ÜMİDLƏRİİNİ DƏFN EDƏN “BİR GƏNCİN MANİFESTİ” !!!

Sərdar ƏLİBƏYLİ

“Bilirəm,  siz ümidləri dəfn edilən məni,

mən Tanrını və Tanrı da Azərbaycanı bağışlamayacaq.”

Dünən  çeşidli saytlarda və mətbu orqanlarda Azər Kamalzadə adlı  lerikli bir gəncin prezidentə açıq məktubu dərc olunub. Qan donduran bir məktub deyil, amma səmimi olduğu üçün gözəldi və çarəsizlikdən son çarə kimi alqıladım mən onu. Bu arada, elə bu günlərdə, Vladimir Putinə RF-nin pereferiyasından göndərilən video göndərini xatırladım. Məna və mahiyyət baxımından hər iki məktub çox oxşar olsa da, üslub və stil seçimində lerikli gəncin yanaşması daha mənalı və daha inandırıcı gəldi mənə. Açığı məktubun son cümləsindən anladığım bir məqam da o oldu ki, bu gənc nə yazdığının, niyə yazdığının fərqindədi və bundan sonrakı taleyindən narahatdı. Oysa, istərdim ki, bizim oxucular da, dövlət ərkanında oturan bəzi “qoçaqlar” da, elə prezidentin özü də, Vladimir Putinin sözügedən göndəriyə münasibəti ilə şəxsən tanış olsunlar ki, baş vermiş olaydan faciə düzəldib, açıq məktubu yazan gənci “heykəl məhbuslar”ı  Qiyasla Bayramın yolu ilə yollamağa tələsməsinlər. Əslində, belə  canlı və həyəcan dolu bir məktuba görə həmin gəncə təşəkkür eləmək lazımdı məncə və bunu da cənab prezidentin özü şəxsən etməlidi. Baxın, Putinin şəxsi poçtuna pereferiyadan nə göndəriblər və RF prezidenti bu göndərini necə qiymətləndirib. Bu arada göndəridə səsləndirilən senzuradan kənar ifadələrə görə hamıdan və hər kəsdən üzr istəyirəm, amma nəzərə alsaq ki, bu sözləri artıq bütün dünya eşidib, o zaman bizim buna qulaqlarımızı yummağımız heç nəyi dəyişməyəcək. Rus dilinin məişət səviyyəsində daha vahim olduğunu bilənlər bilir, ancaq burda diqqət edilməli əsas məqam  səsləndirilən fikirlərin forması yox, mahiyyətidir:

Baxdınızmı? Məsələ burasındadır ki, işin mahiyyəti və əyalət gerçəklərinin “vəsfi” o qədər təsirlidir ki, Putin kimi təcrübəli və təmkinli dövlət adamı belə yekun sözündə fikirlərini qarışıq salıb: ” biz hamımız  çalışmalıyıq ki, xalqın xöşbəxt günləri az, problemləri isə çox olsun” – deyir. Yəqin ki, Vladimir Vladimiroviç  tam da bunun tərsini demək istəyib.  

İndi isə, Lerikli gəncin məktubunu oxuyun və Azərbaycanın pereferiyasında olub-bitənlərlə RF pereferiyasının durumunu müqayisə edin. Mahiyyət və məna oxşarlığı nəzərəçarpacaq dərəcədədir və bu da dolayısı ilə, bizim hələ də məşum imperiyanın əyalətlərindən biri olmaqdan qabağa gedə bilməməyimiz  həqiqətini gözlər önünə sərməklə, xeyli təəssüf doğurur:


Azər KAZIMZADƏ

Mən Tanrıya Tanrı da İlham Əliyevə…

Cənab Prezident, sizə arzuların, ümidlərin dəfn olunduğu bir kənddən, bir rayondan və  bir ölkədən yazıram. Fikirləşəcəksiniz ki, savadlılığın 100, yoxsulluğun 5 faiz, milyonların tuğyan etdiyi ölkənin bir rayonunda ümidlər, arzular necə dəfn oluna bilər?

