MEHMAN TURAN YOLÇUSUDUR!!!

“… Proses gedir və onu durdurmağa heç kəs qadir deyil”

Fb-NİN GÜNDƏMİNDƏN

 

Mehman Əliyev həbs edildi. Onun həbsi ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Hamı bu həbsdə müəmma, onun səbəbini axtarır. Ən böyük müəmma, ən böyük səbəb isə, elə Mehman olmaqdır. Mən ötən əsrin 90-cı illərindən, daha doğrusu 1992-ci ildən onu tanıyıram. Mənim tanıdığım Mehman bu illər ərzində öz sakit yerişində bircə qədəm də dəyişmədi, təmkinini pozmadı, həyata münasibətdə optimist baxışlarına xal düşmədi. Amma ildən-ilə müdrükləşdi, ildən-ilə öz həyat prinsiplərinə daha çox bağlandı. Bütün baş verənləri sakit qarşılamaq onun həyat tərzidir və elə 60 yaşının iki aylıq zaman fasiləsində həbsə də təmkinini pozmadan sakitcə, gülə-gülə getdi. Mehman Turan yolçusudur. Onun fikri, məramı, düşüncəsi və səbri də böyük Turan qədər hüdudsuz, əməlləri də “Turan”ın sənədləri kimi şəffafdır.

O, ölkədə dəyişiklik istəyirdi. Və bu dəyişikliyin olacağına çox əmin idi. Olmayan islahatların optimist təqdimatı da bu dəyişiklik arzusundan irəli gəlirdi. Mən bir şeyə əminəm: indinin özündə də Mehmandan soruşsan, Kürdəxanı divarları arasında da, o, mütləq deyəcək ki, proses gedir. Əvvəllər mən buna bir az zarafat, bir az şübhə, bir az da ironiya ilə yanaşırdım. Amma indi onun bu tükənməz optimizminə tədricən qatılıram, şərik oluram. Mehmanı həbs edən hakimiyyətin görəvdə qalmaq şansı yoxdur və elə onun özünün dediyi kimi doğrudan da proses gedir və gedən prosesin içində bu antimilli hakimiyyətin getməsi də labüddür. Çünki tarixin heç bir məqamında bu qədər nadan, bu qədər savadsız, bu qədər intellektsiz, bu qədər oğru, milli qayədən bu qədər uzaq, pul və sərvət düşkünü olan bir güruhun, hamısının eyni vaxtda, eyni hakimiyyətdə təmsil olunduğu bir dövr olmayıb.

Bu il 37-nin 80 illiyi tamam oldu. Stalin repressiyaları 2 il çəkdi. Amma həmin iki ilin ağrı-acısı bu gündə rus cəmiyyətinin, sovetlərin ögey övladlarının canından çıxmayıb. Ancaq Stalin repressiyalarında heç vaxt vergi orqanları NKVD funksiyasını yerinə yetirməyib. Qəribə də olsa ən çox korrupsiyalaşmış, ruşvəti ruhuna hopdurmuş vergi nazirliyi son dörd ildə ölkədə pambıqla baş kəsməyin başlıca silahına çevrilib. Artıq 4-cü ildir İlham Əliyev bu silahla və əlavə yardımçı vasitələrlə Azərbaycan cəmiyyətin şumlayır, vətəndaş institutların məhv edir, mətbuatı susdurur, azad fikri boğur, bir heybə narkotika ilə gəncləri təqib edir. İndi də vergidən yayınma və qanunsuz sahibkarlıq ittihamı ilə Mehman Əliyev həbs edildi. Qanuni şəkildə sahibkarlıqla məşğul olub, öz intellektual məhsulunu satan, peşəkarlıq keyfiyyətinə görə etimad və həmin etimadla yanaşı bazar da qazanan bir sahibkar hansı meyara görə qanunsuz sahibkarlıqla məşğul olmalıdır? Bax, Mehmanın həbsi belə absurd ittihamlar üzərində qurulub.

