərində qurulmuşdur! 

Azərbaycan (və digər qeyri-fars millətlər) varsa, İran yox olmalıdır və bu halda  İranın siyasi və kimliksəl anlamı qalmır!

İran və irançılıq var olmaq istəyirsə, Azərbaycan Vətən anlayışı və Türk milləti yox olmalıdır. İranın varlığı bizim varlığımız və əzilmiş haqlarımız üzərində qurulmuşdur. Çünki 90 il öncədən (1925-ci ildən) İran dövlətçiliyi və iranlı kimlik (Milliyət+Vətən) anlayışı Azərbaycan türkllərinin və  digər qeyri-fars millətlərin inkarı və yox olması üzərində yaranıb və bu gün də həmin irançılıq prinsipləri və ideyası üzərində İran dövləti və  deşifrə və iranlı kimliyi yaşayır. 
Buna görə də qeyri-fars millətlərin, özəlliklə də azərbaycanlıların, hər hansi bir ibtidai milli haqlarının tələb olunması irançılıq əsaslarını və ideologiyasını yerindən oynadır. Bunu yaxşı dərk edən “rejim Azərbaycan Milli Hərəkatını (AMH) “kontrol-e bohran” (böhrana nəzarət) adlı siyasətilə parçalayıb, yön verir. 
Azərbaycan Milli Hərəkati son zamanlarda gücləndikcə, rejimin “İttilaat” oraqni (Təhlükəsizlik və əmniyət və istihbarat nazirliyi) və “Əmniyət-e Milli” adlı təşkilatı dəhşətə düşmüşdür. Milli hərəkatımızın irəliləməsini zindanlar, işgəncələr, təzyiqlər və sürgünlərlə yox edə bilməyəcəyini anlayan rejim, artıq yeni siyasəti ilə Azərbaycanla savaşmağa gəlir və ilk addımda öz ifadəsi ilə ”Kontrol-e Bohran” adlı əski keçid siyasətinə əl atır. “İttilaat”ın adlandırdığı “Kontrol-e bohran” bir keçid siyasətidir ki, İranın daxili və təhlükəsizliyi sorunları üçün bu ad altında siyasi oyunlar planlaşdırılır və zaman-zaman bu siyasəti müxtəlif taktikalarla və üsullarla işə salır.