Kaş ki sadaladığınız o rəqəmlər reallığı əks etdirəydi. Əslində, bizim xalq olaraq problemimiz də bu 25 ildə real ola bilməməyimizdədir. Ona görə də, indi mən sizə o dəfn olmuş arzulardan yazmaram, çünki nəinki mənim, hətta yeri laməkan olan Tanrının da o arzuların reallaşmasına ümidi yoxdur.

Məni arzularım bilirsiniz, nə idi? Necə gözəl idi? Uşaqkən AzTv-də baxdığım çiçəklənən, inkişaf edən, “demokratikləşən” Azərbaycanda yaşamaq…

1998-ci ildə atam əlimdən tutaraq: “Oğlum, cənab prezident Heydər Əliyev  Lerikə gəlir, dur gedək”, – demişdi. 

Hə, Həsənağa əminin köhnə UAZ-ı ilə daşlı-kəsəkli yolları qət edib rayona getməyim,  Xanış kişinin qurbanlar kəsdiyi bir prezidentin qəbuluna düşmək, görmək kimi möhtəşəm uşaqlıq arzularım vardı…

Hətta atama sual da vermişdim ki, Heydər Əliyev bizim bu yolları, şüşələri qırıq, damı uçuq məktəbimizi, bir tərəfi sökük uşağ baxçamızı, bir balaca külək əsən kimi qırılan elektrik xətlərini düzəldəcəkmi, yoxsa qaranlığa qərq olan kədimiz heç vaxt aydınlığa çıxmayacaq?

Oysa, “Bala, Heydər Əliyev hər şey edəcək, narahat olma”, – deyərək məni inandırmışdı. O sözlərin deyiliş tərzi hələ də qulaqlarımdan getmir…

Rayondan qayıdanda məğrurluğum isə  özümü bir başqa cür təsirləndirirdi. Axı mənim AzTv-yə baxaraq gözəl məktəblərdə oxumaq istəyim, çiynində daşıdığı odun parçalarını bir kənara atıb, balaca bacımın əlindən tutub  bağçaya aparmaq, rayona xəstəxanaya gedəndə o zəhrimar sifətli həkimlərdən qurtulmaq arzum, polisə gedəndə acı-acı: “Ə sən niyə gəlmisən?”, – deyən zırpı polisdən qurtulmaq arzum var idi…

Olmadı, cənab prezident, olmadı. İllər keçdikcə o arzuları bir-bir əllərimlə dəfn eləməyə başladım. Hətta o yalançı, sırtıq mollanın 3 manat alaraq arzularımızın dəfn olduğu məzarlıqda “Yasin” oxuması da heç yadımdan çıxmır. Arada sinifdə Lazım müəllim həmişə deyirdi ki, umidlər sonda ölür. Amma biz sonumuzu görmədən arzularımızı, ümidlərimizi dəfn elədik…

AzTv-nin dediyi kimi, 25 ildə xəstəxana təmir olundu, amma içərisindəki zəhrimar siffətli həkimlər dəyişmədi. Polisin binası yeniləndi, amma zırpı  polislərin də sayı artdı.  İcra Hakimiyyətinin imarətə bənzər binası inşa olundu, amma sirsifətindən yağ daman məmurlar yenilənmədilər. Hər gün yedilər, dağıtdılar, sökdülər rayonu, nə yol qaldı, nə təhsil, nə mədəniyyət…

Hamısının məhv elədilər və “cənab prezident tapşırıb”, – dedilər.Amma bütün bunlara baxmayaraq, bir zamanlar yenə sizdən umid gözləyənlər də var idi. Amma o ümidlər də Prezident Aparatına gedən məktublar kimi yenidən geriyə – Lerikə qayıtdı, qaytarıldı…

Bəli, cənab prezident, bilmirdik ki, Rövşən Bağırovlar, Cəlil Baxşiyevlər, Habil Məlikovlar o məktubları əllərində tutub: “Bax, budur gedin, hara şikayət edirsiniz edin”, – deyərək o məzlumları əliboş yenidən daşlı kəsəkli yollarla geri qaytaracaqlar…

Bilirsiniz, cənab Prezident, yadıma nə düşür:  116 manat pensiya alan Fatma nənə də artıq hər çağrılanda rayona getmirdi. Uşaqlıqda bizə gələcək haqqında danışdıqlarına görə utanc hissi duyurdu. Bəlkə də, üzümüzə baxmağa vicdanı ağrıyırdı. Artıq Lazım müəllim də: “Ümidlər sonda ölür”, – demirdi…

Bəlkələr, ümidlər, arzular bitib, cənab prezident… Reallıqlar onları udub.  Necə ola bilər ki, “Möhtərəm” deyə umidləndikləri prezident 7 il idi rayona gedə bilmir. Lerik xarabalığa çevrilib, amma “prezidentin bundan xəbəri yoxdur”, məmurlar xalqı çapıb talayır, amma heç kim səsini çıxarmır?

