AZƏRBAYCAN XALQ HƏRƏKATI (AXH) NİYƏ YARANDI VƏ NƏ İSTƏYİR !!!

PAYLAŞIN

AXH-NİN BƏYANATI VƏ ƏSASNAMƏSİ 

Zəruri qeyd:

Yanvarın 19-da təsis olunduğu bəyan edilən Azərbaycan Xalq Hərəkatının (AXH) Bəyanatı, eləcə də, AXH-nin gələcək fəaliyyətini tənzimləyəcək Əsasnamə hələ də mətbuatda yayınlanmayıb. Bu səbəbdən hər iki sənədi saytımız üzərindən cəmiyyətin diqqətinə çatdırmaq vacibiyyəti duydum.

Bu arada bir şeyi də xüsusi virğulayım ki, həm Bəyanat, həm də Əsasnamə AXH-nin təsisçilərindən biri, İstiqlalçı millət vəkili, VAMBP sədri professor Hacıbaba Əzimov tərəfindən yazılıb və redaksiyamıza təqdim olunub.

Sözügedən Bəyanat bütünlüklə, AXH-nin Əsasnaməsi isə cüzi dəyişikliklə qəbul edilib. 

Sərdar ƏLİBƏYLİ

————————————————————————-

Azərbaycan Xalq Hərəkatının Bəyanatı

Uzun illər ərzində mövcud kleptokratiya hakimiyyəti tərəfindən bütün prezident, parlament, bələdiyyə seçkilərinin total şəkildə saxtalaşdırılması, Konstitusiyaya zorakılıqla anti-demokratik dəyikliklər və əlavələr edilməsi, qanunun aliliyi prinsipinin, insan haqlarının və azadlıqlarının, o cümlədən vətəndaşların əmək, mülkiyyət, təhlükəsiz yaşamaq, şəxsi toxunulmazlıq, seçmək və seçilmək hüquqlarının kobud şəkildə pozulması nəticəsində ölkəmizdə sosial-iqtisadi və siyasi böhran son dərəcə dərinləşmiş, elm, təhsil, səhiyyə və mədəniyyət sahələri “islahatlar” adı altında bərbad hala salınmış, əhalinin etiqadına və adət-ənənələrinə, əxlaqına edilən yad müdaxilələr üzündən milli-mənəvi dəyərlər deformasiyaya uğramış, milyonlarla vətəndaşlarımız ölkəni tərk etməyə məcbur olmuşdur. Son illərdə eyni zamanda hakimiyyətin xalqın mənafeyinə, ölkənin geosiyasi, geostrateji maraqlarına cavab verməyən, yarıtmaz xarici və daxili siyasəti nəticəsində Vətənimizin işğal olunmuş ərazilərinin azad olunmasını əngəlləməyə çalışan xarici düşmən dairələrin xəyanətkar fəaliyyəti intensiv hal almış, dövlət müstəqilliyinin və dövlət quruluşunun konstitusion əsaslarının sarsılmasına rəvac verən təhlükəli meyllər güclənmişdir.
Biz, bu bəyanatı imzalayan siyasi partiyalar və istiqlalçı deputatlar xalqımızın yuxarıda göstərilən taleyüklü problemlərinin həll olunmasına kömək məqsədilə Azərbaycan Respublikasında fəaliyyət göstərən demokratik qüvvələrin: siyasi partiyaların, ictimai-siyasi hərəkatların, qeyri-hökumət təşkilatlarının, ictimai-siyasi xadimlərin, görkəmli ziyalıların, xaricdə yaşayan azərbaycanlıları təmsil edən qeyri-hökumət təşkilatlarının məşvərət və əməkdaşlıq mərkəzi olaraq Azərbaycan Xalq Hərəkatını təsis etdiyimizi bəyan edirik.