 İran rejimi get-gedə güclənən Azərbaycan Milli Hərəkatına qarşı basqıların yanı sırasında, Azərbaycan Milli Hərəkatına bənzər paralel yeni hərəkətlər, ya bəzən süni liderlər,  süni mediyalar yaradır və onları Azərbaycan Milli Hərəkatınının ədəbiyyatı və deyimlərilə bəzəyir və onun şüarları və rəftarlari ilə süni hərəkatı,  lideri,  mediani kamfulaj edir (maskalayır, malalayır). Beləliklə, “İttilaat” Azərbaycan Milli Hərəkatının üzvlərini rejimin yaratdığı süni hərəkatın arxasınca getməyə sövq edir, əsil Azərbaycan Milli Hərəkatını öz içindən 2-3 yerə parçalamaqla rejimə və ya irançılığa bağlayıb  məhv etmək istəyir. Bu üsulla milli hərəkat həm öz içində çatışma və parçalanma yaşayır, həm də rejim öz süni hərəkatı ilə millətçiləri özünə bağlayır,  istədiyı yerə çəkir və  deşifrə edir. 
Ataxan A-nın yazdığına görə “Son zamanlarda “İran türkü”, “ Torkzəban fraksiyası” adları da bu iyrənc oyunların nəticəsində ortaya çıxıb. Farksiya adında rejimin Azərbaycana qarşı qurduğu “Oyunun İçində Oyun” siyasəti sərgilənməkdədir.  Yeni “Modern assimilyasiya” siyasətində işğalçı rejim özünün irqçı siyasətlərindən geri çəkilməsini göstərir, millətlərin kimlik parametrlərinin yalnız bəzilərini qəbul etmiş kimi göstərir və artıq onların milli varlığını inkar etməkdən və ya qondarma kimliklər adı altında tanıtmaqdan (“Azəri kimi”) əl çəkir, işğalında olan millətlərin milli hərəkatlarına “siz qazandınız, mən uduzdum” kimi bir imic və alqı yaradır.  Rejim Azərbaycan Milli hərəkatının kimlik və milliyət həssasiyətini gözəl başa düşür və bu məsələdən Azərbaycana qarşı gözəl faydalanır. Bu qondarma Fraksiya özünü, Azərbaycan Milli Hərəkatının bir parçası kimi kamfulyaj edib və Azərbaycan Milli Hərkatının ən önəmli deyimlərini (goftar siyasi ) və ona aid siyasi şüarları istifadə edir və hərəkatın həssas olduğu siyasi-milli məsələləri və özəlliklə azərbaycanlının kimlik parametrlərində yer alan Milliyət və “Türk” sözlərini təhrif edərək işlədir. Rejim bu fraksiyada azərbaycanlıların milliyətini (türklüyü) qəbullanmış kimi göstərir. Baxmayaraq ki, hər millətin kimlik parametrlərində onun “milliyəti” qədər “Vətən” anlayışı da önəmlidir və kimlik və höviyyət dedıyımız (yəni milli kimlik) Vətən+Milliyət ilə anlam tapır. Ancaq rejim azərbaycanlıların yanlız Milliyət parametrində olan “Türk” sözünü alıb, ona irançılıq bəzəyi vurub, sonra da qabağımza qoyur. Beləliklə, azərbaycanlı kimliyinin əsas parametri olan “Vətən” anlayışını “İran və irançiliq” içində əritmək istəyir. Azərbaycanlıların “Azərbaycan Vətən anlayışı” “İran vətən anlayışı” ilə dəyişib və bu oyuna gələnlər nəticədə öz milli hakimiyyət istəklərini, İran rejiminin reform və sözdə türkləşdırmə kimi xəyalları ilə dəyişib, yerbəyer edəcək.   Bəzi soydaşlar rejimin “türk” sözünü işlətməsini bir oyun deyil, bəlkə Azərbaycan Milli Hərəkatının bir başarısı və qazancı olaraq görülər ki, bu da böyük yanlışdır . Son 37 ildə (hətta şah zamani belə ), İran rejimi başı dara düşdüyündə millətləri olduğu kimi qəbul etdiyini göstərmişdir, farslar öz hakmiyyətlərini təhlükədə görəndə bizi “türk ” olaraq səsləndırıb, türkləri rahatlamaq və kullanmaq üçün “Azərbaycan” və “türk ” sözlərini işlədən bu rejim, nə zaman ki, dərdi sovuşub, türkləri “azəri”, “muhacir”, “türkdilli”, “türk olmuş” olaraq adlandırıb. Məsələn, illərdir İran rejiminin Məclis ya prezident seçkilərində azərbaycanlıları  seçki qutularına çəkmək üçün rəsmi olaraq “türk” sözü “Azərbaycan” sözü işlədiblər, ya İran-İraq savaşında “türklər qoşunu”, “türklərin səngərləri” adını dəfələrlə işlədən elə bu rejimdir. Rejim yeri gələndə bizə “azəri”, yeri gələndə “türk qəhramanı”, yeri gələndə də elə “türki xər” (eşşək türk) deyib. Rejim həmən rejimdir.  Azərbaycan millətinin milliyəti türk millətinin bir qolu olaraq tanınır və tükrdür. Azərbaycanlının tarixi, mədəniyyəti, dünyaya və yaşama baxışı, türklüyün tam özüdür. Amma azərbaycanlılar tükdilli millət  deyildir. Bilirik ki, İranda fars rejimi öz siyasəti və farsların mənfəətləri üçün bütün kimlikləri inkar və onlar üçün yalan kimlik yaratmaqla yanaşı, dünyada mövcüd olan gerçək milli terminləri də öz mənfətləri xatirinə qadağan edibdir. Necə ki, “azəri” sözü beynəlxalq bir sözdür və demək olar, bütün ölkələrin dil sözlüklərində “azəri “sözü mövcuddur və bütün dünyada “azəri” sözü “azərbaycanlı” sözünün qısaldılmış forması (“Azərbaycandan olan birisi” mənasında) kimi başa düşülür və həmin söz milliyət olaraq “türk” və kimlik olaraq “Azərbaycan türkü” mənasında anılır. Amma fars rejimi onu İranda yaşayan Azərbaycan türkünün kimliyi və milliyəti olaraq tanıdır, Azərbaycandan gələn, ya azərbaycanlı olan türk kimi tanıtmır. Azəri kimliyini fars-arya millətinin digər qolu kimi təqdim edir. İranda “azəri” sözü kimi “türkdilli” sözü də elə tərs məna verir.