Lerikə ayrılan milyonlardan sonra Lerikin yolları düzəlmədi, əksinə məmurların evləri saraylaşdı. Bu arada məlum oldu ki, 17 milyonu da “nuş can” ediblər. Lerikə ayrılan milyonlardan sonra icra başçısı və müavinləri iş yerləri açmaqdansa, yeni villalarının açılışını etdilər. Ayrılan milyonlardan sonra Lerikin işığı yanmaqdansa, əksinə qaranlığa qərq oldu. Lerikə ayrılan milyonlardan sonra gənclər təhsili buraxıb Bakıda daş karxanalarına üz tutdular. Artıq həmişə əl açıb kömək istədikləri Tanrıdan da ümidlərini üzüblər. Axı 83 yaşlı Baş nazirə dəyməyən tanrı 50 yaşlı Rövşən Bağırova, 58 yaşlı Cəlil Baxşiyevəmi dəyəcəkdi? Bax bu da real görsənmirdi. Bilirəm sizin bundan, bəlkə də, yenə xəbəriniz olmayacaq. Artıq leriklilərində bir ümid yeri, xəbər edəcəkləri bir yer, ünvan qalmayıb.

Bilirəm,  siz ümidləri dəfn edilən məni, mən Tanrını və Tanrı da Azərbaycanı bağışlamayacaq.

Hörmətlə:
Lerikli gənc Azər Kazımzadə
17 Eylül 2017 Pazar

 

 


P.S.

Açığı bu məktubu oxuyanda, bir məsələni də xatırladım. İllər öncəsində, mənim də prezidentə oxşar bir məktubum olmuşdu və cavab ala bilmədiyim üçün onun barəsində Səbail rayon məhkəməsində “vəzifəli şəxsin hərəkətsizliyi” maddəsi ilə iddia qaldırıb,  şikayət eləmişdim. Bir müddət sonra məhkəmədən qərardad gəldi ki, ərizə düzgün tərtib olunmayıb və yenidən yazılmalıdır. Ancaq qərardadı çıxaran hakim öz əsaslandırmasında prezidenti aşağılıyıcı təsbitlərə yol vermişdi deyə (Prezident MİS (JEK) rəisi ilə eyniləşdirilmişdi. Yeri gəlmişkən, həmin qərardad indi də arxivimdə qalır və maraqlananlar olarsa tapıb foto surətini də dərc edə bilərəm – S.Ə. ),  qərara aldım ki, Azərbaycan respublikasının vətəndaşı adndan fərman çıxarıb, prezidenti əfv edərək, onu məktubuma  cavab vermək məsulyyətindən azad edim. Bunun bir səbəbi də, elə həmin vaxtlarda Prezident İlham Əliyevin adından, 12 yaşlı erməni qızına, “Doroqaya Adelina” sözləri ilə başlanan böyük bir cavab məktubunun  mətbuatda dərc edilməsi və analoqsuz siyasətin diplomatik sahədə böyük uğuru kimi təbliğ edilməsi idi. Elə də etdim və həmin ərəfədə növbəti qəzetim hakimiyyətdəkilərin örtülü istəyi üzərinə qapadılmşdı deyə, fərman Fb vasitəsilə yayınlandı. Qəti əminəm ki, Lerikli gəncin məktubunu da mənim o məktubumun (Ümumiyyətlə 15 il ərzində prezidentə onlarla məktub ünvanlamışam, lakin ondan, nübar üçün olsa belə, tək bircə kərə cavab almamışam. “Doroqaya Adelina”dan fərqli olaraq, nə bizi adam yerinə qoyullar, nə də məktublarımıza, sorğularımıza cavab verillər.) aqibəti gözləyir. Gəncin məktubunun bir xeyli məqamları bəndənizin “əfv fərmanı” ilə səsləşir deyə, həmin fərmanı olduğu kimi yenidən dərc edir və bunu da həmin gəncin məktubuna cavab kimi qəbullanmağınızı rica edirəm, sayğıdəyər oxucular:

———————————————————-

İLHAM ƏLİYEV ƏFV EDİLDİ!!!

