22 İYUL 2009-CU İL – AZAD SÖZÜN VƏ MÜSTƏQİL MİLLİ MƏTBUATIN SON GÜNÜ!!!(təkrar)

PAYLAŞIN

MİLLİ MƏTBUATA ZİNDAN, MİLSİZ MƏTBUATA PUL-PARA

Sərdar ƏLİBƏYLİ

Bu nə qanundu, bu nə hikmətdi, bu nə dövlətdi, bu nə ədalətdi belə, cənab prezident!

“Məhkəmələrdə İlham Əliyevə qarşı çıxarılmalı hökmlərdən doğacaq cəzaların miqyası, təxminən, barəsində danışdığımız milyardlarla qəpik-quruşların nisbətində olmalıydı”

Hə, çox hörmətli cənab İlham Əliyev və istəkli oxucum! Dünyanın belə də işləri olurmuş və bu məmləkətin haralara gəldiyini, bu millətin nə günlərə düşdüyünü düşünəndə adamı dəhşət bürüyür. Bununla belə, həyat davam edir və həyat davam etdikcə də, bir türlü yollarını bulub yaşamaq da lazımdı. Mən isə bu gedişatların sırasında bir şeyləri doğru qavrayıb, düzgün cavablar tapmaqda zorlanıram. Günün günorta çağı, Bakının göbəyində böyük bir ali təhsil ocağını qan çanağına çevirib, millətin onlarla övladlarını qan gölündə boğurlar və yetimin birini öldürüb hər şeyi onun üstünə ataraq, sanki heç nə olmayıbmış kimi, gül bayramı keçirib, ardınca da ümummilli liderin şəninə yubileylərdə atəşfəşanlıq yapanlardan da çox idimi bizim «cinayətimiz»? O boyda cinayətə görə hələ bir nəfərdən də məsuliyyət tələb etməyənlər və bunu etməyə borclu olanlar, sifarişli məhkəmələr qurub bizi «cinayətkar» elan etdirdilər. Yaxud da, dövlətin çox önəmli hərbi qurumuna rəhbərlik edən generalın boynunun kökündən «ayı gülləsi» vurub beynini dağıtdırdılar və aylar ötsə də, hələ nə bunun hesabını verənlər, nə də məsuliyyətini daşıyanlar var. Ancaq sıradan bir yazıya görə, səkkiz aydı ki, bizi məhkəmələrdə sürüyürlər. Hacı Məmmədovun özünün və bandasının məhkəməsi belə, səkkiz ay çəkmədiyi halda, bir qəzetdə gedən sıradan yazılara və tənqidə görə aylarla məhkəmələr keçirməyin, üst-üstə bir-birindən ağır hökmlər çıxarmağın hansı məntiqə və mənaya sığdığını anlaya bilmək, doğrudan da zor bir məsələdi. Hələ mən Ziya Bünyadov, Şəmsi Rəhimov, Afiyəddin Cəlilov, Fətulla Hüseynov kimi dövlət və ictimai-siyasi xadimlərini qətlə yetirənlərin hələ də faili məchul olan cinayətlərindən danışmıram. Elmar Hüseynova qarşı törədilən qanlı terrorun da açılma məsələsi hələ ki, sıfır nöqtəsindədi. Bu nə qanundu, bu nə hikmətdi, bu nə dövlətdi, bu nə ədalətdi belə, cənab prezident?!

