BAZAR OLSUN, CƏNAB GENERAL(LAR) !!!

PAYLAŞIN

                                                                                                                       Mətləb MÜTƏLLİMLİ

Mətləb M.

Qapalı “türmə”lərin açıq bazarları.

                                                                 

Ön  söz əvəzi

Ədliyyə generalları

Hər şey ondan başladı ki, həbsxanada yatan tanışım ümumi dostumuza zəng edərək səhhətinin yaxşı olmadığını, ona şəkər xəstəliyinə aid dərman çatdırmağımızı xahiş etmişdi. Onun cəza  çəkdiyi  yer  nisbətən mənə   yaxın olduğundan dərmanları mən aparmalı oldum. Məhbusla görüş üçün  qəbul otağına yaxınlaşan zaman  mənə  bildirildi ki, ünvanı səhv salmısan, məhkumun qohumu olmadığına görə onunla görüşə bilməzsən.  Pul  xatirinə deyilən  bu bəhanəni  başa düşdüyümə görə  işimi əvvəldən ehtiyatlı tutmuşdum və  “2012-ci il mayın 12-dək edilmiş əlavə və dəyişikliklərlə Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin  81-ci maddəsini  çavuşa xatırlatdım. Bu Məcəllənin 81-ci maddəsinə  əsasən   “Qısamüddətli görüşlər qohumlarla və başqa şəxslərlə cəzaçəkmə müəssisəsinin nümayəndələrinin iştirakı ilə verilir.”  Bu xatırlatmanın da  xeyri  olmadı, çavuş öz dediyini deməkdə davam etdi. Rəhbərliklə uzun  məşvərətdən sonra, nəhayət ki, məhbusla görüşə icazə verildi.  Görüşdən sonra  çoxlarının bilmədiyi  “Cəzaların İcrası Məcəlləsi”nin  bu vacib maddəsi haqqında bir daha xatırlatma verməklə hər bir şəxsin öz  məhbus dostu, tanışı ilə  görüşmək hüququnun olduğunu mətbuatda yazmaq qərarına gəldim. Lakin, vaxtilə orada belə saysız-hesabsız qanun pozuntuları ilə üz-üzə qalmış  insanlarla məsləhərləşdikdən sonra  cəzaçəkmə yerlərindəki  vəziyyət  haqqında  yazmağı  lazım bildim.                                                                                                                                                                                                                                                                                                                                                                        

Tutdun, bas içəri !                                                                                                 

Mədət Q.

Bəri başdan deyək ki,hakimiyyətin yarıtnaz  cəza siyasəti   ayrıca  araşdırma obyekti  olsa da, bu haqda  bir neçə söz deməmək mümkün deyil. Hüquq-mühafizə orqanları, sözsüz ki, hakimiyyətin birbaşa  sifarişi  və xeyir-duası ilə, bir çox hallarda, insanlarda   xof yaratmaq  məqsədi ilə , zərurət  olmadqda belə, həbs qəti imkan tədbirinə, azadlıqdan məhrumetməyə üstünlük verirlər. Onlar  belə vacib bir məqamı başa düşmək istəmirlər ki, cəzaların daha da sərtləşdirilməsi, eləcə də, bir çox hallarda ciddi qanun pozanların cəzadan kənarda qalması, az əhəmiyyətli qanun pozulmasına görə isə insanların zindanlara göndərilməsi beynəlxalq dəyərlərə,humanizm prinsiplərinə  ziddir ,cəmiyyəti gərginləşdirməyə aparan  ağır bir yoldur.                                                                                                                         Azərbaycanda cəzaçəkmə yerlərinin  beynəlxalq normadan artıq  sayda dustaqlarla doldurulması dediyimizə bir daha sübutdur.  Cəzaçəkmə yerlərinin təhqiqatı Beynəlxalq Mərkəzinin 2013-cü il tarixli məlumatına əsasən 221 ölkə içərisində Azərbaycan dustaqların ümumi sayına görə 15-ci yerdədir. Belə ki, ölkəmizdə hər 100 min nəfərə görə məhbusların sayı 407(!!!) nəfərdir.  Halbuki, bu rəqəm qonşu  İranda 333 nəfər, Qazaxıstanda 316 nəfər, Türkmənistanda 224 nəfər, Ermənistanda  isə 146 nəfərdir. Başqa sözlə, öz vətəndaşlarına qarşı qəddar münasibətə  görə MDB ölkələri arasında Gürcüstandan, Rusiyadan və Belarusdan sonra  məhbusların sayına görə  Azərbaycan 4-cü yerdədir. Ehtimallara görə, bir şox  diktatura hökm sürən ölkələrdə, o cümlədən, Azərbaycanda məhbusların həqiqi  sayı gizlədilir ki, bu da məhkumların sayının daha artıq olduğunu düşünməyə əsas verir

