20 YANVAR – “ДО И ПОСЛЕ НОЧИ” !!! – II yazı

——————————

Sərdar ƏLİBƏYLİ

——————————

TARİXİMİZİN AĞ VƏ QARA LƏKƏLƏRİNƏ AYNA TUTANDA … 

II yazı

Açığı “ŞADP”-dən bəhs edəndə, məsələnin bu qədər böyüyə biləcəyini də, bir belə rezonans doğuracağını da heç düşünməmişdim. Arada yazdığım kiçik bir yazlda da qeyd eləmişdim ki, bu məqalənin I hisəsini  Fb-də paylaşandan az sonra, xətrini çox istədiyim və kifayət qədər informasiyalı ziyalılarımızdan biri inboksda yazdı ki, Sərdar, ŞADP-dən yazmağın aləmi qatacaq. Elə səhəri günü çeşidli saytlarda, müxtəlif xəbər portallarında, eləcə də sosial şəbəklərdə başlanan hay-küy, dostumun nəyi və niyə dediyini ortalığa qoydu. Gerçəkdən də, başlanan total hücum dalğası adamı vahiməyə salacaq boyurlardaydı və hələ də səngiməyib. Amma bu, heç də o anlama gəlməməlidi ki, bütün bunlar mənə hər hansı formada təsir göstərmək gücündədi. Enində-sonunda mən adı çəkilən və ya çəkilməyən şəxslərin nə vəkiliyəm, nə də onların mətbuat sahəsindəki səlahiyyətli nümayəndsi. Açığı onların da mənim müdafiəmə elə bir

ehtiyacı yoxdu. Ancaq, proseslərin belə böyüməsini görəndə, ötən ilin yayında 1993-cü ilin 4 iyun hadisələrinə də, əvvəlki illərlə müqayisədə, görünməmiş həssalıq sərgiləndiyini xatırladım. Amma maraqlıdır ki, onda da, doğru yalan,  cəmiyyətə sırınan macəra dolu hekayələrin və nağılların anti qəhrəmanları elə eynu adamlardı. Artıq indidən əminəm ki, gələn aya təsadüf eliyən “Xocali soyqırımı günü”ndə də cəmiyyətə eyni motivlərlə yazılmış nağıllar sırınacaq və görünəni də odur ki, bütün bunlar eyni bir mərkəzdə yazılmış ssenarinin əsasında oynanan tamaşanın və həmin mərkəzdən idarə olunan proseslərin tərkib hissəsidi. Bunu etməkdə məqsədin nə olduğuna, hədəflərin hara tuşlandığına irəlidə qayıdacam.

İndi isə, yenidən 1990-cı ilin 20 yanvar ərəfəsinə və sonrasına qayıdıb, bəzi gerçəklərə ayna tutmaq istiyirəm. Çünki burda anlaşılması çox zor olan bəzi mətləblərin üstünə işıq salmaqla, cəmiyyətin bu mətləblər üzərində bir daha düşünə bilməsinə nail olmaqdı məqsədim. Əslində, 20 yanvardan sonra elan olunam ŞADP məsələsinin nəyə hesablandığı ötən yazıda  qeyd olunmuşdu. Ictimati rəyin müzakirəsinə təqdim olunan bülletendə də deyildiyi kimi, bunu eliyən AXC İH-nin üzvləri, sadəcə canlarını mümkün repressiyalardan yayındırmaq və ola biləcək etirazlarından qorumaq, ola biləcəklərdən sığortalanmaq istəmişdilər.

Amma bu cür, iki damla su qədər bir-birinə bənzəyən, daha bir addım AXC-nin İH tərəfindən az öncə də atılmışdı.