Azərbaycan Xalq Hərəkatı

– Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının, beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq;
–  Hər cür zorakılığın, hakimiyyətin mənimsənilməsinin yolverilməz və xalqa qarşı ən ağır cinayət olduğunu dərk edərək xalqımızın ali mənafeyini və iradəsini ifadə edən aşağıdakı problemlərin həllinə nail olmağı öz məqsəd və vəzifəsi hesab edir:
– Hakimiyyətin bölünməsinə dair Konstitusiyada təsbit olunmuş norma və prinsiplərin hüquqi-siyasi islahatlar yolu ilə bərqərar olunmasına nail olmaq;
– Qarabağın işğaldan azad edilməsinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün tam şəkildə bərpa olunmasına, qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtmasına hərtərəfli yardım göstərmək;
– Vətəndaşların sosial-iqtisadi və siyasi hüquqlarının qorunmasına yardım göstərmək üçün effektiv plan və proqramların hazırlanıb həyata keçirilməsinə nail olmaq;
– Seçki Məcəlləsinin demokratikləşdirilməsi və normal seçki mühitinin yaradılması üçün təsirli tədbirlər həyata keçirmək;
– Azad və ədalətli prezident, parlament və bələdiyyə seçkiləri keçirilməsinə və xalqın iradəsinə müvafiq olaraq legitim hakimiyyətin formalaşmasına nail olmaq;
–  Xaricdə yaşayan azərbaycanlılarla sıx əlaqələr yaratmaq və onların hüquqlarını, o cümlədən Vətəndə – Azərbaycan Respublikasında yaşamaq və işləmək hüquqlarını müdafiə etmək;
–  Xalqın taleyüklü digər problemlərinin həllinə yardım göstərmək.

Azərbaycan Xalq Hərəkatı bəyan edir ki, daim xalqımızın ali mənafeyini əsas tutacaq, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub möhkəmlənməsi, ölkəmizdə demokratik, dünyəvi, unitar hüquqi dövlət quruculuğunun inkişafı, xalqımızın milli birliyinin qorunub saxlanılması naminə fəaliyyət göstərəcəkdir.
————————————————————————————–

Azərbaycan Xalq Hərəkatının

Ə S A S N A M Ə S İ

Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğunda ciddi problemlər yarandığını, hakimiyyətin azad, ədalətli seçkilər yolu ilə xalqın iradəsinə əsasən formalaşmadığını və bir qrup tərəfindən mənimsənildiyini, qanunun aliliyi prinsipinin, insan haqlarının və azadlıqlarının kobud şəkildə pozulduğunu, əhalinin etiqadına və adət-ənənələrinə, əxlaqına edilən yad müdaxilələr üzündən milli-mənəvi dəyərlərin deformasiyaya uğradığını, sosial-iqtisadi və siyasi böhranın son dərəcə dərinləşməsi üzündən milyonlarla vətəndaşlarımızın ölkəni tərk etməyə məcbur olduğunu, eyni zamanda hakimiyyətin ölkənin geosiyasi, geostrateji maraqlarına cavab verməyən, yarıtmaz xarici və daxili siyasəti nəticəsində Vətənimizin işğal olunmuş ərazilərinin azad olunmasını əngəlləyən, dövlət müstəqilliyinin və dövlət quruluşunun konstitusion əsaslarının sarsılmasına rəvac verən təhlükəli meyllərin gücləndiyini dərk edərək, xalqımızın ali mənafeyi naminə mücadilə aparan demokratik qüvvələrin konsolidasiyasına nail olmaq və yuxarıda göstərilən taleyüklü problemlərin həll olunmasına kömək etmək məqsədilə

Azərbaycan Respublikasında fəaliyyət göstərən demokratik qüvvələrin: siyasi partiyaların, ictimai-siyasi hərəkatların, qeyri-hökumət təşkilatlarının, ictimai-siyasi xadimlərin, görkəmli ziyalıların, xaricdə yaşayan azərbaycanlıları təmsil edən qeyri-hökumət təşkilatlarının məşvərət və əməkdaşlıq mərkəzi olaraq təsis olunan Azərbaycan Xalq Hərəkatı öz fəaliyyətinin məqsəd və vəzifələrini, idarəetmə prinsiplərini aşağıdakı şəkildə müəyyən edir:

1. Azərbaycan Xalq Hərəkatının məqsəd və vəzifələri

Azərbaycan Xalq Hərəkatı Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüququn norma və prinsiplərini, Xalq Hərəkatının Təsis Bəyannaməsini və bu Əsasnaməni rəhbər tutaraq, xalqımızın taleyüklü aşağıdakı problemlərinin həllini öz məqsəd və vəzifəsi hesab edir:

1.1. Azərbaycanın dövlət müstəqilliyinin və dövlət quruluşunun təməl prinsiplərinin qorunub möhkəmləndirilməsi;

1.2. Ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət quruluşunun qorunmasına və inkişafına təminat verən hüquqi-siyasi islahatların həyata keçirilməsi;

1.3. Hakimiyyətin bölünməsinə dair Konstitusiyada təsbit olunmuş norma və prinsiplərin hüquqi-siyasi islahatlar yolu ilə bərqərar olunması;

1.4. Hər cür zorakılığın, hakimiyyətin mənimsənilməsinin yolverilməzliyi prinsipinə əməl edilməsi;

1.5. Azərbaycan Respublikasının ərazi bütövlüyünün tam şəkildə bərpa olunması, qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qaytarılması;

1.6. Vətəndaşların sosial-iqtisadi və siyasi hüquqlarının tam şəkildə qorunması;

1.7. Ölkədə azad, demokratik seçkilər keçirilməsinə təminat verən yeni Seçki Məcəlləsinin qəbul edilməsi;

1.8. Azad və ədalətli prezident, parlament və bələdiyyə seçkiləri keçirilməsi və xalqın iradəsinə müvafiq olaraq legitim hakimiyyətin formalaşması;

1.9. Ölkə həyatının bütün sahələrini əhatə edən köklü demokratik islahatların həyata keçirilməsi yolu ilə Azərbaycanda mövcüd avtoritarizmdən demokratiyaya dinc keçidin təmin edilməsi;

1.10. Azərbaycanın avroatlantik məkana inteqrasiya olunması, xarici ölkələrlə münasibətlərin beynəlxalq hüquq normalarına uyğun olaraq qurulması, dövlətlərin suveren bərabərliyi, sərhədlərinin toxunulmazlığı və beynəlxalq hüquqi öhdəliklərin vicdanla yerinə yetirilməsi prinsiplərinə dəstək verilməsi;

1.11. Xaricdə yaşayan Azərbaycan vətəndaşlarının hüquqlarının, o cümlədən Vətəndə – Azərbaycan Respublikasında yaşamaq və işləmək hüquqlarının təmin olunması;

1.12. Xalqın taleyüklü digər problemlərinin həllinə yardım göstərilməsi.

2. Azərbaycan Xalq Hərəkatının idarə olunması 

Azərbaycan Xalq Hərəkatı bu Əsasnaməni əsas tutaraq öz fəaliyyətini həyata keçirmək üçün hərəkatın təsisçilərindən və üzvlərindən ibarət İdarə Heyəti, Ali Məclis və onun yerli orqanlarını formalaşdırır.

2.1. Hərəkatın İdarə Heyəti

2.1.1. İdarə Heyəti siyasi partiyaların sədrləri (və ya nümayəndələri), istiqlalçı deputatlar, görkəmli ziyalılar və ictimai-siyasi xadimlərdən ibarət təşkil olunur. İdarə Heyətinin qərarı ilə onun tərkibinə göstərilən kateqoriyadan olan yeni üzvlər qəbul edilə bilər.

2.1.2. İdarə Heyəti hərəkatın cari işinin təşkilini və qərarların icrasını həyata keçirən koordinasiya və icra orqanıdır.

2.1.3. İdarə Heyəti 2 ay müddətinə dönəm sədri seçir və iclasların təşkili və aparılması onun tərəfindən həyata keçirilir.

