BÖYÜK YALANLAR

PAYLAŞIN

MÜƏLLİFDƏN:

Serdar2

İndi Azərbaycan nəfəsini içinə çəkmiş halda, dişlərini sıxaraq, təlaş içində, həyacanla dünyanın reallıqlarını qəbullanmaqda və gerçək vəziyyətin ağırlığını çiyinlərinə götürməkdədi. Bu ağırlıqlara o sısqa çiyinlər davam gətirə biləcəkmi, bunu zaman göstərər. Amma indi küllən Azərbaycan əhli, bəzən susqun baxışlarla, bəzən də hayqıran pıçıltılarla bir-birindən soruşur ki, nədən və niyə biz buralara gəldik, bu günlərə düşdük, başımıza gələnlərin və ya gətirilənlərin səbəbi, yaxud da səbəbləri nə?!! …

Əslində məsələ çox sadədi və bütün olub-bitənlərin tək bir səbəbi var. İllərdi, “müstəqillik illəri” saydığımız bir qərinə qədərdi ki, bu ölkə “ŞİRİN NAĞILLAR” qiyafəsində cəmiyyətə sırınan “BÖYÜK YALANLAR”la idarə olunur və biz də bu yalanlara sadəlövh uşaqlar kimi inanıb, bu “ŞİRİN NAĞILLAR”ın xoş təəssüratlarınnan yaşamışıq, yatıb durmuşuq. İndi isə bəlli olur ki, bizim “ŞİRİN NAĞILLAR” bitib, amma  “BÖYÜK YALANLAR” da  bu arada öz işini görüb…

Qısacası,  baş verənlərin mahiyyəti, mənası və səbəbləri bundan ibarətdi. 20 ilin üzərində, bir igidin ömrünü “BÖYÜK YALANLAR”dan ibarət olan “ŞİRİN NAĞILLAR”a uyaraq yaşayan toplumun aqibəti nə olmalıydı ki?!! Ama mən hələ illər öncədən hamını xəbərdar eləmişdim axı. Oysa, özü yıxılanlar ağlamasın gərək. Ya özündə taqət tapıb yıxıldığı yerdən qalxaraq bulaşdığı çikabdan təmizlənmək, ya da acı göz yaşları axıtmaqla, düşdüyü çirkabın içində çürüməyə davam etmək seçimi var qarşıda. Bundan sonrası toplumun ləyaqətinə və kəramətinə qalır…

                                                              Sərdar ƏLİBƏYLİ 

BÖYÜK YALANLARI yazı

85 yaşı tamam olan Heydər Əliyev 90 yaşlı dövləti necə qurub?

Bu yazını hələ “Nota bene!“nin ilk saylarında yazmaq planım vardı. Ancaq, necə deyərlər, ya zəlzələdən, ya da ki, vəlvələdən ortaya müəyyən səbəblər çıxır, nəticədə, “BÖYÜK YALANLAR“ın bəxtinə doğacaq gün ertələnirdi. Mən artıq bu cür ertələnmələrin davamlı gəlişini İlahi təqdiratlara yozmağa adət etmişəm və həmişə də sonradan bəlli olub ki, yazıların doğuşu da insanların dünyaya gəlişi kimi sirli-sehrli bir şeydi. Yəni, İlahinin rizası verilmədən dünyada bircə hərf yazmaq nədi, heç zərrəcik boyda bir nöqtə də qoymaq mümkün olası iş deyil. Necə deyərlər, “bağban ha tələssə də, armud öz vaxtında yetişəcək”. Ürfan dünyamızın İlahidən gələn fikirlərini mirvari kimi ipə-sapa düzüb zamanın boyuna və boynuna yaraşdıran İbrahim Hakkı da deyirdi ki:

«Bakalım, Mövlam neylər,
Neylərsə, gözəl eylər».

