“AXC-NİN ADINDAN BELƏ BİR BƏYANAT NECƏ ORTAYA ÇIXDI?”

PAYLAŞIN

4 iyun

Düz 22 ildi ki, Azərbaycanın başı üzərundə bir kabus, “4 İYUN KABUSU” dolaşmaqdadır. O gündən bu günədək açılmayan sirlər, üstü örtülü qalan müəmmalar var ki, həmin sirlər açılmadıqca, həmin müəmmaların üstündən qara pərdələr qaldırılmadıqca, cəmiyyət rahatlaya, arxayın nəfəs dərib, dünənindən əmin, sabahından ümidli ola bilməyəcək. Əslində, o günlərin fəal iştirakçıları və söz sahibi olan personajlarından cəmi iki nəfəri dünyasını dəyişib – prezidentlər Əbülfəz Elçibəy və Heydər Əliyev. Qalanları isə hələ ki həyatdadılar və bu insanların, hələ ki gec deyil, bir masa arxasına oturmaları və ortada olan sirlərin açılması və cəmiyyəti, illərdi ki, təlaş içində saxlayan müəmmaların aydınlığa quvuşması yönündə müzakirələrə başlamaları lazımdı və vacibdi. Amma, nə sirri-ilahidisə, bu şəxslərdən heç biri nə danışmağa, nə də müzakirələrə meylli görsənirlər. Təkcə Rəhim Qazıyevdən savayı. Elə bu səbəbdəndi ki, yenə də 4 iyun hadisələrinin görünən və görünməyən tərəflərinə Rəhim bəyin bələdçiliyi ilə ayna tutmağa çalışdıq.

Əbülfəz-Heydər

İndi Sizə təqdim etdiyimiz bu silsilə müsahibədə, bir çox tanınmış ictimai-siyasi xadimlərin adları hallanır, bəzilərinin barəsində hətta ağır-yüngül ittihamlara da rast gələcəksiniz. Bununla belə, bəri başdan bəyan edirik ki, Rəhim bəyin dedikləri onun öz mülahizələridir və adı çəkilən hər kəsin cavab haqqını tanımağa, münasibətlərini də dərc eləməyə hazırıq.

                                                                                                                                                                 

“Rauf Arifoğlu “həmin bəyanatın mətnini mən öz əllərimlə yazmışam” – dedi”

 “Bunlar xalqın döyüşən  ordusuna olan inamını yerlə-yeksan elədilər”

 “Əbülfəz Elçibəyi gözdən salmaq üçün əllərindən gələni etdilər”

Rəhim QAZIYEV: “Sülhəddin Əkbər çıxış edərək dedi ki, bizdə Rəhim Qazıyevin ruslara işlədiyi haqda sənəd var. Mənsə dedim ki …”

 Rəhim Qazıyev

III hissə

– Söhbət məşhur “Sürətin xəyanəti” bəyanatındanmı gedir?

–  Bəli, müdafiə nazirliyində gedən xəyanətlər, Sürətin xəyanətləri, daha nə bilim kimlərin xəyanəti. Mən burada bir balaca haşiyə çıxmaq istəyirəm və xahiş edirəm ki, bu xüsusi qeyd olunsun. Dünya tarixində baş vermiş bütün hərbi olayların heç biri xətalardan xali deyil. Hətta istənilən hərbi vəziyyətdə xəyanət də, cinayət də, şərəfsizlik də, satqınlıq da ola bilər. Baxın, II Dünya müharibəsində general Vlasov Kremlin, Lenin movzoleyinin 170 km-liyində bütöv bir ordunu Hitler ordusunun rəhbərliyinə təhvil verdi. Həmin dövrdə alman ordusunun avanqard hissələri movzoleydən 23,5 km məsafədəydi. Bununla belə, Sovet ordusu Berlinə kimi gedib çıxdı və elə orada da Hitler ordusunun axırına çıxdı. Yəni, kiminsə xəyanəti heç də bütövlükdə müharibənin uduzulması anlamına gəlmir. Həmin bəyanat verilən dövrdə biz həqiqətən də uğursuz əməliyyat keçirmişdik. Həm də o uğursuzluq elə-belə olmamışdı.

