“İLHAM ƏLİYEV, 5 İLDİR Kİ, MƏN BU SÖZLƏRİ ZƏHƏR KİMİ UDURAM…”!!!

PAYLAŞIN

Tahir BABAYEV:

“Azərbaycan adlı məmləkətdə, ən yüksək kürsü də daxil olmaqla, hər şey satılır və alınır.”!!!

İlham Əliyev, Sizdən Azərbaycan Konstitusiyası və qanunları ilə qorunan aşağıdakı hüquqlarımın təxirə salınmadan bərpasını tələb edirəm!

Bunlar, bir prezident olaraq, Sizin borcunuzdur.

Borcunu yerinə yetirə bilməyən bir Przidentin nəinki yüksək kürsünü tutmaqda davam etməyə, heç yaşamağa belə haqqı yoxdur.

Nəhayət bunu dərk edin və nəticə çıxarın.

İki il bundan əvvəl 2004-cü ildən etibarən sərəncamınızla Sumqayıtı talamağa, soymağa və məhv etməyə göndərmiş olduğunuz Zakir Fərəcov 17-ci mikrorayon ərazisində tam qanuni əsaslarla tikdirərək, istifadəyə verdiyim və 28.01.2018-ci ilə kimi yaşadığım evin giriş qapısını hördürmüş, evə girməyi mümkünsüz etmişdir. Baş prokuror Zakir Qaralov, Sumqayıt şəhər prokuroru Sərdar İmanov bu qanunsuzluğa nəinki göz yumur, yazılı şikayətlərimə cavab verməyə belə cəsarətləri çatmır.

2004-cü ilin dekabr ayından etibarən həmin evi Dövlət Reyestrinə daxil etdirə bilmirəm. Kərəm Həsənov özü və komandası Mehriban Əliyevanın 1 №-li maliyyəçisi olduqlarını həyasızcasına bağıra-bağıra deməklə, mənim qanuni tələbimi icra etmir. Baş Prokuror Z.Qaralov və onun prokurorları, MHŞ-in sədri, Ədliyyə Naziri F.Məmmədov və onun məhkəmə sədrləri və hakimləri qanunların deyil, Kərəmin qulluğundadırlar. Mənim məhkəmələrdə süründüyüm 5 il müddət ərzində aidiyyatı üzrə qanunlarda üç dəfə dəyişiklik edilmişdir. Acınacaqlı hal odur ki, bütün bunları hətta ali məhkəmə səviyyəsində əhəmiyyətsiz hesab edirlər. Açıq-aşkar ölkə rəhbərinə rişxənd edib gülürlər. Haqqımızı vermişik, işləyirik və bizə gözün üstə qaşın var deyən olmayacaq deyirlər.

İlham Əliyev, beş ildir mən bu sözləri zəhər kimi uduram. İndi isə artıq tamamilə taqətdən düşdüyüm üçün Sizlərə ərmağan edirəm. Udun və xoşbəxt olun.

Bir prezident kimi İlham Əliyev Azərbaycan vətəndaşına lazım olmadı. Onun varlığından sui-istifadə etməklə milyard dollarlarla dəyəri olan sərvət sahibi olanlar belə hazırda ona qarşıdırlar və özlərinə dünyanın ən mürəkkəb cəngəlliklərində gizlənməyə yer axtarışındadırlar.

Nuşirəvanın televiziya məkanını zəbt etmiş YAP-çı Əli Əhmədov belə, təmtəraqlı günlərinin son anlarını yaşadığının fərqindədir. Əslinə qalsa ölkənin talanmasında, torpaqların işğal altında saxlanmasında o heç də İlham Əliyevdən az məsuliyyət daşımır…

Mən əvvəllər dərc etdiklərimə sadiq qalaraq, yenə də yalnız ölkəni idarə edənin yerində olmadığı ilə əlaqədar bilavasitə öz başıma gətirilənlərdən çıxış edərək, ümumi situasiyanı dəyərləndirməyə çalışıram. Burada bir şeyi də nəzərə almaq lazımdır ki, sıradan olan insanlarla müqayisədə mənim vəziyyətim, el arasında deyildiyi kimi, “toya getməlidir”. Ona görə ki, bir çox hücumların qarşısını təkbaşına ala bilir, bəziləri isə mənə hücum etməyə özlərində cəsarət tapa bilmirlər.

Bütün bunlara baxmayaraq, yuxarıda qeyd etdiyim kimi, tam qanuni əsasla inşa etdirdiyim evimi dövlət reyestrinə daxil etmirlər. Tələb olunan rüşvətin məbləği elədir ki, həmin pula Sumqayıt İnzibati-İqtisadi məhkəməsini, onun sədri İslam Əliyev və hakimləri Vəfa Əzizova ilə İsmayıl Quliyev də daxil olmaqla, satın almaq və “çastnaya lavka” kimi işlədib pul qazanmaq olar. Amma indi məni tanıyanlardan çoxlarının dedikləri kimi, vaxtında ağlım yerində olmuş olsa idi, pul yığaraq vəzifəyə gələnlərin əllərindəkini tutub alar, elə onun hesabına əlçatmaz yüksəklikləri ələ keçirərdim. Çünki heç kim üçün sirr deyildir ki, Azərbaycan adlı məmləkətdə, ən yüksək kürsü də daxil olmaqla, hər şey satılır və alınır.

