“MƏN DƏ BİR VƏTƏNDAŞAM…

SABAH ÖZ HƏYATIMI YAXŞILAŞDIRA, EVƏ ÇÖRƏK APARA BİLMƏSƏM … “!!!

Fuad ƏLİYEV :

“Vətəndaş hətta öz problemini  danışmağa qorxur”

“Biz xaricdən gələn düşüncəsiz modelləri götürməkdə birinci yerdəyik”

“Bu əhval-ruhiyə belə davam edərsə…”

————————————————————————————————————

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin Versus.Az-a müsahibəsi.————————————————————————————————————–
– Fuad bəy, ictimai araşdırmaçılar belə hesab edirlər ki, bu gün bizim cəmiyyətdə bir çox hallarda ortaya çıxan neqativlər kadrların qohumluq əlaqələrinə görə təyin olunması səbəbindən qaynaqlanır. Yəni vəzifəyə peşəsinə görə deyil, adamına görə təyinatlar olunur və insanlar pozulmuş hüquqlarını vəzifədə oturan hansısa uzaq qohumuna görə qabartmaq istəmirlər. Sizcə bu cür yanaşmalar nə dərəcədə realdır?
– Bizdə belə hallar var və bəlkə də bu daha çox Şərq mentalitetli bir xalq olmağımızla bağlıdır. Tarix boyu həmişə belə olub. Mən hakimiyyətin təyin etdiyi nazirlərin şəxsiyyətinə hörmətlə yanaşıram. Kiçik məmurlardan danışmayacam, çünki onları tanımıram. Araşdırsaq, çoxları öz sahəsinin mütəxəsisi deyil. Məsələn, mən hesab edirəm ki, təhsil naziri (müsahibə Mikayıl Cabbarovun təhsil naziri olduğu vaxt götürülüb – red.) təhsili bilən şəxs olmalıdır, daha menecer yox.
Yaxud, görürsən ki, hansısa humanitar yönümlü bir təşkilata texniki ixtisaslı birini təyin edirlər, ya da əksinə. Belə olmaz. Amma nə yazıqlar olsun ki, bizdə əsasən belədir. Təbii ki, öz yerində olmayan vəzifə sahibi ona həvalə olunan sahənin inkişaf etməsinə mane olur. Bir sözlə, istər şəhəri, istər kəndi o sahələri bilən adamların idarəçiliyinə vermək lazımdır.
Məsələn, qonşu Gürcüstanda əhali bizdən iki dəfə azdır, hələ mənfur qonşularımızı demirəm. Amma onlarda qohumluq və tanışlığa görə vəzifələrə təyin edilmə prosesi yoxdur. Orda yalnız dövlətin inkişafı naminə ortaya qoyulan əsas ideya və məqsədlər öndə dayanr.

“Vətəndaş hətta öz problemini  danışmağa qorxur”

– Fuad bəy, demək olar ki, hər gün sosial sferada adi vətəndaşların özlərinin özlərinə verib cavab tapa bilmədikləri çoxlu suallarla qarşılaşırıq. Bu sırada “nəyə görə biz hüququmuzu qoruya bilmirik?”, “nəyə görə hər şey vəzifəlilər üçündür?”, “nəyə görə biz birləşib öz sözümüzü deyə bilmirik?” və sair suallar var. Siyasətçilər isə hesab edirlər ki, xalq ayağa qalxıb özü öz hüququnu tələb etməlidir. Nə etməli olduğunu bilməyən xalqın bu narahatlıqlarının aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?
– Hesab edirəm ki, insanların öz hüquqlarını bərpa edə bilməməsi savadsızlıq və hüquqlarını bilməməsi üzündən baş verir. Məsələn, biz bu yaxınlarda Binəqədi sakinlərinin problemləri ilə bağlı Versus.az saytında da məlumat verdik. Binəqədi sakinləri öz problemləri ilə bağlı bizə, biz isə yuxarı instansiyalara müraciət etdik. Sonra sakinlər əraziyə  gələn polisin sorğu-sualından qorxuya düşmüşdü. Axı nəyə görə vətəndaş yolların düzəlməsi, antisanitariya, su, işıq məsələsinə görə əlacsız qalıb partiya sədrindən kömək istəməlidir və nəyə görə onların üstünə polis getməli idi? Ən pisi odur ki, polis vətəndaşa yaxınlaşan kimi insanlarımız qorxmağa başlayırlar və verilən suallara normal cavab verə bilmirlər. Sözsüz ki, mən onları tək qoymadım və çalışdım ki, dəstək verim. Amma vətəndaş bir tərəfdən öz probleminin həlli üçün kömək istəyir, digər tərəfdən də idarəyə çağıranda “nəyə görə getməliyəm”- deyə, geri çəkilir. Vətəndaş “niyə birləşmirik” deyir, amma necə birləşmək lazım olduğunu bilmir. Çünki özünə aid olan hüququnu bilmir və hətta öz problemini danışmağa qorxur.

