«İLHAM ƏLİYEV VƏ COCUQLARI» (təkrar)

PAYLAŞIN

«AMŞ» KOD ADLI «KİLLERXANA»DAN

«PYKİVİDF» KOD ADLI «DƏFN KOMİSSİYASI»na…

Müəllifdən

ƏFLATUNUN ŞÖHRƏT(Lİ) BİOQRAFİYASINA SÖZARDI 

Bu günlərdə media Əflatunun “Şöhrət ordeni”nə özünün münasibətini və özü yoxsunluların 60 yaşı münasibəti ilə bağlı ona təbriklərini yaymaqdadı.  Adam haqqında elə şeylər yazır və danışıllar ki, elə bil Kalininnən Mikoyan Stalini təbrik edillər. Allah-allah, bu zatların tutaq ki, İlham Əliyevə, Mehriban Əliyevaya niyə və nədən ötəri yaltaqlandıqlarını külli-aləm bilir, bəs görən bunları Əflatuna, təkcə yaltaqlanmağa deyil, həm də yalmanmağa vadar eliyən nəymiş?!

Özü də yazır ki, prezidentin yadına düşməkdən yana xoşbəxtiymiş. Bir az da özünün bioqrafiyasınnan, keçdiyi yoldan danışıb. Olsun, bu da onun özü haqda düşüncələridi, etiraz eləmirəm. Amma onun və “killer”lərinin  keçdiyi yola, “Şöhrət Ordeni”nə  və çeşidli titullara qədər varan həyatlarına, mətbu, ictimai, bir az da siyasi fəsliyyətlərinə illər öncədən ayna tutan silsilə yazıları bir-bir, yenidən içtimai rəyin və oxucilarımın diqqətinə çatdırmağa qərar verdim.

—————————————————————————–

İP-YAP İŞBİRLİYİ 

Son bir neçə gündə İctimai Palatanın müstqil mendianın durumu ilə bağlı təşkil etdiyi müzakirələr zamanı, bəndənizin etdiyi çıxışın elə tədbiri təşkil edənlərin özləri və müstəqil media adına tədbirə qatılmış mətbu xadimlərin tərəfindən cəmiyyətdən gizlədilməsi  faktı ətrafında xeyli ajiotaj yaranıb. Azərbaycanın hər yanından, o cümlədən də, Bakıda  fəaliyyət göstərən ictimai-siyasi qurum və təşkilatlardan gələn müraciətlərdən bəlli olur ki, məsələyə ictimai maraq çox yüksəkdi və müraciət edənlərin tam əksəriyyəti məndən həmin çıxışın internet vasitəsilə yayımını xahiş edirlər. Heç şübhəsiz ki, sözügedən çıxşın tam mətnini zamanı gəlincə geniş ictimaiyyətə təqdim edəcəm. Bununla belə, hələ də ümidvaram ki, bilərəkdən və ya bilməyərəkdən, bu çıxışımın gizlədilməsində iştirak edənlər, eləcə də bu məsələdə maraqlı olanlar sağlam düşüncəyə üstünlük verərək, YAP(laş)dıqları yanlışı özləri düzəldəcəklər və nəhayət ki, onlara etdiyim müraciətin fərqinə varacaqlar. Mən elə tədbirin səhəri günü, həmin şəxslərə adbaad müracəiət edərək, yapdıqları yanlışı düzəltmələrini və keçirilmiş tədbirin tam vidioyazısını internetə yerləşdirmələrini xahiş etdim. Ancaq qarşı tərəfdəkilər hələ də israrla susmaqda davam edirlər. Bizdə isə tədbirin video görüntülərinin əks olunduğu kasset yoxdu deyə, bunu etməmiz imkan xaricindədi. Ancaq bəndənizin etdiyi çıxışın audioyazısı bizdə var və onu mütləq ictimai rəyin müzakirəsinə təqdim edəcəyəm. Hələliksə, Azərbaycan oxucusuna müstəqil medianın hal-hazırda düşürüldüyü durumun illər əvvəldən xəbərdarlığını etiyim iki yazını ictiami rəyin müzakirəsinə təqdim edir, cəmiyyətin də, medianın düşdüyü duruma gətirilməsində birbaşa iştirak edən «media kapitanları»nın da yaddaşlarını təzələmək istərdim. Buyurun, oxuyun və düşünün, düşünün və bir də oxuyun. Qoy, gec də olsa, hamı bir şeyin fərqində olsun ki, bu gün qara-qışqırıq salıb müstəqil medianın ağır durumundan bəhs edənlərin buradakı birbaşa rolları nədən ibarət olub. Bu sırada, hələ 2008-ci ildə qələmə aldığım«RƏZALƏT» yazısı da var və bu günlərdə onu da cəmiyyətin diqqətinəçatdıracam.

