” … BU HƏRƏKƏT NƏ HÜQUQA, NƏ DƏ MƏNƏVİYYATA SIĞIR” !!!

Iqbal AGAZADE: 

“HƏBS OLUNANLARIN DƏRHAL AZAD OLUNMASINI TƏLƏB EDİR VƏ…”

Aprel ayında prezidentin imzaladığı sərəncamdan sonra şəhid ailələrinə verilməli olan 11.000 manat bu gün xeyli mübahisə yaradır. Böyük bir qisim şəhid ailələri verilən bu vəsaitdən məhrum edilərək, qeyri-qanuni surətdə hüquqları tapdanır və təəssüf ki, hökümət nümayəndələri də bu məsələyə adekvat cavab verə bilmirlər. Hüquqi nöqteyi-nəzərdən izah etməyə çalışırlar ki, kimlərsə övladları şəhid olarkən hansısa bir dönəmdə bu pulu bu və ya digər şəkildə almışdılar.

Əvvəla qeyd edirik ki, prezidentin verdiyi sərəncam aprel ayında verilibsə və bu qanunvericilik bazasına çox sonralar daxil edilibsə, demək ki, bundan əvvəl verilən hər hansı bir yardım həmin prezidentin verdiyi sərəncama şamil oluna bilməz. Məsələn, bu və ya digər şəkildə verilən sığorta haqları və yaxud da hansısa bir icra strukturunun etdiyi əvəzsiz yardımlar şəklində və s. Prezidentin verdiyi sərəncam yenidir, yeni sərəncam olduğuna görə də əvvəlki tarixə qədər şəhid olanların heç birinin bundan istifadə hüquqları olmayıb. Ona görə də istisnasız halda hər bir şəhid ailələrinə bu vəsait verilməlidir.

İkincisi, əgər şəhid ailəsi iddia edirsə ki, ona bu vəsait çatmayıb, hüquq-mühafizə orqanları, o cümlədən də səlahiyyətli dövlət qurumları bu məsələyə anlayışla yanaşmalı, onların küçə-küçə nümayiş keçirməsinə, yürüş etməsinə, hansısa orqanların qapısında qalmasına şərait yaratmamalı, əksinə, onları dərhal qəbul etməli, aidiyyatı üzrə dövlət qurumları hansı siyahıda nələrin səhv, nələrin düz getdiyinə rəğmən aydınlaşdırma aparmalı və şəhid ailələrinin haqqını verməlidir.

Dövlət bu gün Ermənistan-Azərbaycan münaqişəsi cəbhəsində hələ problemləri həll etməmiş bu tipli məsələlərin ortaya çıxmasında vətənpərvərliyə, ordu quruculuğuna, o cümlədən insanların Qarabağ və Qarabağa yönəlik istəklərinə ciddi zərbə vurur və ikrah doğuran bir siyasət aparır. Bunun nəticəsi çox ağır ola bilər. İnsanlar vətən uğrunda döyüşməkdə, övladlarını ön cəbhəyə göndərməkdə tərəddüd edə bilərlər.

İşğalçı ölkədə də bizdə baş verən bu olaya baxırlar, qiymət verirlər. Hökümətin şəhid ailələri üçün ayırdığı 11.000 manat vəsait elə də böyük vəsait deyil. Təkcə Ukrayna ilə müqayisə etsək, Ukraynada itirilən hər bir hərbçiyə görə ailəsinə 50.000 dollar dəyərində vəsait ayrılırsa, Azərbaycanda bu gün bu vəsait cəmi 7.000 dollara bərabərdir. Düşmən Ermənistanda da bu tipli məsələlərlə bağlı çox korrekt siyasət aparırlar. Baxmayaraq ki, bizlə müharibə edirlər, baxmayaraq ki, iqtisadi vəziyyətləri də bizdən aşağıdır.

Hökümət nümayəndələrini, səlahiyyətli dövlət qurumlarını, kütləvi informasiya vasitələrini, o cümlədən ictimai-siyasi təşkilatları belə məsələlərə anlayışla yanaşmaqlarını və bunun gələcək fəsadlarından qaçmaq üçün, ölkədə vətənpərvərlik ab-havasına xələl gələ bilən hər hansısa bir prosesin getməməsi üçün dərhal bu məsələlərin öz həllini tapmasına çağırırıq. Hökümətin ayrı-ayrı strukturlarına da müraciət edirik ki, bu məsələlərdə tezliklə vətəndaşların etiraz edə biləcək bir zərrə yeri qalmadan dərhal onları hər kəs qəbul etməlidir. Daha onlar küçələrdə kimlərinsə qapılarının qarşısında aksiyalar keçirməyə ehtiyac duymamalı, buna məcbur edilməməlidirlər. Çox təəssüf edirəm ki, bu olayda içlərində şəhid övladı olmaqla yanaşı 2 nəfər həbs olunub. Həbs olunanların dərhal azad olunmalarını tələb edir və qeyd edirəm ki, bu hərəkət nə hüquqa, nə də mənəviyyata sığmır.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*