“İKİ GÜLLƏ YAZILDI VƏTƏNİN QAN YADDAŞI …”!!!!

PAYLAŞIN

İki gül

Qərənfil şəhid qanı,

Xarı bülbül göz yaşı,

İki güllə yazıldı Vətənin qan yaddaşı…

***

Qönçə-qönçə güllənən qızıl qaşlı sevginin,-

Üfüqlərdən boylanan eşq danıydı qərənfil.

Hər sevginin gəlişi çiçək günü,gül günü

İki sevən ürəyin peymanıydı qərənfil.

Qərənfil gül deyildi, – ilk sevginin gözündən

Süzülüb damla-damla düşən od dənəsiydi.

Beləcə boylanırdı sevənlərin üzündən

Həyalı duyğuların gizli baxış səsiydi.

Qərənfil bir qış günü yol alıb Şüvəlandan

Səpələndi Sibirdə Cavidin nəşi üstdə.

Göy yerə yelkən açdı, yer göyə havalandı

Vətən gül-gül parladı sözün Günəşi üstə.

Gəldi, gül kimi gəldi düz iyirmi yanvara,

Gəldi süngü başında, tankların lüləsində.

Rənginin al yerindən tutub çəkdilər dara

Güllələr çiçəklədi gözünün giləsində.

Hər ləçəyi boyandı günahsız axan qana,

Qaboy sədası üstə can xışladı Qərənfil.

Azadlıq meydanından Dağüstü xiyabana

Tabut-tabut güllənib yol başladı qərənfil.

***

Canını çox üşütdü həsrət Xarı bülbülün

Ləçək-ləçək dilləri için-için sızladı.

Sudan duru gözləri aydan arı bülbülün

Naləsinin şehində ümid yeri buzladı.

Rəng alıb rəng qatırdı Tanrının bəstəsindən

Rəngi solan güllərin ölü qonşuluğunda.

Əsir düşən səslərin şikəst şikəstəsindən

Hallanırdı Turş sunun şirin turşuluğunda.

Diksinib ahlarından ətrafdakı güllərin,

Çəkirdi ciyərinə tövşiyən yağışları.

Bağrının gül başında buğlanan niskillərin

Üşənirdi nəmindən pərişan baxışları.

Açdı qırışlarını doğma əzan sədası,

Axdı ilahi səslər donan minarələrdən.

Qopardı mehvərindən “Dəmir yumruq” nidası

Qarabağ silkələndi alovlu nərələrdən.

Yetişdi imdadına xilas ruhlu əsgərim

Gül ətirli qanıyla öpdü Xarı bülbülü.

Qəzəbindən qan daman qisas ruhlu əsgərim

Gözünə məlhəm kimi təpdi Xarı bülbülü.

***

Qərənfil ta qan deyil,

Ah deyil Xarı bülbül,

Daha qəmin taxtında şah deyil Xarı bülbül,

Qərənfil gül bayrağı, Xarı bülbül aypara,

Qərənfili yozmayın ta iyirmi yanvara!

Qərənfil döyüş ruhu,

Xarı bülbül Qələbə

İki gül keşik çəkir bu müqəddəs qəlibə!

Xarı bülbül qayıtdı Şuşada gül yerinə,

Qərənfil də qayıtsın eşqin könül yerinə…

Qərənfil ta qan deyil,Xarı bülbül göz yaşı,

İki güldən boylanır Vətənin qan yaddaşı!..

20.12.2020

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*