“ANAMA DE, MƏNƏ YAS SAXLAMASIN…” !!!

PAYLAŞIN

“… AĞLAMASIN, GÖZÜNÜ SİLƏ BİLMİRƏM AXI!”!!!

Elşad BARAT

1 января, 23:09

Şəhid Yüksəl Əlizadəyə şeir yazırdım, divanda məni yuxu aparıb, yuxuda şəhidlə görüşdüm, durub yazdığımı sildim, yuxumu olduğu kimi şeirə çevirdim. Allah rəhmət eləsin!

İlk dəfə bir şəhidlə,

Yuxularda görüşdüm,

Yadımda qalmayıbdı,

Necə, harda görüşdüm.

Gül ətirli havada,

Hər yan ağappaq idi.

Mənim gördüyüm şəhid,

Ölməmişdi, sağ idi.

Elə bil bəy çıxırdı,

Şirin təbəssüm ilə,

Gözlərimə baxırdı.

Sual vermək istədim,

İstədim ki, danışım,

İstədim ki, kefini,

Əhvalını soruşum.

Sanki dilim tutuldu,

Sanki məni duyurdu,

Sanki fikirlərimi,

Öncədən oxuyurdu.

Dedi ki: “anama de,

Mənə yas saxlamasın,

Özünü incitməsin,

Bu qədər ağlamasın”.

“Ağlamasın, gözünü,

Silə bilmirəm, axı.

İstəsəm də yanına,

Gələ bilmirəm, axı”.

Bu ki, real görüşdü,

Möcüzəsi yox idi,

Nəsə demək istədi,

Sanki açıb deməyə,

İcazəsi yox idi.

Bu necə bir yuxudu?

Görməmişəm beləsin,

Bircə onu dedi ki,

Gedib “anama denən,

Mənimlə fəxr eləsin!”

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*