FÜRSƏTLƏRİN YERDƏYİŞMƏ GÜNÜ BU VƏTƏNİN MƏŞHƏRİ OLA BİLƏR !!!

PAYLAŞIN

Mehriban VƏZİR

Mehriban Vezir

AC OLAN – ÖC ALAN

 Statistika  “SOS” deyə bağırır

 

 QARANLIQ

Azərbaycan əhalisinin böyük çoxluğu aclıq və səfalət içindədir. Bunu statistik rəqəmlər də asanlıqla isbat edir. Pensiyaları, maaşları, tələbə təqaüdlərini, eyni zamanda işsizliyi və bazar qiymətlərini müqayisə etmək yetər ki, yoxsulluğun acınacaqlı mənzərəsi açıq-aydın görünsün. Bu qorxunc mənzərəni görmək gücünü itirmiş yüksək idarəetmə isə qəflət içindədir.  Ac və gücsüz düşürülmüş xalqın nə demək olduğunu hələ anlamır. Acların zalımcasına öcalmalarından  bixəbərdir, sanki.

 Statistika  “SOS” deyə bağırır

Şəhərimizin bəzi mənzərələri də bu rəqəmləri acı-acı ifadə edir. Elə  bu şəhərdə, cəmiyyətimizin mütləq çoxluğunun əhvalını ifadə edən bəzi məkanlarda, 10-15 dəqiqə durub, olub-keçəni bir film kimi  seyr etmək kifayətdir ki, əcaib toplum mənzərələrnə – qara geyimlərə, qaba rəftarlara, çaşqın və işıqsız  surətlərə tamaşa etmək  yetər ki, xalqın pərişan halını anlayasan.

Müşahidə etdiyim qədər Bakının iri bazar mərkəzləri  bu şəhərin, eyni zamanda bu ökənin qara aynasıdır: (Yəqin daha digər yerlər də var.) Bu əraziləri üç kəlmə ilə təsnif etmək mümkün olarsa: yoxsulluq, nadanlıq, natəmizlik – demək olar.

 Bakının ürəyi, şəhər damarlarının qovuşağı olan bu məkanların  acınacaqlı  tablosu ölkə əhalisinin əksəriyyətinin maddi, mənəvi durumunu, içini-dışını, hal-əhvalını belə ifadə edir: yoxsulluq, nadanlıq, natəmizlik.  Bu çirkli və çirkin tabloların müəllifləri isə hələlik salonlarda, ziyafətlərdə bərq vurmaqdadırlar. Onların gözləri görmür, qulaqları eşitmir, yolun qəzalı sonunu xəyallarına belə gətirə bilmirlər.

 Tarix niyə bu qədər eyniyyətlə təkrar olunur!? 

Yoxsulluq, nadanlıq, natəmizlik… Əslində bu üç amil əsasən bir-birini törədən  məfhumlardır.

Yoxsulluq böyük fəlakətdir. Yoxsulluq xalqın maarifdən və mədəniyyətdən, dünyanın gedişatından və inkişaflardan  geri qalması deməkdir. Məqsədli şəkildə xalqı yoxsulluğun faciəvi girdabına sürümək, imtahanların keçilməzi olan çörək imtahanına  salmaq hakimiyyətlərin ən ağır, ən bağışlanmaz cinayətləridir. Belə cinayət heç vaxt və tarixin heç bir dönəmində  bağışlanmayıb,  cəzasız qalmayıb və qalmayacaqdır.

 Digər pis və çirkin olan nə varsa, o cümlədən mənəviyyatsızlıq adətən aşırı yoxsulluqdan doğar. Yoxsulluğun döğurduğu belə qara törəmələrdən biri və ən fəlakətlisi nadanlıqdır. Yoxsul cəmiyyət qeydsiz-şərtsiz olaraq nadandır, cahildir, mərifətsizdir. Daha doğrusu, zor gücü ilə soyularaq, talan edilərək, haqqı alınaraq  nadanlıq, cahillik, maarifsizlik girdabına düşürülmüş zavallıdır.

Nadanlıq isə bütün mənalarda natəmizliyin alt yapısıdır.

Azərbaycan iqtidarı öz 20 illik hakimiyyəti dövründə ölkə əhalisini yoxsulluq, nadanlıq, natəmizlik girdabına saldı. Mənəviyyatsızlıq törətdi. Çox böyük təəssüflər olsun. Çox böyük təəssüflər olsun ki, xalqımızın mədəni səviyyəsini kəskin surətdə düşürdü. Bütün diktaturalar kimi cəmiyyəti özünün getdiyi qaranlıqlara doğru sürükləyə bildi.

 Yaxşı, bəs özü nə qazandı? Nəyə nail oldu?

Bayaq, qeyd elədik ki, pis və çirkin olan nə varsa aşırı yoxsulluqdan doğar. Onu da qeyd edək ki, eyni zamanda,  pis və çirkin olan nə varsa hamısı aşırı zənginlikdən, harınlıqdan doğar.  Hər ikisi insanı insanlıqdan çıxarır: alçaldır və ya qudurdur.  Hər ikisi mənliyin və əxlaqın düşmənidir. Demək, xalq üçün iki təhlükəli amil mövcuddur: aşırı yoxsulluğun və aşırı zənginliyin təbəqə halına gətirilməsi.

 Çox zənginlərin və çox yoxsulların  tək-tək olmaqdan çıxarılıb təbəqə halına gətirilməsi, azlığın və çoxluğun nisbətinə çevrilməsi   xalqımızın gələcəyi üçün çox ağır faciələr vəd etməkdədir. Çoxluğun hədsiz yoxsul, azlığın hədsiz zəngin olması, əslində çoxluq olmalı olan orta təbəqənin azlıqda qalması dövlətimizin gələcəyinə təhdiddir.

