DÖVLƏTSƏ DƏ, QANUNSA DA, ARTIQ YETƏR OLSUN – SAXLAYIN BU KARVANI!!!

PAYLAŞIN

30 APREL ADNA QƏTLİAMI QURBANLARININ XATİRƏSİNƏ İTHAF !!! (təkrar)

Sərdar ƏLİBƏYLİ 

“Mənim bu ölkədə şəxsən tanıdığım generallar və generallığa namizəd olan polkovniklər var ki, bircə «molodes»ə görə, bütöv bir ordunu da, kürreyi-ərzi də bada verər.”      

Qoca tarixin bətninə qara yara kimi çökmüş Allahsız bolşeviklər və ateist kommunistlər belə, dar ayqda Allahın ətəyindən yapışıb, haqqın dərgahına sığınmışdılar. Sovetlər dönəminin orta məktəblərində «Tarix» dərsi oxuyan hər kəs yaxşı xatırlayır ki, qurduqları Allahsız rejimin, heç bir haqqa və ədalətə söykənməyən sistemin qazandığı uğurları, bütün böyük qələbələri məhz Haqqın adı ilə bağlayırdı kommunistlər. Çünki nəyin necə baş verməsindən və kimlərin hansı məqamda və nə qədər oturmasından, hansı kresloya əyləşib, hansı qoltuğa söykənməsindən asılı olmayaraq, bəşər övladı sayılan hər kəsin içində bir Allah sevgisi, bir də Tanrı xofu olur, olmasa həmin şəxslər, bütövlükdə xalqlar, cəmiyyətlər və toplumlar bəşər olmaqdan çıxıb, ya şeytanın quluna çevrilirlər, ya da şeytanın özündən də betər məxluq kimi yaşayıb ölürlər. Əslində, Allahsız bir cəmiyyət, haqsız, ədalətsiz bir rejim yaradaraq, dünyanı heyran qoymuş Sovetlər adlı şər imperiyasının banisi, indi barəsində çox təzadlı fikirlər səsləndirilən, birilərinin «dahi», birilərinin isə sadəcə «axmaq» adlandırdığı Ulyanov Vladimir İliç – Lenin olub. Artıq bəşəriyyət bu şəxsin ölümünün 100 illiyinə doğru getsə də, adamın cəsədi hələ də torpağa tapşırılmayıb. Kim nə deyir desin, burada ilahi bir mistika, sonsuz Tanrı görkü olmamış deyil. Heç şübhəsiz ki, qurub-yaratdığı rejimin milyonlarla insanın qanına, canına qəsd etdiyi bir bəşər övladını nə torpaq qəbul edə bilərdi , nə də Tanrı öz dərgahında bu şeytandan da betər məxluqa yer verərdi…

Bilmirəm bu lənətullah Vladimir İliç də haradan ağlıma gəldi. Ancaq «AZİ»dəki qanlı olaylardan sonra adamın ağlına ya şeytan düşər, ya da şeytanın balası. Təbii ki, günün-günorta çağı hərəsinin öz arzusu, öz istəyi, öz həyat yolu olan günahsız insanları gülləboran etmək ancaq şeytan xislətli adamların işi ola bilərdi. Çünki belələrinin içində nə Allah sevgisi olar, nə də Tanrı xofu. Ancaq məsələyə bir az başqa boyutlardan və daha geniş baxanda ortaya ayrı məsələlər çıxır. Dəfələrlə yazmışam və demişəm ki, Azərbaycandan balaca Sovet İttifaqı, Heydər Əliyevdən isə Lenin baba düzəltmək istəyirlər. Və demək olar ki, artıq buna nail olunub da. Çünki məmləkətdə Tanrıtanımaz «tanrıların» istəyi ilə Allahsız bir rejim, heç bir Haqqa və ədalətə söykənməyən bir sistem yaradılıb. Heydər Əliyevi isə, zamanında Leninə deyildiyi kimi, övladlarımız «baba», böyüklərimiz isə «dahi rəhbər və ulu lider» adlandırırlar. Ölkə boyu düzülən heykəllər, saysız-hesabsız portretlər, minlərlə, milyonlarla, bəlkə də heç vaxt Heydər Əliyevin dilindən çıxmamış sitatlardan düzəldilmiş, əttökən şüarlar və bir də artıq dövlət ərkanının protokolu qaydasında vaxtaşırı ziyarət olunan «movzoley», yəni qəbirüstü abidə kompleksi də öz yerində. Məhz bu səbəbdəndi ki, Azərbaycanın başına gələn bütün bəlalar sanki alın yazımız kimi qəbul olunur. Çünki Tanrısız, Allahsız və ədalətsiz rejimlərə boyun əyən xalqlar, millətlər və cəmiyyətlər Allah tərəfindən lənətlənir və başımıza nə gəlirsə, bir növ haqqına gəlir. Hələ illər öncədən