  

Pul ver, keç yuxarı başa                                                                                     

Məhbusun  ailə üzvü, qohumu onunla   görüşmək istəyirsə, problem yoxdur, sənədləşməyə 1-2 manat ver, buraxılış kağızı  ilə nəzarətçiyə yaxınlaş, 5-10 manat da ora ver, sonra keç  yuxarı başa. Məhbusun kartoçkasında qohum kimi yazılmamısansa, bu başqa məsələ, yəni, 50 manatdan bir neşə yüz manatadək tərləməlisən. Amma, ona da arxayın ol ki, verdiyin ərzağın ,pulun heç də hamısı məhbusa çatmayacaqdır.                                                                                                    .                                                                                                                                                                                                          

İçəridə nə neçəyədir ?                                                                                           

Demək  olar ki, bütün cəzaçəkmə yerlərində məhbuslar üçün “taksa”eynidir, yəni: görüş otağında oturmaq 2 manat; dustaqa gələn ərzaqı, əşyanı görüşdən sonra aparan “taçkovoza” – dustağa hər reys üçün 1 manat(təbii ki,taksi-dustaq da öz gündəlik haqqını ödəyir); növbətçi,  baş nəzarətçi , dəstə rəhbəri, nəzarətçilər – hərəsi  1 manat; yandıranlar, yəni qalan pulu qoparmaq üçün müxtəlif bəhanələr – 5 manatdan 100 manata, pul qurtarana qədər; eləcə də əyləncələr -tenis, blyard, kino zal, klub, kompüter zalı, hər biri 1 manat; hamam  hər  0,5 saatı – 1 manat; dəllək, dərzi – hər biri 1 manat; mobil telefonla təkcə “vızıv” vermək – 1 manat; saç saxlamaq – ayda 5 manat; paltar yumaq, soyuducudan istifadə – hər biri 1 manat; yemək bişirməyə pul, plitkadan istifadəyə pul, barakın təmizlənməsinə pul , əfv ərizəsini aidiyyəti ünvanlara çatdırılmasına pul; kafelər, çayxanalar ancaq  pulladır – bir çaynik çay – 30-50 qəpik;, evdən gələn ərzaqdan baş nəzarətçiyə, rəis müavininə pay; yaxşı barak-150-200 manat; dəstə dəyişmək 50-100 manat; yataq yerini dəyişmək – 20 manat; karantindən tez çıxmaq 150-200 manat; xəstəxanada qalmağın hər ayı 150 manat, belə ki , imkanlı məhbuslar orda aylarla qalırlar. Cəzaçəkmə müəssisələrinin rəhbərlərinin məhbuslara bildirdiyinə görə, cəza şəraitinin dəyişdirilməsinə, yəni, üçdə birə çıxmaq üçün məhkəmələrə  2 min manatdan 10 min manatadək pul  verilməlidir. Əlbəttə, sevincindən gözü ayağının altını görməyən, ilanın boğazindan xilas olmuş qurbağa kimi azadlığa buraxılmış məhbusların yolpulu, paltar pulu da müəssisə rəhbərliyi tərəfindən mənimsənilir. Hələ bunlar da hamısı deyil…                                                                                                               Ehtiyatlılıq baxımdan  bu qiymətlər, bir qayda olaraq, siyasi məhbuslara şamil edilmir.                                                                                                                                 

 

Dustaqlar nə yeyir?                                                                                             