“Dövlət özü problemi həll etməyə çalışmalıdır”

– Bütün bu proseslər ictimai qınağın nə yerdə olduğunu göstərir?
– Bizdə ictimai qınaq çox zəifdir. Biz bunu ictimai nəqliyatda, küçədə və sair yerlərdə müşahidə edə bilirik. Biz ictimai qınağı formalaşdıra bilmirik. Tutaq ki, ictimai nəqliyatda sürücü siqaret çəkirsə, telefonla danışırsa, yaxud təhlükəli manevrlər edirsə heç kəs buna reaksiya vermir. Amma bütün sərnişinlər buna etiraz etsə, yəqin ki, sürücü də özünü yığışdırar. Kimlərsə bunu etməlidir. İnandırım ki, sabah partiya, mətbuat olaraq birgə küçəyə çıxıb bu məsələyə etiraz etsək, polis bizi tutub aparacaq. Axtarsan həmin sürücünün heç sürücülük vəsiqəsi də olmayacaq. Amma ona cərimə yazmaq əvəzinə bizi tutacaqlar. Təbii ki, belə olduğu halda dövlət özü problemi həll etməyə çalışmalıdır. Əslində bu yolla hakimiyyət ictimaiyyəti özünə kömək etməkdən çəkindirir. İctimai qınaq hakimiyyətin öz işini düzgün qurmasına yardım edən bir qol olsa da, bu sistem formalaşdırılmır.

“Biz xaricdən gələn düşüncəsiz modelləri götürməkdə birinci yerdəyik”