Mən isə peşman deyiləm. Çünki yüksək vəzifə tutanda da, bu gün yüksək vəzifəlilərin təqibinə, təhdidinə və təzyiqinə məruz qaldığım şəraitdə də, haqqı tanımağı, ədalətli olmağı, insanların təmənnasız olaraq xidmətində durmağı ali məqsəd hesab etmişəm və edirəm də.

Sumqayıtda olan evimin girişi üzümə bağlandıqdan sonra “Qurd dərəsi”ndəki bağ evimə pənah gətirdim.

Burada da rahat həyat yaşamaq qismətim olmadı. İlham Əliyevin digər bir pulqazanan kadrı Qorxmaz Hüseynov özünü yetirdi. 04.07.2019-cu ildə bağ sahəmin su təchizatı, yüzdəyüz faiz qanunsuz olaraq, dayandırıldı. Mənə və ailəmə qarşı faktiki olaraq ağır cinayət edildi.

Cinayətkarları – Qorxmazın qoçularını cinayət başında yaxalayaraq Sumqayıt polisinə təhvil verdim. Bəy Qaralova ərizə yazdım. Ərizəm cinayətkar hərəkətlərindən şikayət etdiyim Qorxmazın üstünə göndərildi. Bəy Qaralova ikinci ərizə yazıb, İlham Əliyevin böyük zəhmət və əziyyət çəkərək imzaladığı qanun adlandırılan bəzi kağızların mövcudluğunu yadına saldım. Dedim bəlkə yayın ortasında qış yuxusunda olan vicdanı oyandı və heç olmasa, prokurorluq borcunu yox, vətəndaşlıq borcunu yadına saldı. Sonradan böyük çətinliklə məlumat əldə etdim ki, təkrar ərizəm təkrar olaraq dəbdəbə ilə dəfn mərasimi keçirilməsi üçün Qorxmaza göndərilmişdir. Mən bunula bir daha başa düşməyə məcbur edildim ki, bu ölkədə hakimiyyət qatı cinayətkarlardan ibarət komandanın əlindədir və bunlarla vuruşmaq ümumxalq işidir. Bir nəfər yalnız ayaq altında qalıb  məhv ola bilər.

Yaranmış bu 500 voltluq gərginliklə əhatə olunmuş situasiya az imiş kimi, yol polisi də özünü yetirdi. Çünki, məni “başa salmaq” tapşırığı alanlar içərisində ona xüsusi rol ayrılmışdır.

Vahid hərəkət vasitəm, həyatımın təminatçısı (sol tərəfim iflic olduğu üçün hərəkətim həmin nəqliyyat vasitəsindən asılıdır) olan avtomobilimi texniki baxışdan keçirdim. Lakin, texniki baxışın nəticələrini komputer bazasına daxil etməkdən imtina edildi. Cərimələr var dedilər. Sonradan bildirdilər ki, cərimələr il ərzində yığılmışdır. “Bəs mənim niyə bu barədə məlumatım yoxdur” – sualına cavabları çox qısa oldu. Bu bizim qayğımız deyildir. Beləliklə, 2018-ci ilin texniki baxışında nəvəmə məxsus “Opel” markalı avtomobili satmaqla birtəhər vəziyyətdən çıxa bilmişdir. İndi isə ümid təkcə İlham Əliyevədir. Cərimələri yalnız o ödəyə bilər. Digər tərəfdən əgər ədalətlə tərəziyə qoyarıqsa onun mənə borcu var və indi isə onu qaytarmaq vaxtıdır. Çünki təkcə əlimyandıda deyil, canımyandıdayam.

Hörmətli oxucular Sizlərə çatdırılmalı olan fikirlər çoxdur. Belə baxıram ki, bunun üçün bir zaman kəsiyi çox azdır. Ona görə də, özümə, Azərbaycan dövləti və dövlətçiliyinə düşmən olanları nəzərinizə çatdırıram:

İlham Əliyev, Mehriban Əliyeva, Ramiz Mehdiyev, Fuad Ələsgərov (Azərbaycanda rüşvətin xüsusi texnologiya ilə inkişafının banisi Murtuz Ələsgərovun hüquqi varisi) Zeynal Nəqdəliyev, Əli Əsədov, Novruz Məmmədov, Əli Əhmədov (YAP), Fikrət Məmmədov, Zakir Qaralov, Ramil Usubov, Azərbaycan insanının haqqını tapdalayan, malını talayan hər bir vəzifəli şəxs.

 

Oxuculara xüsusi sayğılarla və dərin hörmətlə:                               

 Tahir Babayev

03.09.2019

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*