Beləcə, Mövlam istədi ki, “BÖYÜK YALANLAR” ilin-günün bu vaxtında, zəmanənin indiki çağında gün işığına çıxsın. O zamanda, o vaxtda ki, YALANLARI, özü də BÖYÜK YALANLARI artıq cəmiyyətin və millətin mədəsi həzm etmir – hər tərəfdən, hər yandan aşıb-daşaraq üstümüzə gələn, daha doğrusu, axıdılan bu YALANLAR, artıq yollarımızın üstündə, yolayrıclarında div kimi durub bizləri, üç-bir, tək-bir, haqlayıb diri-diri udmaqdadı. Əslındə, söhbətin nədən, daha doğrusu, nələrdən getdiyinə gəlincə, buna aydınlıq gətirə bilmək üçün bir haşiyəyə çıxmaq ehtiyacı var.

Bir dəfə ŞAIRLƏ çay süfrəsındə elə bu səpkili yalanlardan söhbət edərkən, qayıtdı ki, hər şeydən yazırsınız, onu da yazın ki, bu hakimiyətin ideoloqları yaltaqlıq və məddahlıq edirlərsə, öz işləridi, bəs niyə və nə ixtiyarla Azərbaycan dilinin anasını ağladırlar. Şair “Əzizbəyov” metrosundan “Qara Qarayev” metrosuna tərəf gedən şosse yolunun üzərinə asılmış böyük “Şüar-plakat”da yazılan ifadə və ibarələrin, ya görünməmiş savadsızlıq nümunəsi, ya da bilərəkdən Azərbaycan dilinin atasına od vurub, anasını zorlamaq cəhdi olduğunu söyləyəndə, açığı, bəndənizin qələmi çoxdan “BÖYÜK YALANLAR”a hamiləydi və elə bu epizodun özü də artıq“şparqalka”larımdan birinin küncünə həkk olunmuşdu. Həmin «Şüar-plakat»da yazılanlar təxminən belədi:

“…NEFT EMALI  ZAVODUNUN  YENİDƏN  QURULMASININ  BANİSİ HEYDƏR ƏLİYEVDİR”

Bax, belə! Hesab edirəm ki, əlavə nəsə deməyə ehtiyac yoxdu. Məsələ orasındadı ki, bu hakimiyyətin ideoloqlarının ya “BANİ” sözünü anlamaq – qavramaq problemləri var, ya da bu adamlar bilərəkdən BÖYÜK YALANLAR uydurmaqla, gələcək üçün BÖYÜK TƏXRİBATLAR hazırlığındadılar. Birincidisə, bunlara ideoloq deyib arxa çevirənə yazıq, ikincidisə, ondan da pis. Özü də bir zavodun yenidən qurulmasına Heydər Əliyevi bani kimi sırımaq nə qədər ayıb və absurddusa, ONUN anadan olmasından 5 il əvvəl yaradılmış bir dövlətin BANİSİ olduğunu iddia edən şüarlarla, ölkə boyu, küçə və meydanları bəzəmək daha da ayıblı bir işdi – biabırçılıqdı! Yəni adamlar bu qədərmi özlərini itiriblər, yaxud da bu cəmiyyəti və Azərbaycan insanlarını bir belə düşüncəsiz və manqurtmu sayırlar? Yaxşı, cəmi 10-15 gün əvvəl Heydər Əliyevin 85 illik yubiley tədbirlərində geninə-boluna«şelləndirilən» bu xalq, ardınca da Cümhuriyyətin 90 illik yubiley tədbirlərinə elliklə şahidlik edirsə, o zaman addımbaşı rast gəldiyi 

Heydər

“HEYDƏR ƏLİYEV MÜSTƏQIL AZƏRBAYCAN DÖVLƏTİNİN BANİSİDİR” 

şüarına baxıb, sizcə, nə fikirləşməlidi? Əgər bu hoqqaları çıxarmaqdan utanmayacaq qədər fələyini şaşırmış ideoloqlar durub desələr ki, 

BU, ÜMÜMMİLİ LİDERİN DÜHASIDIR 

– o, hələ anadan olmamışdan Azərbaycanın müstəqilliyi uğrunda ideoloji cəbhələrdə döyüşürdü və 1918-ci ildə cümhuriyyəti quran kişilərin də bütün fəaliyyəti

BU DÜHANIN ZƏKASININ MƏHSULUDU,

o zaman mən pəs!

