“HAKİMİYYƏT TAMAMİLƏ AVTORİTARİZMƏ SÜRÜKLƏNİR”

PAYLAŞIN

Azərbaycan hakimiyyətinin Qərblə, bütövlükdə Avroatlantik məkanla qarşıdurması artıq pik həddinə çox yaxındı. Hətta Avropa parlamentinin Azərbaycana qarşı sanksiya xəbərdarlığı edən qərar qəbul etməsi də bir daha sübut edir ki, məsələ qədərindən artıq ciddidi. Belə bir vəziyyətdə, Azərbaycanda hakimiyyətin öz naqislikliərini görməzlikdən gələrək, atdığı addımlar və dövlət rəsmilərinin ritorikasında duyulan qeyri-diplomatik boyutlar, bu gərginliyi  daha da artırır. Bu biri yandan da, Azərbaycan müxalifətinin bir qismi əlləri göydə sanksiyaların nə vaxt tətbiq olunacağını gözləyirlər. Ancaq müxalifətin digər qanadında yer alan bəzi qüvvələr, digər iki tərəfi də sağduyulu davranışlara səsləməklə yanaşı, ölkəmizə qarşı sanksiyaların tətbiq olunmasının qəti əleyhinədilər. Yaranmış vəziyyətlə bağlı Azadlıq partiyasının sədri, “Azadlıq 2015” seçki blokundan deputatlığa namizəd Əhməd Orucun mövqeyini öyrənmək, həmçinin də proseslərin bundan sonra hansı yöndə inkişaf edə biləcəyi haqda antisanksiya mövqeyində olan müxalif cinahın arqumentlərini dinləmək üçün görüşdük.

 

“AVTORİTARİZMƏ YOLUXMUŞ LİDERİN ÖZÜ BU MƏRƏZDƏN QURTULMAQ İSTƏYİRSƏ BELƏ …”

“ÖLKƏ BAŞÇISININ BƏYANATLARI VƏ TEZİSLƏRİ MÖVCUD REALLIQLARA ADEKVAT DEYİL”

“AZƏRBAYCAN MÜSTƏQİL SİYASƏT YÜRÜDƏ BİLMƏZ”

Əhməd ORUC:  “SEÇKİ SAXTAKARLIQLARININ KÜTLƏVİ ŞƏKİLDƏ DAVAM ETMƏSİ AZƏRBAYCANIN SABAHINA TƏHDİDDİR”


Əhməd Oruc

“Azərbaycan kimi dövlətlər prinsipcə yalnız o halda müstəqil siyasət yürüdə bilər ki, buna ətrafdakı və dünyadakı böyük güclər icazə versin, bu siyasətlə razılaşsın”

 

 

I hissə 

–  Əhməd bəy, həm ölkə seçki ərəfəsidi, həm də Azərbaycanın Avropa ilə bağlı ciddi problemləri var. Sizcə Avropa-Azərbaycan qarşıdurmasının bu həddə gəlməyində daha çox kim günahkardı, bizim analoqsuz inkişafımızı gözü götürməyən Avropamı, yoxsa bir az da neft gəlirlərinin gətirdiyi zənginlikdən başı gicəllənən Azərbaycan hakimiyyətimi?

–  Azərbaycanın beynəlxaq aləmlə münasibətlərində uzun müddət idi ki, sakitçilik yaranmışdı. Yəni, təqribən, belə deyək ki, Azərbaycan balanslı siyasət yürüdürdü. Və bütün bu müddət ərzində Azərbaycan tərəfi demokratik dünyaya doğru getdiyini deklorasiya şəklində bildirib. Konstitusiyada və qəbul olunan qanunlarda da bu istiqamətdə xeyli addımlar atılıb. Eyni zamanda, Azərbaycan, demokratik dünya ölkələrinin üzv olduğu bir çox beynəlxalq təşkilatlara  ya üzv olub, ya da üzv olmaq istiqamətində qərarlılığını ortaya qoyub. Bununla yanaşı, yaxın çevrədə olan supergüclərin qəzəbinə gəlməmək xəttini tutmaqla, onlara da loyallıq nümayiş etdirib. Yəni, tutaq ki, Gürcüstanda Saakaşvili hakimiyyətinin elədiyi kimi, açıq qərbpərəst mövqe ortaya qoyulmayıb. Ancaq bütün bunlarla yanaşı, dediyim zaman kəsiyində Azərbaycan özünün qərbyönümlü mövqeyini də heç vaxt gizlətməyib. Beləcə, qərbyönümlülüyü saxlamaqla, qonşularla münasibəti pozmamaq şərtilə bir qədər tarazlaşdırılmış siyasət yürüdülüb. Ümumi prinsiplərdən yanaşsaq, əslində bu cür siyasət doğru siyasət idi. Yəni, nə aşırı rusiyapərəstlik, nə də aşırı qərbyönümlülük indiki şəraitdə Azərbaycanda stabilliyin qorunub saxlanmasına qarantiya vermir. Ancaq bu cür siyasətin həyata keçirilməsi baxımından da ortada bir çox ciddi problemlər var.