–  Necə yəni, elə-belə olmamışdı?

Ferec_Guliyev_230511

Elçibəy

–  Niyəsini indi mən də dəqiq sizə deyə bilməyəcəm, amma bir halda ki, əməliyyat uğursuz keçmişdi və bunlar öz ağılları ilə burada xəyanət izləri görürdülərsə, o zaman niyə məsələ prezidentin yanında Təhlükəsizlik Şurasında müzakirə olunmadı, ölkənin hərbi və siyasi rəhbərliyi səviyyəsində bu məsələyə qiymət verilmədi? Bəlkə doğrudan da orada elə məsələlər ortaya çıxa bilərdi ki, bunun nəticəsində Rəhim Qazıyev də, Sürət Hüseynov da güllələnməliydi. Yəni, bunlar olmadı və bunlar olmadan, o dövrdə ictimai təşkilat olan AXC-nin adından belə bir bəyanat necə ortaya çıxdı? Ümumiyyətlə, dünən Ordubaddan gəlib bu gün bəyanat verən Fərəc Quliyevin buna nə qədər haqqı və səlahiyyəti çatırdı? Niyə Fərəc Quliyev bu bəyanatı ilə müdafiə nazirliyi bir yana qalsın, Azərbaycan dövlətinə və “çox sevdiyi” prezident Əbülfəz Elçibəyə arxadan zərbə vururdu? Niyə?

–  Siz o “niyə”nin cavabını nədə görürsünüz?

Rauf Arifoğlu

–  Indi sizə bunun dəqiq cavabını da mən verə bilməyəcəm, amma bir şeyi burada söyləməyi özümə borc bilirəm. Təsəvvür edin ki, bu hadisədən çox-çox sonra 2005-ci ildə məni “Yeni Müsavat” qəzetinə müsahibəyə dəvət etmişdilər. Həmin müsahibənin gedişində, kabineti mənim nazir kimi oturduğum kabinetdən çox- çox rahat və dəbdəbəli olan Rauf Arifoğlu özündən razı halda bildirdi ki, həmin bəyanatın mətnini mən öz əllərimlə yazmışam. Bir düşünün və fikirləşin ki, bir ölkənin taleyini həll edən məsələlər haralarda və kimlər tərəfindən həyata keçirilib. Mən indi burda oturub nə heç kimi ittiham eləmirəm, nə də heç nəyə etiraz eləmək fikrində deyiləm. Təbii ki, mənim də günahım, çox ağır nəticələrə varan səhvlərim də ola bilər, ancaq bir daha deyirəm, niyə bu qədər ciddi bir məsələ prezidentin yanında təhlükəsizlik şurasında müzakirə olunub qərar vermək əvəzinə, Rauf Arifoğlu ilə Fərəc Quliyev arasında müzakirə olunaraq qərara bağlanıb?  Onu da deyim ki, həmin dövr çox məsuliyyətli bir dövr idi və bir tərəfdən Stepanakertin bir addımlığındaydıq, o biri tərəfdənsə ermənilər Yerevanda oturaq mitinqinə başlayıb müharibədən imtina bəyanatları verirdilər.

Surət Hüseynov

Məhz belə bir vaxtda niyə bu cür xəyanət yolu tutuldu? Və sonradan da belə bəlli oldu ki, sən demə, bunların hamısı yaxşı oğlanlar imiş, amma o dövrdə yaxşı-pis əlində olan imkanlarla, cibinin pulu ilə Azərbaycanın qeyrətli oğlanlarını səfərbər edib, bir çox hallarda özü də əlinə silah alıb səngərlərdə olan Sürət Hüseynov isə xəyanətkar imiş. Açığı mənim burada Sürət Hüseynovu müdafiə etmək fikrim yoxdu və həbsdən çıxandan sonra da onunla üz-üzə oturub iki kəlmə kəsməmişik. Arada, iki dəfə, bir anası, bir də qardaşı öləndə zəng vurub başsağlığı vermişəm. Amma mən bu gün burada olanları və bildiyim həqiqətləri deməsəm, vicdanımı satmış olaram.