Axı, yalanın da, yaltaqlığın da, milləti və dünyanı barmağına dolamağın da bir həddi-hüdudu olmalıdı, AĞALAR, CƏNABLAR! Hər şeyini yağmalayıb yeməkdən yoğunladığınız bu xalqı, heç olmasa, qoyun yerinə qoyun, daha qoyun balası (quzu yox haa – S.Ə.) niyə hesab edirsiniz?!
Azərbaycan respublikası – ən azı kağızlar üzərində bu belədi – dünyəvi dövlət, Konstitusiyalı Respublikadı. Bu dövləti idarə edənlərin və onların başabəla ideoloqlarının istəyinə uyğun olaraq heç kəs öz dədəsini, babasını, ağasını-rəisini “DÖVLƏTİN BANİSİ” kimi titullandırıb cəmiyyətə sırımaq haqqına sahib deyil. İllah da ki, HEYDƏR ƏLİYEVİN adını belə çirkin işlərə bulaşdırmaq, ən yaxşı halda əxlaqsızlıq, ən pis halda isə xəyanət və cinayətdi! Azərbaycan respublikasının KONSTİTUSIYASl var və onun işlənməsi və qəbulu birbaşa HEYDƏR ƏLİYEVİN adıyla bağlıdı. Orada hər şey necə yazılıbsa, davranışlar da o cür sərgilənməlidi və hər kəs də özünü buna uyğun aparmalıdı. Özü də ona görə yox ki, məhz bu Konstitusiyanın qəbulunda Heydər Əliyevin xususi rolu və əməyi olub, sadəcə o səbəbdən ki, ona Azərbaycan respublikasında hakimiyyətin mənbəyi olan xalq səs verib. Hamının da bunu fakt olaraq qəbul etmək boyun borcudu. Əgər ANAYASA və onun istinad etdiyi Müstəqillik aktı indiki Azərbaycan dövlətini 1918-20-ci illərdə mövcud olmuş ADR-in varisi elan edibsə, o zaman kim və hansı haqla Heydər Əliyevə

“MÜSTƏQİL AZƏRBAYCANIN BANİSİ”

titulunu “yükləmək” cəhdində bulunur? Başqa sözlə, istənilən şəxs, hətta bəşər övladının bütün zamanlar üçün tanıyıb, qəbul etdiyi dahi olsa belə, doğuşundan 5 il öncə qurulmuş bir dövlətin banisi ola bilməz. İkincisi isə, bu titul, indiki halda, Heydər Əliyevə şərəf gətirən ad-sandan daha çox, ləkə vuran “yarlık”a bənzəyir. Bir də, belə bir titula Heydər bəyin özünün ehtiyacı olsaydı, ən azından ANAYASAnın o cür yazılmasına imkan verməzdi. Axı, həmin vaxtlarda bunu edə bilmək üçün onun çox geniş imkanları da var idi. İndi isə ortaya bəzi bəni-insanlar çıxıblar ki, guya Heydər Əliyevi, onun özündən də çox sevirlərmiş…

