BÖYÜK YALANLAR – II yazı

PAYLAŞIN

MÜƏLLİFDƏN:

Serdar2

İndi Azərbaycan nəfəsini içinə çəkmiş halda, dişlərini sıxaraq, təlaş içində, həyacanla dünyanın reallıqlarını qəbullanmaqda və gerçək vəziyyətin ağırlığını çiyinlərinə götürməkdədi. Bu ağırlıqlara o sısqa çiyinlər davam gətirə biləcəkmi, bunu zaman göstərər. Amma indi küllən Azərbaycan əhli, bəzən susqun baxışlarla, bəzən də hayqıran pıçıltılarla bir-birindən soruşur ki, nədən və niyə biz buralara gəldik, bu günlərə düşdük, başımıza gələnlərin və ya gətirilənlərin səbəbi, yaxud da səbəbləri nə?!! …

Əslində məsələ çox sadədi və bütün olub-bitənlərin tək bir səbəbi var. İllərdi, “müstəqillik illəri” saydığımız bir qərinə qədərdi ki, bu ölkə “ŞİRİN NAĞILLAR” qiyafəsində cəmiyyətə sırınan “BÖYÜK YALANLAR”la idarə olunur və biz də bu yalanlara sadəlövh uşaqlar kimi inanıb, bu “ŞİRİN NAĞILLAR”ın xoş təəssüratlarınnan yaşamışıq, yatıb durmuşuq. İndi isə bəlli olur ki, bizim “ŞİRİN NAĞILLAR” bitib, amma  “BÖYÜK YALANLAR” da  bu arada öz işini görüb…

Qısacası,  baş verənlərin mahiyyəti, mənası və səbəbləri bundan ibarətdi. 20 ilin üzərində, bir igidin ömrünü “BÖYÜK YALANLAR”dan ibarət olan “ŞİRİN NAĞILLAR”a uyaraq yaşayan toplumun aqibəti nə olmalıydı ki?!! Ama mən hələ illər öncədən hamını xəbərdar eləmişdim axı. Oysa, özü yıxılanlar ağlamasın gərək. Ya özündə taqət tapıb yıxıldığı yerdən qalxaraq bulaşdığı çikabdan təmizlənmək, ya da acı göz yaşları axıtmaqla, düşdüyü çirkabın içində çürüməyə davam etmək seçimi var qarşıda. Bundan sonrası toplumun ləyaqətinə və kəramətinə qalır…

                                                              Sərdar ƏLİBƏYLİ 

BÖYÜK YALANLAR – II yazı

Yaxud, rejim ideoloqlarının “BANİ” problemi

Birinci yazının da əvvəlində qeyd etdiyim kimi hazırkı yönətimin yaratdığı, əslində tam xaos və sistemsizlikdən ibarət olan sistemin ideoloqları, ya “BANİ” sözünün mənasını anlamırlar, ya da bu sözdən məqsədli şəkildə manipulyasiya üçün yararlanırlar.

“Kor tutduğunu buraxmaz” misalı, ağıllarına gələn, əllərinə keçən nə fikir və ya ibarə varsa, hamısının qabağına Heydər Əliyevin adını yazıb, deyirlər ki, bu ölkədə nə varsa hamısının banisi odur. İndi də başlayıblar ki,

Heydər-İlham

MÜASİR AZƏRBAYCAN DÖVLƏTİNİN BANİSİ  HEYDƏR ƏLİYEVDİR!”

Bu minvalla gedərsə, bir gün böyük plakatlarda toyuq-cücə və ya qoyun-quzu şəkillərinin fonuna Heydər və İlham Əliyevlərin foto-şəkillərini montaj edərək divarlara, asıb, üstünə də iri hərflərlə yazsalar ki,

“MÜASİR AZƏRBAYCAN TOYUQÇULUĞUNUN və QOYUNÇULUĞUNUN BANİSİ HEYDƏR ƏLİYEVDİR!”,

artıq buna da kimsə təəccüblənməyəcək. Niyə təəccüblənsinlər ki, sözlərdə fərq olsa da, mənaca eyni mahiyyəti daşıyan fikirlər deyilmi?

Elə bu mənada, başqa bir misal da gətirmək mümkündü. Heydər Əliyevin 85 iillik yubiley tədbirlərinin gedişində cəmiyyətə daha bir BÖYÜK YALANI təm-təraqla təqdim etdilər. Sən demə,

“HEYDƏR ƏLİYEV həm də MÜASİR AZƏRBAYCAN PARLAMENTİNİN BANİSİYMİŞ“.

Vallah, adam deməyə söz tapmır. Аy qardaş, ay balam, bir durun, bir dayanın, bütün bu proseslər nə XVIII əsrdə, nə də 1918-ci ildə baş verməyib axı! Sanki hər şey dünən olubmuş kimi, addım-addım, kadr-kadr, soz-söz, sətir-sətir bu millətin gözləri qarşısındadı. Tarixlə  bu qədər  zarafat etməyin bədəli çox ağır olar, cənablar. Bir də, necə ola bilir ki, əvvəl Heydər Əliyevə öz yerini verib, onu Milli Məclis üzvü edənlərin, sonra da onu bu Məclisə sədr seçənlərin, nə millət vəkili statusları tanınır, nə də deputat pensiyaları verilir, ancaq həmin adamların əli ilə ölkənin başçısı vəzifəsinə qədər yüksəldilən Heydər Əliyev isə müasir parlamentin banisi olur? Yaltaqlıq gölündə üzüb, şellənən, məddahlıq şəlaləsində çimib, kef edən bu ideoloqlara belə “məntiq dərsi”ni kim keçib gorəsən? Belə  ki, H.ƏIiyevi özünə sədr seçən, onu əvvəl prеzident səlahiyyələrinə sahibləndirib, ardınca da birbaşa prezidenliyə yüksəlməsinə hüquqi bazanı təmin edən, “Azərbaycanın Müstəqilliyi Haqqında Konstitusiya Aktının da, Müstəqil Azərbaycanın Konstitusiyasının da, yüzlərlə  ölkə üçün taleyüklü qanun və qərarların qəbulunu da təmin etməklə yanaşı, indiki parlamentin də sələfi olan həmin Milli Məclisin digər üzvlərindən söhbət gedəndə, onlar Sovet deputatları kimi bütün statuslardan məhrum edilirlər. Lakin həmin seçkidə və həmin qanunlarla seçilərək hamıdan gec Məclis üzvlüyünə qəbul edilən H.ƏIiyеv isə kimlərinsə istəyi üzərinə Azərbaycan parlamentinin banisi elan olunur? Özü də burada söhbət sadəcə məntiqsizlikdən getmir. Heç şübhəsiz ki, burаda bir siyasi sifariş məsələsi də var. Bununla belə, bu günlərdə fəaliyyətə başlamasının 90 illiyi münasibətilə təntənəli tədbirlər keçirilməsi planlaşdırılan Azərbaycan parlamentininin yubiley iclasına 90-dan çox xarici ölkədən qonaqlar da dəvət olunub. Bizim bu cür tədbirlərə dəvət olunan insanlarımızı belə şeylərə alışdırıblar və uzaqbaşı onları bir-bir çağırıb məsələni açıb-ağartmamağı tapşırmaq da olar. Bəs birdən xarici qonaqlardan kiminsə diqqətini “85” və “90” rəqəmlərinin arasındakı fərq çəksə nə olacaq? Məsələn onlardan biri, elə tribunadan:

Heidər-1-2

“ARKADAŞLAR, SAYIN HEYDƏR BƏYİN DOĞUŞUNDAN 5 İL ÖNCƏ FƏALİYYƏTƏ BAŞLAMIŞ PARLAMENTİN BANİSİ STАSTUSUNA  NECƏ SAHİBLƏNDİYİNİ, LÜTFƏN, İZAH  EDƏRMİSİNİZ?”