İsaQəmbərPənah HüseynArif HacılıSülhəddin Əkbər

Yeri gəlmişkən, mən bu gün də o fikirdəyəm və tam məsuliyyətimlə deyirəm ki, İsa Qəmbər, Pənah Hüseyn, Arif Hacılı, Sülhəddin Əkbər və digərləri, toplu halında, nə Qarabağla bağlı, nə də Azərbaycan ücün Sürət Hüseynovdan artıq heç nə eləməyiblər. Necə ola bilər ki, bu boyda həqiqətlər ortada ola-ola, bunların hamısı əziz, xalqını, millətini sevən demokrat lidelərə çevrildilər, biz isə çıxdaş olası olduq? Demək istədiyim odur ki, bunlar belə hərəkətlərlə və Sürət Hüseynovla Rəhim Qazıyevi biabır etməklə fərd olaraq təkcə bizə zərbə vurmadılar, xalqın döyüşən  ordusuna olan inamını yerlə-yeksan elədilər. Özü də hansı vaxtda? Həmin ərəfədə mən prezidentin yanına gəldim, hesabatımı verdim və öz sözümü dedim. 17 fevral 1993-cü ildə, mənim 50 yaşım tamam olan günü, Milli Məclisin xüsusi düzənlənmiş  qapalı iclasını kecirdilər. Ləyaqətini, şərəfini və hər şeyini ortada qoyan, həftədə bir dəfə ərə gedən arvadlar kimi, ayda bir siyasi əqidəsini dəyişən Sülhəddin Əkbər çıxış edərək dedi ki, bizdə Rəhim Qazıyevin ruslara işlədiyi haqda sənəd var. Təsəvvür edin ki, sanki başımdan alov çıxdı. Orada ayağa durub indi burada deyilməsi mümkün olmayan, amma ipə-sapa yatmaz sözlər söylədim. Bildirdim ki, ayın ya 9, ya 10-u 104-cü diviziyanın komandiri general Şerbakla telefon danışığım olub.  Təsəvvür edin ki, Çıldırandan gecəylə mobil qərərgah maşını çıxarılıb,  əsgərlər geri qayıdana görüblər ki, maşın yoxdu. Həmin maşın artıq 23 ildi ki, müdafiə nazirliyində oturan general-polkovnik rütbəli, o zamankı plkovnik Nəcməddin Sadıqovun əmri ilə  çıxarılmışdı.

