“SOS!..””SOS!!.””SOS!!!” – VƏTƏNDAŞLAR HƏYACAN TƏBİLİ ÇALRLAR!!!

BAKININ KURORT MƏKANLARI EKOLOJİ FƏLAKƏT ZONASINA ÇEVRİLİR !!!

Kütləvi İnformasiya Vasitələrinə
 Hörmətli redaksiya! Bu həyəcanlı yazını olduğu kimi dərc edib yaymağınızı xahiş edirik. Eyni zamanda Sizi Vətənimizə, təbiətimizə sağalmaz yaralar vurulmasına, Bakımızın Xəzər sahili ətraf torpaqlarının məhv edilməsinə qarşı həyəcan təbili çalmağa, “SOS” siqnalları yaymağa çağırırıq!
 Bilin ki, bununla da Siz Vətənimizə, indiki və gələcək nəsillərimizə önəmli xidmət göstərmiş olacaqsınız!

                                                        ***

Həyəcan təbili çalınmalıdır.

Bakının kurort məkanları ekoloji fəlakət zonasına çevrilir.

Nardaran qəsəbəsi sakinləri və bağ evlərinin sahibləri olan bir qrup vətəndaş tərəfindən Prezident I.Əliyevə, Baş Prokuror Z.Qaralova, Daxili İşlər Naziri R.Usubova məktubla müraciət ünvanlanmışdır.

Nardaranda Daş karxanası onlarla ailə üçün təhlükə mənbəyinə çevrilib. Onlarla ailənin sağlamlığı ilə oynayanlar kimdir? Yaşayış yerindən 10 metr uzaqlıqda daş karxanasının olmasına kim icazə verib?

Müraciətdə deyilir: “Vətənimizin cənnət təbiət torpaqları, Bakının Xəzər sahili ətraf ərazilərindəki yüzlərlə hektar istrahət, kurort məkanları, hətta vətəndaşların xüsusi mülkiyyətinə verilmiş torpaqlar, bağ sahələri kəmfürsət, “arxalı” şəxslərə məxsus qanunsuz daş karxanaları tərəfinən“işğal” (zəbt) edilmiş, həmin ərazilərin həm daş, həm də münbit torpaq qatı vəhşiliklə dağıdılıb satılmış, torpaq sahələri ekoloji fəlakət zonasına çevrilmişdir. Məhz bu daş karxanalarının qanunsuz və dağıdıcı fəaliyyəti nəticəsində həmin yerlərdə yaranmış saysız-hesabsız zəhərli toz təpələri güclü küləklər zamanı bütün Bakı şəhərinin və Abşeron yarımadasının sıx toz dumanına bürünməsinə, ətraf mühitin kəskin şəkildə çirklənməsinə, son illərdə ölkədə vərəm və xərçəng xəstəliklərinin iki dəfədən çox artmasına səbəb olmuşdur. Təbiətə və insanların sağlamlığına qarşı dünyada görünməmiş bu vəhşiliklərin əsas günahkarlarından biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Ekologiya Nazirliyinin vəzifəli şəxsləri həm də Bakı şəhərini tez-tez bürüyən zəhərli toz dumanının səbəb və mənbəyini xalqdan və dövlətdən gizlədir, bunun qarşısını almaq üçün öz üzərlərinə düşən vəzifə borclarını yerinə yetirmirlər. Yaranmış ağır ekoloji vəziyyətlə bağlı yüksək dövlət orqanlarına ünvanlanmış şikayətlər isə müəmmalı şəkildə günahkar Ekologiya Nazirliyinə göndərilir və orada da “dəfn” edilir”.

Məktubda xüsusi olaraq vurğulanır ki, Abşeronun Xəzər sahili qəsəbələri ərazilərində fəaliyyət göstərən daş karxanalarıarasında ən təhlükəlilərindən biri də “Nardaran daş karxana təsərrüfatı-LTD” MMC-dir. Son illərdə həmin karxana təsərrüfatı Ekologiya Nazirliyinin vəzifəli şəxslərinin dəstəyindən istifadə edərək, bağ evləri ilə Nardaran qəsəbəsi arasında, yaşayış məntəqələrinin lap yaxınlığında daşkəsən avadanlıqlarını quraşdıraraq insan həyatı üçün çox təhlükəli fəaliyyətini daha da genişləndirmiş, ətraf mühiti və yaşayış məntəqələrini radiasiyalı daş tozuna bürümüş, həmin əraziləri zibilxanaya, üfunət məkanına, ekoloji fəlakət zonasına çevirmişdir.

