“AZƏRBAYCAN TƏK DEYİL, ONUN TÜRKİYƏ KİMİ DAYAĞI VAR” !!!

PAYLAŞIN

“Prezident düşmənin, Ermənistanı himayə edən, Dağlıq Qarabağı Ermənistana peşkəş etməyə hazır olan təcavüzkar Rusiyanın adını çəkməyə cəsarət eləmir.”!!!

——————————————–

Zəlimxan MƏMMƏDLİ

HƏP Ali Məclisinin sədri

———————————————-

AZƏRBAYCAN YENI DÖNƏM ASTANASINDA

Ermənistanın Tovuz istiqamətində hərbi təcavüzü bir sıra həqiqətlərin üzə çıxmasına şərait yaratdı.

Bəlli oldu ki, müharibə şəraitində olan Azərbaycanın siyasi hakimiyyəti və ordusunun yüksək mərtəbəsində düşmənlərlə iş birliyində olan cəsuslar var. Bəlli oldu ki, Azərbaycan siyasi hakimiyyətində işğalçı Rusiyanın agentura şəbəkəsi və himayədarları yetərincədir. O da bəlli oldu ki, əksər hakimiyyət strukturları xalqdan və milli maraqlardan uzaq düşmüş cinayətkar mafiya uzantılarıdır. Azərbaycanın siyasi hakimiyyətinin əksər qollarının Rusiyanın diqtəsi ilə təyin edilməsi də sirr deyildir. Ciddi hərbi proseslər getdiyi bir vaxtda parlament fövqəladə sessiyaya yığılsa da, vətənin müdafiəsi ilə bağlı məsələlərə biganə qaldı.

Prezident hakimiyyətdə kök salmış, cinayət yuvasına çevrilmiş komanda üzvlərinin ifşası ilə məşğul olsa da, düşmənin, Ermənistanı himayə edən, Dağlıq Qarabağı Ermənistana peşkəş etməyə hazır olan təcavüzkar Rusiyanın adını çəkməyə cəsarət eləmir.

O da bəlli oldu ki, Azərbaycan tək deyildir və onun Türkiyə kimi dayağı vardır. Türkiyə bütün rəsmi strukturlar səviyyəsində işğalçı Ermənistana və onun hərbi-siyasi dəstəkçisi Rusiyaya aydın və cəsarətli mesajlarını verdi. Türkiyənin “Azərbaycan əraziləri işğalçılardan təmizlənəcək və bu məsələdə qarşımızda duran kimsə ola bilməz” cəsarəti Azərbaycanın və Türk Dünyasının maraqlarının təmini anlamına gəlməlidir. Türkiyə diplomatik dildən açıq tekstlə strateji maraqlarının hədəflərini bəyan etdi. Türkiyə Azərbaycanın ərazi bütövlüyünün, işğalçılardan tam təmizlənməsinin qarantıdır. Heç bir tərəddüdə yer qalmadı.

Aydın ifadə olunan bəyanatların ardı ilə Türkiyə Naxçıvanda Azərbycan ordusu ilə düşmənlərə göz dağı olan və dünyanın diqqətini cəlb edən birgə hərbi təlimləri start götürdü. Ermənistan və himayədarı Rusiya bu təlimlərdən həyacanlansalar da, ifadələrində Türkiyənin üzərinə açıq getməyə cəsarət etmədilər. ABŞ və Avropa Birliyi də Türkiyənin bu addımlarını soyuq qarşıladı. AB bir az da irəli gedərək Türkiyə Cumhuriyyəti ilə aralarında mövcud anlaşılmazlıqları aradan qaldırmağa hazır olduqlarını bəyan etdi. Paralel olaraq ABŞ rəsmi səviyyədə Azərbaycan, Ukrayna, Moldova ərazilərinin işğal olunduğunu bəyan etməklə, dəstəyini ifadə etdi.

Türkiyənin Azərbaycana yönəlik mövcud siyasi gedişləri strateji olaraq Avropanın təhlükəsizliyinin qarantdır. Bu proses həm də Azərbaycana genişmiqyaslı dəstək prosesinə ciddi stimul vermişdir. Dağlıq Qarabağ artıq Azərbaycanın ərazisinin bir parası olmaqla yanaşı, Türk Dünyası və AB üçün strateji mahiyyət daşımalıdır.

