“DAY BU YER BEHİŞTİM, CƏNNƏTİM DEYİL, AY MİLLƏT, BU MƏNİM MİLLƏTİM DEYİL.” !!!

“mən sözün əlində əsir qalmışam,
əsirdi gəlini, qızı bu yurdun,”

Fb-NİN GÜNDƏMİNDƏN

***
Yağır dolu kimi, yağır qar kimi,
bəla misra-misra, dərd sətir-sətir,
gizlənə bilmirəm günahlarımdan,
yoxdumu başımın üstündə çətir,
yoxdu, yox, nə belə ötürəm dil-dil,
ay millət, bu mənim millətim deyil.

Bu millət dən kimi yelə verildi,
sovruldu havaya, küləş, samanla,
bu millət gizlədi gözündə suyu,
bu millət yumadı qanı da qanla,
Babəkim avara, Xətaim səfil,
ay millət, bu mənim millətim deyil.

Süfrəni dizinin üstündə açdı,
diz üstə çörəyi, duzu bu yurdun,
mən sözün əlində əsir qalmışam,
əsirdi gəlini, qızı bu yurdun,
bu yurdun ərləri, bəyləri veyil,
ay millət, bu mənim millətim deyil.

Hələ də başıma tökülür ah-zar,
hələ də tənələr kölgəsindəyəm,
yıxıb yad altına öz anasını,
gözüylə görənlər ölkəsindəyəm,
bu mənim qaxıncım, minnətim deyil,
ay millət, bu mənim millətim deyil.

Nə bilək bu ağrı hayandan gəlir,
nə bilək hardandı, nədir sancımız,
düşmənin başına çaxılmalıydı,
enir öz başıma öz qılıncımız,
day bu yer behiştim, cənnətim deyil,
ay millət, bu mənim millətim deyil.

Daha gizlənməyə soyuq zirzəmin,
sinməyə bucağın, küncün yoxdusa,
düşübsə təpərin, düşübsə heydən,
savaşa qalxmağa gücün yoxdusa,
əyil yad önündə, qul kimi əyil,
ay millət, bu mənim millətim deyil.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*