2.1.4. İdarə Heyətinin iclasları bir qayda olaraq həftədə bir dəfə keçirilir.

2.1.5. İdarə Heyətinin iclasları onun üzvlərinin yarıdan çoxu, fövqəladə hallarda isə üçdə biri iştirak etdikdə səlahiyyətlidir.

2.1.6. İdarə Heyəti daimi, müvəqqəti komitə və komissiyalar, işçi qrupları və digər qurumlar yarada bilər.

2.1.7.İdarə Heyəti ölkənin regionlarında hərəkatın rayon (şəhər) şöbələrinin və onların Məclislərinin formalaşdırılmasına yardım göstərir.

2.1.8. İdarə Heyəti Ali Məclisin sessiyasının vaxtını müəyyən edir, onun gündəliyinin layihəsini hazırlayır, Ali Məclisin qərarlarının icrasına nəzarəti həyata keçirir.

2.1.9. İdarə Heyəti sessiyalararası müddətdə hərəkatın Əsasnaməsində əks olunmuş məqsəd və vəzifələrə müvafiq olaraq Ali Məclis və öz adından bəyanat verməyə və müraciətlər etməyə səlahiyyətlidir.

2.1.10. İdarə Heyətinin qərarları həmin iclasın iştirakçılarının sadə səs çoxluğu ilə qəbul edilir və mətbuatda elan olunur.

2.1.11. İdarə Heyətinin üzvü yazılı xəbərdarlıq etməklə öz fəaliyyətinə xitam verə bilər.

2.1.12. İdarə Heyətinin və ya Ali Məclisin sessiyası üzvlərinin üçdə iki hissəsinin səsverməsi ilə İdarə Heyətinin fəaliyyətinə xitam verilə bilər.

2.2. Hərəkatın Ali Məclisi

2.2.1. Hərəkat öz təsisçilərindən, siyasi partiyaların, hərəkatın rayon (şəhər) şöbələrinin, ictimai-siyasi hərəkatların, qeyri-hökumət təşkilatlarının və xaricdə yaşayan azərbaycanlıları təmsil edən qeyri-hökumət təşkilatlarının nümayəndələrindən, sabiq deputatlardan, ictimai-siyasi xadimlərdən və görkəmli ziyalılardan ibarət Ali Məclis formalaşdırır.

2.2.2. Siyasi partiyalar 3 nəfər, hərəkatıın rayon (şəhər) şöbələri, ictimai-siyasi hərəkatlar, qeyri- hökumət təşkilatları və xaricdə yaşayan azərbaycanlıların qeyri-hökumət təşkilatlarının hər biri 1 nəfər nümayəndə ilə Ali Məclisdə təmsil oluna bilər. İdarə Heyətinin tövsiyyəsi ilə sabiq deputatlar, ictimai-siyasi xadimlər və görkəmli ziyalılar fərd olaraq Ali Məclis üzvlüyünə seçilə bilərlər.

Ali Məclis üzvlərin yarıdan çoxunun səsverməsi ilə altı ay müddətinə Məclisin Sədrini və 2 nəfər Sədr müavinini seçir.

2.2.3. Ali Məclis hərəkatın ali orqanıdır və onun sessiyası (iclası) bir qayda olaraq iki aydan bir dəfə İdarə Heyəti tərəfindn çağırılır.

2.2.4. Ali Məclisin sessiyası üzvlərin yarıdan çoxu, fövqəladə hallarda isə üçdə biri iştirak etdikdə səlahiyyətlidir.

2.2.5. Ali Məclis özünün fəaliyyətini qəbul etdiyi plan və proqram əsasında həyata keçirir.

2.2.6. Ali Məclis hərəkatın rayon (şəhər) şöbələrinin və Məclislərinin formalaşdırılmasına yardım göstərir və onların səlahiyyətlərini təsdiq edir.