Müraciətdə göstərilir ki, həmin karxana təsərrüfatının fəaliyyəti tamamilə qanunsuzdur. Belə ki,“cənab Prezident İ.Əliyevin göstərişi ilə hazırlanmış “2015-2035-ci illər üçün Bakı şəhəri ərazisindən istifadə və zonalaşdırma Dövlət Planı”nda Abşeron yarımadasının Xəzər sahili boyu yerləşən qəsəbələri və onların ətraf əraziləri, o cümlədən Nardaranın ətraf yerləri xüsusi mühafizə olunan təbiət torpaqları olaraq müalicə-sağlamlaşdırma, istirahət (rekreasiya), turizim və kurort məkanları kimi nəzərdə tutulmuşdur. Ölkə qanunvericiliyinin tələblərinə görə isə xüsusi mühafizə olunan təbiət ərazilərində daş karxana təsərrüfatları və başqa çirkli müəssisələrin yaradılması və istifadəsi tamamilə qadağandır”.

 Müraciətdə ölkə qanunvericiliyinin təbii resuslardan istifadə qaydaları və ətraf mühitin qorunması ilə bağlı tələblərindən danışılaraq izah edilir ki, “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 15-ci maddəsinin tələbinə görə, təbiətdən istifadəçi ilə müvafiq icra hakimiyyəti orqanı arasında  təbii resurslardan istfadəyə görə müqavilə (kontrakt) bağlanmalıdır. Lakin “Nardaran daş karxana təsərrüfatı-LTD” MMC torpaqdan istifadəyə görə torpaq sahibi olan Nardaran bələdiyyəsi və ya ərazinin əvvəlki sahibi Bakı Şəhər İcra Hakimiyyəti ilə müqavilə (kontrakt) bağlamamışdır.

“Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli müvafiq Fərmanı ilə təsdiq edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnaməyə görə, dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsi zamanı komitənin rəyi alınmalıdır. Yerli icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə dövlət torpaqlarının icarəyə və ya istifadəyə ayrılması barədə qərar qəbul edilənədək və torpaq icarə müqaviləsi bağlananadək Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindənTorpaq Məcəlləsinin 65-ci və “Torpaq icarəsi haqqında” Qanununun 9-cu maddəsinə müvafiq olaraq yer quruluşu işləri aparılmaqla ayrılan torpağın sahəsinin, yerinin, sərhədlərinin və konfiqurasiyasının xəritə üzərində göstəriciləri ilə faktiki vəziyyəti arasında uyğunlaşma təmin edilməli və sonra torpaq ayrılmasına dair rəy verilməlidir. Əmlak Məsələləri Dövlət Komitəsinin rəyi olmadan ayrılan torpaq sahələri qanunsuz hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar  1999-cu il tarixli, 1 saylı Qərarına görə, faydalı qazıntıların çıxarılması məqsədilə Dağ-mədən ayırması” statusunu almaq üçün tələb olunan əsas şərt, torpaq sahibinin yerin təkindən istifadə məqsədilə müvafiq torpaq sahəsinin ayrılmasına razılığıdır. Həmin qərarın 1.5- ci bəndində isə göstərilir ki, yer təki istifadəçilərinə “Dağ-mədən ayırması” torpaq sahiblərinin razılığı alındıqdan sonra verilir”.

 Məktub müəllifləri belə hesab edirlər ki,Ekologiya Nazirliyinin Dövlət Ekspertiza İdarəsi dövlət maraqlarını, qanunvericiliyin norma və prinsiplərini tapdalayaraq və Əmlak Məsələləri Dövlət Komitəsinin razılğı,“Nardaran daş karxana təsərrüfatı-LTD” MMC ilə torpaq sahibi Bakı Şəhər İcra Hakimiyyəti arasında torpaqdan istifadəyə dair müqavilə (kontrakt) olmadan ona Nardaran qəsəbəsinin ətrafında daş istehsalı üçün “Dağ-Mədən Ayırması” Aktı vermiş bununla da Nardaran qəsəbəsi ətrafındakı nadir təbiət, kurort məkanlarında daş karxanası açılmasına, təbiətə sağalmaz yaralar vurulmasına, həmin ərazidə və ətraf yerlərdə ekoloji  mühitin son dərəcə çirkləndirilməsinə rəvac vermişdir. Halbuki, həmin Akt qanunsuzdur və onun hüquqi qüvvəsi yoxdur”.