Belə ki, 1989-cu il, dekabrın 31-nə Naxçıvanda İranla sərhədlərin sökülməsinə əvvəlcədən qərar verən AXC-nin İH, dekabrın 30-da həmin qərarını ləğv edərək Sərhəd Hərəkatının dayandırılması barəsində qərar verməklə, Naxçıvanda sərhədləri sökəcək insanlardan da, ordakı hərəkata rəhbərlik edəcək şəxslərdən də faktiki olaraq imtina eləmişdilər. Dekabrın 30-u gecəsi, saat 4 radələrində Naxçıvan Vilayət XC İH-ini iki üzvü – İbrahim İbrahimli və Arif Rəhimov özlərinin də hərəkatın durdurulması haqda qərarlarını Culfa cəbhəsinin sədri Ramiz Tağıyevə təqdim edərək, hərəkatın dayandırılmasını tələb etsələr də, artıq bu mümkün deyildi və bəlli olduğu kimi, hərəkat baş verdi və sərhədlər də həmin gün söküldü. Xoşbəxtlikdən qansız-qadasız ötüşən bu hərəkatın durdurulmasına qərar vermiş təşkilat və onun rəhbərliyində olanların tam əksəriyyəti, indi həmin hərəkatı nəinki öz adlarına çıxırlar, hətta bu gün azı 5 nəfər keçmiş cəbhəçi var ki, indinin özündə də, bu hərəkatın müəllifliyinə iddia edir, bəziləri isə bu hərəkatı Əbülfəz Elçibəyin adının arxasında gizlənməklə mənimsəmək istəyirlər. Həm də 31 dekabr günü, bu gün Azərbaycanda rəsmi bayram günü kimi qeyd olunur və bu da o deməkdir ki, dövlət səviyyəsində Sərhəd Hərəkatına bəraət verilib. O zaman belə bir sual ortalığa çıxır ki, bəs birdən orda da, 20 yanvarda olduğu kimi, qan tökülsəydi və yüzlərlə insanın qətlima uğraması baş versəydi nə olacaqdı və həmin hərəkata sahiblənmək və sinəsini indiki kimi qabağa verib “mən eləmişəm” deyən neçə nəfər tapılacaqdı. Əslində isə, ayın 30-da AXC İH tərəfindən verilən qərar da, qan tökülməsi ehtimlıyla bağlıydı və enində-sonunda söhbətin quşların quşluğuynan səkə bilməyəcəyi Sovet İttifaqının sərhədlərindən getdiyinin də hər kəs fərqindəydi. Və hərəkatın tam da ərəfəsində verilmiş qərar, uğursuzluq olarsa və qan tökülərsə özlərini sığortalaya, repressiyalardan, eləcə də mümkün xalq etirazlarından yayına bilmək üçün əla şanslar yaradırdı. Amma, dediyim kimi, indi hamı bu olaya Azərbaycan tarixinin  qəhrəmanlıq salnaməsinin bir səhifəsi kimi baxır və hərəkatın müəllifliyi uğrunda hələ də qızğın mübarizələr və mübahisələr gedir. Təbii, necə deyərlər, qələbənin atası-anası çox olsa da, məğlubiyyət tarixlər boyu yetim olub. Bu hadisə də qalibiyyətə varıb deyə, indi ona sahiblənmək istiyənlərin sayı “n” qədərdi. Bu arada, o qalibiyyətə heç bir yöndən və yandan sahiblənmək şansı olmayanlar isə, hələ də iddia etməkdədirlər ki, bu məsələ KQB-nin düzənlədiyi bir oyun idi və 20 yanvarın tötədilə bilməsi üçün gedən hazırlıqların həlqələrindən biriydi. Və çox da qəribədi ki, ikincilər burda da səbəbkar və  günahkarlar kimi eyni adamların adlarını hallandırırlar.