«DÖVLƏTSƏ DƏ, QANUNSA DA, ARTIQ YETƏR OLSUN!!!»

harayı ilə yazmışdım:

 «Aman Allah! Buralarda hər şey qaranlıq gecələrin qara röyalarında olduğu qədər dəhşətli və qorxuncdu. Burası, görməli gözlərin kor, eşitməli qulaqların kar, danışmalı diliərin lal olduğu, duymalı ürəklərin daşa döndüyü bir məmləkətdi. Padşahı əhlikef, vəziri cəliad, vəkili pulgir, naziri bandit-dələduz, generalı fərari-cinayətkar, Milli Qəhrəmanı killer-qatil, ordusu “məğlub”, hakimi ədalətsiz, prokuroru vicdansız, polisi rüşvətxor, məmuru yaltaq, deputatı dilsiz-ağızsız, müxalifəti ölü, televiziyaları dingiriş, mətbuatı satqın, alimi elmsiz, ziyalısı ziyasız, həkimi şəfqətsiz, din xadimi dinsiz, şairi qorxaq, müəllimi ələbaxan, Şəhidi bihörmət, əsgəri(oxu: veteranı) dilənçi, torpaqları ilhaq edilmiş, xalqının ruhu, millətinin mənəviyyatı zorlanmış, “haqq” deyən dilləri kəsilən, azad vicdanları susdurulan, qələmləri zindanlarda can verən bir məmləkətdə yaşamaq taleyinə yazılanların işi zor olsun gərək.»

Bəyəm işləri zor olmağın buynuzumu olur? Bu ölkədə quruca heykəlləri «kruqlu sutka» 6 polis qoruyur, az qala Allahın «JEK» müdirlərinə qədər bütün dövlət qulluqçularının özlərinin də, gül balalarının da cangüdənləri var, əli beş manat pul görən hər kəs, bu ölkədə, Allaha «Allah» demir. Bəs elə isə, bir və ya bir neçə, nə fərq edər ki, dələduzun güdazına getmiş millətin balalarını qorumaq barədə vaxtında niyə düşünən olmayıb?!.

Əgər istənilən yerdə planlaşdırılan terror baş tutacaqsa, istənilən gecələrin birində istənilən evdən və ya obyektdən oğurluq etmək mümkündüsə, istənilən şəxs istədiyi qanunsuz əməli, istənilən cinayətkar öz cinayətini belə rahatca, əlini-qolunu sallayaraq törətməkdə zorlanmayacaqsa, nəyə və kimə lazımdı bu boyda hüquq-mühafizə sistemi?

Günün-günortasında öz generalını qoruya bilməyən bir məmləkətin daş körpülərinə düzülən «avtomatçik»lər hansı məntiqlə və nəyə xidmət edirlər görəsən?

Əgər bir ölkənin torpaqları işğal olunub, ərazi bütövlüyü pozulubsa və bu ölkənin ordusu özünün birbaşa vəzifəsini yerinə yetirmək əvəzinə «LAZIM»ın gələcəyi günü gözləyirsə, kim verməlidi bu sualın cavabını? Cavab yoxdusa, «LAZIM» da gəlmirsə, heç gəlmək ehtimalı da yoxdusa, millətin bu qədər paraları bahasına saxlanan ordu və bu ordunun saysız generalları niyə var?

