NƏHAYƏT Kİ, MM-DƏ “QARABAĞ” KƏLMƏSİ DİLƏ GƏTİRİLDİ !!!

“Azərbaycanın əsas problemini ortaya atmaq erməninin dəyirmanına su tökmək” sayılır?

Fb-NİN GÜNDƏMİNDƏN

Bu gün Milli Məclisdə qəribə hadisə baş verib. Neçə illərdən sonra Milli Məclisdə Qarabağ kəlməsi eşidilib. Birdən –birə üç deputat Qarabağ haqqında görün nə “qiymətli” sözlər deyiblər:

“Qarabağla heç bir bağlılığı olmayan insanlar Azərbaycanın əsas problenmi ilə bağlı məsələni ortaya atmaqla həm də erməni dəyirmanına su tökürlər”.

Görəsən nə vaxtdan “Azərbaycanın əsas problemini ortaya atmaq erməninin dəyirmanına su tökmək” sayılır? Belə çıxır ki, Qarabağdan danışmaq, Qarabağ problemini gündəmə gətirmək olmaz.

– “… keçirilən mitinq avantürist bir mitinq idi”. Bu fikir də səslənib. Düşmənə “ biz vətən torpağını azad edəcəyik” mesajını vermək məntiqlə o vaxt avantürizm sayıla bilər ki, özlərində onu azad edə bilməyəcəklərini tam qət ediblər və başqa fikri avantyura bilirlər.

– Üçüncüsü Qarabağla əlaqədar 18 il əvvəl olmuş hadisəni xatırlayıb və kimlərisə qınaq hədəfinə çevirib, ardınca da sağlıq deyib.

Hər halda MM-i “Qarabağ” sözünü dilə gətirdiyi üçün təbrik edirik. Böyük inkişafdır.

——————————————————————————————

P.S.

Deputatlardan Qarabağ mitinqi ilə bağlı kəskin çıxışlar – “Siyasi oyunbazlıq edirlər”

Milli Məclisin komitə sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov bu fikirləri Qarabağla bağlı keçirilən mitinq barədə parlamentdəki çıxışı zamanı söylədi. O bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda, keçirilən tədbirlərdə Azərbaycan prezidenti daim ərazi bütövlüyünü əsas şərt kimi ortaya qoyur:

“Prezidentimiz nəinki Azərbaycanın işğal olunmuş əraziləri, həmçinin dədə-baba torpaqlarımızda erməni dövlətinin yaradılmasını da daima diqqətə çatdırır. Azərbaycan cəmiyyəti də tam şəkildə Azərbaycan prezidentini dəstəkləyir. İstər Bakı şəhərində keçirilən forumlarda, istərsə də hətta ucqar bölgələrdə fermerlələ belə keçirilən görüşlərdə prezident Qarabağla bağlı hesabat verir. Bunun nəticəsi olaraq xalq prezident seçkilərində cənab prezidenti növbəti dəfə dəstəkləyib, ona səs verdi. 90-cı illər təfəkküründə olan insanlar başlayıblar ki, biz mitinq keçirməliyik və bu mitinqin prezidentə Qarabağla bağlı təzyiq olduğunu dünyaya çatdırmalıyıq. Belə çıxır ki, Azərbaycan iqtidarı hansısa güzəştlərə razıdır, ancaq ictimai təzyiq səbəbindən güzəştlərə getmir. Bu, nə düşüncə, nə təfəkkürdür? Burda nə təzyiqdən söhbət gedə bilər?”

S.Novruzov bəyan etdi ki, Qarabağ bir qrup insanın, yaxud qarabağlıların yox, bütün dünya azərbaycanlılarının məsələsidir: 

“Elə keçirilən iki hərbi parad, müasir silahların nümayişi bilavasitə mesajdır ki, biz sülh tərəfdarıyıq, ancaq sülh nəticə verməsə, torpaqları hərbi yolla azad edəcəyik. Ən acınacaqlı məsələ ondan ibarətdir ki, 1 milyondan artıq qaçqınlarımıza mənəvi terror edilir, “siz niyə gəlmirsiniz”, “siz niyə mitinqə çıxmırsınız”-deyirlər. Qarabağda “mənim, sənin” məsələsi ola bilməz. O insanlar vaxtilə əzab-əziyyətlər çəkən 1 milyondan artıq insanı təhdid etməklə nəyə xidmət edirlər? Onlar ən aşağı insanlardır ki, qaçqınlara qarşı belə ifadələr işlədirlər. Qarabağ məsələsi futbol meydançasında həll olunası məsələ deyil. Qarabağ məsələsi Ali baş komandanın rəhbərliyi altında, ordumuzun qüdrəti ilə, qanuni, yaxud hüquqi yolla azad olunacaq. Sülh yolu ilə azad olunmayacaqsa, hərb yolu ilə azad olunacaq. Azərbaycan dövləti çalışır ki, itkilər olmadan, sülh yolu ilə azad olunsun”.

S.Novruzov daha sonra bunları bildirdi:

“Necə ki, vaxtilə “Şuşa getsə, başıma güllə vuracağam”, “bir maşın erməni başı gətirəcəyəm” deyənlər bugünkü mitinqlərdə öndə dayanıblar. Bunlar siyasi oyunbazlıq edirlər. Azərbaycan xalqı, Azərbaycan qaçsını bunları görür və məhz onlaerı boykot edirlər. O oyunbazlar başa düşsünlər, gedib öz işləri ilə məşğu olsunlar, Dağlıq Qarabağ adı altında öz oyunlarını oynamasınlar”.

Deputat Bəxtiyar Əliyev də çıxışa reaksiya verdi: 

“Vaxtilə bu parlamentdə ümummilli lider bütün siyasi qüvvələrə müraciət etdi ki, Dağlıq Qarabağla bağlı 3 layihə var, gəlib mövqelərini bildirsinlər. Amma onların bir hissəsi gəlib müzakirələrə qatılmadılar. Bəziləri gəldi, amma hansı mövqeni bildirdilər, bunu bütün Azərbaycan xalqı gördü. Bu gün cənab prezidentin rəhbərliyi altında Azərbaycan ordusu yüksək şəkildə inkişaf edir. Ordumuzun son əməliyyatı göstərdi ki, Azərbaycan torpaqlarını heç kimə güzəştə getməyəcək”.

 Deputat Fəzail Ağamalı isə dedi ki, keçiriən mitinq avantürist bir mitinq idi: 

“Əgər bunlar ölkə prezidenti ilə bərabər olduqlarını orda bəyan etsəydilər, bunu başa düşmək olardı. Bizim hər birimiz Azərbaycan vətəndaşı olaraq prezidentlə, dövlətimizlə birgə olub öz mövqeyimizi bildirməliyik və belə avamtürist çıxışlara qarşı çıxmalıyıq!”

Elşad Paşasoy,

Musavat.com

 

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*