10 января 2012 г

Azərbaycan Respublikası vətəndaşının

Prezident İlham Əliyevin əfv edilməsi haqqında

F Ə R M A N I

1.  Ölkəmizdə 1993-cü ildən başlayaraq,  Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin başlatdığı  və Onun ən Layiqli Varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev tərəfindən uğurla davam etdirilən, dünyada  və bəlli tarixdə analoqu olmayan daxili və xarici siyasətin hansi ağil və hünərin, hansi əzab və əziyyətlərin bahasına başa gəldiyini, eləcə də bu siyasətin qazandığı cahanşumul uğurları ancaq siyasətən kor və mənən nankor olan insanlar görmür, qəbul etmir, ya da görmək  və qəbul etmək istəmirlər. Hətta cağdaş dünyanın aparıcı beynəlxalq təşkilatları və hökumətləri belə, bu analoqsuz siyasətin uğurlarına kölgə salacaq açıqlama və hesabatları ilə, bizim Ulu Öndərimizə və onun ən Layiqli Davamcısına qısqanc münasibətlərini ortaya qoyur, acıqca paxıllıq hissi nümayiş etdirirlər. Beynəlxalq ictimai rəyi formalaşdıran populyar qeyri-rəsmi təşkilatların və QHT kimi fəaliyyət göstərən qurumların da Azərbaycandakı siyasətin uğurlarına paxıllıq  nümayiş etdirmələrini, bu siyasətin sahibinə qısqanclıqla yanaşdıqlarını görməmək mümkün deyil. Bu mənada, bizim Ulu Öndərimiz və Ümummilli Liderin siyasətini davam etdirən gənc prezidentimizin uğurlarına, öz əməllərilə bütün dünyanı heyrətə gətirən qanlı tiranlardan, ən böyük diktatorlardan tutmuş, ən böyük demokratlara qədər,  hamısı həsəd aparır və hamısı da  pərdə arxasında Azərbaycanın belə şərəfli şəxslər tərəfindən necə şərafətlə idarə olunmasından dərs almağa calışırlar. Hətta yeni il ərəfəsində dünyasını dəyişmiş Şimali Koreya diktatorunun da öz varisinə yazdığı vəsiyyətnaməsində, oğluna, Heydər Əliyev məktəbini oxumağı və İlham  Əliyevin təcrübəsini mənimsəməyi vəsiyyət etdiyini  bildirən “məxfi” qrifli  məlumatlar var…