 Yenə də illər öncədən yazdıqlarım yadıma düşür:

 «Bu məmləkətin adı Azərbaycandı, təkcə adından savayı hər yeri və hər şeyi əlindən alınaraq talanan, viran qoyulan, ərazisi parçalanan, sərhədləri dağıdılan, varı-variyəti yağmalanan, dışı dış, içi iç düşmənlərə təslim edilən

ZAVALLI AZƏRBAYCAN – YAZIQ və BİÇARƏ VƏTƏN!

Səni sevmək çox zor məsələdi, sevməmək isə ondan da zor. Qarşımızda tarixin əbədi “NƏ ETMƏLİ?” sualı, arxamızda isə, hər gün bir az da ölən, hər saat öldürülən SƏN varsan. Başları SƏNin sonsuz xəzinələrini bölüşdürmək uğrunda bir-birini didməyə qarışanların nə vecinə ki, bu yolun sonu SƏNinlə birgə, onların özlərini də uçuruma aparır. Amma onların bu yoldan dönməyəcəkləri artıq hər kəsə bəllidi…»

Mənim bu ölkədə şəxsən tanıdığım generallar və generallığa namizəd olan polkovniklər var ki, bircə «molodes»ə görə, bütöv bir ordunu da, kürreyi-ərzi də bada verərlər. Yəni, mən indi burda oturub Amerika-zad kəşf eləmirəm. Zətən, bu məmləkətdə kimi dindirirsən, hamı hər şeyi bilir, hamı hər şeydən xəbərdardı, hamı hər şeydən bezib. Bununla belə hamı hər şeyə dözür. Çünki dözmək zorundadı. Çünki dözməyə zorlayan amillər var. Birinin oğlu əsgərdi, birinin övladı tələbədi, birinin qardaşı polisdi, birinin əri müəllimdi, birinin qızı “medsestra”dı, birinin evinin sənədi yoxdu, birinin çəkməçi ‘budka”sı var, biri çörəkpulunu güclə haqlayan obyekt işlədir və sairə və ilaxır. Beləcə, yüzlər, minlər, onminlər, yüzminlər, milyonlar və bir də onlara güdükçülük edən bir ovuc oliqarxlar, oliqarxlara “krışa”lıq edən qudurğan məmurlar, harın çinovniklər. Özündə cəsarət tapıb “mən də insanam, mənim də haqqım, hüququm var” deyərsən, əsgərinin meyidi gələr, tələbən institutdan qovular, polisin ilişdirilər, müəllimin bihörmət edilər, «medsestra»nın başına oyun gətirilər, evin “buldo(k)zer”lərə yem olar, “budka”n yandırılar, obyektin «Almalımarket»lə əvəz olunar, və sairə və ilaxır. Yuxarılara şikayət yazarsan, şikayətini göndərərlər düppədüz şikayət etdiyin məmurun üstünə, o da etdiyindən bir az da artıq edib, gününü göy əskiyə bükər. Məhkəməyə üz tutarsan, burada başını pambıqla kəsib, lap anadan doğulduğuna da peşman edərlər. Bu zaman tək əlacın ya prezidentə, ya da birinci lediyə məktub yazmaq olacaq. Onlar üçün də bu məktublar indi, rus demiş «do lampoçki» …

Bax, budu çağdaş Azərbaycanın və azərbaycanlıların yaşam fəlsəfəsi. Adidən-adi, sadədən-sadə haqlarına qovuşmanın bədəli, dibinə zəhər dadan acı bibər qoyulmuş şirin xəyal-plov yemək, ayları, illəri xərcləmək olan bu məmləkəti nə sevmək, nə də buralarda adam balası kimi ömür sürüb xoşbəxt olmaq mümkündü. Nə qədər acı olsa da, buralara sevgisiz də yaşamanın bir mənası yoxdu..!

O zaman yenə də qarşımızda əzəli və əbədi “NƏ ETMƏLİ” sualına cavab tapmaq məsələsi dayanır. Hələlik əlimizdən gələn bir şey yoxdu.

