“… HADI RƏCƏBLİ, ALLAHDAN QORXUN” !!!

PAYLAŞIN

“Öz dediyinizə inanırsınızmı, cənab deputat?”

Xalidə XALİD: “Xalqına dəyər verməyi bacarmayan məmura oturduğu                                          kürsü haramdı.”

Xalidə
Şəhriyarşünas alim, tanınmış ziyalı, araşdırmaçı-yazar Xalidə Xalid millət vəkili Hadi Rəcəblinin mətbuata son açıqlamasında müəllimlər haqqında səsləndirdiyi fikirlərlə bağlı maraqlı məqalə ilə çıxış edib. Həmin məqaləni oxucuların diqqətinə çatdırırıq:

Nə zamana kimi özü özünün inanmadığı fikirlərlə beyinləri yukləməyə çalışan kimlərsə olacaqsa, o zamana kimi də bu millət yalanlara bürünüb, “KİMƏ” və “NƏYƏ” inanım sualı altında cabalayacaq. Millət vəkili Hadi Rəcəblinin bu günlərdə mətbuatda yayınlanan “eksklyuziv”müsahibəsini oxuyanda əvvəlcə həm heyfsləndim, həm də kədərləndim. 

Heyfsləndim ona görə ki, müəllim adlı bir varlığa qarşı belə münasibətinə mat qaldım. Kədərləndim ona görə ki, ilk dəfə deyildi möhtərəm millət vəkilimizdən belə aşağılayıcı fikirlər eşidirdim və bu fikirləri doğulub böyüdüyüm bir torpağın övladı söyləyirdi…Çox heyf.. 

Həmişə özünə rəva görmədiyini başqalarına çox rahatca rəva görür cənab deputat.. 

Onun dediklərini oxuduqca düşünürdüm, çox maraqldır, görən heç olmasa bir dəfə də olsa Ulu öndərin müəllim və təhsil haqqında dediyi fikirləri oxuyubmu bizim millət vəkilimiz? 

Oxusaydi inanmıram belə fikirlər söyləyərdi. Oxumadığı üçün xatırlatmaq istəyirəm:

 “…Mən dünyada müəllimdən yüksək ad tanımıram. Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq.

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir. 

Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. 

Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır.” 

Üzümü sizə tutub deyirəm, möhtərəm deputat: 

“Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır”

Diqqətlə, çox diqqətlə oxuyun bu sözləri. Bəlkə ondan sonra müəllim adlı varlığa dəyər verməyi bacarasınız.

Pul və imkan sahibi olmaq hələ ixtiyar sahibi olmaq deyil. O kürsüyə sizi oturdan seçicinizə hörmət qoymağı bacarın. Ayıbdı vallah ayıbdı. Allahdan qorxun. Bu absurd fikirlərinizlə hakimiyyətə qarşi mənfi rəylər yaratmaq düzgün deyil. Dəfələrlə demişəm, məndən əvvəl də deyilib bu sözlər, yenə mən də deyirəm “DÖVLƏTİ DÖVLƏT EDƏN XALQDIR”.

Xalqına dəyər verməyi bacarmayan məmura oturduğu o kürsü haramdı. Ölkə rəhbərinə dayaq, kömək olmayacaqsınızsa, öz ambisiyalarınıza bu milləti qurban edəcəksinizsə, insanlarda mənfi fikir fromalaşdıracaqsınızsa, o zaman kimə lazımdır sizin kimi millət vəkili və yaxud məmur? “…Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam… Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir…” 

Bu kəlamı diqqətlə oxuyun cənab Rəcəbli. Bu Ulu Öndərin kəlamıdır: “…cəmiyyət haradan olursa olsun, nədən olursa olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir” 

Bu kəlam hamımıza bir vəsiyyətdir. Ulu Öndər bunları vəsiyyət edib, müəllimi alçaltmaqla özünə xal qazanmağı yox… 

Bu gün Hadi Rəcəbli olduğunuz üçün kimə borclusunuz hə, kimə? Olmaya elə ananızaın bətnindən millət vəkili, məmur, sonunda biznesmen olaraqmı dünyaya gəlmisiniz? 

Sizi siz edən müəllim olmayıbmi? Sizə dərs deyən müəllimləri mən də yaxşı tanıyırdım. Allah qəni-qəni rəhmət eyləsin onlara. Nə yaxşı ki, bu günü görmədilər. Nə yaxşı ki, gələcəyinə ümüd bəslədikləri şagirdlərinin bu gün müəllimin yaxşı yaşaması üçün verdiyi “dəyərli” təklifi eşitmədilər. Yoxsa diri-diri özləri məzara üz tutub, intihar edərdilər. 

İnciməyin,məni də özünüzə düşmən bilməyin. Müsahibənizi təkrar-təkrar oxudum. Və.. 

Siz də iqtidaryönlüsünüz mən də. Siz öz ambisiyalarınızı qorumaq üçün danışırsınız. Mənsə dövlətimin, üzvü olduğum partiyamın, xalqımın və can borcu olduğum bir insanın-Prezidentimin adına xələl gəlməmək üçün təmənnasız olaraq danışıram. Siz qazandıqlarınızı itirməmək üçün, kimlərəsə xoş gəlmək üçün fikir bildirirsiniz, mənsə valideynlərim qədər sevdiyim, məni mən edən müəllimlərimin adına, ruhuna xələl gətirən bir fikrə etiraz olaraq danışıram. Mən də müəllim övladıyam. Müəllim nəslinin yadigarıyam. 32 ildir orta məktəbi bitirmişəm. Amma bu günə kimi elə bir bayram yoxdu ki, müəllimlərimə zəng vurub təbrik etməyim, dünyasın dəyişən müəllimlərim üçün Quran oxutdurmayim. Kimliyindən asılı olmayaraq kimsənin MÜƏLLİM adlı müqəddəs varlığın aşağılamasına izn vermərəm. Baxmayaraq ki, sizin kimi imkan sahibi deyiləm. Sizin maddi imkanlariniz varsa, mənim də müəllimlərimi qoruyacaq qələmim və öncə də Rəbbim var. 

Susa bilmədim, üzürlü sayın cənab deputat… 

Siz millət vəkilisiniz, sadəcə millət vəkili, amma heç vaxt MİLLƏTİN VƏKİLİ ola bilmədiniz. Millətin vəkili olmaq hər oğulun və ya qızın işi deyil. Mən sözümü dedim. 

Demokratik və müstəqil Azərbaycanın ziyalısı, anası, xanımı və 16 il müəllim kimi şərəfli bir peşədə çalışan bir insan olaraq. 

Nə qədər ki, yaşayıram kimliyindən asılı olmayaraq Müəllim adlı müqəddəs varlığı aşağıayan kəslərə qarşı sərt mövqedəyəm. Doğma övladım olsa belə, doğma bacım-qardaşım olsa belə kimsəyə müəllimi aşağılamağa imkan vermərəm. 

Bir dəfə də heç olmasa söylədiyiniz fikirləri öncə özünüzə şamil edin, ondan sonra söyləyin,cənab deputat. Görün xoşunuza gəlirmi? Unutmayın-Ustadına kəm baxanın, gözlərinə qan qamar!!!”

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*