Amma maraqlı burasıdır ki, AXC İH-nin bu cür müəmmalı gedişləri bunula da bitmir. 20 yanvardan həmən sonra olub-bitənlərin sırasında da oxşar addımlara rast gəlinir və hətta daha betər məqamlar ortaya çıxır. Bu mənada, Şəhidlərin dəfnindən sonra  Nemət Pənahlı ilə Rəhim Qazıyevin İrana, Etibar Məmmədovun isə Moskvaya gedərək, ölkə həqiqətlərini dünyaya çatdırmaq və Azərbaycanın informasiya blokadasını yarmaq çabalarında bulunmalarına rəğmən, Bakıda baş verənlər olduqca maraqlıdır. Nemət Pənahlı iddia edir ki, AXC İH-nin qərarı və şəxsən Əbülfəz bəyin ciddi təkidi ilə İrana gediblər və burdan da audio-video materialların göndərilməsi qərarlaşdırılıbmış. Ancaq həftələr ötsə də söz verilən materiallar göndərilməyib, üstəlik də Bakıda və respublikanın digər yerlərində şayiələr yayılıb ki, Nemət meydanda yığılan pullarla birgə İrana qaçıb. Belə şayiələrin qarşısının alınması üçün, o zaman ölkədə boyük nüfuza sahib olan AXC-nin hər hansı cəhddə bulunmaması isə, ya birbaşa, ya da dolayısı ilə, məhz təşkilatın Bakıda qalan rəhbərliyinin bu məsələdə maraqlı olduğuna dəlalət eliyir.

Etibar Məmmədovun Moskvada olduğu müdətdə, ona qarşı da,  məhz AXC tərəfindən təxribatlar törədildiyinə birbaşa işarə vuran dəlillər mövcuddur. Etibar Məmmədovun Azərbaycanın Moskvadaki daimi nümayəndəliyində, yerli və xarici mətbuat nümayəndələri ilə  keçirinmiş   brifinqindən sonra, Bakidan nümayəndəliyə gələn bir telefonoqramma, SSRİ KQB-sinin xüsusu təyinatlılarlna, nümayəndəliyə basqın etmək üçün səbəb və şərait yaradıb. Sözügedən telefonoqrammanı isə AXC İH adından Hikmət Hacızadə göndərib və telefonoqrammanın təxmini məzmunu belə olub:

“Etibar Məmmədovun nə AXC-nin nə də İH-nin adından danışmaq üçün heç bir səlahiyyəti yoxdur və AXC-nin rəhbərlərindən biri kimi nümayəndəlikdə qalması da məqbul deyil, onu ordan qovun” 

Məhz bu telefonoqrammanın nümayəndəlikdə yaratdığı  çaşqınlıqdan istifadə edən xüsusu təyinatlılar, nümayəndəliyi basaraq, Etibar bəyi həbs ediblər.


Etibar MƏMMƏDOV:

“1990-cı ilin yanvar hadisələrindən sonra Moskvada mətbuat konfransı keçirildi və Azərbaycanın üzləşdiyi problemlər dünya ictimaiyyətinə çatdırıldı. SSRİ-nin və beynəlxalq aləmin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri həmin mətbuat konfransında iştirak edirdi. O zaman beynəlxalq ictimaiyyət Bakıda baş verən hadisələr haqqında tam olaraq məlumatsız idi. SSRİ rəhbərliyi Azərbaycanı informasiya blokadasında saxlayırdı. Mətbuat blokadasını yaran yeganə bir xətt “Azadlıq” radiosu idi. Mirzə Xəzər Azərbaycan dilli auditoriyaya baş verən hadisələr barədə danışırdı. Ancaq bilavasitə yanvar hadisələrinin iştirakçılarının dilindən məlumat əldə edilməmişdi. Ona görə o zaman qərara gəldim ki, SSRİ-də dünyaya çıxış üçün yeganə informasiya pəncərəsi olan Moskvaya gedim.  
Moskvadakı Azərbaycan nümayəndəliyində xarici və yerli jurnalistlərin iştirakı ilə böyük mətbuat konfransı keçirildi. Bakıda baş verən hadisələr haqqında təfərrüatı ilə danışdım. Bildirdim ki, Bakıya hərbi qüvvələr yeritməklə və kütləvi qırğın törətməklə Azərbaycan xalqına qarşı hərbi cinayət işlənib. Xalqın tələbi SSRİ qoşunlarının Bakıdan çıxarılması və komendant saatının ləğv edilməsidir.
Mətbuat konfransından sonra SSRİ rəhbərliyində olan şəxslərdən mənə telefon zəngləri gəldi. Mənə danışıqlar, Bakıdan qoşunların nə cür çıxarılmasının müzakirəsi təklif olundu. Danışıqlar gedəndə məlum oldu ki, Azərbaycan nümayəndəliyi tam mühasirəyə alınıb. Bu zaman mənə oxşayan bir gənci saxlamışdılar, lakin onun Etibar Məmmədov olmadığı bilinəndən sonra sərbəst buraxmışdılar. Çox gərgin bir vəziyyət yaranmışdı. Belə bir zamanda Heydər Əliyev nümayəndəliyə gələrək mənimlə görüşdü və Bakıdakı vəziyyət haqqında təfərrüatlı məlumat istədi. Ayrılanda ehtiyatlı olmağı məsləhət gördü. Axşam SSRİ xalq deputatı olan Rüstəm İbrahimbəyov yanıma gəlib təklif etdi ki, həmin binadan çıxım. Onun toxunulmazlıq statusu olduğundan rahatlıqla yanıma gələ bilmişdi. Təklif elədi ki, onun evində qalım. Çünki Rüstəm İbrahimbəyovun evinin də toxunulmazlıq statusu var idi. Ona təşəkkürümü bildirdim və dedim ki, elə bir gərgin vəziyyət yaranıb ki, buna görə özünü və ailəsini təhlükə altına atmasın. Elə həmin gecə  Dövlət Təhlükəsizlik Komitəsinin “Alfa” qrupu Azərbaycan nümayəndəliyinə hücum edib binanı darmadağın etdi. Hamını bir zala yığdılar, məni axtardıqlarını bildirdilər. Mən isə Azərbaycan nümayəndəliyinin rəhbərinin müavinin kabinetində idim. Məni oradan Lefortovo həbsxanasına apardılar.
 17.01.2015

