“ƏLİYEVİN “QARALAMA” DƏFTƏRİ, YAXUD, AZƏRBAYCAN VƏ QANUNLAR,”

“BAŞMIZ SAĞ, AXIR QƏMİMİZ OLSUN, ALLAH SƏBİR VERMƏSİN !!!”

Fb-NİN GÜNDƏMİNDƏN

İsmayıl İSLAMOĞLU

07 fevral

Bu gün bir dostla həmsöhbət olduq. Qısa dialoqumuzda hər şeydən danışdıq. Biraz zarafatlaşdıq. Ölkədəki vəziyyətdən, problemlərdən başladıq, siyasətə qədər gəlib çıxdıq. Bilmədim necə oldusa söhbətimizin bir ucu nərd oynamaqdan düşdü. Oynaya bilib – bilmədiyini soruşdum. O da, oynamağı yox, nərd düzəltməyi bacardığını söylədi. Hələ “içəri düşsək sənə də öyrədərəm” – dedi insafsız. Nə isə. Sözümün məğzi onda deyil. Sadəcə, Azərbaycanın özünün və xalqının üzərində nərd taxtası açıb zər atırlar. Kimin şansı bol gətirirsə, arada “şeş qoşa” atır. Lazım olanda da “du bir”… Klanlar arası yarışın ortasında qara daşların sahibi hələ ki, ağ daşlara qalib gəlir deyəsən. Boş qalan xanaların yerini də, kim tez bacarsa tutur. Həmişəki kimi xalq da öz növbəsində sırasını gözləyir. Lakin bu oyun acı bağırsaq kimi hey uzanır və bitmək bilmir.

Prezident seçkilərini də qabağa çəkdilər. Dünyaya meydan oxumağa cəhd edən hökumətimiz, seçkilərin qabağa çəkilməsini lap saatların qabağa çəkilməsi ilə qarışıq salıb elə bil. 

Bəlli klan(lar)ın söz alverçiləri də hər gün bir açıqlama verib lap zəhləmizi töküblər. Rəhmətliyin nəvəsi, zatən hər şeyi bizim əvəzimizdən edirsiz, bu qədər hay-həşirə nə ehtiyac var!?

Bizim əvəzimizə maaş alıb, bizim əvəzimizə yeyirsiz, bizim əvəzimizə qol-qanad açıb hər gün kef-damaq içində oynayıb şadlanırsız, bizim əvəzimizə səs verirsiz, bizim adımızdan danışırsız, bizim əvəzimizə hər şeyi edirsiz. Qanunlarınız qüvvəyə minir də, belə lap çapır da… Konstitusiyamız da maşallah, cənab Əliyevin qaralama dəftərinə çevrilib. Pozub yazmaqdan boş yer qalmayıb. Bir balaca yer tapıb ora da seçki vaxtına nəinki növbədənkənar, hər şeydən kənar dəyişiklik etdiniz. Şak-şak-şak… Uzaqgörənliyinizi alqışlayırıq.

Rəhmətliyin sözü olmasın, bizim xalq dözümlü xalqdı. Aclığa az dözməmişik, elə indi də dözürük. Əsarət altında da qalmışıq. Elə indi də “paşti şto” rusun əsarəti altındayıq. Boynumuza keçirdiyiniz zınqırovun belə səsi bizi narahat eləmir. Çünki yerimizdə sakit oturmuşuq. Nə tərpənməyi bilirik, nə ayağa qalmağı. Ona görə də nə o zınqırov səs çıxarır, nə də biz oyanırıq. Özümüzə həsəd aparıram, yatmağın da təhəri var. Yatan adam arada o tərəfə bu tərəfə çevrilər. Deyəsən bu saxta oyunlara tamaşanın heyrətindən  necə donub qalmışıqsa, hələ donumuz da açılmayıb. 

Bu il də əlimizdən heç nə gəlmir deyəsən. Əziz xalqım başın sağ olsun, axır qəmin olsun, Allah səbr verməsin!

1 Comment

Leave a Reply

Your email address will not be published.


*