“MÜTƏLLİBOV SAXTA SƏNƏDƏ İMZA ATMIŞDI”!!!

“HƏMİN GÜN ALİ SOVETİN İCLASINA 90 DEPUTAT GƏLMƏMİŞDİ”!!!

Hacıbaba ƏZİMOV:

“Ziyad Səmədzadə mənə dedi ki, müəyyən şərtlərimiz var. Meydan hərəkatında deyirdilər, burda sizin “demblok”dan olan deputatlar deyir ki, SSRİ imperiya idi, Azərbaycanı əsarətdə saxlayıb, sərvətlərini talayırdı, və sair. Belə məsələlər burda olmasın.” !!!

———————————————————————————–

Fb-NİN GÜNDƏMİNDƏN 

Dəyərli dostlar! Azadlıq radiosu “Dövlət Müstəqilliyi Günü” dövlət bayramı münasibətilə məndən müsahibə götürüb. Bu tarixi hadisənin mahiyyətini nəzərdən keçirmək və onun bəzi qaranlıq səhifələrini işıqlandırmaq baxımından əhəmiyyət kəsb edən bu müsahibəni aşağıda olduğu kimi təqdim edirəm. Mümkünsə bəyənin və paylaşın!

—————————————————————————

–  Müstəqillik Aktının qəbul edilməsindən 27 il ötür. Həmin sənədi hazırlayan komissiyanın sədri, keçmiş deputat, hüquqşünas Hacıbaba Əzimov o günləri yada salır:

–  O günlə bağlı xatirə çoxdur. Həmin gün mənim də, çoxlarının da yadında çox əziz, qürur duyduğumuz gün kimi qalıb. Xalqımızın uzun illər apardığı mübarizə zəfərlə başa çatdı, biz dövlət müstəqilliyimizi Konstitusiya Aktı kimi güclü sənədlə elan etdik. Sənəd qəbul olunan günə kimi “demblok”, “komblok” söhbətləri vardı, bəzən ayrı-ayrı söhbətlərin müzakirəsində çox sərt ittihamlar səslənirdi. Amma son müzakirələrdə sakitlik yarandı. Mən o Konstitusiya Aktını hazırlayan komissiyanın sədri kimi, layihənin müəllifi kimi onu Ali Sovetə təqdim edirdim. Siz o günlərin videoyazılarına baxsanız görərsiniz ki, necə çətin mübarizə gedirdi. Orda verilən sualları əsaslandırırdım, inandırırdım.

–  Suallar nəylə bağlıydı?

– Məsələn, XI Qızıl Ordunun Azərbaycanı işğal etməsini qəbul etmirdilər. O vaxt kommunist blokunda olanların çoxu vəzifə sahibiydilər, hələ SSRİ-nin dağılacağına inanmırdılar. Çoxu kitabdan oxumuşdu ki, Qızıl Ordunu bura 1920-ci ilin aprelində Azərbaycan hökuməti dəvət edib. Mən sübut etdim ki, bu işğaldır və həmin maddəni qəbul etdirə bildim. Başqa belə maddələr də vardı. Qəbul olunmasına müqavimət göstərmək istəyirdilər. Konstitusiya Aktı maddə-maddə müzakirə olunaraq səsə qoyulurdu. Axırda sənəd bütünlükdə səsə qoyuldu. Əvvəla həmin gün Ali Sovetin iclasına 90 deputat gəlməmişdi. Bilirdilər ki, sənəd qəbul olunacaq və yayınmaq istəmişdilər. Qorxurdular ki, gəlib səs verərlər, sabah SSRİ dağılmaz, bunları vəzifədən qovarlar, cəzalandırarlar. Bəziləri də heç müstəqilliyi qəlbən istəmirdi. Ona görə 90 adam gəlməmişdi.

–  258 nəfər vardı zalda, deyəsən. Tabloda 258 lehinə yazıldığı görünür…

–  260 nəfər gəlmişdi. Onun ikisi də son səsvermədən yayındı, iştirak etmədi. Amma 258 nəfər deputat səsvermədə iştirak etdi. Konstitusiya qanunu olduğuna görə deputatların üçdə ikisinin səs verməsi lazım idi. Bu da alındı. 258 deputat lehinə səs verdi, əleyhinə səs verən və ya bitərəf qalan olmadı. O 2 nəfər isə gizləndi, səsvermədə iştirak etmədi.

–  2 nəfər kim idi?