 


 

Bir məsələ də var burda. İndi bu haqda yazan və danışanların əksəriyyəti 20 yanvar ərəfəsində elan edilən Milli Müdafiə Şurasının da, eynən Sərhəd Hərəkatı kimi, dövlət orqanları və KQB tərəfindən yaradıldığını iddia edir və bu məsələni də,  o dövrdəki hakimiyyətin 20 yanvara hazırlıq mərhələlərindən biri kimi şərh edirlər. Amma burda bir məsələnin üzərindən hamı sükutla keçir. Sözügedən Şuranın sədri məhz Əbülfəz Elçibəy idi və, bunu da dolayısı ilə də olsa, Əülfəz bəyin də dövlətə və KQB-yə işlədiyi anlamına gəldiyi barəsində danışan yoxdu.

Bax, bu sadalanan anlaşılmazlıqlar və içəriyində xeyli müəmmalar gizlənən məqamlara hələ də düz-əməlli aydınlıq gətirilməyib, hələ də bu cür sinsi və nadürüst planların kimin və ya kimlərin başının altından çıxdığı ortalığa qoyulmayıb. Amma indi, illərin ötəsində, gah 20 yanvarı millətin qəhrəmanlıq tarixinin ən parlaq səhifəsi, gah da, “filankəslərin camaatı qırğına verdiyi gün” kimi qələmə verməklə baş girələyənlər, ya da başlanmasına saatlar qala, iptalına qərar verdikləri Sərhəd Hərəkatına küllən sahiblənmək, hətta onun müəllifi rolunu üstlənmək istəyən adamlar bu qədər gücü və ilhamı hardan və kimdən alırlar əcaba. Və tarixin bu şanlı səhifələrindəki qara ləkələrə kim, nə vaxt və harda ayna tutmağa, müəmmaları gün işığına çıxarıb, hər kəsi öz adı ilə çağırmağa nail olacaq?

Bax, yaxın tariximizin əbədi və əzəli “nə etməli” suallarından biri də budur. Mənə qalırsa, əvvəl siyasi mübarizə meydanlarının, sonra da hərb meydanlarının  döyüşən əsgərlərini, bütün kritik məqamlarda canının hayına qalaraq fərafilik edənlərin ixtiyarına buraxan bir millət, gec, ya da tez, hər iki meydanda məğlubiyyətə məhkum idi. Olanlar olmuşların, olmuşlar isə olacaqların mabədidi və “nə etməli” sulının cavabı verilməyincə, həqiqətlər tam çılpaqlığı ilə ortalığa qoyulmayıca, yalanlarla yaşamaqdan savayı yol bulunmayacaq. Getdikcə kök atıb böyüyən yalanlarla haralara gəldiyimizin isə, məncə xüsusi şərhə ehtiyacı yoxdu, görünən kəndə nə bələdçi?!