Təkcə adından savayı hər yeri və hər şeyi əlindən alınaraq talanan, viran qoyulan, ərazisi parçalanan, sərhədləri dağıdılan, varı-variyəti yağmalanan, dışı dış, içi iç düşmənlərə təslim edilən

ZAVALLI AZƏRBAYCAN – YAZIQ və BİÇARƏ VƏTƏN!

SƏNin hər cürə nemətlərinə, sərvətlərinə sahib çıxıb harınlayanlara, adına və andına xilaf çıxanlara deyəcək bir söz yoxdu. Bu «TANRI»ların əlində indi Tanrı özü də acizdisə, bizlərə düşən taleyimizlə barışmaqdı. Bir də, bu qədər haqqı yeyilən kişilərinə, nahaqdan incidilən, öldürülərək QANı batırılan, qazamatlarda günahsız çürüdülən, evinin içində dustaq edilən, milyonlarla didərgin salınan oğullarına, əri varkən ərsiz qoyulan gəlinlərinə, atası sağkən yetim qoyulan körpələrinə, göz yaşları qurumayan ANALARına, ilhaq olan torpaqlarına, bütövlükdə keçmişinə, gələcəyinə bir belə biganə olan və yaltaqlıqla, namussuzluğu həyatının mənasına çevirən bir toplumun taleyinə ayrı nə yazılmalıydı ki? Demək, biz elə buna layiqik və ya ruslar demiş:

 “ЗА ЧТО БОРОЛИСЬ, НА ТО И НАПОРОЛИСЬ”…

Kim bilir, bir də nə vaxt ANALAR Tofiq Fikrətlər doğacaq?! Ki, onlar da öz şair bətnindən

“DÖVLƏTSƏ DƏ, QANUNSA DA, ARTIQ YETƏR OLSUN!”

Harayı ilə kükrəyən millətin MEYDAN ŞƏRQİLƏRİnə çevriləcək marşlar doğub, BÖYÜK MÜBARİZƏLƏRƏ zəmin yaratsınlar.

Yerindən duranı, 7-dən 77-yə, kişili, arvadlı “müğənni”, “yeni ulduz” və ya “azəristar” olmaq istəyən bir məmləkətdə daha Tofiq Fikrət, İsmayıl Şıxlı, Xəlil Rza doğacaq analar qaldımı görəsən?!

Deyəsən çətin sual oldu, eləmi? Onsuz da daha asan nəyimiz qalıb ki?

İndi buralarda yaşamaq çətin, ölmək ondan da çətin. Dərdləri bu qədər başından aşan bir millətin yaşaması da günahdı, ölməsi də!!!

ALƏMLƏRİN RƏBBİ, UCA ALLAHIN, CƏMİ İSTİQLAL VƏ 30 APREL ŞƏHİDLƏRİNİN RUHU, MİLLƏTİN VƏ DÖVLƏTİN GƏLƏCƏYİ XATİRİNƏ,

SAXLAYIN! SAXLAYIN! SAXLAYIN BU KARVANI!!!

DÖVLƏTSƏ DƏ, QANUNSA DA, ARTIQ YETƏR OLSUN!!!

Yazının parafrazı da Dərviş Cavanşirdən gəldi:

Yerdə qumlar qaynayır, göydən od-atəş yağır,
Dəvələr ilğımlardan təşnə-təşnə su içir.
Günün ilkindi çağı uzaqdan ağır-ağır,
Ayağı pöşülənən qoca bir dərviş keçir. 

Dayan, a dərviş baba, yenə nə köçhaköçdü?
Gördüyün karvan ötdü, sürdüyün dövran keçdi…
Dünya yaranışından fələk bizlərnən öcdü,
Bilmirdinmi arğacın üstündən əriş keçir.

Köhnə yaram qövr edir, bağrım olur qan gedir…
Neçə təxti-Süleyman əlində fərman gedir.
Saxlayın bu karvanı… məndə olan can gedir,
Çərxi dönsün fələyin bu nə gərdişdi keçir…


P.S. 