Məgər siz özünüz bir müddət öncə keçirdiyiniz  müşavirələrdə nazirlərin və komitə sədrlərinin maliyyə nazirliyinə şişirdilmiş büdcələr göndərdiyindən, elə bu nazirliklərdə və bu komitələrdə, eləcə də digər dövlət və hökumət qurumlarında paketlə paylanan pullardan danışmamışdınızmı? Əgər bu nazirlər, komitə sədrləri, dövlət və hökumət qurumlarında çalışan qulluqçular, iri çinli məmur və generallar bu qədər təmiz, pak idilərsə və öz şərəf və layaqətlərini bir belə həssascasına qorumaq əzmindəydilərsə, o zaman 8 milyonluq efirdən, birbaşa prezidentin dilindən səslənmiş iradlara görə, nədən Sizin özünüzü də xüsusi ittiham qaydasında məhkəməyə verib həbsinizi istəmirdilər?! Məgər biz nə yazmışıq ki? Deyilənlərin miqyasına baxanda, siz milyardlardan, biz isə qəpik-quruşdan danışdığımız halda, bizi məhkəməyə verib, sizə çəpik çalmanın məntiqini necə başa düşək?! Hər halda, bütün bunları bir düşünmək,  araşdırmaq lazımdı. Əgər bu ölkədə qanunlar və konstitusiya həqiqətən də hamı üçün bərabərdisə və istər buradan doğan hüquqlar, istərsə də vəzifələr hamıya eyni dərəcədə şamil olunursa, o zaman şəxsən mən belə düşünürəm ki, indi məhkəmələrdə İlham Əliyevə qarşı çıxarılmalı hökmlərdən doğacaq cəzaların miqyası, təxminən, barəsində danışdığımız milyardlarla qəpik-quruşların nisbətində olmalıydı. Görünür, burada qanun və konstitusiya qarşısında bir ayrı-seçkilik, bir yuxarıdan aşağı baxma və ölkə vətəndaşlarını sortlara bölmə məsələsi var. Mən özlüyümdə bir məntiqi də heç anlaya bilmədim: əgər lap hesab etsək ki, məhkəmələrin bizim barəmizdəki hökm və qərarları hərfi-hərfinə özündə tam həqiqəti ehtiva edir, o zaman tutaq ki, şərəf və ləyaqətinə toxunulmuş iki generalın və üç generallığa namizədin toxunulan şərəf və ləyaqətinin qiyməti 17 manat 50 qəpik cəriməyə, ancaq sıradan bir vətəndaşın, eyni qaydada incidilməsinə görə isə, üç nəfərə ağır hökm oxumağın hansı məntiqə əsaslandığını söyləmək çox çətindi.

Bütün bunlar öz yerində, lakin baş verənlərin haradan və nədən qaynaqlandığının ən doğru cavabını mən bilirəm. Məsələ burasındadı ki, hələ Mətbuat Şurası «Nota» qəzetini «reket» elan edib, qəzetimizi qanunsuz və məhkəməsiz «həbs» edən gün, bəndənizə, kifayət qədər məlumatlı və birbaşa ilkin mənbələrə çıxışı olan bir şəxs açıqca bunları söyləmişdi: «Sərdar bəy, sənin özün də, qəzetin də, yazıların da, baş redaktorluğun da artıq ciddi problemə çevrilib. Sənin barəndə ən üstün səviyyədə artıq müzakirələr də olub, qərar da verilib, səni bu cür işləməyə qoymayacaqlar. Əgər başının salamat qalmağını istəyirsənsə, ən azı bir müddət də olsa, ya baş redaktorluqdan get, ya da qəzetin kursunu dəyiş. Əks təqdirdə daha ağır problemlərlə üzləşməli olacaqsan. Niyə bir şeyi başa düşmək istəmirsən ki, bu boyda ölkədə təkcə sənə görə hətta qanunlara belə dəyişiklik edilir».

Buyurun, bu da sizə nəticəsi. Bir də, barəmizdə çıxarılmış məhkəmə hökmünün «p.s.Nota»nın ilk nömrəsinin işıq üzü gördüyü həftəyə təsadüf etməsi də, mənə zamanında olunmuş xəbərdarlığın birbaşa nəticəsi hesab olunmalıdı. Ayrıca, sözügedən şəxsin mənimlə bu qədər açıq danışmasını da təsadüf saymıram və görünür, o, sadəcə tapşırıq yerinə yetirirmiş. Bu arada, baş verənlər də həmin adamın haqlı olduğuna dəlalət edir. Ötən sayımızda oxuculara müraciətlə yazdığım son yazı və «biz yolumuzdan da, mövqeyimizdən də çəkilmirik» söyləməyim, ardınca növbəti xəbərdarlığı gətirdi və aldığımız üç aylıq həbs cəzası, eləcə də bu cəzanın icrasının Apellyasia müddətinə qədər təxirə salınması da, növbəti xəbərdarlıqdı. Lakin hələ düşünüb-daşınmağa, növbəti qərarlar almağa xeyli zamanımız var. Ardınca da, üç aylıq həbsxana ömrünü, götür-qoy etmək üçün əlavə fürsət hesab edirəm. Hər halda bir şeyi hamı bilsin ki, üç ay yox, 13 ay, 13 il ıhəbs cəzası alsam belə, nə mövqeyimə, nə də getdiyim yola bir qətrə, bir zərrə qədər də xəyanət etməyi düşünmürəm. «Düşünüb-daşınmaq, götür-qoy etmək» – deyəndə isə tamam ayrı şeyləri nəzərdə tuturam. Çünki, artıq bundan sonra atıla biləcək addımlar, həm də ona görə dəfələrlə ölçülüb-biçilməli, götür-qoy edilməlidi ki, ortada dövlətin imic və nüfuz məsələsi var. Təbii ki, belə məsələlərdə emosiya və ya ehtiraslara qapılmaq, qaş qayıran yerdə, gözün də çıxmasına qədər gedib çıxa bilər. Zira, mən bütün hallarda dövləti göz bəbəyi kimi qorumqdan, ən azı buna çalışmaqdan və bunu unutmamaqdan yanayam. Hər halda, zamanı gəlincə bu barədə də düşüncələrimizi oxucuların da, ictimai rəyin də müzakirəsinə təqdim edəsiyik.