Necmeddin Sadıqov

Bu səbəbddən də orada vəziyyət gərginləşmişdi. Özüm məcbur olub, gedib orada oturdum və bütün mövqeləri qaytardıq. Yəni, bax bu oyun həmin ərəfədə oynandı. Bir detalı da deyim. Təsəvvür eləyin ki, indi haqq dünyasında olan Əbülfəz bəy, prezident olan gündən ta mən istefa verən günədək yalvardım ki, bəy, operativ surətdə cəbhə xəttinin 5 km-lik əhatəsindəki bütün silahlı qüvvələrə və hərbi birləşmələrə əmr ver ki, onlar vahid komandanlığa tabe olsunlar. Çünki, bu məsələ mənim səlahiyyətimdə deyildi və bunu ancaq Ali Baş Komandan edə bilərdi. Ona görə ki, o zaman ön cəbhədə Daxili Qoşun hissələri, OMON-un qüvvələri, Boz Qurdlar, Prezident qvardiyasının bölmələri var idi. Belə bir vəziyyətdə tutaq ki, briqada komandiri hər hansı bir əmr verəndə, o birilər deyirdilər ki, biz bu əmrə tabe olmuruq. Çünki birbaşa tabeçilik yox idi. Təsəvvür edin ki, mən buna nail ola bilmədim. Demək istədiyim odur ki, bu cür, açıq görsənməsə də, pərdəarxası əməllərlə İsa Qəmbər və onun yaxın ətrafı sayılan indiki demokrat bəylər, var gücləriylə o zaman xalqın qurduğu hakimiyyəti və sevib-seçdiyi prezident Əbülfəz Elçibəyi gözdən salmaq üçün əllərindən gələni etdilər. Amma indi hamısı bəyin şəklini başlarının üstündən asıb, guya ona olan sevgilərini göstərmək istəyirlər. Eyni zamanda da, elə bu adamların təklifi ilə Əbülfəz bəyin o boyda vəzifələrə təyin etdiyi Sürət Hüseynov bunlara düşmən kəsilmişdi. Nə isə, məsələ artıq bu şəkildə Milli Məclisin qapalı iclasına çıxarılanda, dedim ki, bəli, mən Şerbaka zəng vurmuşam və ondan Vəng tərəfdə vəziyyəti sabitləşməsi üçün kömək istəmişəm. O isə mənə telefonda dedi ki,  cənab nazir, sizinkilər səni əzmək istəyirlər, sən isə hələ ərazilər uğrunda döyüşürsən. Şerbak bir də təkrar elədi ki, onlar səni məhv eləmək istəyirlər. Mən də cavabında ona dedim ki, cənab general, siz mənə kömək edin, biz burda vəziyyəti düzəldək, öz əclaflarımızla  nə etməyi özüm bilərəm. Təbii ki, bizim aramızdakı söhbət rus dilində gedirdi. Indi deyəcəyim sözləri həmin iclasda da dedim və burada da deyirəm. Əgər Şerbakla bu telefon danışığımdan başqa bunların  əllərində hər hansı bir sənəd və ya digər telefon danışığı varsa, çıxarıb ortaya qoymasalar, onda belə adamların adını siz qoyun, yox əgər belə bir sənəd ortaya çıxsa, Azərbaycan torpaqları uğrunda təmənnasız can vermiş bütün şəhidlərin axan qnlarının günahları mənim boynuma gəlsin.

–  Yaxşı, o qapalı dediyiniz iclasda Sülhəddin Əkbərin dediyi o sənəd ortaya çıxmadımı?

Arzu Səməd.

–  Heç bir sənəd-filan çıxmadı, çıxa da bilməzdi. Çünki elə bir sənəd yoxdu axı. Bu haqda ona görə danışıram ki, hər gün, hər vasitə ilə vəziyyəti gərginləşdirməyə çalışırdılar. Elə həmin məclisin keçirildiyi gün, 17 fevral 1993-cü ildə, üçüncü istefa ərizəmi verib vəzifədən getdim. İstefamı ayın 20-də qəbul etdilər. Bundan sonra da başladılar Sürət Hüseynovu təqib eləməyə və mərdi qova-qova namərd elədilər. İstefamdan bir həftə sonra Fərəc Quliyevi, o zaman mənim köməkçim olan Arzu Səmədbəyli vasitəsiylə evimə dəvət elədim. Ona dedim ki, sən az-çox Naxcıvan cəbhələrində döyüşmüsən, amma Sürətin ətrafında da barıt iyi görmüş xeyli adamlar var, həm də hazırda o zonada kifayət qədər nüfuz sahibidi, Allah xatirinə gedin görüşün, dil tapın, belə bir məsuliyyətli zamanda ölkədə qarşıdurma yaratmayın. İstefa verəndən sonra gedib oturmuşdum Şəkidə və o arada eşitdim ki, Gəncədə qarşıdurma yaradıllar. Durub Mingəçevir yoluyla Gəncəyə gəldim. Oradakı köhnə 23-cü diviziyanın qərərgahında Sürət Hüseynov otururdu. Soruşdum nə məsələdi? Dedilər ki, Pənah Hüseynov gəlib. Yol boyu fikir verdim ki, 23-cü diviziyanın ətrafındaki binaların damına snayperlər yerləşdiriblər. Oradan durub, Gəncənin Milli Təhlükəsizlik nazirliyinə getdik, bəlli oldu ki, Pənah Hüseynov Əbülfəz bəyin Gəncədə hərbi  vəziyyət elan olunması barədə elan olunmamış fərmanını gətirib. Gələndə gördüm ki, İxtiyar Şirinov da ordadı. Pənaha dedim ki, Allah xatirinə, belə vəziyyətdə qarşıdurma yaradıb xalqı qana aparmayın, o fərmanı  da burada oxuma. Gedin ölkənin ziyalı və ağsaqqal adamlardan bir neçəsini götürün gəlin və bu məsələni sakitliklə çözün, onsuz da torpaq od içində alışıb yanır. Haqq üçünə deyim ki, orada Pənah məni dinlədi və gedib İsmayıl Şıxlı, Tofiq Bağırov və digər bir neçə nəfərlə qayıtdı. Rəhmətlik Nəcəf Nəcəfov da gəlmişdi. Onlar Sürətlə bir yerdə Gəncənin İcra hakimiyyətinə getdilər, mən isə Nəcəf Nəcəfovla qaldım.