İkinci müstəqillik dönəminin də «BANİSİ», «MEMARI» və s. titullarını da, sağa-sola kimlərinsə ayağına yazıb alver predmetinə çevirməklə, qazanc peşində olanlar var. Axı, bu dönəmlərdə nələrin olduğunun, kimin nəyə və niyə qulluq etdiyinin milyonlarla canlı şahidləri ola-ola, hələ də birilərinin yaxalarını yırtaraq məddahlıq bazarlarının «polka»larından düşməməklərini heç cür anlamaq olmur. Vaxtilə Vəzirov və Mütəllibov kimi imperiya nökərlərinə züy tutaraq, Heydər Əliyevi fitə basanlar, indi barrikadanın bu tərəfindədilər. Və eyni «mahnı»ları xorla əks tərəfin ünvanına səsləndirirlər. Yenə də, biriləri nə tarixlə, nə də köz kimi qaynar, buz kimi soyuq faktlarla hesablaşmaq istəmirlər. Ayaz Niyazoviçin, lap elə Əbdürrəhman Xəliloviçin də nə yuvanın quşu olduqları, siyasətçi və ya dövlət xadimi kimi səviyyələri-filan geninə boluna dartışıla biləcək bir məsələdi. Məsələn, bəndənizin də bu yöndəki fikirləri heç də müsbət çalarlarıyla seçilmir və bu gün də o düşüncədəyəm ki, həmin illərdə başçı sarıdan Azərbaycan bəxti gətirməyən ölkələrdən biriydi. Ancaq heç bir halda, onların varlığını danmağın tərəfdarı da olmamışam. Axı, bir millətin və bir dövlətin tarixində, müsbət və ya mənfi, fərq etməz, çox önəmli rol oynamış şəxslərin – bir neçə il ərzində dövlətin başında dayanmış adamların varlığını, (buna layiq olmasalar belə) necə danmaq olar? Buna cəhd edən hər kəs tarixi saxtalaşdırmaq yolunu tutur ki, belələrinin də aqibəti barədə tarixin özündə minlərlə ibrətamiz misallar var. Ancaq iş belə gətirib ki, həm Azərbaycanın Müstəqillik Aktına imza atan, həm də ölkəmizin BMT-yə müstəqil dövlət və beynəlxalq birliyin subyekti kimi qəbuluna qol çəkən prezidentin adı Ayaz Mütəllibovdu! Bu, elə bir həqiqətdi ki, onu qəbul etməmək ya axmaqların və dəlilərin, ya da özlərini axmaqlığa və dəliliyə vuranların işi ola bilər. Bu qədər reallıqlar ortadaykən, durub 

“HEYDƏR ƏLİYEV MÜSTƏQİL AZƏRBAYCANIN BANISIDIR” 

şüarları ilə ölkəni bəzəməyin adının nə olduğunu söyləməyi oxucuların öz öhdəsinə buraxıram. Sadəcə, heç nə ilə hesablaşmadan bu biabırçılıqları hələ də davam etdirənlərə bir məsələni də xatırlatmağı özümə borc bilirəm ki, Heydər Əliyev müstəqil Azərbaycana prezident seçiləndə, artıq bu dövlətin 2 nəfər seçilmiş, 2 nəfər də “prezident vəzifələrini icra etmiş”, üst-üstə 4 prezidenti olmuşdu. İndi nə olsun ki, mövcud rejim nə onların özlərini, nə də (yaxşı, ya da pis)BU ÖLKƏNİ İDARƏ ETDİKLƏRİNİ qəbul etmir. O da var ki, bu rejimin hökmünün hara qədər keçərli olacağını zaman göstərəcək. Tarixə hökm etmək gücündə olan rejimlər isə, nə heç bir zaman olmayıb, nə də olası deyil. Son sözü demək haqqını qoca tarix hələ özündən savayı kimsəyə tanımayıb, inşallah tanımaz da!

Amma ən yeni tariximizin uydurulmuş və bu gün də uydurulmaqda olan BÖYÜK YALANLARI təkcə yuxarıda deyilənlərlə bitmir. Bəzən adama elə gəlir ki, ölkədə tüğyan edən işsizliyin fonunda, BÖYÜK YALANLAR istehsal edən aşkar-gizli «sex»lərin fəaliyyətini stimullaşdıran, onlara münbit şərait yaradanlar var. Bu yalanlar və onları yaradanlardan bəhs edən mövzunun davamını növbəti bölümlərdə oxuyun…

«Nota bene» qəzeti
01-10 iyun 2008-ci il

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*