
“ÖPSÜN BİZİM ALNIMIZDAN,
KƏLBƏCƏRDƏN GƏLƏN QARI…”!!!
Zəlimxan YAQUB
“KƏLBƏCƏRDƏN GƏLƏN QARI”

Ərişindən, arğacından,
Sürüsündən, arxacından,
Meşəsindən, ağacından ayrı düşən,
Allı-güllü alçasından,
Lilparından, dolçasından,
Hanasından, xalçasından ayrı düşən,
Barını yellər aparan,
Baxtını sellər aparan,
Qazancını-irəncini Fitnələr, fellər aparan,
Canı üzgün, rəngi sarı – Kəlbəcərdən gələn qarı.
Üzündə rüzgarın nəmi,
Gözündə dünyanın qəmi,
Kürəyində əsrin yükü,
Ürəyində dərdin kökü,
Çiynində evi, şələsi,
Beynində topların səsi,
Tökülən gözünün yaşı,
Sökülən bağrının başı,
Canında qışın sazağı,
Saçında dağların qarı,
Bir yuvanın uçan quşu –
Kəlbəcərdən gələn qarı.
Təzəsi, köhnəsi gedən,
Çörəyi, təhnəsi gedən,
Arxının suyu dağılan,
Sökülüb dəhnəsi gedən,
Bir zamanlar çox sevdiyi
Dünyadan zəhləsi gedən,
Pətəyindən ayrı düşüb,
Səs-səmirsiz ölən arı –
Kəlbəcərdən gələn qarı.
Dan atmamış yerdən durub,
Günəşdən tez doğasıydı.
Buzovunu əmizdirib
İnəyini sağasıydı.
Bişirməyin, düşürməyin
Dilbiləni, anasıydı.
Sərnici dolub-boşalıb,
Nehrəsi çalxanasıydı.
Ondan ötrü bülbüllərin
Yuvasını hardan alım?
Ondan ötrü Kəlbəcərin
Havasını hardan alım?
Bağbanına güllə dəymiş,
Bir bağçanın solan barı –
Kəlbəcərdən gələn qarı.
Dağ-dağ olmuş dağımdımı,
Talan olmuş binəmdimi?
Zülüm çəkmiş başımdımı,
Yaralanmış sinəmdimi?
Oğlu ölmüş anadımı,
Yurdu itmiş nənədimi?
Birdən-birə dərəsi düz,
Dağı dönüb aran olan,
Eşqi sönən, çarxı dönən,
Od-ocağı viran olan,
Qapısına-bacasına,
Məhləsinə qırğın düşən,
Qaçaqaçda, qovhaqovda
Tor-top olub yorğun düşən,
Dərdin dostu, qəmin yarı –
Kəlbəcərdən gələn qarı.
Yanğın düşən bir meşədi,
Boyun bükən bənövşədi.
Qəlbi qara daşa dəyib
Pul-pul olan bir şüşədi.
Bəxti düyünə düşəndə
Ağlamaq da bir peşədi.
İlin, günün bu vaxtında
Onu belə duran görsə,
Şəmşir ağlar zarı-zarı
Saz üstündə qan-yaş tökər
Kəlbəcərdən gələn qarı.
Ömrümüzdən ömür kəsən
O qarının baxışı da,
Baxışdakı buludu da,
Buluddakı yağışı da,
Onu yurda qaytarmağa
Qeyrət gəzir, ağıl gəzir.
Onu yurda qaytarmağa
Bir xilaskar oğul gəzir.
Onu yurda qaytarmasaq,
O qarının baxışları
Üzümüzə dəyən şillə!
Başımıza enən qapaz,
Gözümüzə dəyən güllə!
Daha bəsdi durmağımız,
Daha bəsdi yatmağımız.
Daha bəsdi bu millətin
Günahına batmağımız,
Gəlin, bir az silkələnək!
Gəlin, bir az heyrətlənək!
Gəlin, bir az qeyrətlənək!
Əlimizi yalın görüb,
Tüpürməsin bizə, barı –
Kəlbəcərə qayıdanda
Öpsün bizim alnımızdan,
Kəlbəcərdən gələn qarı!!!
Sağolsun bunu yazan