Bu gün İranda “türkdillilər” demək , “türk milləti” anlamında olmadığını hər kəs bilir. İranda türkdillilər demək, yəni kökənləri iranlı olub, amma dilləri türk soylarının İrana hücümları nəticəsində assimilyasiya olub, türkçəyə dəyişilmiş deməkdir. İranın 90 illik yalan tarixi, eyni zamanda bu əsasda yazılan yalan tarix və anlamlar İran məktəblərində uşaqlara tədris edilir (Osmanlı, Çingiz xan, Səlcuqlarin ,…hücümları nəticəsində İranın quzey bölgəsində yaşayan iranlıların dili dəyişdi, onlar azəridirlər, azərilər aryaidirlər….).
Çağdaş Azərbaycan milli hərəkatının ən önəmli və qurucu şüarı “Haray, haray, mən türkəm” şüarıdır.Milli hərəkat heç vaxt “Haray, haray, mən türkdilliyəm”, “Mən İran türküyəm” şüarını verməyib və ya siyasi istəklərdə belə bir şey görünməyib. Əksinə, milli hərəkat çox şəffaf və aydın şəkildə öz istəklərində və şüarlarında Azərbaycanı  Vətən və milliyətini türk olaraq tanıdır və kimlik parametlərinin əsas faktlarını özü ortaya qoyur və qoruyur. Ataxan A-ya görə Iran Parlamentində “türkdilli” qondarma kimliyi ilə yeni bir kimlik bunalımı yradılmaqdadır.“iranlı” qondarma kimliyi, “iran milli dili” kimi təbliğ olan fars dili və eləcə də yalan İran tarixi çöpə getməlidir… əzilimiş və sömürülmüş haqlarımızın verilməsi İranda və irançılıq ideyasının içində mümkün  deyildir. Ataxan A-ya görə, İranın 70% əhalisini  təşkil edən qeyri-fars millətlərin azadlığı və özgürlüyü İranın quruluş fəlsəfəsini dağıdır.

Ataxan A-ya görə, bəzi soydaşlar belə düşünürlər ki, fraksiya nəticəsində milli hərəkat bir ayrı qazanc`da əldə etmişdir! Güya, fraksiya yaranandan sonra bir universitetdə   türk dili və ədəbiyyatının öyrətimi azad dərs kimi öyrəncilərə verilib! Bumu hərəkatın illərdir mübarizəsinin başarısı və dediyiniz böyük qazancı? Nə zmandan Azərbaycan Milli Hərəkatı ideya və kimlik dəyişikliyınə gedib və ya haçandan “türkdilli, azəri, iran türkü..!” kimi qondrama kimliklərə Azərbaycan Milli Hərəkatı baş əyib ki, bu fraksiyonun adını belə başarı və bir qazanc sayaq? “Türk dilində mədrəsə” bütün azərbaycanlılara və digər əsir türklərə türk dilində birinci klasdan ali təhsilə qədər, bütün dərslər və elmlər ana dilində eyitim və təhsil deməkdir. Azərbaycan Milli Hərəkatının illərdir uğrunda canlar verdıyı, zindanlar və işgəncələr gördüyü, uğrunda usanmadan mücadilə etdıyı “Ana dilində təhsil” istəyi nə zamandan rejimin kontrolunda “türk dilində vahid bir dərslik” anlamında oldu ki, bunu da hərəkatın başarısı sayırsız?   Ataxan A-ya görə Milli fəallar İran İslam rejiminin 37 illik mahiyyətini, İranın 80 il öncə yaranış fəlsəfəsini, İranın millətlərə qarşı idarəetmə metodlarını və daha önəmlisi, Azərbaycan Milli Hərəkatının son 100 ildə siyasi tarixini yaxşı biləmədikləri üçün belə xətaya düşürlər.
Bəzi soydaşlar belə düşünə bilər ki, bu rejimin oyunu da olsa, biz onu öz mənfəətimizə işlətməliyik. Qoyalım 1% ehtimalı ilə hərəkat bu oyundan faydalandı, İran kimi rejim buna izin verərmi? Örnək olaraq, 4 il öncə Ruhani prezidentliyə seçki kampanyasında  milli hərəkatın birinci və önəmli tələbi olan “Türk dilində mədrəsə” istəyini və şüarını kullanaraq, onu “Türk dilində kültür evi” (Fərhəngistan) olaraq bəzəyib və Azərbaycanda milllətimizin önünə qoydu.  Ruhani Türk adını “Fərhəngistan-e Azəri”yə dəyişib, sonra da yavaş-yavaş gündəmdən qaldırdı.  Urmu gölü üçün də verdıyı 3 aylıq vədlər artıq 4 il olub ki, sözdə qalıb və gölü qurtarmağa cəhd göstərməyib.  İranın keçən Məclis seçkilərində İran rejimi çox yaxşı bilirdi ki, Azərbaycan Milli Hərəkətının kürd köçərilərinə və erməni işğalçılarına Azərbaycana ərazi iddalarından dolayı həssasiyəti var. Rejim də bu həssasiyətdən gözəl faydalandı, Urmiyada kürd və Qaradağda erməni kökənli millət vəkilləri adayı siyahısını hazırlayıb millətin qabağına qoydu, beləliklə, o həssasiyətlər nəticəsində azərbaycanlıları seçki qutusu başına çəkıb, hətta o həssasiyətləri özü qabardaraq özünün sunduğu adaylardan suni qəhrəmanlar belə yaratdı (Həzrətpur-Qazipur-Şikak). Daha sonra Ataxan.A yazır. Kürdləri Batı Azərbaycana köcürən və orda istifadə edən İrandır, Azərbaycana qarşı düşmanlıq etmək üçün Ermənistana dəstək veren də İrandır.  (http://daim.az/view.php?lang=az&menu=38&id=27719. Ataxan .A.Türkdilli Fraksiya” Azərbaycan Milli Hərəkatına qarşı qurulan oyun içində oyun.)