2.  Bütün bu deyilənləri nəzərə alaraq, cənab prezident barəsində Səbayel Rayon Məhkəməsində qaldırdığım məhkəmə iddiasından vaz  keçir və  İlham Heydər oğlu Əliyevi əfv etdiyimi bildirirəm. Heç şübhəsiz ki, yuxarıda barəsində danışdığım çahanşümul uğurlar son 17 ildə  bizi idarə edən siyasətə və bu siyasəti yönətən ZATİ ALİLƏRİNƏ asan başa gəlməyib. Ümummilli Lider və Ulu Öndərin ən Layiqli Varisi  bütün bu uğurları, gecə-gündüz bilmədən,  Azərbayçan naminə calışmaqla, işləməklə, əzab-əziyyətlərə qatlaşmaqla qazana biliblər. Hələ qabaqda da görüləcək çox işlər var ki, bu mənada, çənab prezidentin “kokoy-to” baş redaktor əvəzinin məktubuna çavab verməsi, əvvəla cox çılız və adi  bir məsələdi, sonra da, onun belə adi və cılız işlərlə uğraşmağa vaxtı,  vədəsi yoxdu.  Çünki son illərdə qazanılmış uğurlar və görülmüş işlərlə yanaşı, hələ görüləsi işlər də coxdu. Məsələn, hələ təhvil-təslimi başa catdırılmamış Qarabağ məsələsi, taleyi bəlirlənməmiş Qarabağətrafı rayonlarımız var. Qarşıda “Avrovizion” yaraşması və bu xüsusla  toplanmalı xəracların tam toplanaraq fonda təhvili dayanır. İstismarı başa catmayan, yeni istismara verilməli neft-qaz yataqları, kəmərlərlə axan milyardlar haqqında isə söz ola  bilməz.  Hələ Azərbayçan boyu didərgin salınmamış milyonlarla oğullar, atası sağkən yetim qoyulmamış on minlərlə körpələr, əri varkən ərsiz qoyulmamış minlərlə gəlinlər, kəsilməmiş yüzlərlə başlar, yıxılmamış evlər, dağıdılmamış yuvalar, talanmamış mülklər,  təkcə Bakıda hələ qazılıb xaraba qoyulmamış onlarla kücələr, tikilməmiş, yaxud da tikintisi başa catmamış gözdələnlər, həbsxana filtrlərindən kecirilməmiş yazarlar, siyasətcilər, sındırılmamiş ziyalılar, alimlər, fəxri adlarla titullandırılmamış “Xalq Artistləri”, “Əməkdar Jurnalistlər”, “Dindar” din xadimləri, “Savadlı” müəllimlər, “Şəfqətli” həkimlər var, və sair, və ilaxır. Əslində bütün bu işləri görüb başa çatdıra  bilmək ücün hər – “mənəm”- deyən kişinin ömrü  yetəsi deyil. Və bütün bunları ançaq və ançaq Ümummilli Liderin başlatdığı və Ulu Öndərin ən Layiqli Varisinin davam etdirdiyi  analoqsuz siyasətlə yekunlaşdırmaq mümkündü. Hələ mən ölkə boyu acılışı planlaşdırılan obyektlərdən, məhz çənab prezidentin mübarək əlləri ilə kəsilə  biləçək və yer kürəsini  ekvator boyunça bir necə dəfə qurşamağa catası, Azərbaycanın bütün müxalifət düşərgəsinə  bahalı toy kostyumları tikməyə yetəsi qırmızı lentlərdən danışmıram.  

3.  Azərbaycanın yaxın 50 ildə  xalqımızı gözləyən sadaladığım və sadalaya bilmədiyim bu uğurlara catması arzusuyla, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə, cənab prezident başda olmaqla, xalqımızı bir daha təbrik edə bilməkdən qürur  duyduğumu bildirir, həmcinin Azərbaycanın gələcəyi naminə daha  böyuk və daha cahanşümul işlər görə bilməsi ücün İlhm Heydər oğlu Əliyevə uğurlar diləyirəm. Yalnızca İlham Əliyevin bizə, öz təbirincə desək, “doroqaya Adelina” qədər diqqət  ayıra bilməməsində də hansısa qəsd və ya qərəz axtarmaq  fikrindən də cox uzaq olduğumu söyləməklə, bəyan edirəm ki, belə çılız bir məsələdən dolayı, onu narahat etdiyimə görə xəcalət çəkir, utanc hissi kecirirəm. Öz böyük səhvimi anlayaraq, İlham Heydər oğlu Əliyevi əvf edir və onu bizim məktubu cavablandırmaq məsuliyyətindən azad edirəm.

4.  Fərman “Polad” dərc edildiyi gündən qüvvəyə minəcəkdi. Ancaq bu gün “Polad”ı da həbs etdilər deyə, fərmanı feysbokda yayınlamaq məcburiyyəti yarandı. Yəni, yayıma getdiyi andan qüvvəyə minir.   

Azərbaycan respublikasının vətəndaşı, qanunsuz və məhkəməsiz  həbs edilmiş  «Nota bene», «Nota», «p.s.Nota» və  «Polad» qəzetlərinin

baş redaktor əvəzi  
Sərdar ƏLİBƏYLİ
Bakı şəhəri 
10 yanvar 2012-ci il      

 

 

 

Sən də paylaş...Tweet about this on TwitterShare on Facebook

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir