İntiqam Əliyevə beynəlxalq mükafat verildi

PAYLAŞIN

İntiqam Əliyev “2016-cı İlin Hüquq Müdafiəçisi” nüfüzlu mükafatına layiq görülüb

İntiqam Əliyevin oğlu Nəcmin Kamil mükafatı alarkən
İntiqam Əliyevin oğlu Nəcmin Kamil mükafatı alarkən

 

Məşhur hüquq müdafiəçisi, yenicə həbsdən azad olunmuş İntiqam Əliyev İsveçdə yerləşən “Civil Rights Defenders” hüquq müdafiə təşkilatının “2016-cı İlin Hüquq Müdafiəçisi” nüfüzlu mükafatına layiq görülüb.
İntiqam Əliyevin şərti azadlıqda olması, o cümlədən ölkəni tərk etməsinə qadağa olduğu üçün, mükafat onun əvəzindən oğlu Nəcmin Kamilə təqdim edilib. 
Mükafatlandırma mərasimində İntiqam Əliyevin məktubu oxunub:
“Övladlarımızın azad, ədalətli və siyasi məhbuslarsız cəmiyyətdə yaşamalarını istəyirik.”

“Dəyərli dostlar, Bu mükafatın mənə verilməsi barədə xəbəri həbsdə olanda almışdım. Xəbərə çox sevinmişdim. Öncəki sahibləri arasında dünyaca tanınmış insanların olduğu belə bir nüfuzlu mükafata layiq görülmək qürur doğurmaya bilməz. Estafeti çox dəyərli dostumuz Ales Byalyatskidən almağım isə xüsusilə xoşdur və fürsətdən yararlanıb buradan onu və onun timsalında bütün siyasi məhbus dostlarımı salamlayıram. Həmçinin namizədliyimi irəli sürən, onu dəstəkləyən hər kəsə sonsuz minnətdarlığımı bildirirəm. Mən 1 il 8 aydan sonra azadlığa qovuşmuşam. Amma çoxlu sayda dostlarım hələ də həbsdə qalmaqdadırlar. Onlardan bəziləri daha uzun müddətdir həbsxana həyatı yaşayır. Buna görə həm də çox məyusam. Amma onlar həm öz həbsləri ilə, həm də düşdükləri çətin şəraitə baxmayaraq nümayiş etdirdikləri mübarizə əzmi ilə ümumi işimizə böyük töhvə verməkdə davam edirlər. Onlar əsl qəhrəmandırlar, onların mübarizliyi, dəyərlərə sadiqliyi qarşısında baş əyirəm və ümid edirəm ki, birgə səylərimizlə çox yaxın zamanda onları da öz sıralarımızda görəcəyik. Bu mükafat mənə təqdim olunsa da onu daha çox həm həbsdə, həm də azadlıqda olub ölkəmdə yuxarıda qeyd etdiyim dəyərlərin bərqərar olması uğrunda çox ağır şəraitdə çaba göstərən dostlarımın, vətəndaş cəmiyyətinin səylərinə verilən beynəlxalq dəstək kimi qiymətləndirirəm. Mənim ölkəmdə insanların haqlarını müdafiə etmək, hakimiyyətə müxalifətdə olmaq, tənqidçi mediada çalışmaq, korrupsiya araşdırmaları aparmaq və bunlara oxşar fəaliyyyətlərlə məşğul olmaq cinayət sayılır. Bu cür fəalliyyətlərlə məşğul olduqlarına görə insanların İntiqam Əliyev azadlıqda-1uzun illərdir həbsə atılmaları adi hala çevrilib. Mən siyasi hüquqların müdafiəsi sahəsində ixtisaslaşan vəkiləm, hüquq müdafiəçisiyəm. İsveçdə, Norveçdə, Amerikada və hüququn aliliyinin qorunduğu digər ölkələrdə mənim kimi insanların sayı çoxdur. Amma onların bu cür mükafatlara layiq görülmə şansları mənimkimdən daha azdır. Çünki onlar bu cür fəaliyyətlərin hökümət tərəfindən normal qarşılandığı və hətta təqdir olunduğu cəmiyyətlərdə yaşayırlar. Həmin ölkələrdə hakimiyyətləri fərqli davranışlardan çəkindirən demokratiya, insan haqları, plüralizm var. Müstəqil məhkəmələr, azad media, güclü vətəndaş cəmiyyəti bizim kimi insanları hər hansı