–  Yadımda deyil. Adbaad səsvermə keçirildi. Sənədləri arxivdən qaldırıb baxmaq olar. Amma onu verərlər, ya verməzlər bilmirəm. Hər halda, arxiv açılsa o 90 nəfərin kim olduğu bilinər. İndi o səs verməyənlər, Azərbaycanın müstəqilliyini istəməyənlər böyük vəzifələrdədir. Söhbət budur. Müstəqillik üçün çalışanlara qarşı sonradan repressiya başladı, onları işsiz qoyuldular. Sonradan Milli Məclis yarandı, qızğın iş aparıldı. Gənc müstəqil Azərbaycan Respublikasının qanunvericilik bazasını yaratdıq. Bütün dövlət atributlarını qəbul etdik və sair. O vaxt Milli Məclis həftədə 3 gün plenar iclas keçirirdi, indi ayda bir dəfə də keçirmirlər. Amma pensiya məsələsi gələndə ilk Milli Məclisin üzvlərinə pensiya da vermədilər, iş də. Çox ağır, məhrumiyyətli həyata məhkum edildilər… İndi yaxşı şeylərdən danışım. Yekun səsvermədən sonra olanlar gözümün qabağından getmir. Hamı ayağa qalxdı, sürəkli, uzun sürən alqışlar oldu. Bəzi adamların gözündə sevinc yaşı görürdüm. Mən onda hələ tribunadaydım. Çox gözəl gün idi.

–  18 oktyabr 1991-ci il – müstəqilliyin elan edildiyi an Siz özünüz də kövrəldinizmi?

– Ən çox sevinənlərdən biri mən oldum. Çünki Konstitusiya Aktının qəbulunu yubatmaq istəyənlər vardı. Deyirdilər, başqa layihə var, gəlin onu qəbul edək. İşi pozmaq istəyirdilər. Mən imkan vermədim. O layihəni Etibar Məmmədovla hüquqşünas Fuad Ağayev hazırlamışdı. Etibar bəyi tanıyırdım, “demblok”da bir yerdə idik, çox yaxşı münasibətimiz vardı. Onlar layihəni oktyabrın 17-də axşam gətirdilər ki, bizim də layihəmiz var. Mənim də layihəm hazır idi, paylamışdım da. İstəyirdim Etibar da razı qalsın, işi pozmasın, çünki həm “demblok”da, həm də “komblok”da hörməti vardı. Müəyyən adamlar da deyirdi, bu hazırlayıb da, gəlin bunu qəbul edək. Etibar Məmmədovgilin layihəsi mükəmməl deyildi, onu qəbul etsəydik, biabır olardıq, çox şey yox idi. Mənim hazırladığım layihə 32 maddə idi, bunların gətirdiyi 15. Söhbət təkcə saydan getmirdi. Ciddi, prinsipial məsələlər vardı ki, onların sənədə düşməsi lazım idi.

–  Fuad Ağayevin hazırladığı layihədən yararlanmadınız? Axı, o da bu layihənin müəlliflərindən biri kimi tanınır.

–  Həmin layihəni qəzetdə çap etmişdilər. O yanıma gələndə qəzetdən həmin iki maddəni kəsib hazırladığımız layihəyə yapışdırdım.

–  Yəni iki maddədən istifadə etdiniz? Hansılar idi?

–  Biri SSRİ əmlakının necə bölüşdürülməsi haqqında idi, vacib məsələ idi, böyük məmnuniyyətlə götürdüm. İkincisi də beynəlxalq münasibətlərin formalaşdırılması ilə bağlı idi. O sənədi indi də saxlayıram. Qəzetdən kəsib yapışdırdığım hissənin surətini çıxarıb Etibar Məmmədova da verdim. Videoyazıda da var, müzakirələrdə dedim ki, layihəyə daha 2 maddə əlavə olunub. Deputatlar çaşdılar. Söhbət məhz o 2 maddədən gedirdi. Onu da keçirdik. Bununla da Etibar Məmmədov müəlliflərdən biri oldu. Amma Etibar bəy həmişə orda-burda Fuad Ağayevi Konstitusiya Aktının müəllifi kimi təqdim edir. Bu da hüquqi baxımdan səhv hərəkətdir. Çünki hüquqi cəhətdən deputat olmayan, qanunvericilik təşəbbüsü ilə çıxış etməyən bir adam qanun müəllifi ola bilməz. Bu təşəbbüslə ancaq deputat çıxış edə bilər. Fuad Ağayev ona kömək edib, o başqa.

–  Keçmiş deputatlar həmin dövrdə Prezident Aparatından göndərilən bir layihənin olduğunu da deyirlər. Hətta həmin sənədin çox yumşaq, loyal olduğunu, sovetlərin qayıdacağı halda ittifaqa qoşulmağa ayaq yeri qoyduğunu iddia edirlər.

–  Prezident Aparatından layihə göndərilməyib. Onu prezidentin tapşırığı ilə Ali Sovetin katibliyi hazırlamışdı. Katibliyin borcudur sənədin ilkin variantını, qaralamasını hazırlayıb deputatlara təqdim etmək, sonradan onun üzərində iş gedir. O vaxt nəsə hazırlanmışdı. Ancaq prezident Ayaz Mütəllibov tapşırmışdı ki, həmin layihədə Rusiyanı qıcıqlandıran maddələr olmasın. Onların layihəsində Azərbaycanın müstəqilliyinə təminat verən maddə və müddəalar yox idi. Ali Sovet layihəni rədd etdi. Komissiya yaradıldı, sədri də mən oldum. Günlərlə işləyib yenisini hazırladıq. Postsovet məkanında müstəqillik aktı ilə bağlı ən mükəmməl sənəd bizimkidir.

–  Komissiya sədri kimi sizə təzyiq olmurdu?

–  Komissiya yarananda sədr təyin olunmamışdı. Sonradan Ali Sovet sədrinin birinci müavini Ziyad Səmədzadə mənə dedi ki, Rəyasət Heyəti komissiyanın sədrinin sizin olmağınızla bağlı qərar qəbul etdi. “Amma müəyyən şərtlərimiz var. Meydanda deyirdilər, burda sizin “demblok”dan olan deputatlar deyir ki, SSRİ imperiya idi, Azərbaycanı əsarətdə saxlayıb, sərvətlərini talayırdı, və s. Belə məsələlər burda olmasın”. Cavab verdim ki, nə danışırsız, bunların hamısı layihədə əksini tapacaq. Güldü dedi: “Siz professor adamsınız. Elə iş görməzsiniz”. Dedim ki, “onda başqa sədr tapın”. Qayıtdı ki, “artıq qərar verilib, sədr sizsiniz, qərarı dəyişə bilmərik”. Mən də nə cür lazımdırsa, xalqın xeyrinə nə lazımdırsa, onu yazacağımı bildirdim. Qaldı belə, dedi ki, “baxın da, sizə Rəyasət Heyətinin fikrini çatdırdım”. O sənəddə çox mühüm məqamlar var. Konstitusiya Aktının prinsiplərini əsas götürərək yeni Konstitusiya hazırlanmalı idi. 32-ci maddədə deyilirdi ki, bu Akt gələcək Konstitusiyanın hazırlanmasında əsas götürülməlidir. Amma sonradan Konstitusiyada bəzi şeylər dəyişdi.

–  Məsələn?

–  12-ci maddəyə görə, məsələn, xariclə suverenliyi məhdudlaşdıran müqavilə bağlanırsa, bu halda xalq razılıq verməlidir və sənəd bundan sonra imzalana bilər. Amma indi bunu dəyişdilər, “Azərbaycan tərəfinin razılığı ilə” yazdılar. Tərəf də baş nazirdir, prezidentdir, amma Konstitusiya Aktı buna yol vermir. Bizimkilər deyir ki, Dağlıq Qarabağa ən yüksək statusu veririk. Bunların bunu deməyə ixtiyarı yoxdur. Buna xalq qərar verə bilər. Yaxşı, bir şey də deyim. Həmin Konstitusiya Aktı parlamentdə qəbul olundu, sonra bilirsiz nə oldu?

–  Nə baş verdi?

– Şübhələnirdim ki, hakimiyyət qorxduğu bəzi maddələrlə bağlı nəsə edə bilər. Mənə qabaqcadan şərt qoymuşdular, xəbərdarlıq etmişdilər, axı. Ona görə nəzarət edirdim. Sonra məlum oldu ki, Mütəllibova verilən mətn həqiqətən dəyişdirilib, Moskvanı qəzəbləndirə bilən bir çox maddələr ordan çıxarılıb. Baxın, tarixi sənədi saxtalaşdırıblar. Mütəllibov da saxtalaşdırılmış sənədə imza atıb. İndi fəxrlə deyir ki, Konstitusiya Aktına o imza atıb. Nəsə, mən bunu bildim və Ali Sovetdə məsələni qaldırdım. Komissiya yaradıldı. Azərbaycanın ağsaqqal kişilərindən biri, deputat Tofiq Bağırov sədr oldu, mən də üzv. Sənədi, stenoqramı ortaya qoyduq. Maddə-maddə səsə çıxarılmış sənədlə qəzetdə çıxan sənədi müqayisə etdik və məlum oldu ki, həqiqətən də dəyişdirilib, fərq çoxdur. AS-in sessiyasında məlumat verdik və qərar verildi ki, əsl sənəd bərpa edilsin. Bərpa etdik. Sonradan çap da edildi.

——————————————————————————-

P.S.

Fb-NİN GÜNDƏMİNDƏN

İqbal AGAZADƏ:

“18 oktyabrda Azərbaycanın dövlət müstəqilliyinin bərpası günü elan olunmasaydı, keçirdiyimiz milli bayramlarımızdan hansı qeyd olunardı? Dövlət müstəqilliyi günü bundan sonra da birmənalı şəkildə ayrıca bayram kimi rəsmən qeyd olunmalıdır. Azərbaycanın müstəqilliyinə belə münasibət yaramaz.”

1 şərh

  1. Çox başı bəlalı,qorxaq ziyalı kütləsinə malik,şəxsi maraq xatirinə böüyk ümumi milli maraqları düşinmədən qurban verməyə hazır olan rüşvətxor,yaltaq məmur sürüsünə malik bir toplumuq.Allah Özü xalqımızı bu böyük bəladan qurtarsın,amin.

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*