Burada çox önəmli bir məsəlıə də var ki, mütləq barəsində danışılmalıdı. O da bizə çıxarılan məhkəmə hökmünün məhz Mili Mətbuat Gününə təsadüf etməsidi. Azərbaycan hakimiyyətinin ciddi-cəhdlə bütün dünyaya mətbuatla ilişkilərini, münasibətini normallaşdırmaq istəyini nümayiş etdirmək üçün addımlar atdığı və bu yöndə adı rəzalətdən başqa bir şey olmayan məqsədlərə pul-para xərcləyib, mətbuatı satın almaq istədiyi bir zamanda, məhz mətbuat günündə üç jurnalistə ağır məhkəmə hökmünün çıxarılması, hakimiyyətin atdığı bu «humanist» addımı heçə endirməkdən başqa bir anlama gəlmir. Təsəvvür edin ki, hakimiyyətin təmtaraqlı tədbir keçirib, nümayişkəranə şəkildə mətbüatın inkişafı üçün maddi və mənəvi yardımda bulunduğunu dünyaya yayacaq informasiyaların ötürülməsinə bir neçə saaat qalmış, jurnalistlərin həbs olunması ilə bağlı məlumat bütün teletayplardan beynəlxalq ictimaiyyətin diqqətinə çıxarılıb. Bu isə o deməkdi ki, hakimiyyətin aylarla hazırladığı və öz xeyrinə beynəlxalq dəstəyə hesablanmış işlərin hamısına bir quş. Bütün bu olub-bitənlərin məhz MİLLİ MƏTBUAT GÜNÜNDƏ baş verməsi isə həqiqətən də işin içində iş olduğundan xəbər verir. Əslində, o gün Azərbaycanda MİLLİ MƏTBUATA ZİNDAN, MİLSİZ MƏTBUATA PUL-PARA ƏTA ETMƏKLƏ, Azərbaycan hakimiyyəti bir daha öz iç üzünü və əsl məqsədlərini ortaya qoymuş oldu.

Bir sözlə, kim nə deyir desin, mən yenə də o fikirdəyəm ki, bizim problemimiz, nə bu özünübilməz generallardı, nə də o biri vətəndaşlar. «Nota» qəzetinin və şəxsən bəndənizin bütün problemləri, birbaşa ölkəni yönətən fəlsəfəni yazanların qələmindən, bu yönətimi birbaşa idarə edənlərin yastığının alıtndan çıxır. «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzilinin həbsi məsələsi də bir daha sübut etdi ki, İlham Əliyevin xəbəri olmadan Azərbaycanda jurnalist həbs etmək mümkün deyil. Yoxsa, sözbəsöz, sətirbəsətir, bizim barəmizdə çıxarılmış hökmun təkrarı olan bir qərarla həbs olunmuş Asif Mərzilinin işinə birbaşa prezidentin reaksiya verməsinin ayrı nə adı ola bilər?! Bir də ki, bəndənizin son iki illik mətbu fəaliyyətinin məhsulu olan məqalələrin 99,9 faizi birbaşa İlham Əliyevdən, bəzən də hakim ailənin digər üzvlərindən bəhs edibsə, o zaman bizi məhkəməyə çəkənlərin sifariş yerinə yetirmədiklərini söyləmək olduqca çətindi. Təkcə «Nota» qəzetinin işıq üzü görmüş 29 sayından azı 20-sinin manşet xəbəri bu və ya digər şəkildə İlham Əliyevlə bağlı olubsa, o zaman sifarişin haradan və ya kimlərdən gəldiyini heç düşünmək də lazım deyil. Əks təqdirdə, belə çıxır ki, ya İlham Əliyev qədərindən artıq hümunist adamdı və qədərindən artıq demokratik görüşlü liberal düşüncə sahibidi, ya da onun bütün açıqlama və bəyanatları sadəcə publikaya hasablanmış blefdən savayı bir şey deyil. Şəxsən mən indiyədək yazdığım bütün yazıları və ölkənin ən üstün səviyyəli adamlarının tənqidini yazarkən, birinci varianta üstünlük vermişəm, hesab etmişəm ki, İlham Əliyevin bizim yazdıqlarımıza bu qədər loyal, səbrli və təmkinli münasibət bəsləməsi, məhz cənab prezidentin mətbu siyasətinin göstəricisidi. Həmçinin də o, bununla digər məmur korpusuna və vətəndaşlara da öz şəxsi nümunəsində örnək olmaq istəyir. Bu baxımdan, hər gün İlham Əliyevin siyasətini dəstəklədiyindən danışan və bu yöndə hər cür məddahlıq və yaltaqlıq nümunələrindən istifadə edən, hətta istər İlham Əliyevin, istərsə də hakim ailə təmsilçilərinin çəkmələrini belə yalamağa hazır olanların, prezidentdən fərqli addımlara getmələrini başa düşmək qeyri-mümkündü. Bu da, bir daha onu sübut edir ki, bizim ətafımızda cərəyan edən proseslərin hamısı ən üstün səviyyələrdən gələn sifarişin nəticəsi kimi qəbul olunmalıdı. Hər halda bunlar mənim subyektiv düşüncələrim və gəldiyim qənaətlərdi. Bununla belə,

MİLLİ MƏTBUAT GÜNÜNDƏ, YAZILARINDA ƏSASƏN TƏNQİDİ MÖVQELƏRLƏ ÇIXIŞ EDƏN İKİ BAŞ REDAKTORA, MƏHZ TƏNQİDİ YAZILARINA GÖRƏ, HƏBS QƏRARININ ÇIXARILMASI, AZƏRBAYCAN HAKİMİYYƏTİNİN AZAD SÖZƏ VƏ MÜSTƏQİL MİLLİ MƏTBUATA MÜNASİBƏTİNİN BİRBAŞA GÖSTƏRİCİSİDİ. 22 İYULDA, SADƏCƏ JURNALİSTLƏRİ YOX, AZAD SÖZÜ, AZAD VİCDANI , MÜSTƏQİL  MƏTBUATI, BÜTOVLÜKDƏ İSƏ, DEMOKRATİYANI VƏ AZADLIĞIN ÖZÜNÜ HƏBS ETDİLƏR .

Qarşıda nələr olacaq, bütün bu olanlar nə ilə yekunlaşacaq, orasını zaman göstərər. Mənim üçün olub-bitənlərin hamısı Uca Tanrının yazdığı taledi, alın yazımdı. Mənim nə Tanrının yazısına etiraz etmək, nə də öz taleyimdən qaçmaq imkanlarım və gücüm yoxdu. Ancaq Tanrının verdiyi az-çox ağla və məntiqə söykənərək öz davamı aparmaq, öz yolumu getmək haqqım da var. Tanrı bu yolda hər kəsin, o cümlədən də bizlərin köməyi olsun! Haqq isə, nə qədər nazilsə də, sınan deyil!!! Sağlıq və azadlıq olsa, gələn həftə görüşənədək. Bu yazının parafrazı da Dərviş Cavanşirdən gəldi:

“MİLLİ MƏTBUATA ZİNDAN, MİLSİZ MƏTBUATA PUL-PARA əta etməklə, Azərbaycan hakimiyyəti bir daha öz iç üzünü və əsl məqsədlərini ortaya qoymuş oldu”

———————————————————————————-

P.S.

Mən bir şeyi də başa düşə bilmədim. Qəzetlərində palaz-palaz səhifələr yerləşdirib «Eynulla Fətullayevə azadlıq», «Qənimət Zahidə azadlıq» diləyən və heç olmasa mətbuat günündə onların əfvini gözləyən qəzetlər hakimiyyətin onlara əta etdiyi 10 min manatı hansı üzlə aldılar? Vallah, adamlar doğrudan da səmimi deyillər. Bizim də başımıza gələnlərin çoxu görünür, səmimiyyətdən doğur. Bu ölkədə insanlar ya olduğu kimi görünmədikcə, ya göründüyü kimi olmadıqca hələ dərdlərimiz, problemlərimiz çox olacaq. Hər halda bircə baş redaktor özündə cəsarət tapıb «mən bu diqqətə görə minnətdaram, ancaq Qənimət Zahid və Eynulla Fətullayev həbsxanada olduqları üçün bu mükafatdan imtina edirəm» – deyə bilsəydi, bəlkə də o axşamın seyri tamam dəyişə bilərdi. Hətta, guya öz məhbus baş redaktorunun azadlıq mücadiləsini verən «Azadlıq»ın da buna cəsarəti və nəfsinə gücü yetmədisə…

«p.s. Nota» qəzeti No 02(002)
26 iyul- 01 avqust 2009-cu il

 

 318 total views, 2 views today

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*