XXI əsr dəyişikliklər əsridir. Avtoritalıq və diktatorluq xalqların keçmişidir, bu günü və gələcəyi deyil. 100 illik cümhuriyyətçilik ənənəsi olan bir ölkədə Əliyev xanədanı ailə-klan hakimiyyəti qurur, kraliyyət, monarxiya qurmaq xəyalına düşüb. Məktəblərdən Azərbaycanın fikir korifeylərinin – Nizaminin, Fizulinin, Nəsiminin, Vaqifin, Axundovun, Mirzə Cəlilin, Sabirin böyük ideyalarını özündə əks etdirən stendləri, cümhurliyyət qurucularının sərgiləri, milli qəhrəmanların vətəni yağmalanmış gənclərə örnək olan guşələri yığışdırılır, əvəzinə Heydər Əliyevin, İlham Əliyevin və Mehriban Əliyevanın həyat və fəaliyyətini əks etdirən foto stendlər asılır. Şərqə ilk cümhuriyyət nümunəsi verən bir ölkə XXI əsrdə bir ailənin girovuna, bir klanın əsirinə, bir ovuc işbazın holdinq obyektinə çevrilir. Ölkəni şəxsi mülkələrinə çevirənlər, dünyanı rüşəvət çirkabına bulayanlar, karvanı yükü ilə, sarvanı ipi ilə udanlar, gizli yolla xaricə yalnız bir təqvim ilində bir milyard avro ötürüb, iflas babətindən yalnız bir qərarla 31 milyon vergi borcundan azad edilənlər bu gün otuz ilin zəhməti müqabilində öz şəxsi evi belə olmayan Mehman Əliyevi səlahiyyət həddini aşmaqda, vergidən yayınmaqda, qanunsuz sahibkarlıqda ittiham edirlər. Sizcə, bu harınlıq, bu ədalətsizlik daimi davam edə bilərmi?

Monorxiyanın, Şərq diktatorluğunun dini ideoloji əsaslarını yaratmaq üçün ömrünün böyük bir hissəsini dinə, xüsusilə islam dininə qarşı mübarizəyə həsr etmiş, ateist dövlətin rəhbərlərindən biri səviyyəsinə yüksəlmiş, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri, təhlükəsizlik general-mayoru adına “Heydər Məscidi” açmaq İslam dininin ələ salınması deyilmi? Bir anlığa təsəvvür edək ki, ruslar Andropov adına Müqəddəs Xilaskar Məbədi, ermənilər Mikoyan adına Eçmiədzində Qriqoryan Kilsəsi, gürcülər Şverdnadze adına Müqəddəs Apastol Kompleksi, qazaxlar Kunayev adına Dinmühəmməd camesi, latışlar Pelşe adına Lüteran Kirxası açırlar. Bəlkə “dindar və möminlərimiz”, seyyid və ülamalarımız belə zənn edirlər ki, Siyasi Büro üzvünün adına olan məsciddən onların ibadətləri daha tez müstəcəb olur, dua sədaları daha tez haqqın dərgahına yetişir? Bax, ölkənin ən dürüst, ən ədalətli, ən namuslu adamlarından biri olan Mehman Əliyevin qoluna qandal vuran hakimiyyətin mənəvi siması, əxlaqi mahiyyəti bundan ibarətdir.

Hakimiyyəti vərəsəlik yolu ilə atalarından almış üç avtoritar, üç diktator XXI əsrdə öz xalıqları üçün despotik müstəbiə, sivil dünya üçün baş ağrısına çevrilib: Şimali Koreyada Kim Çen In, Suriyada Bəşər Əsəd və Azərbaycanda İlham Əliyev. Hər üçü iflasa məhkumdur. Kim və Əsədin rejiminin sonu uzaq deyil, hər ikisi iflasla üz-üzədir. Öz xalqına divan tutmaqda neft səltənəti üzərində ucalan Pəhləvi rejimindən daha qəddar, daha zülmkar, daha müstəbid olan İlham Əliyevi də bu tale gözləyir. Nə onun yaratdığı siyasi məhbus düşərgəsi, nə susmuş vicdanların vicdan məhbusları, nə Mehman Əliyevin qollarına vurulan qandal, nə də bizlərin başı üzərində kabus kimi dolanan ölüm və həbs təhlükəsi onu bu iflasdan xilas edə bilər. Mehman bəy demiş,  proses gedir və onu durdurmağa heç kəs qadir deyil.

Sən də paylaş...Tweet about this on TwitterShare on Facebook

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir