“… BU ÜMİDİ QIRMAĞA KİMSƏNİN HAQQI YOXDUR!”!!!

PAYLAŞIN

“Süni iqtidar-müxalifət qarşıdurması yaratmaq, gündəmi dəyişmək, insanlarımızın nümayiş etdirdiyi böyük birliyin ruhuna uyğun deyil.”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

Tovuz döyüşləri bitdi, növbəti döyüşlər harada, nə vaxt olacaq?

Hamımızı düşündürən əsas sual budur. Qısa müddət ərzində hadisələr çox sürətlə cərəyan etdi. Ermənilər Tovuz istiqamətində hücuma keçdilər, ordumuz cavab atəşi və həmlələrilə düşməni geri, yerinə oturtdu. General, polkovnik, iki nəfər mayor və diğər hərbi qulluqçular daxil olmaqla, 12 nəfər şəhid verdik. Azərbaycan Ordusunun qərarlı surətdə ermənilərin hərbi bazalarını, hərbi texnikalarını, avadanlıqlarını, silah-sursatlarını, hərbiçilərini məhv etməsi, Azərbaycan cəmiyyətinin dimdik ayağa qalxması, işğal altındakı torpaqlarımızı azad etmək üçün birlik, bərabərlik nümayiş etdirməsi düşməndə xof, qorxu yaratdı. Ermənilərin sərhədboyu ərazilərdən qorxub qaçma görüntüləri sosial şəbəkələrdə də yayıldı.

Qardaş Türkiyə hadisələr başlayan gündən hər vasitə ilə Azərbaycanın yanında olduğunu qərarlı surətdə bəyan etdi. Maraqlıdır ki, həmişə Ermənistanı dəstəkləmiş, torpaqlarımızı işğal edib ermənilərə vermiş Rusiya bu dəfə təmkinli münasibət sərgilədi. Təbii ki, bunun öz səbəbləri var. Buna baxmayaraq ərazilərimizin işğal altında qalmasının yenə də birinci səbəbkarı Rusiya olaraq qalmaqdadır.

Müxtəlif ölkələrin hadisələrə müxtəlif münasibəti oldu. Bunlardan bir daha nəticə çıxartmalıyıq. Amma heç kim Ermənistanı əvvəlki illərdə olduğu kimi açıq müdafiə etmədi, Rusiyanın gizli müdafiəsini nəzərə almasaq Ermənistan bu dəfə təklənmiş vəziyyətdə qaldı.

Xarici ölkələrdə yaşayan soydaşlarımız etiraz aksiyaları keçirərək baş verən həqiqətləri və Ermənistanın işğalçı dövlət olduğunu dünyaya tanıtmağa çalışdılar.

Siyasi təşkilatların əksəriyyəti ordumuzun, dövlətimizin haqq işində proseslərə rəhbərlik edəcək hakimiyyətə açıq dəstək verəcəyini bəyan etdi.

Ən əsası insanlarımız torpaqlarımızın müdafiəsi üçün ayağa qalxdılar, şəhidlərimizi böyük coşqu ilə qarşılayıb son mənzilə yola saldılar, böyük çoxluq qorxu, tərəddüd olmadan düşmən üzərinə getməyə hazır olduğunu nümayiş etdirdi. Qarabağı azad etmə, ordumuzu, dövlətimizi müdafiə etmə şüarları ilə insan seli küçələri doldurdu. Böyük izdiham yarandı və bu izdihamın əzəmətinə kölgə salan təxribat da törədildi. Heç kim tərəfindən idarə olunmayan böyük kütlənin etiraz aksiyasında hər hansı təxribatın ola biləcəyini təxmin etmək olar. Təbii ki, təxribatçılar cəzalanacaq. Amma bu bizim əsas gündəm məsələmiz olmamalıdır. Bu təxribatçılar içərisində radikal dini kəsim nümayəndəsi də, bitərəf də, partiyalılığı olan şəxs də ola bilər. Hüquq mühafizə orqanları bunlar barədə yalnız qanun çərçivəsində tədbir görməlidir.

Bundan süni iqtidar-müxalifət qarşıdurması yaratmaq, gündəmi dəyişmək, insanlarımızın nümayiş etdirdiyi böyük birliyin ruhuna uyğun deyil.

Bizim əsas gündəm Ermənistan-Azərbaycan münaqişəsi və işğal altındakı torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan xalqı, xüsusən də gənclik torpaq itkisi ilə barışmadığını və bu problemi həll etməyə qərarlı olduğunu kütləvi surətdə Şəhidlər Xiyabanına yürüş etməklə dünyaya nümayiş etdirdi.

Bu artıq yeni nəsildir. Bu yeni nəslin fərqli düşüncəsinin və fərqli mübarizə metodlarının olmasının hamımız fərqində olmalıyıq. Yeni nəsil sosial şəbəkələr vasitəsilə heç tanımadığı adamları küçəyə çıxarıb etiraz təşkil edə bilər. Əvvəllər şikayət edirdik ki, ermənilər təbliğat işlərində bizi üstələyir. İndi əksinədir. Müasir dövrdə sosial şəbəkələrdə, diğər sahələrdə biz üstün gəlməyə başlamışıq. Bunu nə 80 yaşlı akademik, nə də hansısa nazir eləmir. Bu fəaliyyəti məhz Azərbaycan gəncliyi, təmənnasız, öz borcu kimi həyata keçirir.

Odur ki, hakimiyyət yuxarıda deyilənlərdən nəticə çıxarmalı, yeni nəslin istək-arzularını, potensialını və gücünü nəzərə almalıdır. Aydın görünür ki, gənclik torpaq itkisi ilə bərabər özünün və millətin təhqir olmasını qəbul etmir, bu yolda hər cür fədəkarlığa, orduya, dövlətə, dövlət başçısına dəstək verməyə hazır olduğunu bildirir, şüarlar səsləndirir.

Gəncliyin bu potensialı məhz ülvi məqsədlərə-ərazilərimizin işğaldan azad olmasına yönəldilməlidir. Yox, əgər proses yenə uzanacaqsa, o zaman  çoxluq təşkil edən yeni nəsil, artıq hakimiyyətin önünə başqa tələblərlə çıxacaq.

Hakimiyyətin texnoloqları bunları hesablamalıdır. Cumhurbaşkanı Ərdoğanın rəqiblərindən üstün cəhətlərindən biri də sosialoji araşdırmalara çox böyük önəm verməsi, nəticədə ptoseslərdən qalib çıxmasıdır. Bizdə buişin necə aparıldığı göz önündədir.

Sorğu keçirilsə Azərbaycan cəmiyyətinin nə qədər ərazilərimizi işğaldan azad etməyə hazır olduğu aşkar görünəcək. Yaxşı olar ki, bu fürsəti əldən qaçırmayaq.

Əlində çoxlu informasiyalar, bilğilər olan Azərbaycan hakimiyyətinin, baş verən hadisələrdən sonra, yəqin ki, düşündükləri və həyata keçirmək istədikləri bir şeylər var. Hələ isti-istidir. Cəmiyyət orduya, dövlətə dəstək nümayiş etdirir. On minlərlə adam Səfərbərlik xidmətinə könüllü müharibəyə getmək üçün müraciət edib və proses davam edir. Xalqımız ümidlənib və bu ümidi qırmağa kimsənin haqqı yoxdur.

Hamını bir sual düşündürür, növbəti döyüş haradadır?

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*