İndi isə, yenə də illər öncədən qələmə alınmış ikinci məqaləni – 

«İLHAM ƏLİYEV VƏ COCUQLARI»
Yaxud, «Prezident Yanında KİV-in Dəfn Komissiyası»

yazısını oxumaq və düşünmək zamanıdı.

Sərdar ƏLİBƏYLİ 

«AMŞ» KOD ADLI «KİLLERXANA»DAN

«PYKİVİDF» KOD ADLI «DƏFN KOMİSSİYASI»na…

…VƏ DOĞRULAN PROQNOZLAR 

——————————————————————————————-

Həsrət dolu gözlər dikilib, dağlara qaldı,

Yüksəkləri verdik, ümid alçaqlara qaldı.

Dövlət onun uğrundakı yaltaqlara, Pünhan,

Zillət Vətən uğrundakı dustaqlara qaldı.

Baba PÜNHAN

———————————————————————————-

PROLOQ ƏVƏZİ

Milli Mətbuatımızın 135 illik yubileyinin nə qədər təmtəraqlı qeyd olunacağı gözlənilən bir məsələydi. Prezidentin də şəxsən təşrif gətirərək bu tədbirlər planına ayrıca rövnəq qatacağı da qabaqcadan bəlliydi. Hər şey gözlənilənlərdən də üstün səviyyədə keçdi, necə deyərlər, gurultulu və sürəkli alqış sədaları altında…

Ancaq, baxır kim bu gündən və bu tədbirlərdən nə gözləyirdi? Mən öz gözləntilərimi hələ iki il öncədən qələmə alıb cəmiyyətə təqdim etmiş, arxivimdə də saxlamışdım. Açığı bütün gözləntilərim və proqnozlarım özünü artıqlamasıyla doğrultdu deyə, yeni yazı yazmaqdan vaz keçdim. Zatən hər şeyi yazmışammış ki, bir də, bu il olanlardan sonra, qələm də, söz də gücsüzdü… Sözün bitdiyi zaman gəldi artıq.

Ayrıca da, «AMŞ» kod adlı rəsmi «killerxana»sı və «PYKİVİDF» kod adlı «dəfn komissiyası» olan ölkənin mətbuatında deyilən sözün riski, bir ömrə bədəl də ola bilər deyə, sözsüz ötüşmək, əslində yaşam haqqı qazanmağa bərəbərdi. Mən isə hələ yaşamaq istəyirəm, daha doğrusu ortada, «RƏZALƏT»li illərin qaranlıqlarına ayna tutan «İLHAM ƏLİYEV VƏ COCUQLARI»nın sözünə sözmü çatar. İndi söz onlarındı…

