“Borçalı” Cəmiyyıti möhtəşəm “Təbriz Gecəsi” keçirdi !

PAYLAŞIN

“Cavad Heyət Medalı” ilk 10 sahibinə təqdim edildi

Zəlimxan-000

İyunun 6-da Bakının “Xudafərin” şadlıq sarayında “Borçalı” Cəmiyyətinin təşkilatçılığı ilə sayca ikinci “Təbriz gecəsi” keçirildi. Gecəni giriş sözü ilə folklorşünas alim Elxan Məmmədli açdıqdan sonra Azərbaycan himni səsləndi. Daha sonra tədbirin rəsmi hissəsinin aparıcısı Rüfət Muradlı “Təbriz Gecəsi” və “Borçalı” Cəmiyyətinin təsis etdiyi “Cavad Heyət Medalı”nın önəmi haqda qısaca məlumat verdikdən sonra, mərasim iştirakçılarını salamlamaq üçün səhnəyə cəmiyyətin sədri Zəlimxan Məmmədlini dəvət etdi. Zəlimxan Məmmədli qonaqları salamladıqdan sonra cəmiyyətin “Təbriz Gecəsi” təşkil etməkdə hədəflərini, habelə tanınmış cərrah, filoloq Doktor Cavad Heyətin adının əbədiləşdirilməsi üçün “Cavad Heyət Medalının” təsis olunmasının səbəblərinə işarə edərək bu nominasiyada müəyyən edilən ilk mükafatçılara uğurlar diləyib. Çıxışının davamında mükafata layiq görülənlərin tənqidlə də üzləşəcəyinin mümkün olduğunu dilə gətirən Zəlimxan Məmmədli bütövlük yolunda qarşıya çıxan maneələr barədə də fikirlərini bildirib. O, 2-ci “Təbriz gecəsi”nin Doktor Cavad Heyətin xatirəsinə həsr olunması ilə bağlı fikirlərini paylaşdıqdan sonra, AMEA-nın Cənubi Azərbaycan şöbəsinin əməkdaşı, şərqşünas  alim Səməd Bayramzadə Cavad Heyət şəxsiyyəti haqda məruzə ilə çıxış etdi. Məruzədən sonra çıxışlar başlandı. Millət vəkillləri Sabir Rüstəmxanlı, Fazil Mustafa, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, professor Nəsib Nəsibli və akademik Telman Əliyev Güney Azərbaycan məsələsi və Doktor Cavad Heyət barədə fikirlərini bölüşdülər.

Cavad heyət mükafatı

Nəhayət, mükafatların təqdimatına başlanılıb. Güney Azərbaycanda dilimizin və mədəniyyətimizin yaşamasında xidmətləri olan 10 soydaşımız – Hamid Allahverdi, Məhərrəm Pərizad, Böyük Ələkbəroğlu, Ədalət Duman, Səxavət İzzəti, Aşıq Böyükağa Vücudi, Əlirza Hüseynzadə, Davud Xudakərəmi, Məhəmməd Rəhmanifər və İsmayıl Bəhrami ilk dəfə təsis olunan “Cavad Heyət Medalı” ilə təltif olundular. Qaliblərin təltif olunmasında tanınmış ziyalılar Əkrəm Rəhimli, Abbas Abdulla, Rafiq Turabxanoğlu, Əhməd Oruc, Əlləz Ovciyev və başqaları iştirak etdilər. Gecə Elbəyi Cəlaloğlunun aparıcılığı ilə bədii hissəyə keçid aldı. Tanınmış sənət ustaları Flora Kərimova, Ağalar Bayramov, Aşıq Tərmeyxan və Aşıq Cahangirin iştirakı ilə davam edən “Təbriz gecəsi”ndə şairə Raifə Sərxanqızı “Atatürk və Çanakkala şeirləri” kitabını iştirakçılara təqdim etdi. Tədbir Zəlimxan Məmmədlinin yekun çıxışı ilə sona çatdı.

“Borçalı” İctimai Cəmiyyətinin Mətbuat Xidməti

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*