– Belə fikirlər var ki, insanın özünü unutmasına, zombiləşməsinə aparan bu cür hallar məhz xarici təsirlərin Azərbaycanla “yaxşı” işləməsinin nəticəsidir. Bununla bağlı nələri söyləmək olar?
– Xarici təsirlərin dolayısı ilə gəlib bizlərə sirayət etməsi mümkün ola bilər. Təhsillə bağlı sadə bir misal çəkim: Bu gün bizim təhsildə baloniya sistemi tətbiq olunub. Müəllimlər də bunu müsbət bir sistem kimi təbliğ elədilər. Lakin mən 2008-ci ildə proqramla çıxış edərək bildirmişdim ki, sovetlər dönəmində olan təhsil sistemini bərpa etmək lazımdır. Nəticə etibarilə, bugünkü vəziyyət göstərdi ki, baloniya sistemi yararsızdır. Çünki artıq test sistemi ləğv olunub və iki il sonra əvvəlki sistemə qayıdılır. Bu sistemə keçmək üçün bir neçə il buna hazırlaşmaq və mütəxəssislər hazırlamaq lazım idi. Bu misalları səhiyyəyə də aid etmək olar.
Məsələn, sovet dövründə qəbul olunmayan peyvənd iynələri müstəqillik dövründə ölkəmizə gətirildi. Hardasa bizim üzərimizdə ekspriment apardılar. Mən o zaman da buna etiraz etdim. Araşdırsaq görərik ki, bu gün insanlarda kökəlmə, onkoloji xəstəliklərin çoxalmasının bir səbəbi də xaricdən gələn “modellərdən” qaynaqlanır. Yaxud, araşdırmalar aparılsa, xaricdən gələn dərmanların, qidaların nə dərəcədə zərərli olduğu üzə çıxa bilər. Biz xaricdən gələn düşüncəsiz modelləri götürməkdə birinci yerdəyik. Ona görə də xaricdən gələn modellər araşdırılmalı və sonra tətbiqinə icazə verilməlidir. Bizim alimlər, professorlar bu sahədə aktiv olmalı və məqbul olmayan modellərə qarşı çıxış etməlidirlər.
– Sizcə bizim özümüzün özümüzü öyrənməyimizlə bağlı mövcud ideoloji institutların fəaliyyəti yetərlidirmi?
– Azərbaycan insanını, cəmiyyətini araşdıran və ona uyğun hərəkət etməyi öyrənən institutlarımız var. O institutlar var ki, biz bu gündəyik və idarəetmə forması dəyişmədən qalır. Amma amerkanlar bizi  heç vaxt başa düşməyəcəklər. Mən hərdən zarafatla onlardan soruşuram ki, nəyə görə sizin təklif etdiyiniz modellər Gürcüstanla Ukraynada keçdi, bizdə isə keçmədi? Özüm də cavab verirəm ki, çünki siz hələ bizim xalqımızın mentalitetini tapa bilməmisiniz. Amma təbii ki, Rusiya bizim xarakterimizi, mentalitetimizi – bizi nə vaxta qədər sıxmaq olar, nə vaxta qədər azad buraxmaq olar, məsələsini  çox yaxşı bilir.
– Belə çıxır ki, bugünkü Azərbaycan insanını hələ ki, Rusiyanın “məhsulu” hesab etmək olar?
– Hələ ki, bəli. Sovet dövrünün insanları yaşayırsa, müəyyən müddət belə də olacaq. Amma gələcək nəsillər tamamilə başqa düşüncədə olacaqlar. Rusiyada isə bu gün də milisə hörmət edirlər və milisə qarşı qorxu yoxdur. Hətta müəyyən məsələlərdə ona kömək etməyə də çalışırlar. Polis sistemində yaxşı adamlar da var. Amma camaatın qarşılaşdığı polislər qanunsuz hərəkətlər etdikləri üçün, insanlarda o peşəyə qarşı neqativ fikir formalaşıb.
– Fuad bəy, cəmiyyətdə belə bir aksioma yaranıb: “nə edirsən et, nə işlə məşğul olursansa ol, uğur qazanırsansa qalibsən”. Belədirsə, bizlər nəyi və kimdən necə mühafizə etməliyik?
– Belə deyilir ki, qaliblər mühakimə olunmur. Siyasi prosesləri misal kimi çəksək, əgər seçkidə bərabər şəkildə iştirak etsək, heç kəs əvvəldən kimin qalib gəldiyini bilməz. Amma bərabərsizlik mühitində seçkilərə qatılıb bütün vasitələri öz xeyrinə istifadə edəndə, təbii ki, əvvəldən kimin qalib olunacağı da bilinir. Bununla razılaşmaq olmur. Demokratik seçkilər keçirilərsə qalib gəlmək üçün qanuni yollar var.

“Ən ağrılı məsələlərdə insanlar toplaşmırsa, deməli başqa vasitələr seçilməlidir”

– Deyildiyi kimi, bu cəmiyyətlə işləməyin çətinləşdiyini nəzərə alsanız, qalib olmaq üçün hansı yolları arayırsınız?
– Burda yeni texnologiyalar işlənməlidir. Biz, gənclərimizlə birlikdə yeni layihələr üzərində işləyir və müxtəlif kampaniyalara qoşuluruq. Artıq müəyyən çağırışlara reaksiya veririk. Hələ qarşıda bir il var və çalışacağıq ki, tamam yeni üsullarla seçicilərimizi inandıraq. Bunun da nəticələrinin müsbət olacağına inanırıq.
Bu gün yeni texnologiyalar üzərində işləmək zəruridir. Çünki əvvəllər hər hansı mitinqdə böyük meydanlar dolurdusa, indi çağırışlara balaca bir stadionun yarısı qədər insan gəlmir. Hətta bu mitinqlərə partiya üzvləri də qatılmırlar. Amma ola bilər ki, seçki dövründə müəyyən regionlarda mitinqlər oldu. Ən ağrılı məsələlərdə insanlar toplaşmırsa, deməli başqa vasitələr seçilməlidir.
– Nəyə görə cəmiyyətdə “yüngüllük” daha cazibəli görünür? Mən bunu bütün sahələrə aid edə bilərəm, siyasətdən tutmuş incəsənətə qədər…
– Yəqin ki, ən asan pul qazanmağın yolu olduğuna görə… Çox təəssüf ki, bu yolu təbliğ edənlər daha çoxdur. Bu prosesdə televiziyalar xüsusilə öndə dayanır və gənclərimiz də baxıb onlar kimi olmaq və qazanc əldə etmək istəyir. Sözsüz ki, pul lazımlıdır. Amma çalışmaq lazımdır ki, onu qazanarkən daxili mənliyini itirməyəsən. Çoxları o yolu məcburiyyət qarşısında seçiblər. Amma cəmiyyətin sosial-iqtisadi problemləri düzələrsə, hər şey başqa cür inkişaf edə bilər.
– Cəmiyyətin inkişafı naminə o “ağırlığı” üzə necə çıxarmalıyıq, necə etməliyik?
– Bu qədər problemlərin olduğu bir dövrdə insanların düşüncəsini sakitləşdirən məqamlar da olmalıdır. Məsələn, xəbərlərdən, məlumatlardan ayrılıb evə gedəndə çalışıram ki, maraqlı, komedik  verilişlərə baxım. Hətta mənə siyasətlə bağlı sual verəndə, zarafatla deyirəm ki, saat 6-dan sonra işləmirəm. Bu, problemləri yaddan çıxarmaq üçün atılan addımdır.