Biriləri də mənə ağıl öyrədir ki, Əflatundan və onun «killerxana»sından prezidentə şikayət elə. Mən isə başından demişəm ki, Əflatun da, onun «killerləri» də İlham Əliyevin məbuata yansıyan kölgələridi. Buyurun, bu da sizə sübut: «Reket jurnalistikasına qarşı biz hamımız birgə mübarizə aparmalıyıq, bu neqativ hala yol verən vətəndaşlar ictimai qınaq obyektinə çevrilməli, ictimaiyyətdə onlara qarşı ciddi reaksiya verilməlidir.» Prezidentin «killerxana»da, şəxsən Ağayi Əflatunun hüzurunda etdiyi nitqdən sitatdı bu. Burdan o tərəfə söz desən nə, deməsən nə?!!!…

DÖVLƏTSİZLİK DƏRDİ

Artıq işlərin hara götürüldüyü və Dövlətin adına yaradılan KİV-in İnkişafına Dəstək Fondunun missiyası daha aydın konturlarla görünməyə başladı. Bəri başdan deyim ki, bunun həqiqi adı mətbuata yardım-filan deyil və bu mənada, dövləti də, cəmiyyəti də aldadırlar. Zaman-zaman cəmiyyəti aldatmaq, müəyyən kirli işləri xoşməramlı əməl və xeyriyyə tədbirləri kimi təqdim etmək cəhdlərinə, dünyanın irili-xırdalı, demokratik-totolitar quruluşlu bütün ölkələrində rast gəlinib. Ancaq dövləti aldatmaq məsələsi heç yerdə rast gəlinən iş deyil və hələ-hələ də, bunu dövlətin öz adından həyata keçirmək sadəcə mümkünsüzdü. Çünki dövlətlər də insanlar kimi, başı bədəni, ağlı olan canlı oqanizmlərdi.

Kİ, BAŞI VƏ BAŞINDA AĞLI OLAN İSTƏNİLƏN DÖVLƏTİ NƏ ALDATMAQ MÜMKÜNDÜ, NƏ DƏ AXMAQ YERİNƏ QOYUB, ONUNLA MƏZƏLƏNMƏK.

Məsələ burasındadı ki, indi Azərbaycanda bəzi ağıllılar peyda olublar ki, düzgününə dövlətlə məzələnirlər. Adını da qoyublar ki, guya dövlətin adından ölkə mətbuatının inkişafına yardım edir, bu mətbuata dəstək verirlər. Açığı dünyanın heç bir yerində rastlaşılması mümkün olmayan bu biabırçılıqlar, ona görə və yalnız təkcə bizdə mümkün olur ki, biz müstəqillik dönəminin ötən 17 ilində, sadəcə normal dövlət qura bilməmişik. Bu məmləkətdə dövlət adına dəlalət edən bircə əməl, bircə iş nə tapmaq, nə də görmək mümkündü. Ölkəni on beş ilə yaxındı ki, Heydər Əliyevin dilsiz-ağızsız portretləri, bir də İlham Əliyevin ara-sıra Azərbaycana gələndə etdiyi pafoslu çıxışlar, verdiyi boğazdan yuxarı bəyanatlar idarə edir. Təbii ki, əgər buna «idarəetmə» demək mümkündüsə. Əslində, hər şey, hələ də hakmiyyətə qayıdışının ilk illərindən, Heydər Əliyevin aktiv idarəçilik dönəmindən qalma ətalətin hesabına ayaqdadı. Sabah, birigün, o biri gün nələr olacaq, bir Allah bilir…

BƏLKƏ DƏ BİZİM DÖVLƏTİMİZ HEÇ YOXDU VƏ BİZ ONU ÖZÜMÜZ-ÖZÜMÜZƏ TƏSƏLLİ ÜÇÜN UYDURMUŞUQ.

YASAQLAR VƏ TABULAR

Əgər dövlət varsa, O, niyə bu cocuqlarının başına ağıl qomur ki, ay uşaqlar, birincisi, adına mətbuat deyilən zad belə olmur, ikincisi də, mətbuata bu cür yardım eiməklə ony inkişaf etdirmək deyil, öldürmək, məhv etmək olar. Necə ki, uşaq bağçalarından tutmuş, ali məktəblərə qədər elə bir sitsem qurulub ki, hamı pul verir ki, millətin gələcəyini bəlirləyəcək nəsillər oxumaq, elm, savad sahibi olmaqdan başqa, nəylə desən məşğul olurlar, eləcə də mətbuatı o vəziyyətə gətirirlər ki, jurnalistlər də yazmaqdan başqa hər şeylə məşğul olsunlar. Bu işləri görənlər, ya mətbuat və jurnalistikanın mahiyyətindən, genəl missiyasından xəbərsizdilər, ya da, özlərini bilərəkdən axmaqlığa vurub, həqiqətən də axmaq-axmaq fikirlərini həyata keçirməklə, həm dövlətin, həm də millətin gələcəyi baxımından xəyanətə bərabər tutula biləcək cinayətlər törədirlər. Başqa sözlə, siyasi arenada alternativ fikir mərkəzlərini məhv edən bu nadürüstlər, indi də, hələ adda-budda qalan və özgürlüyünü, az-çox azadlığını qoruya bilmiş alternativ sözə qəbir qazmaq yolunu tutublar. Baxın, küllən mətbuatda, «İlham Əliyev», «Birinci ledi», «Heydər Əliyevin siyasi kuursu», «Hakim AİLƏ» və sair mövzulara tənqidi yanaşmağa, qeyri-rəsmi formada da olsa, rəsmi yasaq qoyulub, tabu elan edilib. Nəticədə də, bu nəsnələrə istisnasız olaraq uyan bütün mətbu orqanlara və jurnalist təşkilatlarına Mətbuata Yardım Fondu tərəfindən «qrant» adı altında paralar verilir. Və çox bariz şəkildə də, yerdə qalan azsaylı qəzet və jurnallara açıq mesaj verilir ki, bu təlimata uymadıqca, nə dövlətin yardımına, nə də rahat işləyib-yaşamağa ümid bəsləyə bilərlər. Bir sözlə, əvvəllər qədərindən çox danışanların ağzına dəsmal tıxayırdılarsa, indi pul basırlar. Bütün bu əməllər, özlüyündə velosipedi yenidən icid etmək istəyi qədər axmaq bir iddiadan savayı heç bir anlama gəlmir. Dövlətin təpəsində oturanlar, bununla yenidən kommunizm quruculuğu dönəmlərini bərpa etməklə məşğuldular ki, bu da bütövlükdə respublikanın gələcəyi üçün olduqca qaranlıq perspektivlər vəd edir. Çünki azad mətbuatın olmadığı və buna dövlətin özünün təminat vermədiyi istənilən ölkədə, real inkişafın və həqqiqi tərəqqinin mümkün olmadığı artıq sübuta ehtiyacı olmayan bir aksiomadı. Bütün mütərəqqi dünyanın artıq qəbul etdiyi və sözsüz uyğuladığı bu həqiqətin kənarında, bizim başbilənlərin, öz bildikləri yolla hara getdiklərini, getmək istədiklərini anlamaq olduqca çətin məsələdi. Adamlar isrsarla 

HEYDƏR ƏLİYEVDƏN «LENİN BABA», İLHAM ƏlİYEVDƏN İSƏ «TÜRKMƏNBAŞI» DÜZƏLTMƏKDƏ DAVAM EDİRLƏR.

Birinci lediyə yaradılan obrazın isə, tarxdə nə analoqu var, nə də oxşarı. Hələ AİLƏYƏ bağlı olan, haqq dünyasında olmalarından asılı olmayaraq, digər xanım və bəylərin haqqında düzülüb-qoşulan dastanlardan heç danışmağına dəyməz.

“QƏŞƏNGDİR” OXUYANLAR 

Axı, mətbuatın missiyası ilk növbədə cəmiyyətin naqisliklərini, dövlətin və hökumətin idarəetməsindəki çatışmazlıqları ictimai rəyin diqqətinə çıxarmaqdan, onların heç olmasa azalmasına nail olmaqdan ibarətdi. Ancaq bu gün dövlətin adından ağızlarına pul basılan mətbu orqanlar nə ilə məşğul olur, hansı missiyanı yerinə yetirirlər? Bu bədbəxtlər, heç deyilsə, evlərində oturub televizora baxmır, internet saytlarını izləmirlərmi görəsən? Dünyanın hansı, az-çox, normal sayılan ölkəsində bu cür mətbuat var? Hansı ölkələrin mediası ucdantutma yaltaqlıq, məddahlıq, namussuzluq, mütilik, köləlik təbliğatçısına çevrilib, gecə-gündüz cəmiyyətə bu mövzularda, bu aşağılıq məfhumların «yüksək mənəvi əxlaqi» məziyyətlərindən mühazirələr oxuyurlar. XXI əsrdə, ötən əsrin 70-ci illərindən qalma «QƏŞƏNGDİR» mahnısını az qala küll halında çalıb-oxuyan bu mətbuatın inkişafına ümumiyyətlə ehtiyac varmı? Bir məmləkətin ki, məhkəmələrində hər Allahın günündə haqq-ədalət çamıxa çəkilir, xəstəxanalarında şəfa əvəzinə insanlara dərd-azar paylanır, təhsil ocaqlarında elm-savad yerinə nadanlıq, savadsızlıq öyrədilir, dövlət və hökumət qurumlarında korrupsiya və rüşvətsiz keçinilmir, fahişə və üzdəniraq müğənnilər mədəniyyət xadimləri kimi titullandırılaraq, hətta «XALQ ARTİSTİ» rütbəsi ilə mükafatlandırılır, doğru-yanlış qazanılmış milyonların içərisində üzən yaltaq və simasız elm-mədəniyyət-ədəbiyyat xadimlərinə prezident təqaüdü verilir, zamanında istiqlal və müstəqillik düşmənləri olan kommunist cocuqlarına «İSTİQLAL ORDEN»ləri əta olunur, azadlıq və istiqlal mücahidlərinə addımbaşı divan tutulur, qazi və Şəhid ailələri, əlillər dilənçi halında ölümə məhkum buraxılır, Allah evlərində belə səslənən küfrlərin hesabı bilinmirsə, bütün bunların qarşısında nəinki susan, hətta bunları görməzlikdən gəlib, atdanıb-düşərək, sadəcə kimn və ya kimsələrin xoşu gəlsin deyə, arsızlıq etməklə, mədhiyyələr, fəxriyyələr düzüb-qoşan, məddahlığın yeni-yeni klassik formalarını kəşf etmək uğrunda yarışan mətbuatı, görüntülü və səsli elektron KİV-ləri inkişaf etdirmək yox, daşqalaq etmək daha məqsədəuyğun olmalıdı, cənablar! Amma siz, hələ bunlara pul da paylayırsınız ki, etdiklərindən bir az da artığını edib, cəmiyyəti və ölkəni məhvə sürükləməkdə davam etsinlər. Vüqar Səfərli də bəyan edir ki, müsabiqənin nəticələrinə başıyla məsuliyyət daşıyır. Nəyin məsuliyyətini və niyə daşımalıymış görəsən, bu zat? Burada nə məsuliyyət var ki, hərəsi öz çevrəsində yaratdığı peyk qəzetlərin və QHT-lərin büdcəsini genişləndirmək üçün çabalarda bulunurlar. Bunlar hələ də əski sovet kolxozlarındakı briqadirlər kimi düşünür və işləyirlər. Onlar da zamanında tribunalardan «vətən, dövlət, xalq» deyə pafos püskürür, yaxalarını yırtır, öz aralarında isə, «dövlətin malı dəniz, onu yeməyən donuz» söyləməklə, gecə-gündüz dövlətin malını talayıb dağıdardılar. İndiki halda da, dövlətin paraları talanır və bu adamlar bu dövlətə, bircə tükü belə qənimət hesab olunan donuz kimi baxırlar. Mənim bu paraları alanlarla qəti işim yoxdu, verən varsa, şübhəsiz ki, alan da olacaq. Ancaq işin içində dövlətin adı varsa və bu paralar da, məhz dövlətin aından paylanırsa, onda məsələ kökündən dəyişir. Hələ-hələ, məlum fondun da prezident yanında yaradıldığı bəllidisə, məsələ ikiqat ciddiləşir. Demək belə çıxır ki, fond rəhbərliyi bütün bu işləri birbaşa prezidentin adandan, onun göstəriş və tövsiyyələri əsasında həyata keçirir. Vüqar Səfərli də əslində, «başımla cavabdehəm» söyləməklə, İlham Əliyevin özünə hesabat verir. O, demək istəyir ki, cənab prezident, göstəriş və tövsiyyələrinizə tam əməl olunub və fonddan qrant alanların sırasında bircə ədəd də olsa, «QƏŞƏNGDİR» mahnısı oxumayan nə qəzetin, nə də QHT-nin olmadığından tam arxayın olun. Siyahını görənlərin özləri də yəqin bilirlər ki, fond və fondun rəhbərliyinin sevib-seçdiyi qəzet və QHT-lər, doğrudan da bu etimada layiqdilər…

SEÇİLMİŞ ÜNLÜLƏR

Tutaq ki, «Paralel», «Palitra», «Paritet»«Mövqe» və sair kimi ünlü qəzetlərin bəzən aylarla Azərbaycanın və hətta regionun gündəmini məşğul edən, müzakirə və mübahisələrə səbəb olan yazılarını xatırladıqca adamın tükləri biz-biz olur və inanmaq istərdik ki, prezidentin bu yardımından daha da ruhlanan bu qəzetlər, bundan sonra da möhtərəm İlham Əliyevin atalıq qayğısı sayəsində yeni xarüqələr yaradacaq, habelə dünyanın gündəmini zəbt edəcək məqalələri ilə, Azərbaycanın adını dünya mətbuat tarixinin zirvəsində tutmaqda davam edəcəklər. Pah atonnan, bu cümlə də, lap sabiq partkomların hesabat yığıncaqlarından mərkəzi qəzetlərə çıxarılan sitatlara bənzədi. Amma olsun, hələ bunlar nədi ki, möhtərəm prezidentin atalıq qayğısına sığınan daha məşhur qəzetlər də var, fondun yardımına layiq görülənlərin içində. Allah hər kəsin öz istədiyini versin, elə verir də. Bizim kimi, karların, korların, topalların, əqlən şillərin, zəkası gerilərin isə nə işi var, belə sağlam düşüncə aydın zəka və ali təhsil sahibi olan qəzetlərin və qəzetçilərin içində.

İNDİ ZAMAN ONLARINKIDI, YƏNİ, «İLHAMLA İRƏLİ»ləyib «İLHAMLI GƏLƏCƏYƏ» GEDƏNLƏRİN!