Məhbusların saxlanması üçün  hər il dövlət tərəfindən lazımı vəsait ayrılır,  onların gündəlik normaları müəyyənləşdirilir və mətbuatın yazdığına görə ,guya,dövlət  tərəfindən hər bir məhbusa gündəlik 8  avro vəsait xərclənir . Belə ki, 2015-ci ildə dövlət büdcəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə 83 milyon manata yaxın (82.995.605 manat) vəsait ayrılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Məhkumların yemək və maddi-məişət normalarının təsdiq edilməsi “  barədə 25 sentyabr  2001-ci il tarixli, 154 nömrəli və 8 oktyabr 2013-cü ilə qədər edilmiş  əlavə və dəyişikliklərlə qərarına əsasən, məhbusların ərzaqla təminatı  norması qənaətbəxş hesab edilməlidir. Bununla belə, dustaqların mütləq əksəriyyəti  evdən hər gün gətirilən tonlarla  ərzaqla, o cümlədən, evdən aldıqları pullarla  yaşayırlar.                                                                                                                Onda, sual olunur, dövlət  məhkumları ərzaqla  təmin etdiyi halda, məhbuslar  onsuz da ehtiyac içində boğulan ailəsinin  ümidinə  niyə  yaşamalıdırlar? Hökumətin qeyd edilən  qərarına uyğun olaraq, hər bir məhbus sutka  ərzində (qramla) 1-ci növ buğda unundan olan çörəklə – 700q., müxtəlif yarmalarla – 125 q., ətlə – 80 q., balıqla -100q., bitki yağı ilə – 20q., şəkər tozu ilə – 30 q., kartofla – 550 q., tərəvəzlə – 250q., yumurta ilə – həftədə 2 ədəd, və sair ərzaqla təmin olunmalıdır. Siqaret çəkən məhkumlara hər 10 gün müddətində 100 ədəd siqaret(5-7 dərəcəli) və 3 qutu kibrit  verilməlidir.             Tərbiyə müəssisələrində saxlanılan, müalicə müəssisələrində müalicə olunan məhkumların gündəlik ərzaq normaları isə  bir sıra hallarda daha yüksəkdir. Bəs, faktiki vəziyyət necədir? Bu ağır  həyat yolunu keçmiş   məhkumların dediyinə əsasən, birinci növ çörək ümumiyyətlə verilmir, olanda da , beynəlxalq təşkilatlardan yoxlamalar olarkən verilir. Bir qayda olaraq, qara, palçıq kimi keyfiyyətsiz çörək olur, “pesok” olmur, verilən bişmiş yeməklər  də keyfiyyətsiz, dadsız, hazır yemək kimi verilən kartoflar da,əsasən, yararsız  olur. Əlbəttə, cəzaçəkmə  yerlərində hazırlanan məhbəs yeməyi  ev yeməyi deyildir, lakin, dövlətin nəzərdə tutduğu miqdarda və keyfiyyətdə  ərzağın məhbuslara toxunulmadan  çatdırılması onlara tam kifayət edərdi. Canına heyfi gələn və belə kefiyyətsiz yeməkləri qəbul  etməyən  dustaqların mütləq əksəriyyəti məcbur olub  belə yeməklərdən imtina edirlər.Bu da türmə işçilərinə küııi miqdarda qazanc gətirir.                                                                                                                                                                                                                                                                           

 Qaz vurub qazan dolduranlar                                                                                                                                            

Məhbusların  çoxunun keyfiyyətsiz  yeməklərdən  imtinaları  hesabına cəzacəkmə yerlərinin rəhbərliyi  milyonlarla  manat qazanc əldə edirlər.  Məsələn, 800 nəfərədək məhbusu olan 14 saylı cəzaçəkmə müəssisəsində, ən çoxu, 250-300 məhbus yemək prosesində  iştirak edir. Deməli, yeməkdə iştirak etməyən 500 məhbusun ərzağı müəssisə rəhbərlərinin  və aidiyyatı  yuxarı qurumların cibinə axır. Misal üçün, bir məhbusun sutkalıq  ət norması 80 qramdırsa, bu 500 nəfər üçün gündə 40 kq., ayda 1200 kq., ildə 14.400 kq-a bərabərdır. Bu rəqəm pula çevrildikdə, yəni, hər kq. ət ən azı 6 manatdan hesablanarsa,  cəzaçəkmə müəssisəsi  rəhbərliyi  500 nəfər üçün nəzərdə tutulan təkcə ətdən gündə 240 manat, ayda, 7200 manat, ildə isə 86 min  400 manat qazanır.  Eləcə də, hər məhkumun sutkalıq kartof norması 700 qramdırsa və 500 nəfər gündəlik yeməkdə iştirak etmirsə, bu: gündə 350kq, ayda – 10 ton 500 kq., ildə 126 ton kartof deməkdir. Bu da pula çevrildikdə və hər kq. kartof ən aşağı qiymətə, 50 qəpiyə vurulduqda, bu  gündə 175 manat, ayda 5250 manat, ildə 63 min manat qazanc deməkdir.      Beləliklə də, hökumət tərəfindən müəyyənləşdirilmiş ən azı 18 adda ərzaqın  cəmi ikisindən  (ət, kartof)  500 nəfərin hesabına cəzaçəkmə müəssisəsi  hər il nə az, nə çox-150 min manata yaxın(149min 400 manat) qazanc götürülür. Bu hesablamalar  bütün cəzaçəkmə müəssisələrinə şamil edilərsə və 20-22 min məhbusun  yeməkdə iştirak erməyənlərinin sayının  lap 50 faizi belə götürülərsə, onda siz, hansı  fantastik rəqəmlərin   ortaya çıxdığının canlı şahidi ola bilərsınız..                                                                                                                                                                       