Bu arada, əvvəldə söz verdiyim məsələyə də qısaca münasibətimi bildirim və yekunlaşaq. Baxın, illərdi ki, bu millətin az qala bütün təqvimini tutmuş qara günlərinin səbəkarları və baiskarları haqda televiziyalarda, qəzetlərdə, çeşidli internet vasitələrində palaz-palaz reportajlar yayınlanır, adlar çəkilir və yetişməkdə olan nəslin beyinləri yıkanır, cəmiyyətin üzərinə ifrin-nifrin hopdurulmuş yalanlar, zəhər-zəmbərəyə bələnmiş şər-şəbədə və  bötanlar yağdırılır.

Bu arada Mehriban Vəzirin bir yazısını xatırladım. Deyir ki, biz, illərdən bəri, ermənilər gəldilər, bizi qırdılar, doğradılar, asdılar, kəsdilər, öldürdülər, kəndlərimizi yandırdılar, yurdlarımızı taladılar, yuvalarımızı yıxdılar  və sair kimi şeylər  yazmaqla, əslində, bilərəkdən, ya da bilməyərəkdən erməni xalqına böyük qəhrəmanlıq tarixi yaradırıq və biz əksinə, özümüzün erməniyə qarşı savaşmış, döyüşmüş və zaman-zaman da onlara layiq olduqları cavabı verib, yerlərini göstərmiş qəhrəman oğullarımızdan, igid, mərd ərənlərimizdən daha çox yazmalı, daha çox danışmalı və gənc nəsilləri də o ruhda tərbiyə etməliyik. İndi, Mehriban xanımın  dediyi olmasın, nə qədər demək olar ki, Rəhim Qazıyev satdı, Etibar Məmmədov xəyanət elədi, Nemət Pənahlı satıldı, Surət Hüseynov agentdi daha nələr, nələr? Bəs o zaman satmıyan, xəyanət etmiyən, satılmıyan, agent olmuyan kimlərdi, barı millətə bunların adını deyin. Amma, 20 yanvardan  Xocalıya, 4 iyundan 15 maya, Şuşadan Laçına, Kəlbəcərdən Zəngilana, Ağdamdan Qubadlıya və sair və ilaxır, təqvimin nə qədər qara günləri var, dəxli oldu, ya da olmadı, bu binəvaların ayağına yazılır. Və yenə də Mehriban Vəzinin sözünə gəlirəm ki, bunu edənlər, bu əbləhliyin təşkilatçıları və ilhamvericiləri fərqindədilərmi ki, erməninin, rusun, farsın və bütün düşmənlərimizin əlllərini qandan, vicdanlarını ləkədən, alınlarını xəcalətdən yumaqla məşğul olullar. Və bu gedişlə 10-15 ildən sonra bizim nə beynəlxalq təşkilatlarda, nə də dünyanı idarə edən güc sahiblərinin yanında deməyə sözümüz, danışmağa üzümüz olmuyacaq, ki, bu gün biz,  onlar üçün, o zaman gözümüzə soxmağa tomlarla və tonlarla materiallar hazırlayırıq. Nə var-nə varmış ki, bu şəxslərdən kimlərinsə ya xoşu gəlmir, ya da ki, kimlərəsə belə sərf eliyir. Baxın, KQB deməklə ürəkləri soyumayıb, indi də aparıb Mİ-6 kimi dünyanı fırladan kəçfiyyata qoşullar adamları. Sən demə Rənim Qaziyevlə Yuri Andropov, Etibar Məmmədovla Mixail Qorbaçov, Nemət Pənahlıynan Boris Yeltsin Mİ-6-da birgə çalışıllarmış. Vay bə, anasını satayım, nəymiş əəə bunlar. Əsas məsələ də bilirsinizmi nədi?  Bu əllaməlikləri çıxaran adamlar anlamaq istəmillər ki, indi çörək almaq üçün gündəlik imkana sahib olmuyan bir xalqın, bir millətin heç vecinə də deyil ki, 25 il bundan əvvəl, tutaq ki, Rəhim Qazıyev, Mİ-6 bir yana dursun, lap elə  Mİ-8-ə işləyib. Əslində, fərqindədilər həm də, sadəcə tapşırıq belədi, bir tərəfdən xalqı oyalıyıllar, bir təfəfdən də, elə o Mİ-6-lara-filana, yaxın, çox yaxın gələcəkdə, bizim qarşımıza qoyub “işğal nədi, canım, siz Qarabağı satıbsınız ”, ya da “soyqırımın erməniyə-rusa nə aidiyyatı var axı, alın bu dsklərə baxın” – deyə bilmək üçün sanballı, əsaslı və onlarca mənbələrə istinad eliyən sənəd və materiallar hazırlıyıllar.