 

Türk Fraksiyası Milli hərəkatın hansı tələblərini yerinə yetirməlidir.

Lakin bizim fikrimizcə   Milli hərəkatımızın da Türk Fraksiyasından yararlanma siyasəti formalaşmalıdır. Türk dilinin dövlət dillərindən biri olması, Urmiya bölgəsinin kürdləşdirilməsinin qarşısının alınması, İranın Ermənistanı dəstəkləməsinin qarşısının alınması, Qarabağ müharibəsində İranın Ermənipərəst siyasətinin önlənməsi kimi məsələlərdə Türk fraksiyası böyük rol oynaya bilər. Buna görə də Milli Hərəkat  bu Fraksiyanın varlığından maksimum yararlanmağa çalışmalı, fraksiya əməkdaşları ilə sıx  əməkdaşlıq edilməlidir. Milli Hərəkat  28 may 2006-cı il tarixində İslam Şura Məclisi qarşısındakı Mitinqdə bir sıra tələblər irəli sürmüşdü ki, bu tələblərin yerinə yetirilməsində Türk Fraksiyası böyük rol oynaya bilər. Türk dilinin rəsmən tanınması; qurama “Azəri dilinin” [anlayış olaraq] dövlət orqanlarında, ölkənin rəsmi yazışmalarında işlədilməsinin qarşısının alınması; uşaq baxçasından tutmuş universitetədək ölkənin Türklər yaşayan bölgələrində ana dilində təhsil; Türkcə verilişlər verən ölkəmiqyaslı radio-televiziya mərkəzinin yaranması; Türk dil və ədəbiyyat qurumunun [“fərhəngistanın”], ölkə universitetlərində Türk dili kafedralarının yaradılması;

Ana yasanın 15, 19 və 20-ci maddələrinin icra edilməsi və bu qanunların Azərbaycan milləti və dilinin, İranın başqa millətlərinin tanınması yönündə dəyişdirilməsi; Azərbaycan iqtisadiyyatının geriliyini aradan qaldırmaq, Tehran-Təbriz avtobanı, Urmu gölü körpüsü, Miyanə-Təbriz dəmiryol xətti, Quzey-Güney koridoru layihələrinin təkmilləşdirilməsi üçün vəsait ayrılması; Türkofobiyaya qarşı ciddi mübarizə; qövmi, irqi, dil sahəsində aparteyid əlamətlərinin ləğvi;  Pəhləvi rejiminə aid irqçi fikirlərin işlədilməsinin qarşısının alınması; İran millətlərini təhqir edənlərin cəzalandırılması və bu sahədə qanunların qəbul edilməsi; Azərbaycan coğrafiyasında bütün tarixi adların geri qaytarılması; özəlliklə son bölgüyə görə Azərbaycan tarixi adlarının Ərdəbil, Zəncan, Qəzvin, Həmədan, Ərak ostanlarında bərpa edilməsi; bu şəhər və ostanlardan ibarət olan Azərbaycan əyalətinin rəsmən tanınması; Sunqur, Qurvə, Bicar, Astara və başqalarının Azərbaycana qaytarılması; Türkcə adların qoyulmasına mane olmamaq; İslam Şura Məclisinin nümayəndələrindən, hərəkat fəalları və uyğun orqanların nümayəndələrindən ibarət “Azərbaycan Millətinin Haqlarını Müdafiə Şurası” adlı komitənin təşkil edilməsi; Azərbaycan siyasi məhbuslarının dərhal və qeyd-şərtsiz azad edilməsi; Novruz bayramı münasibətilə yalnız Farsdilliləri təbrik edib, İranın başqa millət və qövmlərini görməməzliyə vurulmasına son qoyulması.