“Teatra getmək istəyirsən, amma bilmirsən kimə, nəyə baxasan”

– Azərbaycanda yaxşı gülüşü tapa bilirsinizmi?
– Təəssüf ki, yox. Çox təəssüf ki, bizim karifeylər Hacıbaba Bağırov, Nəsibə Zeynalova, Siyavuş Aslan artıq bizimlə deyillər. Onların yerini tutan bir-iki nəfər var. Bu nəfərlərin arasında İlham Namiq Kamalın, yaxud Cahangir Zeynalovun adını çəkə bilərəm. Bu cür iki-üç nəfəri tapmaq olar. Vaxtilə eşidəndə ki, o üçlüyün iştirakı ilə hansısa teatrda tamaşa olacaq, mən mütləq onlara baxmağa gedirdim. Amma indi belə tamaşaları tapa bilmirəm. İndi heç sağlam gülüş də yoxdur. Bəzən KVN-çilərin bəzi səhnələri olur ki, insan həqiqi yumoru orda tapa bilir. Yaxud Coşqun və Rəfaeldə bir-iki səhnəciklər olur. Amma bir saat gedib hansısa teatrda oturub zövq ala-ala izləyəcəyimiz heç nə yoxdur. Artıq seçilən mövzular da sanki şitləşib. Yenilik yoxdur, tutaq ki, müəyyən seriallar var ki, uzandıqca maraqsızlaşır. Teatra getmək istəyirsən, amma bilmirsən kimə, nəyə baxasan.

“Baxırsan ki, aparıcılar da sünidir”

– Cəmiyyətimizin şouya meyilli olduğunu qeyd edənlər eyni zamanda bunun günahını aydınlarda, ziyalılarda görür.
– Ən güclü təbliğat maşını televiziyadır. Amma ziyalılarımız var ki, müxalif fikirli olduqlarına görə verilişlərə çıxa bilmirlər. İnternetə çıxsalar da, bu da çox məhduddur. Əvvəllər ayrı-ayrı yerlərdə, eləcə də Qubernator bağında poeziya gecələri olurdu. Çox insanlar o yerlərə gedib dincəlirdilər. İndi belə şeylər də yoxdur. Yazıq ziyalı harda özünü göstərsin, danışsın ki, insanlar onları dinləsin. Məsələn, o cavan oğlanı AzTv-yə çıxardılar “harıya gedirsən”lə məhşurlaşdı. Keçmiş musiqi ilə məşğul olan adam kimi birinci dəfə qulaq asanda fikirləşdim ki, dəlidir. Sonra düşündüm ki, bu onun zövqüdür. Amma televiziyanın bunu təbliğ etməsi qəribədir. Bu, camaatı dolamaqdır. Baxırsan ki, aparıcılar da sünidir. Bizdə hər şey sünidir. Televiziyalarımız maraqlı heç nəyi ifadə etmir.

