“AXC 101 İL ÖNCƏ PARLAMENTLİ RESPUBLİKA İDİ …”!!!

PAYLAŞIN

İNDİKİ AZƏRBAYCAN PARLAMENTİNİN ADI NƏDİR?”!!!

“Dövlət dili 101 il öncə  Türk dili idi. İndi, Türk dilindən başqa, bütün dillər Azərbaycan Respublikasının dövlət dilidir.”!!!

———————————————————————————-

Azərbaycan Xalq Cumhuriyyətinin 101 illiyi münasibəti ilə

KXCP sədri  Mirmahmud Mirəlioğlu

Azərbaycan  xalqını təbrik etmişdir.

Təbrikdə deyilir:

“Sevgili  millət!

Hörmətli  Xanımlar!

Dəyərli Bəylər!

28 May 2019-cu il Azərbaycan Xalq Cumhuriyyətinin elan olunmasının 101 ili tamam olur.

Millətimizin çağdaş Dövlətçilik tarixinin 101 yaşını görmək bizlərə də qismət oldu. Bizim üçün Cumhuriyyət  qurub, Dünya Dövlətləri sırasına Azərbaycan adını həkk edən böyüklərimizi, Vətən, Millət, Dövlət, Bayraq yolunda canın qurban verən Şəhidlərimizi hörmət və ehtiramla anır, yüksək ruhları qarşısında baş əyirəm.

Bu gün, Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyini Dövlət  quran dədələrimizin adına layiq qeyd edən bütün soydaşlarımızı, bacı–qardaşlarımızı ürəkdən təbrik edirəm!

Son 101 illik tariximiz  Millətimiz, Vətənimiz,  Dövlətimiz üçün ağır, təzadlı  olmuşdur.

Bolşevik işğalı nəticəsində başımız üzərindən Azərbaycan gəncliyinin qəlbinə  enən bayraq, 71 il sonra təkrar göylərimizi bəzədi. M.Ə.Rəsulzadənin və silahdaşlarının qurduğu  AXC, Elçibəyin və silahdaşlarının qurduğu AXC ilə bərpa edildi.

AXC-nin bərpasında iştirak etmiş bütün insanlarımızı bir daha  ürəkdən təbrik edir, bu yolda canından keçmiş cəmi şəhidlərimizi sonsuz sayğı, böyük sevgi və hörmətlərlə anıram!

Bolşevik işğalından sonra, torpaqlarımız bir az da kiçilmiş, Azərbaycan əraziləri hesabına Rusiyanın yeni  vassalı, rus maşası olan  işğalçı erməni “dövləti” yaranmışdır.  Müstəqilliyin bərpasından  sonra, daxili və xarici düşmənlərin  birliyi və birgə səyləri  ilə torpaqlarımız yeni işğala məruz qalmışdır.

Hörmətli  Xanımlar!

Dəyərli Bəylər!

101 il öncə, Şərqdə qurulan ilk Türk–Müsəlman Cumhuriyyəti – Avropanın bir çox dövlətlərinə və dünyaya nümunə olmuşdur.

101 il sonra Azərbaycan Respublikası yenə də Avropaya və dünyaya nümunədir. Belə ki, bu gün milli çoxluğun təmsil  olunmadığı, anti–milli siyasət yürüdülən bir ölkədə yaşayırıq və belə bir zamanda 101 illiyimizi qeyd edirik.

Cümhuriyyətimizin 101 illiyini qeyd edərkən:

– Azərbaycan bütün müstəvilərdə təməl insan haqlarının pozulduğu, anti–demokratik ölkələr içərisində ilkin sıralarda yer almaqdadır. 

– Azərbaycannın hakim elitasının təmsilçiləri, korrupsiyaya qurşanmaq, rüşvət almaq,  insan alveri etmək, xəzinə oğurluğu həyata keçirmək qabiliyyətləri ilə  Avropanı da bu bəlaya yoluxdurmaq bacarığını sərgiləyir.

– AXC-nin 101 illiyində – Azərbaycan Respublikası təmsilçiləri ölkəni Avropa Şurasından qovulmaq hədinə gətirib, müxtəlif bəhanələrlə AB ilə  Şərq Tərəfdaşlığı müqaviləsini  imzalamaqdan yayınır.

– Qadınlara seçki hüququ tanımaqla dünyaya nümunə olan Azərbaycan Cumhuriyyətinin 101 illiyində – Azərbaycan qadınlarının bəziləri zindanlarda, hüquqsuz, gözü yaşlı, oğullarının, ərlərinin  əfvini gözləyir. Görəsən bu gün əfv etmək səlahiyyətinə sahib olanların özləri zamanla Azərbaycan xalqının əfvinə sığına, buna ümid edə  bilərmi, Xalq onları əfv edərmi?

– AXC 101 il öncə qurulduğunda – parlamentli respublika idi. İndiki Azərbaycan parlamentinin adı nədir?

–  Milli  azlıqlar 101 il öncə – hətta Türk–müsəlman soyqırımından sonra – parlamentdə var idi.

– Indi milli çoxluq heç yerdə, heç bir dövlət  strukturunda təmsil olunmur.

– Dövlət dili 101 il öncə  Türk dili idi.

– İndi, Türk dilindən başqa, bütün dillər Azərbaycan Respublikasının dövlət dilidir.

– 101 il öncə  hamı hürr, azad, şad–xürrəm idi …

– Indi azadlıq  əfvə, amnistiyaya bağlıdır …

– 101 il öncə – işğala son verəndən sonra, hər şey – yeraltı–yerüstü sərvətlər millətin idi.

– İndi bütün sərvətlər bir əldə, uzaq başı bir tayfanın əlindədir.

Hörmətli Xanımlar!

Dəyərli Bəylər!

Bir daha,  Cumhuriyyətimizin 101 illiyi münasibəti ilə Xalqımızı və təbrikə haqq edənlərin hər birini təbrik edir, Azərbaycan adına yaşayanlara bütövlük və  qələbə arzulayıram!”

28 may 2019-ci il

Bakı şəhəri

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*