Daha sonra məktubda qeyd edilir ki, “ümumiyyətlə“Nardaran daş karxana təsərrüfatı-LTD” MMC insan həyatı və ətraf mühit üçün təhlükəli fəaliyyəti ilə Azərbaycan Respublikası Konstitusiyasının 39-cu və 41-ci maddələrinin, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 10-cu maddəsinin, “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 6-cı, 15-ci, 41-ci, 59.2.-ci maddələrinin, “Yerin təki haqqında” Qanunun 9-cu, 11-ci, 18-ci, 21 və 22-ci maddələrinin tələblərini, norma və prinsiplərini kobudcasına pozmuş, qanunvericiliyin yerin təkindən istifadə zamanı torpaq sahələrinin rekultivasiyasını təmin etmək haqqında və digər tələblərini icra etməmişdir”.

Müraciətdə məhkəmə orqanlarının daş karxana təsərrüfatının təhlükəli fəaliyyətinə münasibətindən də bəhs edilərək yazılır: “İnanılmaz rüsvayçı haldır ki, göstərilən qanunsuz və insan həyatı üçün təhlükəli hallarla bağlı Sabunçu Rayon Məhkəməsinə verilmiş ərizələrə, vəsatətlərə və tələblərə qanunvericiliyə müvafiq qaydada baxılmamış, məhkəmə icraatı mülki və prosessual hüquq normaları kobud şəkildə pozulmaqla qəsdən 5 aydan artıq müddətdə müxtəlif bəhanələrlə yubadılmış və daş karxana təsərrüfatının təbiətə vurduğu sağalmaz yaraların daha da dərinləşməsinə rəvac verilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin kollegiyası (sədr Sənan Hacıyev) 19 iyul 2017-ci il tarixli iclasında dövlət və ümumxalq mənafeyindən çıxış edərək iddia tələbini təmin etmə tədbiri olaraq yekun məhkəmə qətnaməsi qəbul edilənədək daş karxana təsərrüfatının fəaliyyətinin müvəqqəti dayandırılması barəsində ədalətli qərardad qəbul etmişdir. Buna baxmayaraq “Nardaran daş karxana təsərrüfatı-LTD” MMC öz cinayətkar fəaliyyətini tam dayandırmamış,həmin karxana təsərrüfatının direktoru İlqar Mürsəlovun göstərişi ilə Nardaranın Ləyiş bağlar massivinin tarazlığı amansızcasına pozulmuş və həmin yerlərin münbit torpaq qatı 99 CB 578, 90 ZV 390 nömrə nişanlı və başqa yük maşınları ilə daşınaraq satılmış və satılmaqdadır”.

Məktubda yekun nəticə olaraq yazılır: “Yuxarıda göstərilən faktlar, hallar və hüquq normaları sübut edir ki, “Nardaran daş karxana təsərrüfatı-LTD” MMC-nin fəaliyyəti tamamilə qanunsuzdur və birbaşa olaraq Prezident İ.Əliyevin təbii sərvətlərin, ətraf mühitin və əhalinin təhlükəsizliyinin qorunması ilə bağlı imzaladığı qanunlarda, fərmanlarda, “2015-2035-ci illər üçün Bakı şəhəri ərazisindən istifadə və zonalaşdırma Dövlət Planı”nda  əks olunmuş məqsədlərə, dövlət siyasətinə ziddir, təbiətə və insan həyatına təhlükə yaradan cinayət əməlidir”.

Müraciətin sonunda respublikanın ali rəhbərliyi, aidiyyatlı dövlət qurumları, o cümlədən hüquq mühafizə orqanları tərəfindən Nardaranda və Abşeronun digər Xəzərsahili qəsəbələrinin ətraf yerlərində mövcud olan daş karxana təsərrüfatlarının təhlükəli fəaliyyətinin təxirə salınmadan dayandırılması, Vətənimizin bu cənnət guşələrinin ölkə qanunvericiliyinin tələblərinə müvafiq olaraq tamamilə istirahət (rekreasiya), sağlamlaşdırma, turizm və kurort məkanlarına çevrilməsi üçün təsirli tədbirlər görülməsinə çağırış edilir və bildirilir ki, bunu Azərbaycan xalqının və dövlətinin ali mənafeyi tələb edir!.

 

Imzalar:
Altay Bağırov (tel: 051 926 60 88),
Teymur Mirzəyev (tel: 050 320 21 83),
Ağabala Ələskərov (tel: 050 245 94 55),
Rafael Fətullayev (tel: 050 456 80 56),
İbrət Musayev (tel: 050 535 81 52),
Yusif Abbasov (tel: 051 619 75 13),
Hümmət Abbasov (tel: 055 708 36 59),
Əli Əliyev (tel: 050 533 32 62).

Sən də paylaş...Tweet about this on TwitterShare on Facebook

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir