BÖYÜK YALANLAR IV – son yazı

PAYLAŞIN

Bir çox ciddi suallar var ki, bu gündən tez, sabahdan gec olmayaraq, cənab prezıdentin birmənalı şəkıldə onları cavablandırması lazımdı !!!!!!!!!!!!

MÜƏLLİFDƏN:

Serdar2

İndi Azərbaycan nəfəsini içinə çəkmiş halda, dişlərini sıxaraq, təlaş içində, həyacanla dünyanın reallıqlarını qəbullanmaqda və gerçək vəziyyətin ağırlığını çiyinlərinə götürməkdədi. Bu ağırlıqlara o sısqa çiyinlər davam gətirə biləcəkmi, bunu zaman göstərər. Amma indi küllən Azərbaycan əhli, bəzən susqun baxışlarla, bəzən də hayqıran pıçıltılarla bir-birindən soruşur ki, nədən və niyə biz buralara gəldik, bu günlərə düşdük, başımıza gələnlərin və ya gətirilənlərin səbəbi, yaxud da səbəbləri nə?!! …

Əslində məsələ çox sadədi və bütün olub-bitənlərin tək bir səbəbi var. İllərdi, “müstəqillik illəri” saydığımız bir qərinə qədərdi ki, bu ölkə “ŞİRİN NAĞILLAR” qiyafəsində cəmiyyətə sırınan “BÖYÜK YALANLAR”la idarə olunur və biz də bu yalanlara sadəlövh uşaqlar kimi inanıb, bu “ŞİRİN NAĞILLAR”ın xoş təəssüratlarınnan yaşamışıq, yatıb durmuşuq. İndi isə bəlli olur ki, bizim “ŞİRİN NAĞILLAR” bitib, amma  “BÖYÜK YALANLAR” da  bu arada öz işini görüb…

Qısacası,  baş verənlərin mahiyyəti, mənası və səbəbləri bundan ibarətdi. 20 ilin üzərində, bir igidin ömrünü “BÖYÜK YALANLAR”dan ibarət olan “ŞİRİN NAĞILLAR”a uyaraq yaşayan toplumun aqibəti nə olmalıydı ki?!! Ama mən hələ illər öncədən hamını xəbərdar eləmişdim axı. Oysa, özü yıxılanlar ağlamasın gərək. Ya özündə taqət tapıb yıxıldığı yerdən qalxaraq bulaşdığı çikabdan təmizlənmək, ya da acı göz yaşları axıtmaqla, düşdüyü çirkabın içində çürüməyə davam etmək seçimi var qarşıda. Bundan sonrası toplumun ləyaqətinə və kəramətinə qalır…

——————————————————————-

Sərdar ƏLİBƏYLİ 

BÖYÜK YALANLAR IV – son – yazı

Yalan

Bu mənada, yaranan bir çox ciddi suallar var ki, bu gündən gec, sabahdan tez olmayaraq, cənab prezıdentin birmənalı şəkıldə onları cavablandırması lazımdı. Yoxsa, hər ötən gün yeni-yeni BÖYÜK YALANLAR doğuracaq və bu yalanlar cəmiyyəti və küllən Azərbaycanı bir az da məhvə yaxınlaşdıracaq.

Azərbaycanda İlham Əliyevin hakimiyyətə gəlişindən sonra baş verən və ya «üstü açılan» kriminal xarakterli olayların mahiyyətində daha çox YALANLAR yatır ki, bu da ümumilikdə idarəetmənin mahiyyətinin kriminal anlama gəlməsini göstərir. Məsələn, Elmar Hüseynovun qətlindən sonra, onun cəsədi ətrafında gedən iyrənc «alveri» yəqın ki, cəmiyyət hələ də unutmayıb. Elmarın nəşi ətrafında Bakı meriyası ilə bəzi siyasi qüvvələr arasında əsl müharibə başlanmışdı və ölkənin hüquq-mühafizə sistemi bu müharibənin yedəyində sürünməkdən savayı bir yol bula bilmədi. Baxmayaraq ki, məsələyə birbaşa İlham Əliyevin özü münasibət bildırmiş, qətlin səbəblərinın və cinayətin teziklə açılması barəsində aidiyyatlı orqanlara tapşırıq, cəmiyyətə ısə söz vermişdi. Ancaq proseslərin sonrakı gedişi göstərdi kı, bu qətl ətrafında canfəşanlıq edən bütün tərəflər, cinayətın açılmasından daha çox, ört-basdır edilməsində maraqlıydılar. Bu mənada, prezidentin verdıyı tapşırıq da, söz də, bu gunə kımi havadan asılı vəziyyətdə qalıbsa və kimsədən də bu barədə hesab sorulmursa, demək, verilən söz də, tapşırıq da, sadəcə həmin an üçün gərginləşmiş vəziyyəti səngitmək üçün edilmiş manevrdən savayı heç nə deyilmiş. Əks təqdirdə, bu cinayətin hələ də bağlı qalmasına və prezıdentin havadan asılı qalan tapşırıqlarına, verdiyi sözə əməl olunmadığına görə çox başlar ağrımalı, çox mundirlər, bir daha geyilməmək şərtilə, qarderoblara asılmalıydı. Lakin başlar da hələ ki yerindədi, mundirlər də əyinlərdə. Elmar Hüseynovun qətli ilə bağlı Hacı Məmmədovun da məhkəmə prosesində olduqca maraqlı və ilginc bir bəyanatı səslənmişdi. Bu məsələ də, günü bu günə havadan asılı durur. Nə bu qədər ciddi bır bəyanatı araşdıran, nə də bu haqda cəmiyyətə azacıq da olsa, həqiqətə bənzəyən açıqlamalar verən olmayıb və yoxdu. Elə, Hacı Məmmədovun bandası və bu bandanın törətdiyi qanlı cinayətlər də ölkədə hər gün artıb çoxalan BÖYÜK YALANLAR SILSİLƏSİnin əlavə həlqələrindən savayı heç nəyi ortaya çıxarmadı. Özü ömürlük iş alsa da, açıqca söylədi ki, hələlik törətdiyi cinayətlərin heç 30 faizi də açılmayıb. Əgər söhbət Hacı Məmmədovun və onun başçılıq etdiyi bandanın törətdiyi cinayətlərdən gedirsə, burada təbii ki, nə toyuq oğurluğundan, nə də xırda xuliqanlıq tipli cinayətlərdən danışılmadığı hər kəsə bəllidi. Başqa sözlə, burada, ən yaxşı halda, söhbətin adam oğurluğundan, ən pis halda isə qanlı cinayətlərdən doğan onlarla, bəlkə də yüzlərlə adsız qəbirlərdən və bu QƏBİRLƏRƏ QURANSIZ, KƏFƏNSİZ GÖMÜLƏNLƏRDƏN getdiyi heç kimə sirr deyil. Hacı Məmmədovun bu bəyanatı da digər bəyanatlar kimi havadan asılı qaldı və deməli, taleləri sındırılmış, ömürləri qaraldılmış, arvadları, oğulları, ataları, qardaşları, qızları, bacıları oğurlanaraq, maddi və mənəvi həyatlarına təcavüz olunmuş yüzlərlə Azərbaycan vətəndaşının dövlətə olan inamları da öldü. Amma burada bir şeyi mütləq vurğulamaq lazımdı ki, həmin vətəndaşların həm maddi, həm mənəvi sərvətlərinin, həm də can güvənliklərinin təminatına and içən və bu təminatı dövlətin adından həyata keçirəcək şəxsin adı bəllidi və bu şəxs Azərbaycanın indiki prezidenti İlham Əliyevdi. Başqa sözlə, içdiyi anda ya arxa çevirən, ya da bu yöndə etməli olduğu işlərin öhdəsindən gələ bilməyən prezident hər gün efirlərdən ağlasığmaz pafoslarla danışırsa, demək, adamın içdiyi andın belə, arxasında BÖYÜK YALANLAR yatır. Bu yerdə bir məsələnin də xüsusi vurğulanması lazımdı. Elmar Hüseynovun qətlindən və Hacı Məmmədov bandasının üzə çıxmasından, bandanın bəzi üzvlərinin həbsindən sonra ANS efirindən, ölkədə prezident səviyyəsində törədilmiş böyük bir cinayət əməli barəsində fikirlər səsləndi. Burada barəsində söhbət gedən prezident isə artıq həyatda olmayan Heydər Əliyev idi. Açıqca bildirildi ki, Heydər Əliyevin birbaşa tapşırığı ilə ağır bir cinayət əməlinə şərait yaradılıb. Söhbət, təbii ki, Abuzər Abuzərov adlı şəxsin həbsdən qaçırılmasından gedirdi. Bu bəyanatı çoxları birmənalı şəkildə hazırkı prezident İlham Əliyevin şantaj olunması kimi dəyərləndirsə də, qarşı tərəf qismində ölkə başçısı bu məsələyə hər hansı reaksiya vermədi. Bu bəyanatın arxasınca dərhal mövcud qanunlarla dövlət adından ittiham olunaraq cəzalandırılmlar gərəkirdi. Çünki bəyanat sahibinin, tutduğu vəzifəyə rəğmən, hətta prezidentin tapşırığı ilə olsa belə, bu cinayətə qol qoymaq ixtiyarı yox idi. Amma fakt budu ki, artıq cinayət törədilmiş və bu da rəsmən etiraf edilmişdi. Ancaq bütün bu proseslərin gedişində ayrıca vurğulanmalı olan digər bir məsələ də var. Yəni burada söhbət, sadəcə Azərbaycanın sabiq prezidentindən deyil, həm də indiki prezidentin doğma atası mərhum Heydər Əliyevin ağır cinayət əməlində ittihamından gedirdi. Bu mənada, İlham Əliyevin həm də bir oğul kimi, haqq dünyasında olan atasının şərəf və ləyaqətini qorumaq boyun borcuydu ki, bu da baş vermədi. Amma İlham Əliyev həm də Azərbaycanın prezidenti olaraq, bu ölkədə qanunçuluğun təntənəsinə çalışmalı, məsələnin tam şəkildə aydınlığa qovuşmasında və hətta lazım gələrsə, nə qədər ağır olsa da, sabiq prezident Heydər Əliyevin məzarına hökm oxunmasına nail olmalıydı. Çox-çox təəssüflər ki, bu da olmadı. Lakin mənim və ya istənilən Azərbaycan vətəndaşının, o cümlədən də prezident və ya digər şəxslərin nəyi, necə düşünmək zorunda olması heç bir önəm daşımaz. Burası Konstitusiyalı Respublika və sivil qanunlarla idarə olunan bir ölkədisə, o zaman qanun qarşısında hamının bərabərliyi təmin olunmalı və hamı törətdiyi əməllərə görə qanunların tələbi ilə cavab verməlidi. İndiki halda isə belə çıxır ki, mövcud qanunlar yalnız üçüncü, beşinci kateqoriyalı cinəyətkarlara və bir də hakim elitanın qəzəbinə tuş gələn vətəndaşlara şamil olunur. Əks təqdirdə artıq çoxdan bütün bu məsələlər qanunlar çərçivəsində öz həllini tapar və hər kəs də öz cəzasını almaqla, cəmiyyət, xalq, dövlət və bu dövlətin qanunları qarşısında hamının bərabər oluğunu sübut edilərdi. Bircə anlıq onu təsəvvür edin ki, lap elə, Abuzər Abuzərovun özü və ya istənilən çamadan oğrusu, hansısa hüquq-mühafizə əməkdaşının əlindən qaçmış olsaydı, indi həmin adam artıq çoxdan qazamat həyatının sirlərinə yiyələnməklə, bütün ömrünə nifrət edəcək hala gətirilmişdi. Ancaq mahiyyətcə eyni əməl, heç bir qanuna məhəl qoymayan prezidentin tapşırığı ilə törədilirsə, o zaman qanunlar da, Cinayət Məcəlləsi də aciz duruma düşür. Bax, Azərbaycan adlı dövləti bu yolla, guya idarə etdiklərini düşünənlərin və bu barədə yerli-yersiz öyünənlərin bütün ömrü və tətbiq etdikləri idarəetmənin özü, əslində, ən üstün səviyyələrdə uydurulan ÇOX BÖYÜK YALANdan savayı bir şey deyil…

Hələ bu harasıdı ki! Bu ölkənin prezidenti, az qala hər çıxışında, Azərbaycanın iqtisadi inkişafın tempinə görə dünyanın lider ölkəsi olduğunu bəyan etdiyi halda, bu iqtisadi inkişafın əldə olunmasını (əgər deyilənlər həqiqətdisə? – S.Ə.) təmin etmiş nazir, bu gün vəzifə cinayətlərinə və talançılığa görə qazamatda cəza çəkir. Əgər doğrudan da Fərhad Əliyev nazir olduğu uzun illərdə ölkənin iqtisadi inkişafından daha çox, öz şəxsi maraqları, özünün yaxın ətrafının varlanması üçün çalışıbsa, o zaman indi prezidentin də barəsində qürurla danışdığı iqtisadi inkişafa necə nail olunub?!.

 Və yaxud da, hər gün Heydər Əlyevin uzaqgörən siyasəti və İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi fonunda Azərbaycan səhiyyəsinin inkişaf baxımından çox yüksək mərtəbələrə gəlməsi haqqında verilən bəyanatlar hara, Əli İnsanovun nazir olduğu 10 ildə Azərbaycan səhiyyəsini talaması, dağıtması barəsində yaradılan ictimai rəy hara?!. Görəsən bu cür ictimai rəy yaradanlar ortaya çıxan məntiqi nəticələrdən agahdırlarmı, yoxsa bilərəkdən belə şeylərlə məşğul olurlar?

 Birincisi, hər iki nazir, barəsində, dünyanın gəlmiş-getmiş ən dahi siyasət və dövlət xadimi kimi danışılan Heydər Əliyevin seçimiydi. Buradan isə o nəticəyə gəlmək olur ki, ya indi Heydər Əliyevin bu nazirləri barəsində deyilənlər kimlərsə tərəfindən uydurulmuş BÖYÜK YALANLARdı, ya da Heydər Əliyev heç də təqdim olunduğu boyda nə siyasət, nə də dövlət adamı olub. Ancaq buradan ayrı qənaətə də gəlmək olar ki, əslində, Əli İnsanov da, Fərhad Əliyev də bu gün ittiham olunduqları əməlləri öz prezidentlərinin birbaşa tapşırığı ilə həyata keçiriblər.Yəni əslində dahi Heydər Əliyevin dahiyanə siyasətinin mahiyyəti talamaq, dağıtmaq, cinayət xarakterli əməllərə rəvac verməkdən ibarət olub(???!!!).