Amma bir məsələni də burda deməsəm heç olmaz. İndi Anropovu Mİ-6-ya qoşanlar, bu qədərini bilillərsə, o zaman Yuru Vladimiroviçin uzun illər boyu, hələ lap gənc yaşlarından Heydər Əliyevin himayəçisi, hətta yaxın dostu olduğunu da bilməmiş deyillər. Oysa, bu məntiqlə Heydər Əliyevin də, ya bilərəkdən, ya da bilməyərəkdın Mİ-6-ya işlədiyi qənaətinə gəlmək olarmı? Amma “məxfi konspiroloq”  bu haqda susur. Əvəzində Hedər Əliyevin  20 yanvardan sonra Etibar Məmmədovla eyni gündə Moskva nümayəndəliyindəki çıxışını qəhrəmanlıq nümunəsi kimi təqdim eliyir. Bu məntiq də bir az dolaşıq görsəndi mənə. Ki, eyni gündə iki adam, eyni məkanda, eyni məsələ haqda, eyni mövqedən çıxış edir, ancaq bunların birini qəhrəman kimi təqdim eliyilər, o birini isə Mİ-6-nın agenti kimi. Hətta “Lefortovo”da həbsdə qalmağa belə bəzək-düzək verillər.

Bir də AXC-nin mərhum liderlərindən birinin birbaşa KQB-yə bağlılığını iddia edən “konspiroloq” özü kimi onu da “məxfi” saxlıyır və  adını çəkmək istəmədiyini deyir. Vallah, adam baş-ayaq komediyadı. Çünki indi, amma hələlik, Əbülfəz Bəyin adını çəkmək ya sərf eləmir, ya da tapşırıq belədi. Amma uşaq da söhbətin kimdən getdiyini anlıyır zatən, AXC-nin neçə lideri olub ki, özü də mərhumlardan???!!!

Bilmirəm, fikirlərimi tam köçürə bildimmi, amma yenə də, oxuyun, bəklə kimsə bu deyilənlər üzərində düşünmək də istədi !!!     

1 Comment

  1. Bu dünyanın belə əndrabadi işləri çoxdur.Tariximizin bu parçasının ən heyrətamız məqamı odur ki, ittiham edənlərlə ittiham olunanların böyük əksəriyyəti bu gün ağılları başlarında, anlaqlıqları yerində sağ və salmat ikən, ikincilərin(ittiham olunanların)təkidli təklif və tələblərinə baxmayaraq, birincilər(ittiham edənlər) bir dəyirmi masa ətrafında, sizlərin-hörmətli,vicdanlı,tərəfsiz,əsl həqiqəti ortaya qoymaq əzmində olan jurnalistlərin iştirakı və zəruri sual yağışları altında əyləşərək, verdiklərı ağır ittihamları sübuta yetirməkdən, canavar görmüş dana kimi qaçırlar! Bir sözlə ATALAR demiş-OĞRU ELƏ BAĞIRIR Kİ,…

Leave a Reply

Your email address will not be published.


*