 –   Bu problemlər nədən ibarətdi ki?

İlham Əliyev-243
“Azərbaycanın hakim elitasının və konkret olaraq ölkə başcısının verdiyi bəyənatlar və söylədiyi tezislər, ölkənin indiki durumuna, həmçinin də mövcud reallıqlara adekvat deyil”

–  Ilk öncə onu deyim ki, Azərbaycan hakimiyyəti get-gedə tamamilə avtoritarizmə sürüklənir. Avtoritarizmin əsas göstəriciləri də ondan ibarətdi ki, bir hakimiyyətin təmsilçisi olaraq, ölkə rəhbəri bu mərəzə yoluxursa, bundan qurtulmaq və sağalmaq çox cətin olur. Çox az liderlər olur ki, bu xəstəlikdən can qurtarıb, sonradan cəmiyyətlə hesablaşa bilir. Avtoritarizmə meyllənmiş liderin özü bu mərəzdən qurtulmaq istəyirsə belə, bir çox hallarda onun ətrafında olan və bu avtoritarizmdən bəhrələnən yırtıcı zümrə buna imkan vermir. Yəni, demək istədiyim odur ki, Azərbaycan hakimiyyətinin zirvəsində bu mərəzə yoluxanların sayı getdikcə artmaqda və xəstəliyin özü də getdikcə şiddətlənməkdədir. Elə bu səbəbdən də, Azərbaycanın bayaq haqqında danışdığım və prinsipcə doğru hesab olunan loyal siyasi kursdan, balanslaşdırılmış siyasətdən müəyyən sapmalar var. Bu sapmalar da özünü ilk növbədə onda göstərir ki, Azərbaycanın hakim elitasının və konkret olaraq ölkə başcısının verdiyi bəyənatlar və söylədiyi tezislər, ölkənin indiki durumuna, həmçinin də mövcud reallıqlara adekvat deyil. Məsələn, son vaxtlar hakimiyyətdə təmsil olunan əksər rəsmi şəxslər tez-tez Azərbaycanın heç kimin nəzarətində olmadığı və tamamilə müstəqil siyasət yürütdüyü barəsində açıqlamalar verirlər. Hətta “heç kim bizə heç nə deyə bilməz”, “biz özümüz nəyin necə olduğunu hamıdan yaxşı bilirik” və s. kimi açıqlamaları da tez-tez eşidirik. Əslində bu qətiyyən belə deyil. Azərbaycan kimi dövlətlər prinsipcə yalnız o halda müstəqil siyasət yürüdə bilər ki, buna ətrafdakı və dünyadakı böyük güclər icazə versin, bu siyasətlə razılaşsın. Məsələn, İsveçrədə bu razılaşma dünya müharibələrinin nəticələri ilə bağlı böyük dövlətlər arasında bağlanmış sazişlər əsasında mümkün olub. Ancaq, əslində İsveçrədə yaşayan insanlar da əsasən almanlardı. Almaniyanın olduğundan daha böyük ola bilməməsi üçün, İsveçrə kimi ayrıca bir dövlətin mövcud olmasında Avropanın və dünya güclətrinin hamısı maraqlıdı və hamısı da İsveçrənin stabilliyinə qarantiya verib, zamin durublar. Azərbaycanın yerləşdiyi region elə bir rgion deyil ki, orda İsveçrə modelində bir dövlətin mövcudluğu təmin olunsun. Ikincisi, Azərbaycan heç vaxt müstəqil siyasət yürüdə bilməz, sadəcə ona görə ki, bu dövlət öz ərazisi üzərində suverenliyini və müstəqilliyini tam bərpa  edə bilməyib. Ən azından, biz Qarabağ probleminə görə üç həmsədr dövlətdən ədalətli olmağı və bu problemin həllində bizə kömək etməyi xahiş edirik. Və bu dövlətlər də dünyanın əsas super güclərindəndir. Bundan başqa, Azərbaycanın müttəfiqləri var və biz mütləq onların da maraqlarını nəzərə almalıyıq. Bu baxımdan da, bizim tam müstəqil olmağımız mümkünsüzdü. Bütün bunlarla yanaşı, ən super dövlətlərin özləri belə, hətta Amerika kimi bir ölkə də bu cür bəyənatlar vermir və verə də bilməz. Baxın, neçə onillərdi ki, ABŞ-ın beynəlxalq aləmdə yürütdüyü siyasətə balaca İsrail dövləti hər zaman ciddi şəkildə təsir edib və edir. Illərdi ki, ABŞ dövləti BMT-də İsrailin əleyhinə olan bütün qətnamələrə veto qoymaqla dünya birliyinin qınağını da öz üzərinə götürür. Eləcə də Rusiya özünün keçmiş sovetlər məkanında və Qafqaz siyasətində ermənilərin maraqılarını nəzərə almaq zorundadır. Yəni, demək istədiyim odur ki, Azərbaycan hakimiyyəti tərəfindən ortaya atılan həmin o reaksion tezislər və boğazdan yuxarı verilən bəyənatlar doğru deyil ki, biz belə edərik, elə edərik, yaxud da, istəsək bunu eləyərik, onu eləmərik və s. Kim nə deyir desin, Azərbaycanın öz siyasətində nəzərə almalı olduğu müttəfiqlərin, eləcə də regionda və dünyada olan super dövlətlərin maraqları, həmçinin də dövlət olaraq bizim üzərimizə götürdüyümüz öhdəliklər var.  Bunların hamısı da müəyyən mənada, “biz tam müstəqilik və istədiyimizi edərik” kimi boğazdan yuxarı bəyənatlar verməyə imkan yaratmayan amillərdi.