 

Dülgər üçün taxta nədirsə…                                                                               

lAMİYƏİlk öncə, onu bildirək ki, iqtidaryönlü mətbuatın yazdıqlarından fərqli olaraq, həqiqətdə, 17 cəzaçəkmə müəssisələrində, Qobustan həbsxanasında məhbusun mənliyinə, şəxsiyyətinə, demək olar ki, hörmət yoxdur. Müəyyən  müddət  günahsız  məhkumluq həyatı yaşamış    şəxsin  ibarəli ifadəsi ilə desək, “Pinəçi üçün cırıq ayaqqabı nədirsə ,onunla necə rəftar edirsə, dülgər üçün taxta nədirsə,  onunla   necə rəftar edilrsə, cəzaçəkmə yerlərində də məhkumlarala  o cür rəftar edirlər.”  Özünə, şəxsiyyətinə hörmətlə yanaşılmasını  istəyənlər  isə  müxtəlif vasitələrlə cəzalandırılır, zərərsizləşdirilir, sındırılır  ki, bu haqda xüsusi qeyd edəcəyik. Bundan başqa, kimliyindən,  hansı  maddəsi  ilə mühakimə edilməsindən asılı olmayaraq, məhbusların bütün qanuni istəkləri  yalnız pulla, yenə də pulla ölçülür.  Cəzaçəkmə yerlərində özbaşınalıqlardan, qanunsuzluqlardan danışarkən  ilk olaraq hələ də cəmiyyətin ciddi hiddətinə səbəb olan və içəridəki  həyat tərzini  canlı əks etdirən  keçmiş məhbus Lamiyə Quliyeva olayları yada düşür.                                                                                                                                                             

 Nobel mükafatına  layiq kəşf                                                                                                                                                       

Doğrudur, bəziləri bilərəkdən və ya bilməyərəkdən  bu günlərdə azadlığa buraxılmış Lamiyə Quliyevanın məsələsinin bağlanmasını tələb edirlər, guya, bu məsələ təkcə L.Quliyevaya məxsusdur, onun şəxsi işidir. Əslində isə, bu məsələ şəxsi məsələ deyil,  qətiyyən şəxsi məsələ deyil, bizim təhsil sisteminin, hüquq mühafizə orqanlarının, ən nəhayət, penitensiar xidmətin iç üzünü acan faciələrdən  yalnız  biridir.  Ölkə gör hara yuvarlanmışdır ki, məktəbə yola salınan  azyaşlı uşaqlar, balaca padşahların harın övladları tərəfindən təcavüzə məruz qalır, namusu tapdalanır, həyatı məhv edilir, Təhsil Nazirliyi və onun yerli şöbələri  isə çoxsaylı  belə dəhşətli hadisələrə göz yumur. Görəsən, hüquq mühafizə orqanlarının vəzifəli şəxslərinin, eləcə də, təhsilə  cavabdeh olan  yerli və ali vəzifəli şəxsıərin öz doğma qızlarına,  nəvələrinə qarşı belə ağlasığmaz, silahli təcavüzlər  törədilsəydi, onda da susardılarmı? Görün, bu ölkədə pul  necə fironluq  edib  və indi də edir ki, Şəmkir kimi bir əyalətin icra başçısınin pulla kəsdiyi başa sorğu sual olmamışdır. Görün, faciə hansı həddə çatmışdır ki, qətldə şübhəli bilinən şəxs, L.Quliyevanın nişanlısı  olmuş V.Əliyev istintaq təcridxanasından çıxarılıb  icra başçısının evinə aparılır, müxtəlif təhqirlərə məruz qaldıqdan sonra da güllələnməsinə fərman verilir. Bütün hüquq normalarını pozaraq, yengə kimi  təqsirləndirilən şəxsin yanında icra başçısının evinə gələn prokuror isə  son  anda  özünü güllələnmək əmri verilmiş  şübhəli  bilinən  şəxsin qabağına atmaqla  onu  ölümdən xilas edir.                                                                                                                                         4 saylı cəzaçəkmə müəssisəsində məhbus  L.Quliyevaya münasibət, onun qapalı yerdə uşaq dünyaya gətirməsi də ( balaca Mədət Quliyev !) dəhşətli, dəhşətli olduğu qədər də  penitensiar xidmət üçün, dövlət üçün rüsvayçı hadisədir. Rüsvayçılıq təkcə onda deyil ki, L.Quliyeva  namusuna vurulmuş ləkəni  qanunsuz yolla da olsa, yumaq istərkən, onun həyatını qorumağa borclu olan  hüquq mühafizə orqanlarının vəzifəli şəxsləri, pul nökərləri, şəxsi maraqları  xatirinə  onun həyatını məhv etmişlər. Rüsvayçılıq həm də ondadır ki, bu gün də hüquq mühafizə orqanları, penitensiar xidmət  bu zavallı məhkumu əllərində oyuncağa çevirmiş, öz çirkin əməllərinə hər cür don geydirə bilmək üçün onun özünü  və uşağını alçaltmaqda davam edirlər. Respublika prokurorluğu, penitensiar xidmət  müqəssir şəxsi  elan edərək məsuliyyətə cəlb etmək əvəzinə,  bulaşmış mundlərini qorumaq xatirinə,  tam məsuliyyətsiz bir variantı, ”sperma” əməliyyatını uydururlar. Guya, istintaq tədricxanasında olan bir şəxs sperma göndərmiş, L.Quliyeva da bundan uşağa qalmışdır. L.Quliyeva isə belə bir şeyin olmadığını, istintaq tədricxanasında  ailəli bir nəfərlə görüşüb uşağa qaldığını iddia edir.  Cənab general,  penitensiar xidmətindəki bu  rüsvayçılıqlardan sonra özünüzü necə hiss edirsiniz ?                                                                                                             

 “Tubzon”  yoxsa  “ Belıy  lebed” ?                                                                   

“Belıy lebed” koloniyası 1938-ci ildə Rusiyanım Perm  vilayətinin Solikam şəhərində   yaranmışdır və ömürlük cəza almış məhkumların saxlandığı xüsusi rejimli cəza yeridir. Burada ömürlük cəza çəkən  məhkumlar  başı aşağı, qolları arxada  qandallanmış və yuxarı qaldırılmış (qaz uçuşu) formasında  gündə 1 saat hərəkət etmək imkanına malikdirlər. Qəddarlığına görə bura dünyaca məhşur yerlərdən biridir və ora gedənlər ordan salamat çıxmırlar.                                                                                                              Keçmiş məhkumlar da iddia edirlər ki, 3 saylı cəzaçəkmə müəssisəsində yerləşən “Tubzon” da(Vərəmli məhkumlar üçün Müalicə Müəssisəsi) az  qala “Belıy lebed” kolonunu xatırladır. Burada işgəncələr üçün xüsusi  avadanlıqlar quraşdırılıb və müdiriyyətin sındırmaq istədikləri hər hansı məhbusu burada işgəncələr vasitəsi ilə sındırırlar. Məhkumluq həyatı yaşayan jurnalist Araz Quliyevin qardaşı Azər Quliyev mətbuata   açıqlamasında  Tubzonda qardaşına işgəncələr verildiyini, onun xəsarət aldığını bildirib. Anar Qasımlı və İsa Yaqubovun qohumları da onlarla görüşdükdən sonra onlara işgəncə verildiyini bildirmişlər.                                                                                                                    22 dekabr 2014-cü il tarixdə 14 saylı cəzaçəkmə müəssisəsində penitensiar xidmət  əməkdaşı tərəfindən vəhşicəsinə döyülərək  işgəncə ilə qətlə yetirilən məhkum Elşad Babayevə görə bir qrup məhbus etiraza qalxmış, cinayəti törədən şəxslərin cəzalandırılmasını tələb etmişlər. Müqəssir şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi əvəzinə , E.Babayevin  ölümünə etiraz edən bir qrup məhbusa qarşı cinayət işi başlanmış, digər  qrup məhkum isə  “Tubzon”a aparılmış, orada onlara dözülməz, insanlığa sığmayan işgəncələr  verilmişdir.                                                                                                    “Tubzon”un  rəisi Nizami Quliyevin məhbuslara qarşı  dilə gətirilməsi mümkün olmayan dəhşətli işgəncələr verdiyi xəbərlər sırasındadır. Heç cürə başa düşülmür ki, müalicə müəssisəsinin cəza yerinə çevrilməsi, sağlam adamların vərəm xəstələrinin yanına aparılması hansı qanuna, hansı insanlığa sığır? Vərəm xəstəliyinin keçici olduğunu nəzərə alsaq, sağlam insanların düşünülmüş şəkildə ora aparılması ən ağır cinayət hesab edilir və belə işləri təşkil edənlər qanun qarşısında cavab verməlidir.                                                                                                                                                                                                                                                                                                                                                                                                   