 Mövcud idarəetmə xalqın böyük əksəriyyətini kasıblaşdırıb  maarifdən, təhsildən, mədəniyyətdən, yeni texnologiyalardan, görüb-götürməkdən   uzaq saldığı qədər, cahil vəziyyətə gətirdiyi qədər, öz zəngin təbəqəsini də eyni dərəcədə sarsıtdı və xalqla üz-üzə qoydu.

 Zənginlər də –  məhz xalqın cibinə girərək böyük varidat toplamış iri məmur çevrəsi də  maarifdən, ziyadan, insanlıqdan, xeyirxahlıqdan, siyasi mədəniyyətdən, halallıqdan  uzaq düşdülər. Hətta, övladlarının  ciblərində ən yüksək təhsil sənədləri olsa belə, davamlılıq haqqını, bu ölkənin gələcəyində yer tutmaq  haqqını, bu millətin taleyində iştirakçılıq hüququnu  itirdilər.  (Zəngin ataların oğullara buraxdığı miras bəzən belə də olur.)

 Çünki bu gün yoxsul, nadan, natəmiz hala düşürülmüş böyük əksəriyyət nəyi bilməsə də onu bu hala gətirənlərin kimlər olduğunu çox dəqiq bilir. Ona görə də  bu gün ac olanın, səfalətə düşürülənin, cahil duruma gətirilənin intiqamından heç kəsin, hətta günahsızların belə yaxasını qurtarmaq mümkün olmayacaqdır. Adətən, ac olan şərait yetişən zaman həm də güc olduğu üçün, yəni həm çoxsaylı, həm cahil olduğu üçün  bağışlamaq, islah etmək, əfv etmək mərifətində olmur, öc almaq,  məhv etmək, dağıtmaq vəhşətində olur. Əlinə keçən fürsəti fövtə vermir. Azğınlaşır. Zənginlərin azğınlaşdığı qədər azğınlaşır və qılınca çapır. Bu gün – aclara fürsət verilməyəcək – deyənlər isə dönüb tarixə boylansınlar: fürsətlərin kimsənin əlində olmadığını, fürsətlərin zümrələrə növbə ilə verildiyini, əmanət kimi verildiyini, əmanətə xəyanət ediləndə, alınıb o biri zümrəyə verildiyini görəcəklər.

Göz yaşı

Bir xalqın siması və mədəni kimliyi çoxluğu əhatə etməli olan, nə yoxsul, nə zəngin olan  orta təbəqədir. Azərbaycanda orta təbəqə sayılacaq zümrə xalqın siması olmaqdan çıxdı artıq. Çünki kəmiyyətcə o qədər kiçildi ki, təmsilçilik mandatını itirdi. Xalqın deyil, azlığın təmsilçisinə çevrildi. Bu gün Azərbaycan xalqının yeni – çirkin və çirkli, həm də ikiüzlü təmsilçisi formalaşmışdır. Pis və çirkin olanı özündə ehtiva edən yoxsullar, yenə pis və çirkin olanı özündə ehtiva edən zənginlər.

 Onlar qarşı qarşıyadırlar, xəbəriniz varmı? Onlar döyüş meydanının tərəflərindədirlər. Onların üz-üzə gəldiyi gün, fürsətlərin yerdəyişmə günü  bu vətənin məşhəri ola bilər.

 Ac olanın öc almağı bütün nailiyyətlərin bitməsi, bütün fəlakətlərin başlanması deməkdir.

 Cahilin zalımlığı, acın öcü nə deməkdir, bilirsinizmi?

 Haraya gedirsiniz?

 

1 Comment

  1. Nese ellave etmek chox chetindir.Ancaq aclarin da haqqi var ki öc alsin.Veten mehv olar deyib kimise ,birinci növbede hemen o aclari qorxuzmaq, dayandirmaq haqsizliqdir. Chün ki ölkeni ishgal etmish bir qrup cinayetkar o qeder qudurb, quduzlshib ki o ac qoyduqlarini indi menevi ceheden mehv edib, en murdar emellere mecbur edirler. Ölkeni nadanliq ve bütün menalarda natemizlik meydanina chevirmek o demekdir ki ölke Tailandin, Filppinin seviyyeisen chatdirlib ,alti yashli qizin qiymeti $50 centdir. Ve ingilislerin, alman ve fransilarin eylence merkezine chevrilib. Qisas ,öc almaq ise Yaradilana verilen mütleq hisslerden- isntinklerden biridir. Eks halda insan düshdüyü veziyyetden chixa bilmir ,onu yalniz qisas almaq isteyi xials edir. Öc alib almayacagi ise bashqa meseledir.Cemiyyet öc almaga hazirdirmi? Ve öc almaga ,hetda sivil yolla ne mane olur? Mane olan nesnenin adi :-(pisxoloji zeiflik ,chatishmamazliq derk etmek qabiliyyetinin mehv edilmesi) adet -en -ene , milli sarsaqliq, heqiqeti danmaq ki filankesin qohumu, chörek kesmishik, araq ichmishik , üz görenlik ve s. Eyer bele olmasaydi xalqin verdiyi hakimiyeti satanlar 22 ildir ki rejimle bilikde bu xalqin belinde oturmazid. Ona göre de en birinci adet en-enden öc almaq llazimdir. Chürümüsh ehkamlari redd etmek. Yalniz bundan sonra Filippin veziyetien düshmekden xials ola bilerik. Mehsher ise biz onsuz da yaniriq… sadece olaraq tüstümüz görünmür.

Leave a Reply

Your email address will not be published.


*