– deyə soruşsa, bu biabırçılığın altından necə çıxılacaq? Biz belə BÖYÜK YALANLAR uydurmaqla hara getmək, kimi və niyə aldatmaq istəyirik? Bəyəm Heydər Əliyevin barəsində danışılıcaq və onu həqiqətən də olduğu zirvədə qüрurla öyəcək həqiqətlər yoxdu ki, kimlərsə bu cür yalanlarla, ona guya böyük xidmətlərdə bulunduqlarını düşünürlər? Heydər Əliyev özündən sonraya bir insan, bir siyasətçi, bir lider, bir prezident, eləcə də bu dünyadan nə istədiyini bilən bir dövlət xadimi, ƏN ƏSASI DA QABİLİYYƏTLİ  VƏ DƏYANƏTLİ BİR ADAM KİMİ kifayət qədər BÖYÜK HƏQİQƏTLƏR qoyub getmiş bir KİŞİDİ. İndi YALTAQLIQ  AŞIQLƏRİNİN, MƏDDAHLIQ SEVDALILARININ uydurduqları BÖYÜK YALANLAR isə həmin BÖYÜK HƏQİQƏTLƏRİ unutdurmağa, bu həqiqətləri xalqın yaddaşından qoparıb atmağa hesablanmış çox çirkin oyundan savayı bir şey deyil. Bir halda ki, Heydər Əliyevin bir şəxsiyyət kimi böyüklüyü, bir siyasət və dövlət xadimi kimi bacarığı, bir insan kimi fenomenal keyfiyyətlərə malik olduğu, onun ən qəddar düşmənlərindən  ən yaxın dostlarına, ən amansız rəqiblərindən ən sadiq silahdaşlarına, çağdaş dünyanın ən populyar liderlərindən özlərindən başqa heç kimi tanımaq istəməyən diktatorlarına qədər, hamı tərəfindən qəbul edilir, o zaman bu qədər əsli-astarı olmayan yalanlara, millətin və dövlətin milyardlarla paraları hesabına başa gələn heykəllərə, parklara, yerli-yersiz minlərlə portret və şüarlara nə ehtiyac var ki? Lətifəsi Heydər bəyin özündən və ruhundan uzaq, hələ satlıq mallar üçün nəzərdə tutulan  bər-bəzəkli “reklam şitləri”ni demirəm. Heykəllərin əbədi olması üçün onların daşlardan yonulması yox, hələ daşlaşmamış ürəkləri və könülləri qalan VƏTƏN DAŞLARIN İÇİNDƏ qurulması daha doğru yoldu, cənablar! Çünki daşı nə üzünə və kimin üzünə uyğun desən yonmaq olar, ancaq daşın nə üzünə nur, nə gözlərinə sevgi, nə də içinə döyünən ürək qoymaq mümkündü. Bu mənada, tarixin və zamanın çox az-az yetirə bildiyi Heydər kimi KİŞİLƏR, müasirlərinin ürəkləri döyündükcə, üzləri güldükcə, gözləri sevindikcə, onlarla bir yerdə yaşamağa və onların timsalında xalqının, millətinin yanında, dövlətinin keşiyində olmalıdı. Daş heykəllər isə, bəlkə də gələcək nəsillər və tarix üçün lazım olacaq…  Daha doğrusu isə belədi ki,

BU  GÜN CİDDİ-CƏHDLƏ HEYDƏR ƏLİYEVDƏN GÖZ GÖRƏ-GÖRƏ  “LENİN BABA” DÜZƏLDƏNLƏR,  HƏLƏ Kİ, GEC DEYIL, OZ LENIN BABALARININ TALEYİNİ VƏ AQİBƏTİNİN SONUNU DÜŞÜNMƏLİDİLƏR!  ƏGƏR MƏQSƏD HEYDƏR ƏLİYEVƏ DƏ, BABALARI  LENİNİN TALEYİNİ VƏ AQİBƏTİNİ HAZIRLAMAQDISA, O ZAMAN ÖZ İŞLƏRİNƏ DAVAM ETSİNLƏR!

Kimin üçün sirr deyil ki, hər hansı səbəblərdən, bu gün hakimiyyətdə İlham Əliyev olmasaydı, bütün bu olanların heç biri olası deyildi və guya Heydər Əliyevin qara sevdalıları kimi özlərinə əl qatan bu yaltaqlar sürüsü, məddahlar ordusu da öz qara sevdalarını başqa bir  «ÜMUMMİLLİ LİDER»in  əllərini və ətəyini öpməyə xərcləyirdilər. Amma o da sirr deyil ki, bütün hallarda, içində öz Heydər Əliyevini ömrü boynca yaşadacaq insanlarımız da az deyil və bu da Heydər bəyin özündən sonraya qoya bildiyi ƏN BÖYÜK HƏQİQƏTLƏRDƏN biridi…

Lakin bu ölkədə hər gün əkilib-biçilən BÖYÜK YALANLAR təkcə Heydər Əliyevin adı ətrafında yaradılmır. Artıq bundan da betər olan yalanlar İlham Əliyevin, prezident ailəsinin və yaxınlarının ətrafından cücərdilərək cəmiyyətə ötürülür ki, BU YALANLARIN MİQYASI  DAHA BÖYÜKDÜ. Ona görə böyükdü ki, indi Heydər Əliyevin özü həyatda yoxdu və təbii ki, bu səbəbdən də öz adı ətrafında baş verənlərin qаrşısını almaq iqtidarında da deyil.  

Heydər-İlham-1

Bəs, CƏNAB ILHAM ƏLİYEV MƏSƏLƏSİNƏ VƏ ONUN ƏTRAFINDA TOXUNAN DÜMAĞ YALANLARA NƏ DEYƏK? ƏCƏBA, PREZİDENTİN ÖZÜMÜ BU YALANLARIN YAYILMASINDA MARAQLIDI, YOXSA BURADA DA İDEOLOQLAR, RUS DEMİŞ “ПЕРЕСТАРАЮТСЯ”…

Bax məsələnin bu yönlərinə aydınlıq gətirəcək mövzunun davamını və bəndənizin bu haqdakı düşüncələrini isə, BİR SAĞLIQ, BİR DƏ AZADLIQ  OLSA, gələn yazıda oxuyun…

«Nota bene» qəzeti

10-17 iyun 2008-ci il 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*