 Dövləti əmənlər 

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin bu gün işləməyən 10-cu maddəsinə əsasən, məhkumların əsas hüquqlarından biri də ictimai faydalı əməklə məşğul olmaqdır. Avropa Penitensiar Qaydalarına, eləcə də milli  qanunvericiliyə əsasən, fiziki əmək məhbusların maddi  durumunu yaxşılaşdırmaqla bərabər, həm də onların  islah edilməsinin əsas  başlıca vasitələrindən biridir. Orta yaş həddi 32 olan bizim məhbuslar isə, demək olar ki,  fiziki imkanları olsa belə, heç bir iş görmürlər. Daha dəqiq desək, Penitensiar Xidmətə yaxın  saytların bildirdiyinə görə, guya, məhbusların 5,7 %-i (?) istehsalat sahəsində çalışır.  İndiki  iqtidarının bəyənmədiyi, ölkəmizin beynəlxalq arenada taleyini fikirləşmədən hər fürsətdə meydan oxuduğu ABŞ-da isə mənzərə tam fərqlidir. Orada  məhbusların saxlanmasına dövlət hər il 50 milyard dollar vəsait  xərcləyir. Bununla bərabər,  cəzaçəkmə yerlərində iş elə qurulmuşdur ki, məhbuslara 50 milyard dollar xərclənsə də, istehsalın hesabına hər il 72 milyard  dollar qazanc əldə edilir. Bir sözlə, məhbuslar nəinki  dövlətin onlara verdiyi pulu çıxarırlar, hətta ,dövlətə  22 milyard dollar  əlavə qazanc gətirirlər. Eləcə də, Braziliyada məhkumlar elektrik enerjisi istehsal etməklə cəza müddətini azaldır; Ukrayna həbsxanalarında mebel, tikinti materialları istehsal olunur; ABŞ-da “Viktoria s Sekret” və “J.C.Renney” kimi tanınmış şirkətlər öz məhsullarını məhz həbsxanada istehsal edir; Rusiya həbsxanalarında  da hərbi alt paltarları, kürklər, yeni doğulan uşaqlar üçün geyimlər istehsal edirlər və sairə.                                       Bizimkilər isə, hələ ki, dövləti ƏMMƏKLƏ  məşğuldurlar.                                                                                                                                       

 

Cəmiyyətdən gizlədilən rəqəmlər                                                                       

Azərbaycanın bütün dövlət müəssisələrində olduğu kimi, Ədliyyə Nazirliyinin Penitensiar  Xidməti  də hər ilin  əvvəlində ötən  il üçün  təmtəraqlı , lakin, həqiqətin gizlədildiyi  hesabatlar  verir. Bu hesabatlar  cəmiyyət üçün, eləcə də, məhkumlar üçün  nə qədər  vacib olsa da, orada çox şeylər gizlədilir, xidmətin eyibləri  ört-bastır edilir. Penitensiar xidmətinin rəhbərləri elə fikirləşirlər ki,guya,cəzaçəkmə yerləri qapalı olduğundan orda baş verən hər şey gizlədə bilərlər.Halbu ki,mövcud qanunvericiliyə əsasən,bu müəssisələr cəmiyyət üçün deyil,məhbuslar üçü qapalı hesab olunur Ş orada baş verənlər cəmiyyətdən gizlədilməməlidir.  Bununla belə, necə deyərlər, “zülümovun quş”u üçün hazırlanmış hesabatlar əsasında bəzi fikirlər söyləmək  mümkündür. Təmtəraqlı hesabatlarda nədən danışılır:                                                        