 Azərbaycanın qərbində və Azərbaycanın başqa sərhəd şəhərlərində yerli əhalinin [milli] tərkibinin dəyişməsinə səbəb ola biləcək hər cür siyasətin ləğv edilməsi; Fars şovinizmi ilə ciddi mübarizənin başlanması simvolu kimi İran qəzetinin çapının tamamilə dayandırılması; İranda milli və qövmi aparteyidin tamamilə dayandırılması; Ermənistanla siyasi, ticari və mədəni əlaqələrin tamamilə kəsilməsi; Pan-Farsizm siyasətinin (Əfqanıstan, Tacikistan və İranın birliyi) tamamilə dayandırılması; İranı Fars dövləti və “Persia” kimi təqdim etməkdən əl çəkilməsi; İranın çoxmillətli ölkə kimi təqdim edilməsi və ana yasada İran millətləri və qövmlərinin hamısının rəsmən tanınması; Azərbaycanın iki tayı arasında mədəni sərhədlərin götürülməsi və Araz çayı üzərində dostluq və barış körpülərinin tikilməsi; Xəzər dənizinə “Mazandaran” adının qoyulmasının qarşısının alınması; Fars dilində əskinaslarla yanaşı ölkədə Azərbaycan Türkcəsində də əskinasların çap edilməsi; Azərbaycanın əski və milli abidələrinin təmiri və onların dağıdılmasının önlənməsi; özəlliklə Təbriz Ərk qalası və ətrafında səliqə-sahmanın yaradılması; Təbriz Ərkinin yanında Azərbaycan Türk Dili və Ədəbiyyatı Qurumunun qurulması; Azərbaycanda turistik imkanların yaradılması; Təbrizdə Azərbaycan ilə dostluq evinin, Urmuda Türkiyə ilə dostluq evinin yaradılması; Azərbaycanda, özəlliklə Muğan çölü və Qoşaçayda (Miyandabda) moderm əkinçilik imkanlarının yaradılması; Azərbaycanın tarixi abidələrinin səd sularının altında qalmasının önlənməsi və bu iş üçün xüsusi büdcənin ayrılması; Azərbaycanın tarixi abidələrinin Təbriz, Urmu, Ərdəbil, Qəzvin, Həmədan və Zəncan muzeylərinə geri qaytarılması; Azərbaycan Türkcəsində kitabların çapına yardım etmək, Azərbaycan tarixi və ədəbi kitablarının araşdırılması və siyahıyaalınması məqsədilə Azərbaycan Nəşr Fondunun yaradılması; Azərbaycanın bütün şəhərləri arasında sürətli qatar yollarının çəkilməsi və hava limanlarının tikilməsi, eləcə də Azərbaycan tranzit yollarının genişləndirilməsi; İpək Yoluna diqqətin yetirilməsi; Türkmən, Qaşqay, Xorasan Türkləri, Xələc Türkləri adı ilə İrandakı Türk millətlərinin rəsmən tanınması; Azərbaycanda sərmayə qoyuluşunun qarşısında duran hüquqi və başqa maneələrin ləğv edilməsi; Azərbaycanın milli mütəfəkkirlərinin, böyüklərinin, qəhrəmanlarının və başqalarının Azərbaycanın və İranın bütün şəhərlərində heykəllərinin qoyulması; Milli Sərdar Səttar Xanın və Milli Savunar Səfər Xanın şərəfli məzarlarının Təbrizə gətirilməsi; Ölkənin rəsmi təqviminə Azərbaycanın milli böyüklərinin doğum və ölüm günlərinin, tarixi dövrlərinin daxil edilməsi kimi məsələlərin həllində  Türk fraksiyası ilə sıx iş birliyi quraraq,  Türklərin maraqları və mənfəətləri doğrultusunda mümkün ola bilən bütün işlər həyata keçirilməlidir.  Fikrimizcə, Türk Fraksiyası türk maraqlarını və mənfəətlərini təmsil etməlidir və  Fars iranının Türk-Turanına keçişinə zəmin  hazırlayan ortam yaratmalı, bu tarixi görəvi yerinə yetirməlidir. Türk Fraksiyası İranın Ermənistan və Qarabağ siyasətinin dəyişilməsinə nail olmalı, iranın Fars Mərkəzli siyasət yeritməsinin qarşısını almalıdır.

Son 

 

 

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*