2.2.7. Ali Məclis daimi, müvəqqəti komitə və komissiyalar, işçi qrupları və digər qurumlar yaradır.

2.2.8. Ali Məclis zərurət yarandığı təqdirdə üzvlərinin yarıdan çoxunun səsverməsi ilə İdarə Heyəti üçün tövsiyyə xarakterli qərarlar qəbul edə bilər.

2.2.9. Ali Məclisin və ya İdarə Heyətinin üzvlərinin üçdə birinin təşəbbüsü ilə Ali Məclisin növbədənkənar sessiyası (iclas) çağırıla bilər.

2.2.10. Ali Məclisin qərarları həmin sessiyanın (iclasın) iştirakçılarının sadə səs çoxluğu ilə qəbul edilir və mətbuatda elan edilir.

2.2.11. Ali Məclis xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor nümayəndələri və təşkilatları ilə əməkdaşlıq edə bilər.

2.2.12. Ali Məclis xarici ölkələrdə Azərbaycan vətəndaşlarından ibarət yerli şöbə və ya bölmələrini yarada bilər.

2.2.13. Ali Məclisin sessiyası üzvlərin üçdə iki hissəsinin səsverməsi ilə Ali Məclisin fəaliyyətinə xitam verə bilər.

3. Hərəkatın İdarə Heyətinə və Ali Məclisinə üzvlük

3.1. İdarə Heyəti səs çoxluğu ilə partiya sədrləri və istiqlalçı deputatlar sırasından öz tərkibinə yeni üzvlər qəbul edə bilər.

3.2. Ali Məclis İdarə Heyətinin tövsiyəsi və üzvlərin yarıdan çoxunun səsverməsi ilə öz sessiyasında yeni üzvlər qəbul edə bilər.

3.3. Hərəkatın İdarə Heyətinin və Ali Məclis üzvünün fəaliyyətinə aşağıdakı hallarda xitam verilə bilər:

a) Hərəkatın təməl prinsipləri və bu Əsasnamənin tələbləri ilə bir araya sığmayan hərəkətlərə yol verdikdə;

b) İdarə Heyətinin iclaslarında və Ali Məclisin sessiyalarında üzrsüz səbəbdən mütəmadi olaraq iştirak etmədikdə;

c) Hərəkat üzvünün öz xahişi ilə.

3.4. Hərəkatın üzvləri İdarə Heyətinə yazılı müraciət etməklə onun tərkibindən çıxa bilərlər.

4. Yekun müddəalar

4.1. Bu Əsasnamə təsisçi İdarə Heyətinin iclasında sadə səs çoxluğu ilə qəbul edildiyi andan qüvvəyə minir.

4.2. Əsasnaməyə əlavə və dəyişikliklər İdarə Heyəti üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.

4.3. Hərəkatın üzvləri bu Əsasnamədə əks olunmuş prinsiplərə zidd fəaliyyət göstərə bilməz, İdarə Heyətinin və Ali Məclisin qəbul etdiyi qərarların əleyhinə təbliğat apara bilməzlər.

4.4. Hərəkatın üzvlərindən hər biri onun məqsədlərinə, vəzifə və prinsiplərinə zidd olmayan məsələlərdə və özünün ictimai-siyasi fəaliyyətində müstəqildir və onun bu fəaliyyətinə görə hərəkatın digər üzvləri məsuliyyət daşımır.

4.5. Bu Əsasnaməni qəbul edən hərəkat üzvləri onun fəaliyyəti ilə bağlı məsələlərdə bir-birlərinə yardım etməyi öz öhdələrinə götürürlər.

4.6. Bu Əsasnamə çərçivəsində fəaliyyətinə görə üzvlərdən hər hansı birinin əleyhinə yönəldilmiş qanunsuz hərəkətlərə, təzyiq və təqiblərə qarşı hərəkat üzvləri birgə çıxış etməyə borcludurlar.

PAYLAŞ

1 Comment

Leave a Reply

Your email address will not be published.


*