O, BİZİM STOLIPİNİMİZ OLACAQ(mı) ???!!!

Sərdar ƏLİBƏYLİ

TƏZƏ BAŞ NAZİR İQTİSADİYYATI FƏALİYYƏTİNİN PRİORİTETİ ELAN ETDİ !!!

Əbülfəz Elçibəy Pənah Hüseynovu təzəcə baş nazir təyin edəndən cəmi bir neçə saat sonra jurnalistlər Pənah bəyə belə bir sual vermişdilər ki, Siz iqtisadiyyatı bilmirsiniz, baş nazir kimi işinizin öhdəsindən gələ biləcəksinizmi? Pənah bəy də cavabnda, “İqtisadiyyatı bilməsəm də, siyasəti yaxşı bilirəm” – demişdi. Bu günkü baş nazir təyinatı ilə bağlı danışanların da əksəriyyəti təzə baş nazirin iqtisadiyyatdan bixəbər olduğunu önə çəkirlər. Di gəl ki, bu sualı Novruz Məmmədovun özündən sormaq imkanı kimsədə yoxdur. Çünki nə təyin edən Elçibəydi, nə də təyin edilən Pənah Hüseyn. Onda hələ övladi-vətən xam idi, indi isə kef çəkməli əyyamdı. Zira, bizdə 20 ilin ötəsində yürüdülən siyasətin gərəyi, təyinatlar da, təyin edilənlər də, bu əsnadakı bütün davranış formaları da analoqsuz olmalıdr.  Bununla belə, hardansa duydum ki, Novruz müəllim özü bəyan edib ki, fəaliyyətinin əsas sahəsi iqtisadi problemlərin həlli ilə bağl olacaq. Təki olsun, “kor nə istər…” misalı.  Allahdan ümid kəsilməz, kim bilir, bəlkə Novruz Məmmədov da bizim Stolıpinimiz oldu və Allah mühafizə, bircə o da, cahanşümul reformaları inqilaba qurban gedən baş nazir kimi tarixə düşməsin, İnşaallah. Yeri gəlmişkən, elə Pənah Hüseynin reformaları da “inqilab”ın qurbanı oldu … Allahdan xeyirlisi !!! ….

Xeyir dedim, yadıma, yeri cənnət olmuşun “xiyar” söhbəti düşdü. O pir olmuşun balası da 20 ili aşqın baş nazirlik dönəmində “duzlu xiyarın yeməyə yararlılığı haqqına” tək bircə cümləlik teleməruzəsi ilə qaldı yaddaşlarda…

Yeri gəlmişkən, yadıma düşdü deyə, bizim baş nazirlik ənənələrimiz və baş nazirlərin qəribəlikləri ilə bağlı bir-iki epizodu da deyim:

1. Deyilənə görə, Pənah Hüseynin baş nazir postuna Milli Məclisdə təqdim və təsdiq mərasimində, ənənəvi olaraq sərin münasibətdə olduğu Rəhim Qazıyevlə yanaşı oturubmuş. O zaman yüksək reytinqə və nüfuza sahib olan sabiq müdafiə naziri, deputat Rəhim Qazıyevin məsələyə münasibətindən çox şeyin asılı olduğunu bilən Pənah bəyin narahatlğını duyan Rəhim bəy deyir ki, Pənah, qəti narahat olma, məmnuniyyətlə sənə səs verəcəm. Ona görə sənə səs verirəm ki, bu hökumətin ən qısa müddətdə yıxılması üçün sənin baş nazir olmağına əşhədü ehtiyac var. Beləliklə Pənah bəy baş nazir təsdiq olunsa da, onun başçılıq etdiyi hökumətin ömrü cəmi 40 gün çəkdi. Deyirlər ki, o vaxtlar Pənah bəy hamıya deyirmiş ki, yox əşi, Rəhim nəsə bilirdi. Bəzi dostların etirafına görə, Pənah bəy, o zaman bilib açmadığı sirrə görə hələ də Rəhim bəyi bağışlaya bilməyib…

2. Heydər Əliyev Naxçıvana təzə gəldiyi dönəmlərdə, ara-sıra Ali Məclisin iclaslarına qonaq qismində qatılarmış. Həmin dövrə təsadüf edən belə iclaslardan birində 20 Yanvar faciəsinin nəticələri və olaya siyasi qiymət verilməsi məsələsi müzakirə edilib. Həmçinin də günahkarların məsuliyyətə cəlb edilməsi haqqında Ali Məclisin qərarı müzakirə ediləndə, Heydər Əliyev söz alaraq bildirib ki, 20 Yanvar günahkarlarının siyahısına, o zaman Azərbaycan KP MK-da məsul vəzifə tutan Artur Rəsizadənin də adı salınsın və qeyd edib ki, o, rus dilini çox gözəl bilir, Sovet ordusunun Bakıya yeridilməsi ilə bağlı Moskvaya müraciəti də o yazıb. Beləcə, məhz Heydər Əliyevin təklifi ilə, Naxçıvan Ali Məclisinin sözügedən qərarına Artur Rəsizadənin də adı salınıb. Sonralar Bakıya gələn və Azərbaycan hakimiyyətinin olimpinə yüksələn Heydər Əliyevin həmin Artur Rəsizadəni ölkənin baş naziri və o dövr üçün faktiki olaraq dövlətin 3-cü şəxsi (sonralar 2-ciliyə də yüksəldildi, taa ki, Mehribn Əliyeva 1-ci vitse prezident olanacan – S.Ə.) vəzifəsinə təyin etməsinin sirri hələ də açılmamış qalmaqdadır.

3. Bu dediklərimin təzə baş nazirin keçmiş və gələcək karyerası ilə heç bir əlaqəsi yoxdur və bu yöndə hansısa paralellər aparmaqdan, kəhanətlər səsləndirməkdən yana da deyiləm. Hər halda, yolu açıq, ayağı sayalı, fəaliyyətləri uğurlu, sözü keçərli, dörd bir yanı aydınlıq olsun !!!!!

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*