 –  Beynəlxalq öhdəliklər demişkən, bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Azərbaycanın durumu nə yerdədi və bu öhdəliklərin yerinə yetirilib-yetirilməməsindən xəbəriniz varmı? Nə məsələdirsə, bunlar deyirlər ki, tam yerinə yetirmişik, onlarsa deyirlər ki, heç nə eləməyibsiniz.

 –  Mən də elə o baxımdan deyirəm ki, Azərbaycan hakimiyyətininn bu günkü “biz müstəqilik, heç kim bizim fəaliyyətimizə təsir göstərə bilməz” kimi tezisləri aşırı, reallığa uyğun olmayan  və eyni zamanda da bütün dünyanı Azərbaycana qarşı ayaqlanmağa çağıran tezislərdi. Bu tip tezislərdən, belə aşırı bəyənatlardan imtina eləmək lazımdı və belə şeyləri danışmağa heç bir ehtiyac da yoxdu. Əgər sən gerçəkdən də müstəqil siyasət yürüdə bilirsənsə, yürüt.  Birincisi, sən hələ öz ərazinə sahib dur, ikincisi də özünə normal bir dövlət yarat, iqtisadiyyatını qaldır, vətəndaşının rifah halını yaxşılaşdır və s. Yəni, bizim çoxsaylı və olduqca ciddi problemlərimiz var, ona görə də biz dünya ilə uğraşmalı deyilik. Məsələlərə bu yöndən baxanda, Avropanın indi Azərbaycana qarşı atdığı addımların, elədiyi təzyiqlərin tam əsası var. Ona görə ki, Azərbaycan insan haqları ilə bağlı Beynəlxalq Konvensiyaya qoşulub, ATƏT-in, Avropa Şurasının üzvüdür və onların hər birinə daxil olarkən də, digər dövlətlər kimi, öz üzərinə müəyyən öhdəliklər götürüb. Əslində, onu da biləsiniz ki, indi Avropanın Azərbaycanın üzərinə gəlməsinin başlıca səbəbləri, nə burdakı demokratiya ilə, nə də insan haqları ilə bağlıdı və bu amillərin hər biri, sadəcə onların əllərində bizə təsir etmək üçün vasitədir.  Ancaq onlar özləri o vasitələrə əməl edirlər və digər ölkələrdən də prinsip olaraq buna əməl olunmasını istəyirlər. Yəni,  bir jurnalisti tutaq ki, vergidən yayınmağa görə 6-7 illik həbsə göndərib, sonra da burada hansısa siyasi çalarlar yoxdu deməklə, dünyada heç kimi buna inandıra bilməzsən və bu, mümkün deyil. Indi təkcə Azərbaycanda yox, dünyanın hər yerində az-çox marağı olan hər kəs bilir ki, burada milyonlarla, milyardlarla pullar faktiki olaraq bəlli insanlar tərəfindən