“Evdə iki xanım telefonla danışanda belə, istər-istəməz siyasətə keçirlər”

– Fuad bəy, bu gün cəmiyyət nə dərəcədə siyasiləşib və nəyə görə?
– Cəmiyyət həddən artıq siyasiləşib. İstənilən yerdə, hətta ictimai nəqliyyatda belə, insanların müəyyən məsələlərlə bağlı siyasətdən danışdığını müşahidə edirik. Hətta evdə iki xanım telefonla danışanda belə, istər-istəməz siyasətə keçirlər. Bu da onunla bağlıdır ki, sən siyasətlə məşul olmursansa, siyasət səninlə məşğul olacaq. Yəni, əgər sən gedib seçkidə səs vermisənsə, sabah o gəlib sənin üçün problem yaradacaq. Vətəndaş öz seçicilik hüququndan istifadə etsə, normal demokaratik sistem qursa, sonra siyasətlə məşğul olmayacaq. Özü seçmir və sonra da mövcud olan hakimiyyətin siyasətini qəbul etmir. Bu da istər-istəməz gətirib mətbəxt söhbətlərinə çıxarır. Eyni zamanda insanları depresiyaya, psixoloji pozğunluq vəziyyətinə gətirir.
Bu gün insanların üzündə bir narahatlıq, gərginlik görünür. Bütün bunlar hamısı depressiv bir sindromu üzə çıxarır. Ya susur, ya da öz-özünə danışır. Sui-qəsdlər, intiharlar bundan irəli gəlir. İnsan problemləri ilə qapalı qalır və dəli olur. Çünki o, böyük auditoriyada danışır eşidilmir, sonra iki-üç nəfərin yanında danşır yenə də eşidilmir, sonra tək qalır. İşsizlik, bank borcları, pulsuzluq və sair düşüncələrlə intihara əl atır. Bunlar hamısı psixoloji gərginliyə, nevroloji xəstəliyə, depresiyaya gətirib çıxarır. Görürsən ki, tanıdığın insan bir ilin içində aqressivləşir.
Ona görə mən yenə də hakimiyyətin üzərinə qayıdıram. Hakimiyyət maraqlı olmalıdır ki, vətəndaşı sağlam, savadlı olsun. Ən azı bir az yaxşı yaşamasına kömək etsin. Camatın qarnı acdırsa, yaxşı yaşaya bilmirsə, ona hansısa Avroviziya, Avropa oyunları və sair əyləncələr lazım deyil. Vətəndaş yaşayışından razı qalmalıdır ki, başqa şey haqqında danışmasın. Nəyə görə Fuad siyasətlə məşğul olmalıdır. Qabaq bizneslə məşğul idi, indi də gedib biznesini davam etdirərdi. Amma sən məndə olan biznesi əlimdən alırsan, mən də məcbur oluram siyasətə qoşulum. İnsanlar səndən böyük bir şey istəmir axı.
Bələdiyyəyə milyonlarla pul xərclənir, gedin ondan yolların təmirini, zibil qutularını, kanalizasiya xəttlərini soruşun. Nəyə görə Binəqədi sakinləri bu problemlərlə mənə müraciət etməlidir və nəyə görə onlar öz hüquqlarını tələb etdikləri üçün kimsə onların üstünə polis göndərməlidir. Budur məsələ…

“Bu əhval-ruhiyə belə davam edərsə…”

– Belə fikirlər çox səslənir: problemlər icində olan cəmiyyət özünə qapanırsa, mütləq bir partlayış olacaq. Bunu sakit dayanan müxalifət düşərgəsinə də şamil etmək olar?
– Bu “partlayışın” səbəbini hazırki müxalifətə şamil etmək olmaz. Əgər yığılan enerji püskürəcəksə, bu tamamilə fərqli, daha radikal qüvvələrdə olacaq. Bu təbiidir. Çünki hətta adi sızaq belə, irinləyəndən sonra mütləq partlayır. Biz istəmərik ki, cəmiyyət bu formada partlasın, radikal addımlar atılsın. Mən istəyərəm ki, hər bir proses demokratik yollarla həyata keçirilsin. Amma bu əhval-ruhiyə belə davam edərsə partlayış nə vaxtsa baş verə bilər.
Təbii ki, cəmiyyətin bu durumu demokratik düşərgəyə də sirayət edir. Mən də bir vətəndaşam. Sabah öz həyatımı yaxşılaşdırmasam, evimə çörək apara bilməsəm, bu proseslərə qoşulmalıyam.
Tahirə QAFARLI

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*