Bir məsələ də bəlli oldu ki, bəzi gizli və məkrli mərkəzlərə təqdim olunan hesabatlarda Vətən məsələsinə biganə toplum kimi təqdim olunan Azərbaycan xalqı ayaq üstədir və Vətən məsələsində heç kimə güzəştə getməyəcəkdir.

Bu gün Azərbaycan xalqının, dünya türklərinin vahid mövqeyi Türkiyə ilə Azərbaycan arasında strateji mahiyyətli hərbi ittifaqın yaradılmasına və Naxçıvandakı hərbi təlimlərdən həmən sonra Türkiyə ordularının Azərbaycanda qalmasına yönəlib və bunu diqtə edir. Bu Türk dövlətləri arasında münasibətlərin yeni müstəviyə keçməsinə işarədir. Bu prosesin ictimai rəyin diqtəsi istiqamətində inkişaf etməsi ən yaxın zamanda Orta Asiya Türk dövlətlərinin bu ittifaqa qoşulmasına şərait yaratmış olar ki, bununla da regionda sabitliyə, dinc quruculuğa keçidin əsası qoyulmuş olar.

Söz Azərbaycan iqtidarınındır. İqtidar ifadəsini korrektə etsək daha məntiqli olar. Azərbaycan İqtidarı tək İlham Əliyevdən ibarətdir. Təsadüfi deyil ki, Parlamentdə bəzi rusofillər fəallaşıblar. Prezident ictimai rəyi nəzərə almalı və milli maraqlarımıza yönəlik qərar verməlidir. Belə cəsarətli qərar olarsa, Rusiyanın cavab tədbirləri də işə düşə bilər. Rusiyanın ən böyük xəyanəti Dağlıq Qarabağı ermənilərin maraqlarına uyğun olaraq müstəqil dövlət olaraq tanıması ola bilər ki, bununla da öz qəbrini daha dərin qazmış olar. Daxili siyasi sistemi xaosa sürükləmək imkanları isə yoxdur. Çünki, Azərbaycanda zəngin və təcrübəli siyasi partiyalar və liderlər mövcudur. Rusiyanı dəhşətli qorxu mənbəyi saymağı doğru hesab etmirəm. Türkiyənin açıq mətnlə meydanda var olduğu müddətcə, hərbi təcavüz ehtimalları da real deyil.

Düşüncəmə görə, ən təhlükəli qorxu mənbəyi hakimiyyət qollarına yeridilmiş cəsuslar və milli maraqlardan çox uzaq düşmüş korrupsionerlərdir. Hakimiyyətin ən əhəmiyyətli qolu olan parlamentin isə millətimizin olmaması heç kimdə şübhə yaratmır. Ən kritik anda milli maraqları təhdid edən qərarları bu zümrədən gözləmək mümkündür. Bütün hallarda Azərbaycan siyasi hakimiyyətini bu qorxu mənbələrindən azad etmək milli vəzifələrdən sayılmalıdır. Prezident tək və ya ən yaxın ətrafı ilə bu cinayət yuvasını təmizləməkdə çox da güclü komandaya malik deyildir və kifayət qədər çətin durumda olduğu sezilir. İslahat və ya xalqla əlaqələrin dinamikasında isə prosesi uduzmaqdadırlar.

Fikrimcə, Prezident hədəfləri Qarabağ probleminin həlli və Azərbycan hakimiyyətinin mafiyadan təmizlənməsi, hakimiyyət strukturlarının millətin iradəsi ilə formalaşdırlması üçün çalışmalı olan MÜVƏQQƏTI ETİMAD HÖKUMƏTİ İDEYASI siyasi gündəmə gətirmək cəsarətini sərgiləməlidir.

Prezidentdən ən ideal gözləntim, öz imzasına sığan mövcud səlahiyyətləri millətimizin və dövlətimizin güclənməsinə, yaranmış böhrandan çıxmağa sərf etməyə siyasi iradəsinin çatması olardı…

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*