oğurlanaraq mənimsənilib. Baxın, son vaxtlar adına “oliqarx” deyilən onlarla insanları banklardan götürülmüş külli miqdarda, daha doğrusu, çox böyük rəqəmlərlə ölçülən kreditlərin nə özünü, nə də faizini ya qaytarmadıqlarına, ya da qaytara bilmədiklərinə görə “bandotdel”ə və s. yerlərə aparıb-gətirirlər. Bu yolla heç olmasa, oğurlanaraq mənimsənilmiş pulların bir qismini geri qaytarmağa çalışırlar. Yəni, bu qədər milyonların və milyardların oğurlandığı və mənimsənildiyi bir cəmiyyətdə, jurnalistə hansısa miqdar vergidən yayınmağa görə bu qədər ağır hökm çıxarmaq, sadəcə absurd deyil, biabırçılıqdı. Hətta barəsində danışılan bu vergidən yayınma faktının özü mövcud idisə belə, adama şərti iş də, digər yüngül cəzalar da verilə bilərdi. Burda cəmiyyətin istəklərini də, beynəlxalq aləmin təzyiq və tələblərini də nəzərə alaraq, dediyim kimi daha yüngül cəza metodlarından istifadə etməyə kim mane olurdu? Ikinci bir tərəfdən, tutaq ki, Xədicə İsmayılın, Leyla Yunusun, İntiqam Əliyevin və digərlərinin tutulması, bu qədər ağır hökmlərlə cəzalandırılması Azərbaycanın hansı problemini həll edir və ölkənin ümumiyyətlə bu adamlarla bağlı nə problemləri var? Yəni, bu həbslərdən dolayı Azərbaycanın xeyrinə nə dəyişir ki?  Başqa sözlə, burda söhbət hansısa milli məsələdən, dövlətin olum-ölüm problemlərindən getsəydi, yenə də dərd yarı idi.

 –  Siz “Azadlıq 2015” blokunun üzvüsünüz, seçkiyə də bu blokla gedirsiniz. Hakimiyyətlə dialoqda da blok halında getmişdiniz. Siz dialoqun gedişində dəfələrlə siyasi məhbuslar məsələsini qaldıraraq, bu kimi məsələlərin ölkə üçün ciddi problemlər yaradacağını demiş və hakimiyyəti bu tendensiyadan çəkinməyə çağırmışdınız. Amma hakimiyyət nəinki çəkinmədi, əksinə, proses bu gün də davam edir. Artıq ciddi konturlarla ortaya çıxan Azərbaycan-Avropa problemlərinin əsas müddəalarından biri də siyasi məhbuslar məsələsidi. Əhməd Oruc necə düşünür, Azərbaycanda siyasi məhbus varmı və bu problemin həll olunması Azərbaycana nə verər?

Siyasi məhbus

“Azərbaycanda

siyasi məhbuslar

siyasi məhbuslar

intiqam aliyev

var”

