“MİL”Lİ və “MİL”SİZ PEDAQOGİKA

Rabil ABDİNOV

müəllim
Masallı rayonu

“Özümüzdən velosiped ixtira etməyə və ekspertlik edərək eksperimentlər keçirməyə ehtiyac yoxdur.”!!!

Ölkəmizdə müstəqillikdən sonrakı illərdə bəziləri tərəfindən MİLLİ PEDAOQOGİKA anlayışını elmə gətirməyə cəhd edirlər. Təhsilin güya milliləşdirilməsi təşəbbüsü irəli sürülür. MİLLİ KURİKULUM terminində MİLLİ sözünü MİLLƏT kimi qavrayırlar. Güya ki 100 ilə yaxın təhsil tarixi dövründəkilər yanlış olub və bu xalqa heç nə verməyib. “Məktəblər vətəndaş hazırlayır” fəlsəfəsini səhv olaraq şagirdlərə millətçilik aşılanması, hərbi psixologiya və dini dəyərlərdən uzaqlaşdırılması kimi başa düşürlər. Bunu ölkəmizin müharibə vəziyyətində olması ilə əlaqələndirib haqq qazandırınlar da olur. Gəlin baxaq, bəs pedaqogika elmi bu məsələyə nə deyir?

PEDAQOGİKA adlı elm onun dövründə olmasa da, bu elmin əsasını qoyan Yan Amos Komenski, çex qardaşları protestant icması üzvünün ailəsində anadan olub. Komenski ibtidai təhsilini həmin icma məktəbində alıb. Sonra latın məktəbində, daha sonra Herborn akademiyasında, Heydelberq universitetində oxuyub. Yəni bu o deməkdir ki çex olsa da, almanca təhsil alıb və dindar birisi olub.

Komenski çex dilində didaktikaya həsr olunmuş elmi əsər yazmağa başlayır. Lakin vətənində protestant olduğu üçün və dini ideyaları təhsilə gətirmək ittihamı ilə o sürgün olunur. Böyük alim olmasına görə onu həbs və edam etmirlər. Katolik kilsənin təqiblərindən qaçaraq Komenski Polşaya emiqrasiya edir. Burada o, gimnaziyada dərs deyir, öz “Didaktika”sını çex dilində bitirir. Sonra onu yenidən işləyib latın dilinə tərcümə edir və onu “Böyük didaktika” adı ilə nəşr etdirir. Beləliklə dünyanın məşhur və böyük dilində bu əsər yaranandan sonra, dünya Komenskinin pansofiya ideyası, yəni “hər kəsi hər şeyə təlim etmə” fəlsəfəsi ilə tanış olur.

Komenski Macarıstana məktəb işini qurmaq üçün dəvət alır. Burada Komenski pansofik məktəb üzərində işlər aparır. Bu məktəbin elmi müddəalarını özünün “Pansofik məktəb” əsərində işləyib hazırlayır. Təhsil prosesini canlandırmaq, uşaqlarda biliyə, elmə olan həvəsi oyatmaq üçün Komenski tədris materialını dramatikləşdirmək metodundan istifadə edir. Macarıstanda Komenski ilk şəkilli tədris kitabını – dərsliyi tərtib edir.

Komenski Fransa və Holandiyada da şəxsən öz ideyalarını yayamağa gedərək buna müvəffəq olur və nəhayət Amsterdama vəfat edir.

Komenskinin BÖYÜK DİDAKTİKA əsəri ilə DİDAKTİKA elminin, bu elm ilə isə PEDAQOGİKA elminin əsası qoyulur. Məhz bu adamın ideyaları sayəsində təhsili düyada ilk icbariləşdirən mükəmməl alman təhsil sistemi yaranır.

Əgər o bu əsərini ana dili olan çexcədə saxlasaydı “Biləcəridən o yana” misalı  biz və dünya onu tanımazdı. Ona da vətənində, bizim dildə “mollaxana müəllimi” deyib məsxərə edərdilər. Necə ki, bizdə islam əxalqının elementar bir aforizmi dərsliyə salınan kimi, ya da məktəbdə bir hicablı müəllim və şagird görünən kimi “ay aman, məktəb mollaxanaya döndü” deyib hay-həşir salırlar. Halbuki PEDAOQOQİKA elminin əsasını bir dindar qoyub. Hansı ki, bu elm dünyəvi bir elmdir və ümumbəşəri ideyalara xidmət edir.

Komenskinin pedaqoji fikirləri əsasında Rusiyada Uşinskinin ideyaları inkişaf edir. Sovet hakimiyyəti quralan kimi sovet təhsil sistemi də məhz alman təhsil sistemi, yəni Komenskinin və Uşinskinin pedoqoji ideyaları əsasında formalaşır. Halbuki sovetlər rəsmən kapitalizmin bütün prinsiplərinə qarşı çıxırdılar. Çünki Lenin bir filosof və mütəfəkkir kimi dünyada gedən elm və təhsil prosesisndən ciddi xəbərdar olan bir insan idi və bilirdi ki, alman təhsil sistemindən yaxşısını yaratmaq mümkün deyil.

Beləliklə xalqımız da sovetlərin tərkibində mütərəqqi elmi ideyalara və maarifə yiyələndi və dünya səviyyəli alimlərimiz də  o zamandan yetişməyə başladı. Sovet Təhsil Siosteminin gücü də, məhz dünyəvi təhsil sistemində idi. Hərçənd, o zaman bunu Sovet İttifaqında etiraf etməzdilər və güya sovet təhsil sisteminin yeni bir şey olduğunu və dünyada analoqu olmadığını iddia edərdilər.

Ona görə hər kəs papağını qarşısına qoyub fikirləşməlidir. Haradan haraya gəlmişik və haradan da haraya getməliyik. Biz, akademik pedaqogika elminiə və alimlərinə istinad edən bir təhsil sistemi qurmalıyıq. Özümüzdən velosiped ixtira etməyə və ekspertlik edərək eksperimentlər keçirməyə ehtiyac yoxdur. Təhsilin dünyəvi, güzəran psixologiyasından uzaq, mental və məhəlli prinsiplərədn kənar, lakin millli dəyərlərə əsaslanıb inkişaf etdirilməsi istiqamətində irəli getməliyik. Mövcud kurikulum sistemindəki qüsurları, çatışmamazlıqları düzəltmək uğrunda çalışmalıyıq, nəinki inkarçılıq, dağıdıcılıq, özümüzdən elmdən kənar ideya və təkliflər verməklə bu prosesi dalana sürükləməliyik.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*