təhlükələrdən qoruyur. Mənim iki övladım var. Onlardan biri gələcəyin hüquqşünası, digəri isə siyasətcidir. İstəməzdim ki, onlar bu cür seçimlərdə başqa ölkələrdə yaşayan həmkarlarından daha şanslı olsunlar. İstərdim ki, onlar elə bir toplumda yaşasınlar ki, orada insanların haqqını müdafiə etməyə görə vəkilin aldığı mükafat müştərisinin minnətdarlığı və ödədiyi yaxşı qonorar olsun. Siyasətçinin uğurunun göstəricisi azad və ədalətli keçirilən seçkilərdə qazanılan səslər olsun. Məni azadlığa buraxıblar, amma azadlığımı bir sıra qadağalarla məhdudlaşdırıblar: Məhkəmə qərarı ilə mənə 5 illik sınaq müddəti təyin edilib. Özümü “yaxşı” aparmadığım halda yenidən həbsxanaya qaytarıla bilərəm. Həmin qərarla mənə 3 il müddətinə ictimai vəzifə tutmaq qadağan olunub. Həm özümün, həm də rəhbəri olduğum QHT-nin bank hesablarına həbs qoyulub. Tutulduğum gündən qanunsuz bağlanan təşkilatın ofisinin qapısı hələ də möhürlənmiş qalır. Sınaq müddətində ölkədən çıxışıma qadağan da qüvvəsində qalacaq. Bu gün sizlərlə bir yerdə ola bilməməyimin səbəbi də bu qadağadır. Hakimiyyət bu yolla bizə sınaq dövründə özümüzü yaxşı aparmamağın pis nəticələr verə biləcəyini daim xatırladır. Amma azadlıqda olan dostlarımızla birgə özümüzü yaxşı aparmaq fikrimiz yoxdur. Çünki övladlarımızın azad, ədalətli və siyasi məhbuslarsız cəmiyyətdə yaşamalarını istəyirik. Çox sevinirəm ki, məhbus dostlarımın böyük bir hissəsi artıq azadlıqdadırlar və yenidən iş başındadırlar. Onlardan ikisi – Anar Məmmədli və Rəsul Cəfərov bu gün sizlərin aranızdadırlar və digər dostlarımızla birlikdə ölkələrimizin vətəndaş cəmiyyətlərini narahat edən problemlərlə bağlı vacib mesajları sizlərlə bölüşürlər. Avtoritar rejimli ölkələrdə insanların çəkdiyi əzablara biganə qalmaq, ona adekvat reaksiya verməmək digərlərinin eyni əzabları, faciələri yaşamalarını qaçılmaz edir. Bu gün Fransada, Belçikada, Almaniyada və insanların firavan həyat sürdüyü digər ölkələrdə baş verən faciələrin bir səbəbi Azərbaycanda, Rusiyada, Ermənistanda, Belarusda, Türkiyədə, Ukraynada, Türkmənistanda, Suriyada insan hüquqları ilə bağlı ciddi problemlərə həmin dövlətlərin  vaxtilə adekvat reaksiya İntiqam Əliyev azadlıqdaverməməsi, susqunluğudur həm də. Bu anlamda avtoritar ölkələrdə insan hüquqlarının durumu ilə bağlı bizim dünyaya çatdırmaq istədiyimiz mesajlar təkcə öz taleyimiz, yaşadığımız və bizi gözləyən digər təhlükələrlə bağlı narahatlıqdan qaynaqlanmır. Bu həm də öz talelələri ilə bizim taleyimiz arasında əlaqə qura bilmələri, burada baş verənlərin onlar üçün də necə təhlükəli olması barədə digərlərinə bir xəbərdarlıqdır, çağırışdır. Bu mükafat mənim üçün çox qiymətlidir. Amma insan üçün ən qiymətli mükafat azad və ədalətli cəmiyyətdə yaşamaqdır. Özümə və hər birinizə məhz belə bir mükafata sahib olmağı arzusu ilə, Sizin İntiqam.”

“İnsan üçün ən qiymətli mükafat azad və ədalətli cəmiyyətdə yaşamaqdır. Özümə və hər birinizə məhz belə bir mükafata sahib olmağı arzusu ilə, Sizin İntiqam.”

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*