“BORÇALI DASTANI” TƏQDİM OLUNDU !!!

Zəlimxan MƏMMƏDLİ:

Türklər tarix yaradır amma yazmır düşüncəsini bu kitabla dağıtdıq. Biz həm tarix yaratdıq, həm də heç kimin pozmasına imkan vermədən o tarixi yazdıq.”!!!

Fb-NİN GÜNDƏMİNDƏN 

Noyabrın 3-də Borçalı Cəmiyyətinin ofisində əsasən “Cəmiyyət”in 9 illik fəaliyyətini özündə əks etdirən ”Borçalı Dastanı” kitabının təqdimatı keçirilib. Tədbirin aparıcısı folklorşünas alim Elxan Məmmədlinin qısa açılış nitqindən sonra söz kitabın müəllifi, Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədliyə verilib. Müəllif kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib, Borçalı Cəmiyyətinin 2009-cu ildən bəri keçdiyi yola qısa ekskurs edərək məhz həmin yolun kitabda əks etdirildiyini iştirakçıların diqqətinə çatdırıb. Zəlimxan Məmmədli daha sonra: 

“Türklər tarix yaradır amma yazmır düşüncəsini bu kitabla dağıtdıq. Biz həm tarix yaratdıq, həm də heç kimin pozmasına imkan vermədən o tarixi yazdıq. Apardığımız sağlam dostluq, qardaşlıq, barış və sülh xəttinə asi olanları bu kitabla məyus etdik. Cəmi 1000 tiraj olsa da artık yüz minlərin qəlbində yer edən bir tarix soydaşlarımızn, bizi sevənlərin ruhuna hopub. Bundan sonra o tarixi kimsə poza bilməyəcəkdir. Bu kitabla həm də biz soydaşlarımız üçün həyati vacib bir işi – onların təşkilatlanması-icmalaşması işini stimullaşdırdıq. Bu kitab təşkilat qurmaq istəyənlər üçün əyani istinad nöqtəsidir. Eyni zamanda bu kitab Borçalını tədqiq edənlər və borçalı sevərlərin ensiklopedik masa üstü vəsaitləri rolunu oynayacaqdır. Gələcəkdə bu kitabın gürcü dilində, ingilis və rus dillərində nəşrinə nail olmaq üçün borçalı türklərinin gerçək mahiyyətini daha geniş auditoriyaya tanıda biləcəyik” söylədi.

Kitabın işıq üzü görməsində maddi və mənəvi əməyi olanları xüsusi qeyd edən Z. Məmmədli sonra bildirib ki, bizim ötən 9 ildə “Cəmiyyət” olaraq fəaliyyətimiz Azərbaycan, Gürcüstan və Türkiyə dostluğuna söykənməklə soydaşlarımızın milli haqlarının müdafiəsi ilə yanaşı onların Gürcüstanın ərazi bütövlüyünün qorunması və Avrointeqrasiya siyasətinin bir hissəsinə çevrilməsi yönündə olmuşdur:

“Elat Bayramı bu dostluğun bariz nümunəsi sayıla bilər. Biz soydaşlarımızın Gürsüstanda 2003-cü ildən start götürmüş demokratiya kursuna hər zaman sayğı göstərilməsinin tərəfdarı olmuşuq və bu gün artıq bu ənənənin bəhrəsini görməkdəyik. Təsadüfi deyil ki, Borçalı Cəmiyyəti hələ 2013-cü ildə öz prinsiplərinə sadiq qalaraq Gürcüstanın sabiq prezidenti M. Saakaşviliyə vəzifəsindən, demokratik seçki ilə dinc şəkildə gedəndən sonra “Demokratiyanın dostu” mükafatını verəndə də məhz onun Gürcüstanın demokratikləşməsində və soydaşlarımıza münasibətindəki mövqeyini nəzərə almışdı. Biz inanırıq ki, Gürcüstan üçün bu ənənə bundan sonra davam edəcək və gələcək prezident seçkilərində də soydaşlarımız da məhz bu kursa dəstək verəcəklər.”

Z. Məmmədlinin çıxışından sonra təqdimat mərasiminə qatılanlar kitab haqda düşüncələrini bölüşüblər. Borçalı Elinin görkəmli söz ustası Mədəd Coşqun, millət vəkili Fazil Mustafa, filologiya elmləri doktoru Bədirxan Əhmədov, keçmiş millət vəkili Arzu Səmədbəyli, filologiya elmləri doktoru Esmira Fuad, AMEA-nın Cənubi Azərbaycan şöbəsinin müdiri Səməd Bayramzadə, İsveçdə fəaliyyət göstərən Güney Azərbaycan Konqresinin sədri Abdulla Əmir Haşimi Cavanşir, ekspert Oqtay Qasımov, şair Rafail Tağızadə, filoloq alim Qiymət Məhərrəmli, Axıska türklərinin təmsilçisi İbrahim Bürhanov, şair-tərcüməçi, publisist Qivi Pasxataşvili, İlqar Türkoğlu, gənc fəal Tural Qarayev və başqaları çıxış edərək “Cəmiyyət”in 9 illik keçdiyi yolu özündə ehtiva edən “Borçalı Dastanı” haqda fikirlərini paylaşaraq kitabın ərsəyə gəlməsini mühüm hadisə kimi dəyərləndiriblər. Təqdimat mərasimi Aşıq sənətinin nümayəndələri Aşıq Cahangir Quliyev, İsa Təbrizli və Fikrət Cəfəroğlunun çıxışları ilə sona çatıb.

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*