NACAFO-5

Sonradan bildim ki, orada normal söhbət olub, həm də o zaman Gəncədə Sürətə heç kim  heç nə deyə bilməzdi, çünki orada böyük nüfuz sahibiydi və Gəncədə kifayət qədər tərəfdarları var idi. Bir yerdə olduğumuz müddətdə, mən bütün bu oyunları Nəcəf Nəcəfova danışdım. Onun gözü kəlləsinə çıxdı və söz verdi ki, Bakıya gələn kimi bunların hamısını bəyə danışacaq. Biz Nəcəflə söhbət edincə bunlar qayıtdılar və dedilər ki, barışma oldu. Öpüşmə, qucaqlaşma başladı, İsgəndər Həmidovun ayağının altında qurban da kəsildi. Sonra da söhbətin gedişində Sürətlə İsgəndər qohum çıxdılar. Oradan da İsgəndərlə Sürət rəhmətlik Davud kişinin yanına getdilər.

–  Davud kişi kimdi?

İsgəndər_Həmidov

–  Sürətin atası. Rəhmtlik onda xəstə idi. Mən də ordan Şəkiyə qayıtdım. Orada qərar verildi ki, sabah gəlib həmin o tabe olmayan hərbi hissəni təhvil götürürlər. Sürət də dedi ki, heç bir problem yoxdu, mən gedirəm, amma tək bir şərtim var. Mənim bəynən görüşümü təmin edin. Dedi ki, istəyirəm bəydən soruşum ki, nə günah eləmişəm ki, məni xain elan ediblər. Bunlar da ona söz verdilər. Ardınca, üç gün Sürət evdə oturub bunları gözlədi. Nə gəlib hərbi hissəni təhvil götürən oldu, nə də Sürətin bəylə görüş məsələsindən xəbər çıxdı. Hanı bu adamlar, indi hardadılar. Kişidilərsə, gəlsinlər oturaq, bəlkə mən nəyisə düz demirəm, gəlsinlər onlar düzünü desinlər. Görək xəyanət hardadı və bu xəyanəti kim edib? Bütün hallarda cəmiyyətin də düşünməsi lazımdı, siz jurnalistlərin də bu məsələlərin üstünə gedərək araşdırmanız lazımdı ki, görək bunların məqsədləri nə idi? O zaman bu oyunların fonunda həm ölkənin içində, həm də cəbhə bölgələrində vəziyyət hər gün gərginləşirdi. Onda mən Sürətə dedim ki, bax, bu oyunların hamısı ona görədir ki, Kəlbəcər getməlidir və onu sənin boynuna qoyacaqlar. Və həqiqətən də o oyunların içində Kəlbəcər getdi. Bir düşünün, Kəlbəcərdəki güclər niyə gətirilib Gəncəyə yerləşdirilmişdi, ətraf damlara snayperlər niyə qoyulmuşdu? Mən hesab edirəm ki, artıq razılıq əldə olunmuşdu və Sürətlə İsgəndər Davud dayının yanına gedəndə, ordu Surətin oturduğu qərargaha getməliydi və təhvil-təslim başlamalıydı. Artıq dediyim kimi bu mübahisə getdikcə qızışdı və axırı da gətirib 4 iyun hadisələrinə çıxardı. Indi daha aydın görsənir ki, bu məsələ ciddi şəkildə hazırlanıb və etap etap da həyata keçirilib.

                                                                              Davamı var

1 Comment

Leave a Reply

Your email address will not be published.


*