–  Azərbaycanda siyasi məhbuslar var. Hər hansı bir insan fərd olaraq, hakimiyyət tərəfindən təqib edilərək həbs olunursa, o siyasi məhbusdu. Bayaq da dedim ki, Azərbaycanda hamının gözü qarşısında faktiki olaraq oğurlanaraq mənimsənilmiş milyonlara, milyardlara sahiblənən şəxslərə nə cinayət işi açılıb, nə də həbs olunanlar var. Amma jurnalistin hər hansı qəzetə, yaxud da digər mətbu orqana ianə və ya qrant şəklində ayrılan puldan müəyyən miqdar vergi ödəməməsi adı altında, həm də buna heç bir əsli və ya sübutu olmayan başqa donlar biçməklə, həbs olunması, həmin jurnalistin siyasi məhbus hesab olunması üçün yetərli faktdı və burda ikinci fikir ola bilməz. Əslində mən özüm siyasi məhbus adlandırılan şəxslərin əksəriyyətinin siyasi fəaliyyətindən narazıyam və onların bu cür fəaliyyətlə məşğul olmalarını heç vaxt təqdir etməmişəm. Məsələn, mən birmənalı şəkildə xalq diplomatiyasının əleyhinəyəm və hesab edirəm ki, ərazisi işğal olunan bir ölkədə hər hansı xalq diplomatiyasından söhbət gedə bilməz. Ikincisi, Qərbin Azərbaycanda və digər bu tipli ölkələrdə apardığı qrant siyasətinin qəti əleyhinəyəm. Təxminən 1995-ci ildə başlayaraq, bütün mətbu çıxışlarımda bildirmişəm ki, qrant vasitəsilə Azərbaycanda Azərbaycana xidmət eləmək imkanı və gücü olan bütün şəxslər tədricən satın alınacaq. Onu da hər zaman qeyd etmişəm ki, Azərbaycan hakimiyyəti bu məmləkətin az-çox intellektə malik şəxslərinə sahib çıxmalı, onlara yaşam imkanı verməlidir ki, onlar məhz bu dövlətin xeyrinə işləməkdə maraqlı olsunlar. Əslində çoxdan bu sahədə necə deyəllər, intellektlər uğrunda bir cəbhə açılmalıydı və bu cəbhənin bütün sahələrində də Azərbaycan hakimiyyəti, dövlətin maraqları naminə, intellekti olan insanların yanında olmaqla, onların da hər zaman dövlətin yanında olmasına zəmanət verməliydi. Məhz bu, zamanında baş vermədi deyə, Qərb ölkələri Azərbaycan hakimiyyətinin diqqətindən kənarda qalan, hətta bir sıra hallarda repressiyaya uğrayan adamlardan öz maraqları üçün geniş şəkildə istifadə etməyə başladı. Həm də Qərb ölkələri buna çox asanlıqla və çox ucuz qiymətə nail ola bildilər. Bütün bunlara baxmayaraq, mən hesab edirəm ki, siyasi məhbus kimi tanınan məhkumların heç biri onlara elan olunan ittihamlara görə həbs olunmayıb. Məsələn, dialoqda dəfələrlə İntiqam Əliyev haqqında müraciət etmişik. Bu adamın günahı nədir? O, Azərbaycanda baş verən seçki saxtakarlıqlarını əsaslandıraraq, Avropa məhkəmələrində ortaya çıxartmaq istəyib. Yaxşı, siz bu saxtakarlıqları etməyin, bundan çəkinin ki, İntiqam Əliyevin də əsaslandıracağı həmin məsələlər ortadan qalxsın. Çünki, nə qədər ki, bu saxtakarlıqlar davam edəcək, onları əsaslandıraraq, ortaya çıxarmaq istəyənlər də olacaq. Belə adamların hamısı həbs olunsa belə, bu yolla heç nəyə nail olamaq olamaz. Əslində bu cür saxtakarlıqların, özü də təkcə seçki sahəsində yox, bütün digər sahələrdə də kütləvi şəkildə davam etməsi Azərbaycanın sabahına, ölkəmizdə normal insani cəmiyyətin və hüquqi dövlətin yaradılmasına təhdiddi. Eləcə də İntiqam bəylə birgə digər siyasi məhbuslarla bağlı dialoqda məsələ qaldırmış, hətta prezidentə müraciət etmişik. Amma bütün bu deyilənlərə rəğmən, indi sizin də söylədiyiniz kimi hər şey tərsinə gedir. Yəni, bütün bu məsələlərdə həm Azərbaycan cəmiyyətinin, həm də beynəlxalq aləmin istək və gözləntilərinin əksinə olaraq, hakimiyyət getdikcə daha artıq repressiv metodlara əl atır, daha da aqressiv mövqe sərgiləyir.

–  O zaman sizin belə bir dialoqda iştirakınız nəyi dəyişir və ümumiyyətlə lazımdımı?

 

Davamı var

(moderator.az)

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*