Son vaxtlar şəhərin bir sıra yerlərində, küçə və meydanlarda, əsasən də insanların gur olduğu ərazilərdə «QİSASA ÇAĞIRAN» vərəqələrin yayıldığı və yapışdırıldığı haqda şaiyələr dolaşmaqdadı və bəzi mətbu orqanlarda da bu haqda məlumatlar gedib. Yəni yaranmış vəziyyəti ciddiyə almaq və heç olmasa, bundan sonra günahsız qurbanlar verib, günahsız qanların axıdılmasına qarşı təsirli tədbirlər görmək lazımdı. Biz zatən, öz sadəlövhlüyümüzün və bivecliyimizin bədəlini yetərincə ödədik və 30 APREL ŞƏHİDLƏRİnin ruhları bizdən bunu tələb edir. Şəhidlərin qan izləri qurumamış, məzarları soyumamış, matəm elan etmək əvəzinə israrla «GÜL BAYRAMI» keçirmək isə, bir daha, hələ də olub-bitənləri və yaranmış vəziyyəti ciddiyə almamağımızdan xəbər verir. Hələ mən bu matəm havasını bir az ucadan səsləndirməyə çalışan tələbələrə qarşı tətbiq olunan gücdən və istər mənəvi, istərsə də psixoloji təzyiqlərdən danışmıram.


P.P.S.  

Ötən həftənin tən yarısını da QƏLƏBƏ gününün nostaljisi, GÜL BAYRAMInın rayihəsi ilə qeyd olunan ÜMUMMİLLİ LİDERİN YUBİLEY şölənlərində yaşanan atəşfəşanlıqlarda kefə baxdırdılar milləti.

30 APRELŞƏHİDLƏRİNİN MATƏMİNDƏ, YASINDA QOVRULUB QIVRALAN ANALARIN GÖZ YAŞLARINA İSƏ NƏ İNANAN, NƏ DƏ ŞƏRİK ÇIXAN OLDU…

«BAKI GÖZ YAŞLARINA İNANMIR»dı sanki…

12 may gecəsinin, məzarları soyumamış ŞƏHİD ANALARININ donuq sifətlərini qarsan, paralanmış ürəklərini dağlayan atəşfəşanlığının içimi doğrayan vəhşətinə baxıb düşünürdüm: ««NƏVƏ»LƏRİ belə faciəli şəkildə qətlə yetirilərək, qanına qəltan edilmiş bir «BABA»nın doğum gününü belə qutlamalarda keçirə biləcək ikinci bir millət, bir ölkə varmı dünya üzündə?!!». Allah BABAya da, NƏVƏLƏRə də rəhmət eləsin… , ancaq

Bu günaha girən bizlərə isə min lənət!!

O axşam göz yaşlarıyla baş-başa buraxdığımız ANALARın nə ahı ölüncə yaxamızdan əl çəkəsidi, nə də ALLAH bunu götürəsidi!!! Yaralarından qan fışqıran ŞƏHİDLƏRİNİ AĞLAYAN ANALARIN göz yaşlarını, param-parça olmuş ürəklərini yaylım atəşləri ilə susduran bir millətin, bu boyda fəlakətə və rəzalətə çəpik çalanların və çaldıranların aqibəti də elə bizimki kimi olar… Heç ATA da balalarının yasında qol götürüb oynayarmı, İlahi?! Zira, bu «BABA», «NƏVƏ» söhbətlərində, bircə qətrə da olsa, həqiqət və səmimiyyət payı varsa, o zaman məlum faciənin qubanları İlham Əliyevin özbəöz övladları sayılmalıydı. Oysa, olanları hamı gördü. Demək, səhv etmişik, şair deyən kimi:

Mən səni seçmişəm, səhv eləmişəm,
Seçmişəm, özümü məhv eləmişəm.
Bəlkə də yazmazdım bu sətirləri,
Millətin qəlbini sıxmasa bu dərd.
Qıracaq hamını bir nəfər kimi
Xalqın ürəyindən çıxmasa bu dərd.

«Nota» qəzeti No 15(29)

03-09 may 2009-cu il

 147 total views, 3 views today

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*