— Avropa standartlarına cavab verən yeni cəza müəssisələrinin tikilməsindən;                                                       

— 2013-cü ildə xidmətin 164 əməkdaşının intizam məsuliyyətinə cəlb olunmasından,31 nəfərin tutduğu vəzifədən azad edilməsindən;                                                                                                                              

— 2014-cü ildə  xidmətin 347 əməkdaşının inzibati məsuliyyətə cəlb edilməsi(ötən illə müqayisədə 2 dəfə çox)                                                                                                                                                                                        

— hesabat dövründə 203,5 litr spirtli içki, 162 mobil telefon, 656 qram çəkidə müxtəlif narkotik maddələr aşkar edilərək götürülməsindən;                                                                                                                    

— penitensiar sistemdə məhkumlar arasında ölüm hadisələrinin sayının ilbəil azaldığı, o cümlədən, vərəmə qarşı kompleks tədbirlər nəticəsində bu xəstəlikdən ölənlərin sayının əvvəlki illərlə müqayisədə dəfələrlə aşağı düşdüyü qeyd edilir və s.                                                                                                                                           

 Əslində isə, illik hesabatda cəmiyyəti narahat edən bir çox məsələlərə, o cümlədən, belə  vacib  suallara tapmaca kimi yox, konkret cavablar  verilməlidir:                                                                                                                    

— Neçə ölüm hadisəsi baş vermiş, ölüm hallarının təhlili aparılmalı, ölümlərün səbəbləri və günahkarları  haqqında dolğun məlumat verilməli ;

 — məhkumlar və xidmət əməkdaşları  xarakterik olaraq hansı qanun pozuntularına yol verir, bunların qarşısı necə alınır;                                                                                                                                                

 — Məhkumlara verilən  keyfiyyətsiz ərzağın səbəbləri və müqəssirlərin məsuliyyətə cəlb edilməsi;        

 — xidmət əməkdaşları tərəfindən qayda pozulmalarının 2 dəfə çoxalması hansı səbəblərdən baş vermişdir və hansı əlavə tədbirlər nəzərdə tutulmuşdur;                                                                                          

— nümunəvi davranış nümayiş etdirən məhkumların ümumu sayı nə qədərdir və onların islah olunması, həvəsləndirilməsi üçün əlavə hansı tədbirlər nəzərdə tutulur;                                                            

— hesabat dövründə ötən illərlə müqayisədə məhkumların əlavə neçə faizi fiziki əməyə cəlb edilmiş və nə qədər əlavə qazanc  əldə edilmişdir və s.                                                                                                                

Məhkumların ölüm halları, bir qayda olaraq, gizlədilir, ən yaxşı halda,bu barədə  ümumi  məlumat verilir. Amerika Dövlət Departamentinin hesabatında qeyd edilir  ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2010-cu ildə 106 məhbusun, 2011-ci ildə isə 113 nəfər məhbusun  öldüyünü bildirib.  Həbsxanalarda ölüm hallarının  başlıca cəbəbi vərəm olmaqla qalır, baxmayaraq ki, Ədliyyə Nazirliyinin məlumatına gırə 2011-ci ildə bu xəstəlikdən ölən məhbusların sayı, guya,24 nəfər olmuşdur. Məhbuslar və saxlanılanlar arasında ölüm hallarının digər səbəbləri kimi   hökumət  xərçəngi -13, intiharı-10, HİV/AİDS – i 6 göstərir. Əgər, həqiqətən də 2011- ci ildə 113 məhbus ölmüşdursə,onlardan yalnız bir hissəsi, yəni, 53 nəfərin ölüm səbəbi göstərilir. Bəs, qalan 60 nəfər məhbus  nə səbəbdən ölmüşdür? 

 Həbsxana

P.S. 

Bütün bu  qanunsuzluqlar,dəhşətlər  hər il cəzaçəkmə yerlərinə, güya,250-300 dəfə “ baş çəkən”, əslində isə, orada baş verənləri şəxsi mənafelərinə görə gizlədən  Ədliyyə Nazirliyi  yanında Qondarma ictimai komitə üzvləri – Əliməmməd Nuriyevin, Sahib Məmmədovun, Səidə Qocamanlının, Çingiz Qənizadənin, Zəlihə Tahirovanın, Nazir Quliyevin   M  E  N  Y  U  S  U  N  A

                                                                                                                                      15.02.2015                

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*