 Bütün bu deyilən fikirlərdən, gəlinən məntiqi nəticələrdən hansıların həqiqət, hansıların isə yalan olduğunu söyləmək bəndənizin çapını qədərindən artıq aşan bir məsələdi. Hər halda, mənim bu yöndəkı subyektiv fikirlərim maraqlıdırsa, düşünürəm ki, burada ən çox haqsızlıqla üzləşən bir şəxs varsa, o da Heydər Əliyevin özüdü. Amma bu gün Azərbaycan hakımiyyətinin başında dayanan şəxs, onun doğmaca oğlu deyil, bir başqası olsaydı, bəlkə də bütün bu məsələlərə ayrı aspektlərdən yanaşmaq və ayrı nəticələrə də gəlmək olardı. Lakin anadolular demiş: malisəf, İlham Əliyev məhz sabiq prezident Heydər Əliyevin özbəöz oğludu və onun bu kimi məsələlərə necə həssas yanaşdığını da ensiklopediya ilə bağlı müşavirədə İsmayıl Vəliyevə qarşı sərgilədiyi tövrdən hər kəs gördü. Bununla belə, ındi barəsındə danışdığımız məsələlərdən dolayı, prezidentin baş verənləri susqunluqla qarşılaması onu göstərir ki, işin içində iş var. Əgər bütün bu deyilənlərə hələ də aydınlıq gətirilmirsə və cəmiyyətin bu qədər suallara aydın cavablar gözlədiyi halda, hakimıyyət, eləcə də bu hakimiyyətin başında dayanan şəxsin özü, heç nə olmayıbmış kimi, işinə davam edırsə, deməlı, Azərbaycanda hakim olan BÖYÜK YALANLAR FƏLSƏFƏSİ uzun illər idarəçilikdə, hökmranlıqda olacaq.

 Hər gün, hər saat bu fəlsəfənin girdabına düşüb, girovuna çevrilən, qurbanlıq “qoyun” rolunda oynayan insanlara yazıq. Məsələn, illərdi ki, qəzetlər palaz-palaz səhifələrində, canlı-cansız manşetlərində «Misir Mərdanov təhsil sistemini dağıdır» anlamına gələn yazılar dərc edirlər. Ancaq, məsələn, suç üstə, rüşvətlə yaxalanan məktəb direktoruna bu haqda nəsə deyəndə, “gedin nazirə deyin, öz işi ilə məşğul olsun” deməkdə davam edirlər və edəcəklər. Necə ki, Səhiyyə və İqtisadi İnkişaf nazirliklərində, sabiq nazirlər həbs olunsa da, yeni nazirlərin gəlişi vəziyyətə nəinki təsir etmədi, əksinə olanlardan bir az da artığını edirlər. Hər şeyin də səbəbi birdi, cəmi bir səbəb var, bu sistem və bu sistemi yönətənlər ayrı cürə işləməyin yolunu bilmirlər. Bir də, kim deyir ki, bolşeviklərin nəvələri, kommunistlərin oğulları öz andlarından dönüb demokrat olublar. İstər bolşevizm, istərsə də kommunizm sağalmaz və irsən keçən xəstəlikdən də betər olan taun kimi bir şeydi, ya bu xəstəliyə düçar olanları yandırmaq lazımdı, ya da onlar bütün yaxın, uzaq ətraflarını məhv etməkdə davam edəcəklər. Bir şeyə də diqqət etmək lazımdı, bolşeviklər ömürləri boyu nə ediblərsə, hamısının adına “BÖYÜK” deyiblər.

Məsələn,BÖYÜK İNQİLAB, BÖYÜK MÜHARİBƏ, BÖYÜK MAGİSTİRAL, BÖYÜK ORDU, BÖYÜK KONTRAKT, BÖYÜK RƏHBƏR, BÖYÜK LİDER, BÖYÜK ƏMƏLLƏR, BÖYÜK GƏLƏCƏK və sair, və sair... Özü də bilirsinizmi niyə bunlar hər şeyi böyük təqdim ediblər? BU BÖYÜKLÜYÜN ARXASINDA UYDURULAN BÖYÜK YALANLAR GÖRÜNMƏZ OLSUN, ONA GÖRƏ!

Əslində “BÖYÜK YALANLAR SİLSİLƏSİ” burada bitməməliydi, çünki bu yalanlar bitəcək, tükənəcək qədərdən çoxdu, özü də lap çox. Ancaq, hələlik bu qədəri də yetər, kim bilir, bəlkə nə vaxtsa, yenidən bu mövzuya qayıdası olduq.

Təki SAĞLIQ VƏ AZADLIQ OLSUN, təbii ki, əgər olacaqsa.

                                                                                 Son

                                        «Nota bene!» qəzeti
                                         1-7 iyul 2008-ci il

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*