EPİLOQ ƏVƏZİ

Bununla belə, dərindən qandığım və səmimi qəlbdən qəbul etdiyim bu BÖYÜK HƏQİQƏTlərin sırasında, bircə şeyi heç qanammadım. Əgər söhbət Azərbaycanda KİV-in inkişafından gedirsə, bu yöndə daha uğurlu yollardan niyə istifadə olunmur görəsən? Məsələn, azad reklam huququ ilə, özünə güvənən KİV mənsublarının dövlət tərəfindən verilən güzəştli kreditlərlə (təbii ki, müvafiq girov qoymaq və dövlətin borcunu mütləq və mütləq qaytarmaq zəmanəti ilə) təmin olunması variantı nədən gündəmə gətirilmir? Əgər İlham Əliyev özünün reklamı ilə məşğul olan yaltaq və məddah cocuqlarını mükafatlandırmaq istəyirsə, bunun ayrı yolları da var və bunun üçün heç də, rəzalətdən başqa bir anlama gəlməyən və bəzi müşahidəçilər tərəfindən şərti olaraq «İLHAM ƏLİYEV VƏ COCUQLARI» adlandırılan fars tamaşalarına heç bir ehtiyac yoxdu. Allah uzun ömür versin, «annəli-babalı böyüsünlər!»
Onsuz da bunu hər kəs bilir ki, teleefirlərdə zaman-zaman çıxarılan hoqqalar və hələ də törədilməkdə davam edən biabırçılıqlar Nuşirəvan Məhərrəmlinin başının məhsulu olmadığı kimi, KİV-ə dəstək adı altında dövlətin pullarını bölüşdürmək də Vüqar Səfərlinin özbaşına yapa biləcəyi iş deyil. Bəlli ki, bütün bu məsələlər ən üstün səviyyədə həll olunur və adıçəkilən zatlar, ən yaxşı halda, yuxarıdan gələn tapşırıqlara, «ləbbeyk» deyən icraçılardı.

Hələliksə, vətəndaşlardan və bütün KİV əhlindən tək bircə təvəqqəm var. Bu fondun binasının fasadına yazılmış «Prezident Yanında KİV- in İnkişafına Dəstək fondu» ifadəsini «Prezident Yanında KİV-İN Dəfn Komissiyası» kimi oxuyun ki, gümanlarınızda yanılmayasınız. Əks təqdirdə, bir gün, yazar və redaktor olaraq, özünün də qəzetinin də dəfn mərasiminə qatılacaq həmkarlarımızın xəyal qırıqlıqlarına uğramaları qaçılmaz olacaq. Zira, «Əzrayılın bala paylaması»na kim inanar ki?! Bu həftənin parafrazı da Rüstəm Behrudidən gəldi:

Bitdim, yoruldum, Tanrım
Sənnən şeytan arası.
Önümdə durub artıq,
Şeytanın arabası.

Getməliyəm onunla,
Qala bilmərəm daha.
Ya ona yenməliyəm,
Ya da gücsüz Allaha.

———————————————————————————–

P.S.

 Hələ ki, xatirimdədi, bir şey idə deyim. Açığı, mətbuata yardımdan söhbət gedirsə, bəs bizimlə niyə bu haqda heç kim danışmır?. Əflatun Amaşov icazə vermir yəqin. Demişdim ya, bu adamın İlham Əliyevdən yekə olduğunu. Buyurun, bu da sizə bir sübut. Deyilənə görə, bu yardımı ala bilmək üçün mütləq Əflatun Ağanın şəxsi imzasıynan arayış təqim edilməlidi. Əgər bu fond preztdentin yanında yaradılıbsa, burada Amaşovun imzasının bu qədər vacib olması, bir daha kimin  yekə olduğunu ortaya qoymurmu? Yəni, demək istəyirəm ki, Əflatunun şəxsi rizası və vizası yoxsa, prezidentin özü də, onun yanındakı fond da acizdi. Vallahi, lətifəsi Ağayi Əflatundan da, cənab prezidentdən də uzaq, amma bütün bunlar mənə Molla Nəsrəddinin «Ət budusa, pişik hanı, pişik budusa ət hanı?» lətifəsini xatırlatdı. Məzəniz olsun, məzəli adamlar!

—————————————————————————-

Zəruri qeyd: 

(Bu yazı 2012-ci ilin yanvar ayında “psnota.com”, sonradan isə “ps-nota.com”  saytında zəruri girişlərlə təkrar dərc olunub, yazılma tarixi isə təxminən 2009-2010-cu illərə təsadüf edir)

 

 

 257 total views, 2 views today

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*